Azərbaycanlı rəssamın əsərləri "İnternational
Art"da
Parisin mərkəzində
"Le Village Suisse"-də
"International Art" qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü
Nigar Nərimanbəyovanın
fərdi sərgisi açılıb.
Sərgidə rəssamın "Uşaqlığın
yuxuları", "Teatr
və balet" və yeni "Sevgi oyuncaqları" adlı silsilə əsərləri nümayiş
olunur.
Rəssamın "Uşaqlıq yuxuları"
adlı silsiləsində
müxtəlif rəngləri
və dərin məna çalarlığını
özündə əks
etdirən tablolar ekspressionizm üslubundadır. Bu seriyada olan əsərlər
rəssamın xəyallarını
əks etdirir.
"Teatr və balet" silsiləsində
yağlı boya ilə çəkilmiş
tabloların əksəriyyətində
teatr səhnəsinin aktyorları həm maskalı, həm də maskasız və müxtəlif formada təsvir olunur. Sanki səhnədə
aktyor olan bu insanlar həyat
qayğılarından uzaqdırlar.
Əslində isə onlar
daxilən dərin insani düşüncələrə,
həyati məfkurəyə
malik insanlardır.
Rəssam əsərlərində xoşbəxtliyi, xeyrin şər üzərində
qələbəsini əks
etdirir.
Parisdə rəssamlar arasında
böyük nüfuzu
olan "Stella Art International" Assosiasiyasının sədri
Stella Kalinina azərbaycanlı
rəssamın əsərlərinin
əsas məziyyətindən
bəhs edərək bildirib ki, Nigar
Nərimanbəyovanın əsərləri
insanlara nağıla dönmüş xoş və unudulmaz uşaqlıq illərini xatırladır, sərgi ziyarətçilərində yüksək
əhval-ruhiyyə yaradır.
O qeyd edib ki,
rəssam tamaşaçıları
dərin düşünməyə
sövq edən mənalı mövzu seçir.
Rəssamın əsərləri
Parisin MARAİS İncəsənət Mərkəzinin
məşhur "Paulia Roza"
qalereyasında, Pyer Karden
Mərkəzinin Salon Biznes
Art 2013, 2014, 2015 salonunda,
"Grand Palais"də Fransa
Prezidenti Fransua
Ollandın hamiliyi ilə hər il keçirilən "Art
en capital 2015" müasir incəsənət sərgisində,
Monakoda "Dünya rəssamlar"ı
sərgisində, Parisdəki Rusiya Mədəniyyət
Mərkəzində "Rus
palitrası" sərgisində uğurla
nümayiş olunub.
525-ci qəzet.- 2016.- 10 mart.- S.7.