Müasir Azərbaycan dilində bir şəkilçinin işlənmə qanunauyğunluğu

 

 

Dilçilik ədəbiyyatında artıq mürəkkəb quruluşlu şəkilçi kimi, daha dəqiq desək, bu tip şəkilçilər sırasında özünə yer qazanmış sözyaratma üsullarından biri də -çılıq4 şəkilçisidir.

 

Bu şəkilçinin yaranma etibarilə -çı4 və -lıq4 sayəsində formalaşması inkaredilməzdir. Məhz buna görə də "bu sözdüzəldici vasitə -çı + -lıq, yoxsa elə -çılıq  birləşməsindən ibarətdirmi?" və həmin düşüncələrdən doğaraq -çılıq tərkibli sözlərin yaranmasında "-çı və -lıq şəkilçisinin ayrı -ayrılıqda rolu nədən ibarətdir?", "mövcud oppozisiyada üstünlük daha çox hansı leksik göstəricinin üzərinə düşür?" kimi suallara cavab axtarışına ehtiyac vardır.

 

İstər söz yaradıcılığından, istərsə də ismin yaranma yollarından bəhs edilən elmi ədəbiyyatlarda -çı və -lıq şəkilçilərinin hər biri müxtəlif leksik məna çalarlıqları ilə xarakterizə olunmuşdur. -çı4 şəkilçisindən bəhs edilərkən sənət, peşə, ixtisas sahibliyi və mücərrəd mənəvi xüsusiyyətləri, əlavə olaraq adət, xasiyyət, əqidə, hal-vəziyyət, keyfiyyət və s., və ya ümumən şəxs anlayışı ifadə edən isimlər düzəltməsi kimi xüsusiyyətləri göstərilir. Hətta -çı nın iş görəni, sənət və ya peşə sahibini, subyekti bildirməsinin daha qədim dövrlərdən mövcud olması, əqidə, məslək və s. bu sıradan məzmunları ifadə etməsi isə nisbətən müasir dövrlərə təsadüf etməsi kimi ayrıntılar tarixi qrammatikamızda  da öz əksini tapmışdır.

 

Verilənlərdən belə aydın olur ki, -çı şəkilçisi "fəaliyyət göstərənin adını əmələ gətirməklə" , əsasən, iki istiqamətə ayrılır:

 

-müxtəlif sahələri əhatə edən İŞ GÖRƏN (şəxs, subyekt, müəyyən peşə və ixtisas sahibi), məsələn, dəmirçi,təbliğatçı, pambıqçı, arabaçı, arançı, çərçi və s.

 

-əsasən, mənfi mənaları ehtiva edən mücərrəd mənəvi xüsusiyyətlərin (adət, xasiyyət, əqidə, hal-vəziyyət) DAŞIYICIsı, məsələn, küyçü, çürükçü, süründürməçi, işğalçı, şikayətçi; əlaçı, milyonçu və s.

 

-lıq4 şəkilçisinin də leksik-semantik funksiyası elmi ədəbiyyatlarda təxminən eyni mənalar üzrə bu və ya digər şəkildə qruplaşdırılmışdır. Bunların içərisində məkan və ya topluluğu, çoxluğu: ağaclıq, dağlıq, qumluq; cisimlərə məxsus əlaməti: bərklik, sarılıq; müəyyən və ya qeyri-müəyyən kəmiyyəti: yüzlük, azlıq; konkret bir əşyanı: dizlik, gözlük, arxalıq; mücərrəd mənanı: dostluq, yaxşılıq və s. göstərmək olar.

 

Çoxsaylı nümunələrdən də aydın olur ki, əsasən, "bu şəkilçi mücərrəd və konkret hər hansı bir şeyin birləşməsi və təmərküzləşməsini bildirir".  Lakin -lıq şəkilçisinin yaratdığı təmərküzləşmə prosesi sadaladığımız məna qrupları ilə kifayətlənmir. Buraya müəyyən sənət, peşə və ixtisas sahibliyini: dülgərlik, həkimlik, müəllimlik və mənsubiyyət və adətkarlığı, vəziyyəti: dağlılıq, üstünlük bildirən isimlər də daxildir. Bu sırada  -lıq şəkilçisinin sözyaratmada maraqlı tərəfi həm də -çı şəkilçisi ilə birləşməsidir. Belə ki, -çılıq4 şəkilçisinin yaranmasında və işlədilməsində ixtiyari şəkildə düşünülən  -çı + -lıq formatının bir-birinə bağlılığında həmin məna qruplarının rolu böyükdür:

 

-müəyyən peşə, sənət və ixtisas sahibliyini bildirən konkret isimlər, məsələn, ovçuluq, kömürçülük, toyuqçuluq, pambıqçılıq   s.

 

-mənsubiyyət və adətkarlığı, mənəvi keyfiyyətləri bildirən mücərrəd isimlər, məsələn, yalançılıq, uzunçuluq və.s.

 

Bu münasibətdə əsas cəhətlərdən biri budur ki, -çı4 və lıq4 üzrə yuxarıda göstərdiyimiz istiqamətlər məna bağlılığı etibarilə biri digərini tamamlayır. Lakin daha diqqətçəkən məsələ budur ki, eyni məna qrupundan çıxış edən çı4 + lıq4 birləşməsi hansı hallarda özünü doğruldur və hansı səbəblərdən?

 

Peşə, sənət və ixtisas sahibliyini bildirən isimlərin -çı şəkliçisi ilə məna inkişafını bu cür təsvir etmək olar:

 

İnsan anlayışı ifadə edərək artıq konkret bir sənət və ya peşə sahibliyinin adını bildirən isimlərdə birbaşa -lıq4 şəkilçisinin qəbul edilir: müəllim+lik, həkim+lik, bağban+lıq, zərgər+lik, dərzi+lik, alim+lik və s.

 

Cansız əşyaları ifadə edən isimlərdə isə sənət və ya peşə sahibliyini ifadə edərkən şəxs anlayışını bildirən leksik vasitəyə ehtiyac duyulur ki, bu da -çı4 şəkilçisidir: dəmir+çi+lik, pambıq+çı+lıq, araba+çı+lıq, ov+çu+luq, kömür+çü+lük, lüğət+çi+lik və s.

 

Mənsubiyyət və adətkarlığı, mənəvi keyfiyyətləri bildirən mücərrəd isimlərdə fərqli hallar -lıq4 şəkilçisinin işlənməsi ilə bağlı görünməkdədir:

 

Bəzi isimlər hər hansı bir mənəvi keyfiyyəti, xasiyyəti ozündə daimiləşdirmiş, özünə peşə etmiş şəxsi bildirdiyi üçün həmin anlayışın məcmusu olaraq -lıq4la işlənməsi də labüddür: küy+çü+lük, süründürmə+çi+lik, uzun+çu+luq, çürük+çü+lük, yalan+çı+lıq və s.

 

Bir sıra isimlərə qoşulan  -çı4 şərti olaraq insan anlayışı ifadə etdiyi üçün onlara -lıq4  artırmaq olmur. Həmin  o sıradan olan sözlər "müvəqqəti" bir prosesin ifadəsidir. Burada -çı4 nın yaratdığı məna "şəxsin özü" anlayışından çox, bu işi, sadəcə, icra edən mənasında dərk olunur və bu səbəblərdən dolayı "təmərküzləşmə" si formalaşmayıb: şikayət+çi, əla+çı, milyon+çu və s.

 

-çı4 və -lıq4 şəkilçisinin işlənməsi ilə gəldiyimiz nəticələr sayəsində digər isim düzəldən şəkilçilərlə müqayisədə daha cavan  bir qrammatik vahid olan -çılıq4 şəkilçisinin leksik-semantik funksiyası ilə bağlı müəyyən suallarımıza da qismən aydınlıq gətirmiş olarıq.

 

Azərbaycan dilçiliyində -çılıq4 şəkilçisinin ayrılmaz hissəciklər olaraq vahid sözyaratma vasitəsi kimi mövcudluğu inkaredilməzdir. Qovuşuq şəkilçilər adı altında bəhs edərək bu qrammatik vahidlə bağlı ən konkret faktlara Ş.Hüseynovun tədqiqatında rast gəlmək olar. Müəllif  -çılıq4 şəkilçisini də aid edərək qovuşma faktorunu tərkib hissələrinə ayırmamaqla vahid bir formant hesab edir. Həmin formantın vahidliyini isə bir məna atmosferi yaratmasında görür. Bunu "vahid morfosemantik mərkəzin yaranması ilə bağlı" izah edir.

 

Deyək ki, -çı4+ -lıq4  vahid bir format  vahid məna atmosferi vahid morfosemantik mərkəz modeli bütün bu qəbildən olan sözlər üçün keçərli deyildir. Belə ki, bu şəkilçi isimlərə və sifətlərə artırılaraq fərqli məna çalarlıqları yaratmaqla bərabər, qoşulma dərəcəsinə görə də eyni söz əsasından çıxış etmirlər. Beləliklə də, isimə və sifətə qoşulması səbəbindən "vahid"lik prinsipi öz gücünü saxlaya bilmir.

 

İsimlərə qoşulan -çılıq4da qovuşmanın birinci və mühüm komponenti olan -çı4nın işlənmə tezliyi üzrə sözləri belə qruplaşdırmaq olar:

 

1) komponentin birinci tərəfi zəif inkişaf edənlər:  sözçülük, öhdəçilik, ədavətçilik, türkçülük, azərbaycançılıq və s.

 

2) komponentin birinci tərəfi qismən inkişaf edənlər: bağçılıq, arıçılıq, südçülük, meyvəçilik, tərəvəzçilik, qoyunçuluq, toyuqçuluq və s.

 

3) komponentin birinci tərəfi heç inkişaf etməyənlər: müəllimçilik, çobançılıq, həkimçilik və s.

 

Birinci və ikinci bölgü arasında işlənmə baxımından fərq, əsasən, mücərrədlik(1) və konkretlik(2) baxımındandır. Bu, birbaşa   -çı4 -nın leksik-morfoloji funksionallığından irəli gəlir.

 

Üçüncü bölgüdə verilən sözlərdə isə -çı4 -nın işlənməsi sırf  üslubi xarakter daşıyır. Burada -çı4 konkret bir peşəni adlandıran həmin sözlərə ikiqat sahiblik məzmunu verərək onun mənasını qüvvətləndirir. Eyni zamanda bu qüvvətləndirmə sırf üslubi xarakter daşıyıb ifadə tərzi olaraq onların sənət etibarilə adiləşdirilməsinə xidmət edir. O sıraya düşmənçilik  sözünü də aid etmək olar; konkret bir peşəni olmasa da, hər hansı bir mövqeni "peşə edən" şəxsi bildirdiyindən həmin üslubi səviyyədən çıxış edərək işlədilir.

 

Sifətlərin üzərinə artırılan -çılıq4 şəkilçisinin -çı4  ilə işlənməsi vacibliyi duyulmur. Belə düşünmək olar ki, əlamət bildirən sözdən hər hansı bir sənət, peşə anlayışının düzəlməsi mümkün deyil. Qaldı ki, əqidə, məslək və mücərrəd məfhum ifadə etməsi bu, elə keyfiyyət bildirən sifətlərin morfoloji-semantik qanunauyğunluğudur.

 

Avaraçılıq (avaralıq), kasıbçılıq (kasıblıq), yetimçilik (yetimlik), dilxorçuluq (dilxorluq), nigarançılıq (nigaranlıq), qəribçilik (qəriblik), bədbəxtçilik (bədbəxtlik), xoşbəxtçilik (xoşbəxtlik), satqınçılıq (satqınlıq), peşmançılıq (peşmanlıq), düzçülük (düzlük), əyriçilik (əyrilik), mehribançılıq (mehribanlıq).

 

Bu sırada təbii ki, istisna sözlər də var ki, (yalançılıq, çürükçülük, biabırçılıq, rüsvayçılıq, uzunçuluq ) bu sözlər -çısız heç bir leksik məna daşımır.

 

Uzunçu sözü ilə bağlı onu deyə bilərik ki, uzun keyfiyyət deyil, əlamət bildirdiyi  üçün  -çu şəkilçisi ilə mücərrədləşməyə ehtiyac yaranır.

 

Rüsvayçı, biabırçı sözləri isə qrammatik mənasına görə müstəqil şəkildə formalaşmamış, etmək, olmaq köməkçi sözləri ilə funksionallıq qazanmışdır. Buradakı -çı şəkilçisi də məhz həmin vəzifədən çıxış edərək edən , olan mənasını daşıyır, hətta aid olduqları sözlər də, əksərən, dinamik bir məzmunu  ifadə edir. Məsələn, biabırçı hərəkət, rüsvayçı çıxış və s.

 

Beləliklə, yarandığı tərəflərinə nisbətdə yeni bir leksik vahid olan -çılıq4 şəkilçisi son illərdə artıq məhsuldarlığı ilə diqqət çəkir. Eyni zamanda həmin şəkilçinin işlənməsi müəyyən qanunauyğunluğun gözlənilməməsi və ya nitqə ağırlıq gətirməsi halları ilə müşahidə olunur. İsim yaratmada, əsasən,  -çı+-lıq şəklində inkişaf edərək, sadəcə, eyni və ya yaxın məna funksiyasından çıxış edən şəkilçilərdən birinin digərini törətməsi kimi, ya da üslubi ehtiyacdan yaranan bir proses kimi özünü göstərir ki, bu da -çılıqın  birinci komponentinin bütün hallarda özünü doğrulda bilməməsidir. Sifət yaratmada isə artıq daşlaşmış vahid kimi qavranılan -çılıq4 şəkilçisinin birinci komponenti heç də ənənəvi tanıdığımız (qeyd etdiyimiz mənaları ilə!) -çı4 deyil. Ona görə də sırf birikmiş -çılıq4 şəkilçisi olaraq sözlərə qoşulur. Və burada komponentin birinci hissəsi yalnız qüvvətləndirici təsir göstərmək vəzifəsindədir. Həmin sözlərin  -çı4sız işləndiyi təqdirdə heç bir məna fərqi yaratmaması, yeni leksik rol oynamaması da bu fikrin təsdiqidir. Və bu, yuxarıda qeyd etdiyimiz kimi, nitqdə yalnız artıqlıq yaradır.

 

Nahidə HƏSƏNOVA

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2016.- 10 mart.- S.7.