Həsən bəy Zərdabinin lənkəranlı
məşhur tələbəsi - akademik Pavlov
Bakı Real Gimnaziyasında H.Zərdabinin
ən sevimli tələbələrindən biri
M.A.Pavlov 22 dekabr
1862-ci ildə (təzə
stillə - 9 yanvar
1863-cü ildə) Bakı
Quberniyasının Lənkəran
uyezdində doğulub.
O,1874-cü
ildə Lənkəranda
ikisinifli şəhər
məktəbini bitirərək,
Bakıya gəlmiş,
qəbul imtahanında
suallara yaxşı cavab verdiyinə görə yaxşı qiymət alaraq, savadlı və dərrakəli müəllimləri ilə
məşhur olan Bakı Real Gimnaziyasına
daxil olub.
M.A.Pavlov
1885-ci ildə Peterburq
Dağ-Mədən İnstitutunu
bitirərək, çar
Rusiyasında metallurgiya
sənayesinin aparıcı
mütəxəssislərindən biri kimi tanınıb,
istehsalatla elmi əlaqələndirərək metallurgiya sənayesinin akademiki kimi tarixin yaddaşında qalıb.
Azərbaycanı dünyada tanıtmış
şəxsiyyətlərdən olan M.A.Pavlov Bakı Real Gimnaziyasının
əlaçı məzunlarından
idi. O, milliyyətcə rus
olsa da, özünü əsl Azərbaycan vətəndaşı
hesab edən, ömrünün ahıl çağlarında belə
Azərbaycanı və
Azərbaycan dilini unutmayan, SSRİ Elmlər Akademiyasının akademiki,
2 dəfə Stalin mükafatına,
5 dəfə Lenin ordeninə
layiq görülmüş
həmyerlimizdir.
... Lənkəranlı Pavlovların Azərbaycana
gəlişi 1855-ci ilə
- Pusiya-Türkiyə müharibəsi
dövrünə təsadüf
edir. Mixailin babası Don kazaklarından
idi. O, Ust-Bıstryanski , arvadı (Mixailin nənəsi ) isə Kunduryuçey stanitsasından idi.
Mixailin sonralar yazdığı xatirələrindən
məlum olur ki, o, atasını xatırlamır, anası isə oğlunu 7 yaşında yetim qoyub. Mixail uşaqlıq illərində
küçə uşağı
kimi böyüdüyünü
yazsa da, incə yumorla qeyd edir ki,
əslində Astarada küçə yox idi. Aydınlıq üçün deyək ki, Pavlovlar əvvəllər
Astarada yaşamış,
sonralar , Mixailin 9 yaşında məktəbə
getmək məsələsi
ortaya çıxanda,
yaxınlıqda məktəb
olmadığı üçün
ailə üzvləri
ikisinifli məktəbi
ilə məşhur olan Lənkərana köçmüşdülər. Ailə onu oxutmaq fikrində
israrlı idi. Mixailin xalası Lənkəranda yaşayırdı. Xala oxumaq
və yazmaq bilməsə də, Znamenski kimi ləyaqətli bir kişiyə ərə getdiyinə görə özünü xoşbəxt
sayırdı. Mixailin onlarda
yaşaması bu xoşbəxtliyi daha da artıracaqdı.
Lənkəran şəhər məktəbinin
birinci sinfi üç bölməli idi. Dərrakəli olduğuna görə
Mixaili 2-ci bölməyə
qəbul edirlər.
Mixail 2-ci sinfi qurtaran il
Znamenskinin iş yerini dəyişirlər.
O, ailəsi ilə bərabər Bakıya köçür. 1874-cü ilin payızında Mixail də Bakıya köçür
və Bakı Real Gimnaziyasının 2-ci sinfinə
qəbul olunur.
Mixail düz üç il, xalası
öləndən sonra
içkiyə qurşanan
Znamenskinin ailəsində
onun uşaqları ilə bir yerdə
qalmalı olur. IV sinfə keçəndə
Mixail bu ailəni yaxşı tanıyan Monamaxovgilə köçür. Artıq Mixail
Pavlov özü pul qazanmağın çəmini
tapır; repetitorluq edir, həm Znamenskinin borcunu qaytarır, həm də oxumaq üçün pul toplayır. Bu işdə
ona BRG-nin müəllimləri vasitəçilik
edir ,onu varlı ailələrə tanıdırlar.
BRG-da oxuyarkən
M.Pavlov heç vaxt pansionda (yataqxanada) yaşamayıb,
son siniflərdə oxuyarkən
ayrıca mənzil kirayələyib və gimnaziyanı qurtararkən
attestatında əla qiymətlərin içində
tək bircə
"3"ü olub. O da rəsm və rəsmxətdən.
Lakin bu
"3"ə baxmayaraq, ona fərqlənmə attestatı
veriblər. Mixail sonralar yazırdı
ki, o rəsm və rəmxətti heç də heç kimdən pis çəkmirmiş.
Rəsm müəllimi öz fənni ilə yanaşı, məktəbin
kitabxanasına da rəhbərlik edirmiş.
Mixail Gimnaziyanın kitabxanasına
tez-tez müraciət edib, rəsm müəllimini narahat etdiyi üçün, onun əks reaksiyası
ilə üzləşir.
Mixail xatirələrində başqa
müəllimlərdən fərqli
olaraq, onun adını çəkmir.
Mixail Pavlov ali
məktəbə girmək
üçün mütləq
VII sinfi qurtarmalı idi .VII sinifdə oxumayanlar iki illik yunker məktəblərinə
daxil olub zabit ola bilərdilər.
Mixailin babası da bunu istəyirdi. Lakin Mixail babasını inandırıb, daha bir il oxuyub, sinfin digər şagirdləri ilə bərabər - 7 nəfər bakılı gənclə Şimala üz tutur: onların çoxu Peterburq Dağ-Mədən
İnstitutuna daxil olmaq istəyirdi. Bu da təbii
idi. Bakı neft təlatümündə
idi. Hamı neft haqqında
düşünürdü, Bakı hələ Nobelləri tanımırdı.
Bakı
Real Gimnaziyası tələbələrinin
dağ-mədən ixtisasına
meyl göstərmələrinin
bir səbəbi də neft sənayesində
işləyən mühəndislərin
yaxşı maaş
almaları, cəmiyyətdə
yaxşı mövqe qazanmaları idi. M.Pavlov xatirələrində
onlardan biri haqqında söz açır: "Bakıda
Kokarev familiyalı sahibkarın mühəndisi
Aleksey Semyonoviç Doroşenkonun
kiçik qardaşı
bizimlə bir yerdə oxuyurdu. Bir dəfə Suraxanıya -onun yanına getmişdik.
O, o qədər də varlı ailədən deyildi, lakin Suraxanıda yaxşı
ad-san qazanmışdı.Bu görüşdən sonra
biz Peterburqa oxumağa
getməyi qətiyyətlə
qərarlaşdırdıq".
Onlar gəmi
ilə Həştərxana,
oradan çay gəmisi ilə Tsaritsinə gedir, sonra dəmiryolu ilə yollarına davam edirlər. Səhhəti Petrburqun iqliminə uyğun gəlmədiyinə
görə Mixailin dostlarından biri - Vermişev Moskvada gimnaziya yoldaşlarından
ayrılır. O, Moskvadakı
Kənd Təsərrüfatı
Akademiyasına daxil olmağı qərara alır. Mixailin ən yaxın
dostlarından biri azərbaycanlı Cəbrayıl
bəy isə onunla bir yerdə
yoluna davam edir.
lll
...Bu qeydlərin çoxu M.A Pavlovun "Metallurqun xatirələri " kitabındandır. Akademik M.A.Pavlovun "Metallurqun xatirələri" memuarı birnəfəsə
oxunan kitablardandır.
Burada müəllim-şagird
münasibətləri, Bakı
Real Gimnaziyası və
onun müəllim
kadrları haqqında
arxiv sənədləri
ilə üst-üstə
düşən maraqlı
paralellər vardır.
BRG-nın direktoru
milliyyətcə çex
olan K.L.Çermakdı. Rus qadınla
evlənmişdi. O, Moskva
Universitetinin məzunu
kimi bir neçə dili sərbəst bilirdi. İşi gimnaziyanın müəllim
və şagirdləri
tərəfindən bəyənilirdi.
Gimnaziyada İ.V.Çernsov, B.O.Novitski, Azlevski kimi öz peşə
ustalığı ilə
fərqlənən müəllimlər
var idi.
M.A.Pavlovun xatirələrində ən
çox diqqəti cəlb edən müəllim isə Həsən bəydir.
Müəllif onun familiyasını
açıq yazmır,
cümləsini mötərizədə
yazdığı "düşünürəm
ki, Zərdabi idi "
qeydləri ilə bitirir.
Xatirələrdən məlum olur ki, Həsən
bəy aşağı
siniflərdə hesab dərsini, VI sinifdə isə uşaqlara təbiət tarixindən dərs deyirmiş. Təbiət tarixinə aid dərslik
olmadığına görə,
Həsən bəy tələbələrinə (şagirdlərinə)
mövzunu yazdırar,
gələn dəfə
dərsi konspektdəki
yazılara əsasən
soruşarmış.
Gimnaziyanın tələbələri 7-ci sinfə
keçəndə öyrənirlər
ki, Həsən bəy Gimnaziyanı tərk etmək məcburiyyətində qalıb. Tələbələr öz sevimli müəllimlərindən biri
olan Həsən bəylə vidalaşmaq, təşəkkür etmək
məqsədilə onun
evinə gedirlər.
Buradakı bir cümlədən - 1943-cü ildə yazılmış
kitabın bir cümləsindən bu gün belə həyəcanlı görünən
bir sətiraltı məna ortaya çıxır. Cümləni
orijinalda olduğu kimi verirəm:
"V posledstvii okazalosğ,çto on naüionalist
i daje predvoditelğ
partii azerbaydjanskix naüionalistov. Za gto li eqo
uvolili,ili za uçenie Darvina - ne znaö".
M.A.Pavlovun "Metallurqun xatirələri" əsəri ilk dəfə 1943-cü ildə Moskvada çap olunub. "Xatirələr"in ədəbi emalı ( ədəbi əsər kimi formalaşdırılması, sənaye həyatına və memuar üslubuna bələd olan görkəmli yazıçı Bek Aleksandr Alfredoviçə (21.12.1902 (03.01.1903)-02.11.1972) məxsusdur.
Əsər 2 hıssədən, 16 bölmədən ibarətdir və bakılı gənclərin Peterburqa gedişi ilə başa çatır. Həmyerlimiz - akademik M.A.Pavlovun daim qurub-yaratmağa meylli olan mənalı həyatının sonrakı səhifələrini digər mənbələrdən öyrənirik.
M.A.Pavlov 1885-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirib, VYATSK metallurgiya zavodunda mühəndis işləyir. İstehsalatda işləyə-işləyə elmlə də məşğul olur: ilk elmi məqaləsini 1894-cü ildə çap etdirir. 1896-1900-cu illərdə Sulinski metallurgiya zavodunda işləyir. 1904-cü ildə, artıq pofessor idi, müxtəlif ali məktəblərdə dərs deyirdi. Onun elmi əsərləri çoxdur. Şah əsəri isə 1949-cu ildə Moskvada çap etdirdiyi 628 səhifəlik "Çuqunun metallurgiyası"dır.
M.A.Pavlov 1958-ci il yanvarın 10-da Moskvada dünyasını dəyişib. O, Moskvadakı Vveden qəbiristanlığının 5-ci sahəsində dəfn olunub.
Daha bir maraqlı fakt. 1963- cü ildə M.A.Pavlovun anadan olmasının 100 illiyi münasibətilə SSRİ-də buraxılmış poçt markasında akademikin yaxasında Sosialist Əməyi Qəhrəmanı ulduzu bir yox, iki ədəd göstərilib. Bəlkə də rəssam bununla o vaxtkı rəhbərliyin səhvini düzəltmək, Lənkərandan olan akademiki layiq olduğu kimi - iki ulduzlu görmək istəyirmiş...
Nazim
NƏSRƏDDİNOV
Əməkdar
müəllim, Təhsil Nazirliyinin Elmi-Metodiki
Şurasının bölmə üzvü
525-ci qəzet.- 2016.- 8 mart.- S.6