Adını da ürəyi kimi təmiz
saxlayan şair
UNUDULMAZ İSA İSMAYILZADƏNİN 75 İLLİYİNƏ
"Hərdən şeirin-sözün sıxıntısından, "qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün" ağrısından ürəyim sızıldayır, dünyada məndən ötrü hər şeyin qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma, əziz bir adam kimi o sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm" - İsa İsmayılzadə bu sözləri söyləyəndə hələ ölümünə 13 illik bir yol dururdu.
Onda
1984-cü il idi, həmin bu sözləri
İsa "Anamla söhbət" kitabındakı ön
sözdə söyləmişdi.
"...
Bu dünyanın, yəni ömrün bir qurtaracağı var,
insan nə vaxtsa ölür, sən də, mən də-hamımız
öləcəyik..."
İsa
İsmayılzadə - bu istedadlı və bənzərsiz Azərbaycan
şairi elə
sağlığında öz ölümündən
danışırdı. Ancaq o, bəzi şairlərdən
fərqli olaraq, "ölməz Kaşşey" libasına
bürünmürdü. Elə bil,
ölümün labüdlüyünü dərk edir və
buna hazırlaşırdı. Amma haçansa yenidən
bu dünyaya bir də qayıdacağına da inanırdı:
Bu dünyaya
bir də qayıtmağım var...
Qəbrimin
üstündə bitən gülləri,
Uyumuş,
soyumuş torpağı-daşı
Ölüm sükutundan oyatmağım var.
Nəsə,
ürəyimə damıb, bilirəm-
Bəlkə
də yüz ildən, min ildən sonra,
Milyon ildən
sonra - nə bilmək olar -
Nə
vaxtsa dönəcək ömrün illəri...
Amma İsa qayıtmadı... 1997-ci ilin iyul ayında
sapsağlam bir Azərbaycan şairi birdən-birə
ölüm yatağına düşdü və gözlərimizin
qarşısında şam kimi əridi,
tanışlarının çoxu onun bu qəfil xəstəliyindən
xəbər tutmamış, dünyasını tərk etdi. On doqquz ildir
İsa yoxdur, onun şeirində dediyi möcüzə də
baş vermir. Amma hərdən mənə elə gəlir
ki, o möcüzə baş verəcək, bu saat İsa
qapını açıb redaksiyaya daxil olacaq, yenə öz
iş otağına çəkiləcək, yenə şeirlər
yazacaq.
Ölümündən
sonra İsa İsmayılzadənin "Gözləyin,
dünyaya qayıtmağım var.."
kitabı çap olundu, elə
bilirəm, heç bir möcüzə olmadan o kitabla İsa
İsmayılzadə öz dostlarının, qələm
yoldaşlarının, əzizlərinin görüşünə
gəldi. Kitabın tərtibində və nəşrə
hazırlanmasında yazıçı Nəriman Əbdülrəhmanlının
böyük zəhmətini bəri başdan qeyd edirik. Burada İsanın müxtəlif illərdə
çap olunmuş kitablarında seçmə şeirlər,
poemalar təqdim edilir, həmçinin
sağlığında və ölümündən sonra
İsa İsmayılzadə yaradıcılığından
söz açan məqalələr də əlavə olunur.
Beləliklə, ŞAİR İSA
İSMAYILZADƏ obrazı bütünlüklə gözlərimiz
qarşısında canlanır.
İsa
İsmayılzadə 60-90-cı illər Azərbaycan
poeziyasının tanınmış nümayəndələrindən
biri idi və indi , onun ölümündən
keçən bu illər ərzində biz bunu daha artıq hiss
edirik ki, onun poeziyası təkcə yazıldığı
illərin deyil, bu günün və gələcəyin də
poeziyasıdır. O, elə bir vaxtda ədəbiyyata gəlmişdi
ki, artıq sənətdə yeni meyllər, tendensiyalar meydana
gəlirdi, İsa və onun mənsub olduğu ədəbi nəsil
bədii axtarışlar yolunu tutub bu yeniliyin ədəbiyyatda
inikas olunmasında böyük rol oynadılar.Əlbəttə,
yenilik, novatorluq həmişə müqavimətlə, mühəfizəkarlıqla
qarşılanır və İsa İsmayılzada də bunu
özünün sənət taleyində hiss elədi.
Yaxşı xatırlayıram ki, İsanın
"Yağış gölməçəsi"
şeiri mücərrəd, anlaşılmaz, guya ədəbi ənənələrə
zidd bir poeziya nümunəsi kimi tənqid hədəfinə
çevrildi.İsa yağışın yağmasını,
bu yağışdan yaranan gölməçələri təsvir
etmişdi, amma necə:
Yağdı,
tala-tala gölməçə yağdı,
göylərin dəlisov ilhamı yağdı,
sərçələrin soyuq "hamamı" yağdı,
Yağış
gölməçəsi buludla doldu,
Günəşlə,
payızla,
sükutla doldu.
Sonralar "eksperiment" kimi qəbul edilən bu tipli
şeirlər yazmaq adi hala çevrildi və məlum oldu ki,
sözün min bir çaları varmış, sözün rəngləri,
naxışları, fəsilləri varmış, sadəcə
olaraq bunları şeirə gətirmək lazımmış. İllər keçdi və
İsa İsmayılzadə də bir çox
yaşıdları kimi etiraf olundu, hətta cavanlara
qarşı çox qısqanc bir mövqedə dayanan Məmməd
Rahim İsanın bir şeiri haqqında ayrıca məqalə
yazdı, onu istedadlı bir şair kimi təriflədi. Həmin
şeir isə İsa İsmayılzadənin müharibə
haqqında yazdığı ən gözəl şeirlərindən
biri kimi poeziyamızın inciləri sırasına daxil oldu:
Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə.
Bizi aparmadılar.
Qulançar
yığmağa, moruq dərməyə
Bizi aparmadılar.
Yalvarıb-yaxarıb,
dil tökəndə biz
onlar
üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
"Hələ
uşaqsınız...nə yaşınız var.."
Getdilər,
getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr
demədi: geri qayıdın.
Lülələr
demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var.
İsa
İsmayılzadənin poeziyası XX əsrin mürəkkəb,
təzadlı mənzərəsini əks etdirmək
baxımından hər hansı bir tədqiqatçı
üçün maraqlı bir mənbə ola
bilər. Onun şeir və poemaları
vaxtında öz qiymətini alıb.
"İmzalar
və ümidlər" məqaləsində görkəmli tənqidçi
Yaşar Qarayev yazırdı: "Poeziya ilə hər
uğurlu görüş yeni bir imzanın təravəti
ilə rastlaşanda baş verir. Əsl şeirdə
varlıq da, dünya da hər dəfə yenidən, hər dəfə
"ilk dəfə" görünə bilər. Şairlər varlığın ifadə etdiyi poetik
mənanı və bədii sərvəti artırırlar.
Təbiət özü əlavə bir hüsn,
məna kəsb etmədən peyzaja - bədii obraza çevrilə
bilmir.
"Yarpaqlar
lampa tək alışıb yanır" - bu ilk misradan obraz
artıq tapılır: yarpaqlar yaşıl
işığa-lampaya, çırağa bənzədilir. Şeirin bütün sonrakı davamı bu epitet
üzərində qurulur. Şair bir daha yarpaq
sözü işlətmir, sanki ancaq lampadan, ancaq
çıraqdan danışır:
Yuyur
çıraqları noyabr ayı,
ehmalca-ehmalca yerə döşəyir.
Ehtiyatlı
olun, ayaqlamayın,
lampalar
qırılar,
qaralar
meşə".
Yaşar Qarayev İsa İsmayılzadənin
altmışıncı illərdə yazdığı
şeirlərinin yenilikçi ruhunu düzgün şərh
etmişdi. O,
doğru qeyd edirdi ki, İsanın bir çox şeirlərində
hətta mücərrəd mənəvi anlayışlar, hərəkətlər
və proseslər də əyaniləşərək,
"cisimləşərək" təsvir edilir.
İsanın
poeziyasındakı özünəməxsusluğu Anar belə
açıqlamışdı: "İsa İsmayılzadə
şeiri rəsm edir, çəkir. O, tapdığı müəyyən
bir obrazı, lövhəni kağız üzərində
müxtəlif variasiyalarla, dönümlərlə işləyir,
çözələyir, eyni bir mənzərəni müxtəlif
nöqtələrdən, müxtəlif ölçülərdən
göstərir, bir sözlə, eskizlər yaradır.Məsələn,
aşağıdakı misralara diqqət edək:
Gözüaçıq
yatan dəniz,
dəniz,
səni kim oyatdı?
Ay
acığı tutan dəniz,
kim
yuxuna ulduz atdı?
Gözlərinmi
qamaşdı!
Ulduzlarmı qımışdı?
Qurcalandın
yerində-
dalğa
yarğanlarından
bir gəmilik
qəm aşdı.
Ulduzlu
yorğanına
acığı tutan dəniz!"
Anarın,
eləcə də bir çox müəlliflərin qeyd etdiyi
bu xüsusiyyət-lövhə, mənzərə, eskiz yaratmaq
məharəti , sözlə rəssamlıq
etmək məharəti İsanın poeziyasında çox qabarıq nəzərə
çarpırdı.
İsa İsmayılzadə dünya poeziyasına vaqif
olan bir şair idi. Şeir kitablarının birinə yazdığı
ön sözdə deyirdi: "İkinci kursda oxuyarkən, adını
təzə eşitdiyim Pablo Nerudanın ikicildlik şeir
kitabını mənə bir gecəliyə, ancaq bir gecəliyə
oxumağa verdilər. Axşamdan başlayıb gecə
yarıya kimi oxuyub qurtardım, amma P.Nerudanın qüdrətli obraz sehrinin təsirindən qurtara bilmədim:
onda inandım ki, dahilərin əlində söz doğrudan da
möcüzədir, sehrdir, nə isə, elastik bir
materialdır- onu istədiyi səmtə
əyə bilir, ondan istədiyi fikri-obrazı ala bilir. Söz
insanın, daha doğrusu, "sehrbaz şairlərin" necə
də qulu olarmış( Füzulini,
Rilkeni, Svetayevanı, Bloku, N.Hikməti, Voznesenskini oxuyandan sonra
bu qənaətim daha da gücləndi). Ölməz Çili
şairinin mənə bağışladığı o
sehirli gecə mənim ömrümdə yuxusuz, narahat obraz gecəsi
kimi qaldı.."
Eyni hissi mən də İsa İsmayılzadənin
şeirlərini oxuyarkən keçirmişəm. Kifayət qədər
obrazlı düşünən və bu düşüncələrini
poeziyada obrazlara çevirən İsanın şeirləri
indinin özündə də görüb-götürmək
nümunəsidir.
Şıdırğı,
selləmə yağış yağanda,
Bizim
evimizin yaxınlığında
Arxlar
çiçəkləyər,
Kür çiçəkləyər.
Suyunun sinəsi,
üzü buluda,
Hər
damcı- təzəcə açılan buta,
Açıla-açıla solar yerində.
Bir az boy göstərib, dikəlmək istər,
Qorxulu-qorxulu
bükülmək istər,
Bükülə-bükülə ölər yerində.
İsanın
şeir kitablarından zövqümcə (əlbəttə,
isasevərlərin zövqünü də nəzərə
alıram) olan şeirləri bir-bir sıralayıram:
"1941", "Yağış gölməçəsi",
"Oyuncaqsız uşaqlığım",
"İşıqlar", "İşıqlı
yarpaqlar", "Yarpaq odası", "Güllələr
demədi", "Mənim qanadlarım olub bir zaman",
"Avqust", "Vaxtla uzlaşmağı bacarmayanda",
"Qatar gedir Araz boyu", "İkiyə
bölünmüş gün", "Mən bir termos
şüşəsiyəm", "Duel", "Gözləyin,
dünyaya qayıtmağım var...", "Yaxşı
adamların azalır, dünya", "Keçdim Qarayazı
düzənliyindən", "Ögey oğullara inanma, Vətən",
"İçərişəhər". Və onun
poemaları: "Böyüdülmüş şəkillər",
"Heykəl Nəsiminin monoloqları", "1937",
"Haran ağrıyır, Vətən". Bu
şeir və poemaların hər biri haqqında ayrıca
söz açmaq, onların poetik məziyyətləri barədə
danışmaq olar.
Bu məqamda
mən mərhum şairimiz Əliağa
Kürçaylının bir fikrini xatırlamaq istəyirəm:
" Şair var ki, imzasını görən kimi ürəyindən
bu hisslər keçir: "Oxumamaq da olar. Təzə
nə deyəcək ki? Əvvəlki
şeirlərinin tayı olacaq, vəzni, qafiyəsi yerində,
yüz dəfə eşitdiyimiz növbəti fikirlər".
Elə şairlər də var ki, onların imzasıyla
rastlaşanda hökmən nə isə yeni fikirlə, eşitmədiyin,
görmədiyin bir aləmlə, poetik bir kəşflə
rastlaşacağını yəqin edirsən. Həmin bu
şairin sənə tanış olan əvvəlki
şeirlərindən çıxış edərək belə
bir qənaətə gəlirsən ki, o, hədəfsiz
nişan atmaz, poetik gülləsini boşa atmaz. Mənim fikrimcə, İsa İsmayılzadə
ikincilərdən - poeziya silahını hədəfsiz
tuşlamayan şairlərdəndir".
İsa İsmayılzadənin sevdiyi şairlər
çox idi.Ancaq bir şairi o, hamıdan daha çox sevirdi. Bu şair
"altmışıncıların" yaradıcılıq
yolunun müəyyənləşməsində böyük
rol oynayan Rəsul Rza idi.Çox-çox sonralar,
ölümünə bir il qalmış
isa İsmayılzadə yazacaq: "İlk kitabım 1968-ci ildə
"Gənclik" nəşriyyatında- "Ulduzların ad
günü" adı altında çıxdı. Əkrəm
Əylisli orada baş redaktor işləməsəydi, Rəsul
Rza kimi mənəvi dayağımız olmasaydı, nə mənim,
nə Ələkbərin, nə Vaqif Səmədoğlunun, nə
də Ramiz Rövşənin
kitabları işıq üzü görə bilərdi".
Rəsul Rza yeni söz deyən, poeziyada bir ədəbi nəsil
kimi formalaşmağa can atan cavan şairlərin yol göstərəni
və himayəçisi oldu. O, tənqidlərə, hətta
ittihamlara dözərək Əli Kərimin, Fikrət
Qocanın, İsa İsmayılzadənin, Fikrət
Sadığın, Ələkbər Salahzadənin şeirlərini
müdafiə etdi və yanılmadı dı. Sonralar
bu şairlərin hər biri poeziyada öz fərdi dəst-xəttiylə
seçildilər. 1963-cü ildə qələmə
aldığı "Ümid və arzular" məqaləsində
Rəsul Rza cavan İsa İsmayılzadənin şeirlərindən
söz açaraq yazmışdı: "İsa
İsmayılzadənin şeirlərində poetik fikir
aydın, təsirli, konkretdir. O, həyatın adi hadisələrinə
şair gözü ilə baxır, onlarda çox şey
görməyi bacarır. İsa gördüklərindən,
duyduqlarından qibtə hissi oyadan poetik bir xəsisliklə
danışır. Sən inanırsan ki, gənc
şair bildiklərinin ancaq bir hissəsini, mühüm
saydığı hissəni oxucuya yetirir".
İsa İsmayılzadə müharibə
dövrünün uşağı idi. Bu
dövrün uşaqları atasızlıq müsibətini
görmüşdülər, qara xəbərlər
eşitmişdilər, boyları yetimlikdən
uzanmamışdı, oyuncaqsız qalmışdılar.
"Böyüdülmüş şəkillər" poeması
fikrimcə, müharibədən çox-çox sonra
yazılsa da, müharibənin nə demək olduğunu
poeziyada yüksək sənətkarlıqla əks etdirən
bir nümunə idi.
Qarabağ
savaşı başlanandan sonra İsanın üzü
gülmürdü. O, hər gün Qarabağ dərdi ilə
yaşayırdı. Ölümündən üç il öncə yazdığı "Haran
ağrıyır, Vətən" poemasını da elə
bu ürək ağrısıyla yazmışdı. Azərbaycanın bu müharibədə itgilər
verməyi, ölkədəki hərc-mərclik, xaos ona
ağır gəlirdi.
Özü
boyda göz yaşıdı Qarabağ,
Dərdimizin başdaşıdı Qarabağ.
Poema bu misralarla başlayır və burada məmləkətimizin
düşdüyü bütün bəlalar bircə-bircə
poeziya işığına çəkilir. Bu
işıqda isə düşdüyümüz bütün
müsibətlər, səhvlərimiz açıq-aşkar
görünür.
Bir vaxt vətən
yolları
harda,
harda qurtarardı-
Astarada qurtarardı.
Vətən
orda
qoruq
olmuşdu, qoruq.
İndi Vətən
yolları
Qurtarar
erməni yuvalarında,
İndi dustaqdı Vətən.
Bu
işıqda düşmənlər də bütün
tarixi-müasir görkəmləri, niyyət və məkrləri
ilə görünürlər: "Atan kazaklardır... Atan
ruslardır.. Pusquda dayanan
Rusiya atır, Səngərdən, meşədən, ağac
dalından, hər dalandan, hər tindən atır Rusiya".
Torpaqlarımızın əldən getməyində, fərariliyin qorxulu bəlaya çevrilməsində, kəndlərimizin boşaldılmasında, milli-mənəvi dəyərlərimizin ucuzlaşmasında isə biz günahkarıq. Bu mənada "Haran ağrıyır, Vətən" poeması poetik bir ittihama çevrilir:
Hara qaçırsan, Oğul?
Hara
qaçırsan, Vətən?-
Sən
qurtaran yerdə Ölüm başlayır..
Hara qaçırsan Vətən oğlu?!
Bakıya
uçursan, Vətən,
Bakıya
köçürsən, Vətən
Bakıya
qaçırsan, Vətən..
Mən
belə köç istəmirəm, istəmirəm!
Şəhərdən
Vətən olmaz..
Ancaq bu
poema-ittihamın sonu nikbinliklə bitir: "döyüş
marşı çalınır, haydı, irəli, haydı,
irəli, Əsgər Azərbaycanım".
SÖZARDI: "Gördüm bu dünyanın hər
üzünü mən". Həyatın, dünyanın
isti-soyuğunu görmüş bir şairin qırx
üç yaşında yazdığı şeirindəndir
bu misra. Onun ömür yoluna bu bircə misradan da bələdçi
kimi cığır açmaq olar. Bu
ömür yolunun ən mənalı keçən günləri,
ayları, illəri olub və heç şübhəsiz, onu
bütünlüklə səciyyələndirməli olsaq,
ŞAİR ÖMRÜ ifadəsi üzərində
dayanarıq. İsa doğrudan da, əsl şair ömrü
yaşadı - həyatda qazandığı bütün
uğurlara, sevinclərə, hətta itgilərə
görə də, o, şair ömrünə
bağlıdır. İsa bu sənət yolunda
işıqlı adamlar da görüb, "səhralar qoynunda
çiçək" də görüb, işıqsız
adamlar da... Lakin o həmişə
zamanın dəyişən küləklərindən öz
şair adını ürəyi kimi təmiz saxladı...
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2016.- 8 mart.- S.6