"Qürbətdən boylanır qərib
dağlarım"
ADİL CƏMİLİN POEZİYASI HAQQINDA QEYDLƏR
Müdrik
Zərdüşt deyib ki, insanın ucalığı
üç meyarla ölçülür: xeyirxah söz,
xeyirxah iş, xeyirxah əməl. Hansı insanda bu keyfiyyətlər varsa, həmin
şəxs mənən uca insandır.
Əqidəli qələm sahibi, haqq sözün müqəddəsliyi
keşiyində dayanan, xalqımızın istedadlı
şairi Adil Cəmil şəxsiyyəti və bənzərsiz
yaradıcılığı ilə ədəbi ictimaiyyətimizdə
böyük nüfuz qazanmış sənətkarlarımızdandır. Onun şeirləri
ürəkdən gəldiyi üçün ürəklərə
tez yol tapır. Şeirləri çapdan
çıxan kimi oxunur, sevilir və dillər əzbəri
olur. Adil Cəmilin iki cildlik ("Elm və
təhsil"-2014) "Seçilmiş əsərləri"
Əməkdar incəsənət xadimi Çingiz
Əiloğlunun redaktorluğu, AMEA-nın müxbir
üzvü, millət vəkili Nizami Cəfərovun
önsözü ilə işıq üzü görüb.
"Halal sözün halal adamı" başlıqlı
önsözdə A.Cəmil
yaradıcılığının orijinallığına və
özünəməxsusluğuna diqqəti cəlb edən
müəllif yazır: " Adil Cəmil
şairdir, publisistdir, elm adamıdır... Bütün bunlarla
bir yerdə eyni zamanda, ürəkli,təpərli
və etibarlı bir Vətən övladıdır. Onun istər bədii, istər publisistik, istərsə
də elmi yaradıcılığında uşaq sadəlövhlüyü,
təmizliyi və səmimiliyi ilə yanaşı, həm də
aydın cizgiləri ilə seçilən ağsaqqal təmkini,
müdrikliyi və xeyirxahlığı var". A.Cəmil şeirlərinin məna yükü, poetik
tutumu dərindir. O, öz ilhamını daxili səsinin
üstündə kökləyir. "Sözün də
canı var, söz də canlıdır" - deyən şair
müqəddəs sözü varlığı sanır:
Mən
uca tuturam sözün ərkini,
Qanım da şeirimin qanında imiş.
Div
canı şüşədə olduğu kimi,
Öz canım sözümün canında imiş.
İlhamla yazılmış bu şeirlər Murovun, Kəpəzin,
Dəlidağın "dodaqlarından su içib". Zəngin
poetik ənənələrə sadiq qalan şair
"Azadlıq ətirli nəğmələriylə"
"Bütün ürəkləri şəlalənin saf
damcıları ilə yumaq istəyir" ki, "Sevinc bolluğunda
yaşasın bəşər". Dağ
vüqarlı, dağ nəfəsli şairi təbiət
başqa cür yaradıb. Çünki o,
"Kökündən qopan deyil, kişi nəvəsi,
kişi oğludur", "Od yağsa da gözünü
qırpan deyil", "Ruhuna, qanına yad olanlarla",
"Haqqını yeyənlərlə barışmır,
Onlara qaynayıb qarışmır". "Söz
ömrüm uzundur, öz ömrüm qısa" - deyən
şair öz poetik məramını belə ifadə
edir:
Bu yolun
yolçusu mindən biridir,
Hər yola çıxanın öz
cığırı yox.
Şair
var - çox da ki, "xalq şairi"dir,
Xalqına qovuşan söz cığırı yox.
Adilin şeirlərində Murov dağının, Dəlidağın,
Kəpəzin havası və ucalığı
görünür. Onun işıqlı poeziyası
xalqımızı ucalığa, mənəvi birliyə,
yenilməzliyə və qələbəyə səsləyir.
Bu şeirləri oxuduqca Dəlidağ, Taxta
düzü, İstisu, Çərəkdar, başı zirvələrə
ucalan əzəmətli Kəlbəcər dağları kino
lenti kimi gözlərimin önündən keçdi. Hər
il ailəmizlə İstisuda olduğumuz günləri, Çərəkdarda
qohumumuz, Sarı kişinin oğlu Nurəddinin toyunu, sinədəftər
Bəxtiyarlı Məcid kişinin, Yunis müəllimin duzlu-məzəli,
şirin söhbətlərini
xatırladım.Çağlayan qəlbini müqəddəs
sözə verən şairin aşağıdakı
misraları uğurlu poetik nümunələr kimi yadda
qalır:
Mən də
çevrilmişəm söz adamına
Beş kəlmə uzadım sözün
ömrünü.
Və ya:
İnsan
unudulur iz qoymayırsa,
Şair ölüb gedir, söz qoymayırsa.
"Dünyaya sazla-sözün arasında göz
açan" şairin "Ruhunda sazın-sözün sehri
var".
Adil Cəmilin şeirlərinə xalq
yaradıcılığından gələn bir şirinlik
hopub. O,
klassik ədəbi ənənələrə, folklora və
aşıq yaradıcılığına qırılmaz tellərlə
bağlı olan şairdir. Onun şeirlərində
Yunis İmrə, Aşıq Ələsgər, Qurbani, Dədə
Şəmşir kimi ustad sənətkarların bədii
yaradıcılığının ruhu duyulur. "Alnımın qırışı fikir
yolumdur" - deyən şairin "Dərdinin yaşı
özündən böyükdür". Buna
görə də Adil Cəmil poeziyasının fəlsəfi-estetik
siqləti, obrazlı poetik tutumu və yüksək şeiriyyəti
oxucuları öz cazibəsində saxlayır. Onun
şairlik istedadına və özünəməxsus
yaradıcılıq üslubuna qiymət verən Xalq şairi
Bəxtiyar Vahabzadə yazır: "Adilin şeirləri xalq
ruhundan süzülür. Hiss olunur ki, aşıq şeirini,
folkloru yaxşı bilir. Buna görə də
deyimləri təbii və səmimidir. Odur
ki, yazmaq üçün yazmır, qəlbini boşaltmaq
üçün yazır. Buna görə
də onun şeirlərinin böyük məhəbbətlə
oxunacağına şübhəm yoxdur".
"Az
yaşında çox tufanlara sinə gərən"
şair "Araz boyda ürəyində şırım
olan", ikiyə bölünmüş vətənin
ayrılıq həsrətini şair - vətəndaş
yanğısı ilə dilə gətirir:
Yaylağım
qovuşmaz, yaylam bitişməz,
Baharı gətirən bayram bitişməz.
İki
parçalanmış laylam bitişməz -
Bölünmüş beşiyin körpəsiyəm mən.
Gözünü açandan bu həsrət onun sinəsini
göynədir, "Ölüncə o taya boylanan nənəsi"
qəlbinə təsəlli üçün
"Atasının adını Savalan qoyub". Araz qırağında-sərhəd
boyunda edilən bir toyda xanəndənin zildən oxuduğu
bayatıdan sanki "Araz ağlayır", "sərhəd
dirəkləri yumşalır" "tikanlı məftillər
piləyə" dönür. Bu taydakı toya
Arazın o tayından həsrətlə baxırlar. "Ana oğul toyunda oynayır", ancaq
"Qolları yuxarı qalxa bilmir", "Çöhrəsində
yaş oynayır". Şeirin sonunda şair öz
poetik düşüncələrini təsirli misralarla ifadə
edir:
Kim bilir,
bəlkə də ya gəlin, ya bəy,
O
taylı kişinin nəvəsi idi...
Bəlkə
də mağarı tərpədən külək,
Babanın dualı nəfəsi idi.
İkiyə
bölünmüş xalqın taleyinə acıyan, ayrı
salınmış elinin həsrətini öz daxili səsinin
üstündə kökləyən şair:
Desələr
günahkar o xan Arazdır,
Arazı
gözümdən səpəsiyəm mən...
- deyir.
Kəlbəcər
şairin doğulub-böyüdüyü Vətən
torpağının bir hissəsi - şair üçün
müqəddəs bir məkandır. Düşmən
tapdağı altında olan o yerləri görmək
üçün şairin ürəyi atlanır. Məğrur
Murova, Dəlidağa gedən yollar bağlanıb. "Zirvələri qibləgahı olan"
dağların başı üzərində "dolanan
dumanı könül ahımdır"- deyən şair
"üfüqlərə dirənən bu dağları da
kövrələn görür".
Qəriblikdə
qan ağlayır yurd yerim,
Kəlbəcərdi
daha mənim and yerim
- inamına tapınan şair
"torpağına kök atdığı, laylasıyla
böyüdüyü, şeirinin şah misrası"
doğma yurdu Kəlbəcəri unuda bilmir:
Boy
atdım Tərtərin doğma səsində,
Quş oldum dağların göy zirvəsində.
Harda vətən
seçsə, son nəfəsində,
Adilin qibləsi Kəlbəcərdədir.
Doğma torpaqlarımızın ermənilər tərəfindən
işğal edilməsi şairə mənəvi
sarsıntılar gətirir.Yurd həsrəti, el-oba, doğma
yurddaşları üçün qəribsəmək Adil Cəmil
şeirlərinin əsas mövzularındandır. Vətən
sevgisi, yurd nisgili onun bütün şeirlərinin ana xəttini
təşkil edir. Onun üzü gülsə
də gözlərində xəfif kədər duyulur. Yurd həsrətli lirik qəhrəman daim mənəvi
iztirab və xiffət keçirir. Öz
yurdundan, yurddaşlarından ayrı düşən "Qəriblərin
yorğun gözləri, Bir çimir vətən yuxusu istəyir"
(F.Qoca). "Yurd yeri dərd yeri olan" şairin
"yağılar əlində girov qalan yurdu" ona
rahatlıq vermir:
Qürbətdən
boylanır qərib dağlarım,
Gəzir sahibini yurd ocaqlarım.
Və ya:
Hanı mənim
o zamanım, o çağım,
Ayrılığa açılıbdır
qucağım.
Yurd yerində
söndürülmüş ocağım,
Gecə-gündüz ocaq çatır içimdə.
Yaxud:
Bulaq
başı yarpız qaldı,
Xəyalımda bir qız qaldı.
Kəlbəcərim
yalqız qaldı,
Yurdumda yalquzaq gəzir.
İçində
vətən sevgisigəzdirən şair:
Əllərim
çatmasa ana torpağa
Çatmaram
arzuya, diləyə bir də
- deyir.
Ata
ocağı, yurd həsrəti, "Əldən gedən, eldən
gedən,bütün dərdlərimizin
başı Qarabağ", "Əlçatmaz, ünyetməz
dağlar gözəli" Şuşa onun qəlbində
kövrək xatirələr oyadır. Lakin
"öz elindən, obasından ayrı düşən el
oğlu" türk ellərini özünün dayağı
sayır. Bütün bu müşahidələr
şairin qəlb aləmindən keçərək onun
psixoloji ovqatını əks etdirir.Doğma vətənin
poetik təsviri aşağıdakı misralarda
özünün orijinal ifadəsini tapır:
Hər kəsi
qəlbində bir övlad bilib,
Hamıya bir gözlə baxmısan, Vətən.
Anamın
müqəddəs südüylə gəlib,
Qəlbimə, qanıma axmısan, Vətən.
Təbiəti sevdiyindəndir ki, Adil Cəmil təbiətdən
çox yazır. Professor Şirindil Alışanlıya
görə, "istedadlı şair A.Cəmilin 81-ci ildə
çap etdirdiyi şeirlərdə də əsas fikri-hissi məntiq
təbiətlə poetik ünsiyyətdən doğur".
Adil Cəmil poeziyasında "Dağ" obrazı vətəndaşlığın
simvoluna çevrilir, doğma torpağa, elə ümumiləşdirmə
vasitəsi kimi səciyyələnir. Çünki
"Dağ" təbiətin şah əsəridir. Dağın qəlbindən axan sular daha təmiz,
daha şəffaf olur. Sənətkarın
təbi və hümməti ilə dağlar arasında
yaxınlıq və doğmalıq var (M.Şəhriyar).
Dağlardan söz düşərkən istər-istəməz
aşağıdakı bayatı xatırlanır:
Əziziyəm,
nur dağlar,
Yağsın sənə nur, dağlar.
Mən
özüm ağlamazdım,
Görcək məni yurd ağlar.
"Dağları
özünə arxa bilən" şair sanki onunla doyumsuz bir
könül söhbəti-həsbi-hal edir:
Bal damar
cökənin yarpaqlarından,
Nərgiz sırğa taxar qulaqlarından.
Murovun, Kəpəzin
"dodaqlarından"
Bir qətrə su içə yazdığım mənim.
Və ya:
Ruhum səndə
qalıb, canım a dağlar,
Məni torpağına, daşına çevir.
Səni
xilas üçün hər birimizi
Bir bölük əsgərə, qoşuna çevir.
Lirik qəhrəmanın "ürəyində dikələn
dağ Murov dağına boylanır, düşməninqəlb
oyan dağına qarşı içində üsyan edib
meydana çıxır". Bu şeirlərdə
şairin daxili obrazı, özgürlüyü
görükür. "Fikir sorağında əriyirəm
mən" - deyən şair "Əzab görməyənin
səadətinə səadət demir".
Şairə görə, ən doğru yol, hidayət
yoludur-haqq yoludur.
Adil Cəmil öz poetik dəst-xətti və orijinal
üslubu ilə seçilən şairdir. Onun şeirlərində
həsrət ovqatı, vətən və yurd sevgisi,
mübarizlik və qələbəyə
çağırış var. Vətəndaş-şairin ən
böyük narahatçılığı və
yanğısı "Kafirlərin tapdağında inildəyən"
doğma torpaqlarımızdır. Ona görə də
öz yurddaşlarına:
Siz gərək
bu xalqın "Vətən" sözünü
Qanla yazaydınız yurd daşlarına - deyir.
"Bizdən qeyrət uman qeyrət
dağlarımızı" azad etmək üçün
öz həmvətənlərinə "Döyüş gərək,
ağlamağın yeri yox" -
çağrışını edir.
Şairin "Özünü qayadan atan qızlara"
şeiri düşmən əlinə keçməmək
üçün pak adlarını və namusunu qoruyaraq
özlərini qayadan atan qızlarımıza həsr olunub. Bu ismətli, qeyrətli, ləyaqətli
"mayası namusdan yoğrulan el qızlarının"
faciəsi şairin kövrək ürəyini titrədir:
O
qızlar Tərtərin göz yaşı oldu,
Tarixin pozulmaz yaddaşı oldu.
Göydələn
zirvələr başdaşı oldu,
Özünü qayadan atan qızlara.
Müdriklərin
fikridir: "İstedadı Allah verir, insan tanrısının
əvəzsiz nemətinə öz zəhmətilə sahib
olur". Adil Cəmil zəhmətsevərliklə
yanaşı həm də güclü bədii təfəkkürə,
xalq həyatına və folklora dərindən bələd
olan şairdir. Qeyd etdiyimiz kimi, zəngin
folklor qaynaqları, aşıq yaradıcılığı,
Aşıq Ələsgər, Dədə Şəmşir,
Vurğun poeziyası onun bəhrələndiyi mənəvi xəzinələrdir.
Şairin cinaslı bayatılarında folklor
yaradıcılığından ustalıqla faydalanmanın əlamətləri
görükür:
Yaşa dol.
Ya qəmli ol, ya şad ol.
Yaş
odun satma xalqa -
İnsan kimi yaşa dol.
Və
ya:
Yan
ağı,
Yan,
bayatı, yan, ağı!
Öpüşümə
həsrətdir
Dəlidağın yanağı.
Bu bayatıların misra düzümündə
ekspressivlik, qafiyə sisteminin mükəmməlliyi, yeni fikir və
məna çalarları nəzəri cəlb edəcək səviyyədədir.
"Mənim üçün şeir yazmaq öləndən
sonra sağ qalmaq arzusudur" - deyən şairin təcnisləri
də xalq yaradıcılığı üstdə köklənib. O, hər bir sözü
seçib sonalayır. Söz onun
varlığıdır və o, hər sözü şeirə
gətirmir, sözlər içindən sözü
seçir.Əlahəzrət sözə xüsusi bir ehtiramla
yanaşan şair "sözdür mənim taleyimin
balası" - deyir. Əsl şairin
şeirlərinin ünvanı xalqın qəlbidir. Şair nə yazıbsa ilhamla yazıb.
A.Cəmilin şeir dili təbiidir, axıcıdır, obrazlıdır. Şairin daxili aləmindən süzülüb gələn misralar oxucu qəlbinə bir sərinlik və həzinlik gətirir. Kitabdan verilmiş sevgi şeirləri yüksək bədiiliyi və səmimiliyi ilə diqqəti çəkir. Çağlayan qəlbi çağlayan selə dönən lirik qəhrəman deyir:
Məni söndürməyə bil ki, gücün yox,
Həsrət alovuyam, dil-dil yanıram.
Mən sənin
qoluna girmək üçün yox,
Qəlbinə girməkçün dalğalanıram.
Adil Cəmil şeirlərinə gözəllik verən başlıca amillərdən biri də onda işlənən bədii təsvir vasitələridir. Şirin dil, mənalı təşbehlər, yatımlı xalq ifadələri bu misralarda ustalıqla işlədilir. Fikrimizin doğruluğunu isbatlamaq üçün bəzi misraları nümunə gətirək: "Dağlara düşən şehin // İşığı kəndə düşüb", "Qayanın dibini oyan dağçayı // Özünə yol açan gümüş ilanmış", "Barsız budaqları gözünün dağı // Yellənir, yellənir boş beşik kimi", "Gözləri köhnə şinel ilgəyidir // Qaşları bisavad vergülü", "Yamacda qara qaya // Yanaqda xal kimidir", "Ağ varağı kəfən bilib bükülən // Boynu bükük sözlərimi saxlama", "Təbəssümün qış günəşi // Gedib girdi buludlara", "Qaşların qəm haləsiydi // Baxışların küskün idi", "Ağ duman yol salıb qara saçımdan" və s.
A.Cəmilin şeirlərində bəzən dialekt sözlər də işlədilir və bu sözlər şeirin estetik dəyərinə xüsusi bir çalar verir. Məsələn, "vaysınmaq" - "Vaysınıb, çırpınıb, döyünmədim heç", "Ağgünlü" - "Ağgünlü kəndimin ağbirçəkləri", "yağır olmaq" - "Səhərdən-axşama bu yazıq torpaq // Sizin çəkmənizin dabanlarıyla // Yeyilə-yeyilə yağır olubdur", "helləmək" (qayanı helləmək), "çərək" (bir çərək yer), "otuxmaq" (otuxan quzular), "təpmək" ("Həsrətli gözümə təpəsiyəm mən"), "teyxa", "qaramat", "geneşmək" (vuran oğul ataya geneşməz) və s. Belə nümunələrin sayını xeyli artırmaq olar. Bu sözlər şeirin kontekstində daha tutumlu və mənalı görünür.
Şairin ikicildlik "Seçilmiş əsərləri"nə
onun yeddi poeması daxil edilib. Bu poemaların hər birinin bədii-estetik
özəlliklərindən söz açmaq ayrı-ayrı məqalələrin
mövzusudur. Bütövlükdə A.Cəmilin
yaradıcılığı ayrıca bir tədqiqatın
mövzusudur. Bu yazıda Adil Cəmilin fəlsəfi mətləblərlə
süslənmiş şeirləri haqqında ən gözəl
sözlərin hamısını elə şairin öz
sözləri dedi. Qələmiylə
xalqının dərd ortağı olan, "Hər
xırmanda döyülməyən, hər daş altda
üyünməyən, sınan, amma əyilməyən"
şair qardaşım, doğma yurddaşların və səni
tanıyanlar bütöv xarakterini, vüqarlı şəxsiyyətini
və "qamətini həmişə şax
görüblər". Kəlbəcər ətirli
şeirlərində sənin - yurdsevər, vətəndaş
bir şairin könül çırpıntılarını
duydum. "Ürəyində hər sevgidən el sevgisi",
vətən sevgisi üstün olan, "insan ömrünə
işıq diləyən", bulaq kimi çağlayan
coşqun təbin heç zaman susmasın!..
Vəfa
XANOĞLAN
Bakı
Xoreoqrafiya Akademiyasının elmi katibi, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2016.- 8 mart.- S.8