"İzahlı saz-söz
lüğəti": sənətlə bağlı yeni bilgi mənbəyi
Azərbaycan xalq ədəbiyyatının
ən qədim abidəsi sayılan "Kitabi Dədə Qorqud" (XI - XII əsr.)
əsrlərdən bəri
Azərbaycanın və
bütün türk dünyasının əzəmətli,
möhtəşəm tarixi
yaddaş abidəsi sayılır.
Vətən sevgisini, qəhrəmanlığı,
şücaəti, adət-ənənələri
özündə ehtiva
edən epos türk xalqının tarixi salnaməsi və bədii söz xəzinəsidir. İgidliyi tərənnüm edən dastanın əsas süjet xətti müqəddəs
torpağı qorumaq uğrunda mübarizə aparan, mərdlik və cəsurluq nümayiş etdirən oğuzların həyat tərzini, xalq mənəviyyatını əks
etdirir. "Kitabi-Dədə Qorqud"
etnoqrafiyanı, tarixi coğrafiyanı, dil və düşüncə
tərzini, dünyagörüşü
və sosial-siyasi, mənəvi görüşləri
bir araya toplayan və bununla da Azərbaycan
xalqının yüksək
mədəniyyətini qabardan
əvəzsiz mənbədir.
Dastan
ilk dəfə olaraq
1815-ci ildə görkəmli
alman şərqşünası
Fridrix fon
Dits tərəfindən
tərcümə edilib
və elmə təqdim olunub. Bu gün də
Almaniyanın Drezden kitabxanasında qorunub saxlanan əlyazma yüzlərcə elmi araşdırmaların müxtəlif
obrazlar baxımından
mövzusu kimi əsas götürülür.
XX əsrin ortalarından
"Kitabi Dədə-Qorqud"
un tədqiqi və təbliği istiqamətində aparılan
nəzəri-praktiki işlər
Ulu öndər Heydər Əliyevin irəli sürdüyü
azərbaycançılıq siyasətinin önəmli
sahələrindən biridir.
Xalqımızın mədəniyyətini
qoruyub saxlamaq naminə aparılan işləri dövlət
siyasətinə paralel
olaraq inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
2015-ci il iyulun 25-də
imzaladığı Sərəncam
"Kitabi-Dədə Qorqud"un
tərcüməsinin və
nəşrinin 200 illiyi ilə bağlı misilsiz sənəd oldu. İl ərzində aparılan işlər, keçirilən
çoxsaylı tədbirlər,
elmi simpoziumlar, aşıq müsabiqələri,
nəşr olunan yeni kitablar, monoqrafiyalar bu sənədə əsasən
uğurla gerçəkləşdirildi.
Nəşrlər sırasında diqqəti çəkən, saz-söz
sənətini terminoloji
tərəfdən təqdim
edən və bununla da həm
musiqişünaslıq, həm
də folklorşünaslıq
baxımından lakonik
elmi bazaya çevrilən "İzahlı
saz-söz lüğəti"
xüsusilə əhəmiyyətlidir.
Bir-birini tamamlayan və vəhdət təşkil
edən saz-söz sənəti əsrlərdən
bəri eşq-məhəbbəti,
qəhrəmanlığı tərənnüm etməklə
bu günümüzdə
də inkişafdadır,
bu sənət bütün dünyaya tanıdılır. Azərbaycan dövlətinin, xüsusilə
də YUNESKO və
İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin,
o cümlədən, aşıq
sənətinin dünyada
layiqli təbliği istiqamətində göstərdiyi
bir çox mühüm cəhdlər
uğurla nəticələnib.
2009-cu ildə Birləşmiş
Ərəb Əmirliyinin
Abu-Dabi şəhərində
YUNESKO-nun Qeyri-maddi-mədəni irsin qorunması üzrə Komitəsinin
4-cü sessiyasında Hökumətlərarası
Komitənin yekun qərarına əsasən
Azərbaycanın aşıq
sənəti bu qurumun Qeyri-maddi mədəni irs
üzrə Reprezentativ
siyahısına daxil edildi. Bununla da aşıq
sənəti Azərbaycan
mədəni irsinin ən qədim nümunələrindən biri
kimi öz layiqli təsdiqini tapdı.
Tədqiqi XX əsrin əvvəllərindən
başlayan aşıq
sənəti elmi aktuallığını müasir
dövrdə də qoruyub saxlaya bilib. Dinamik şəkildə inkişaf edən, daim yenilənən və dəyişən bu sənət sahəsi elmin bir çox sahələrində mütəxəssislərin
diqqətini cəlb edib. Lakin aşıq sənətinin
tədqiq olunmasında
əsas yük folklorşünas və musiqişünas alimlərin
payına düşüb.
Musiqişünaslıq elmində bu sənətin tədqiqi sahəsində böyük
uğurlar əldə
edilib. Əminə Eldarova, Tariyel Məmmədov, İradə
Köçərli, Səadət
Seyidova və başqa tanınmış
alimlər böyük
bəstəkar və musiqişünas alim Üzeyir Hacıbəylinin
aşıq sənəti
ilə bağlı söylədiyi dəyərli
fikirləri əsas tutaraq, sanballı əsərlərilə bu
sahəni daha da zənginləşdiriblər.
Aşıq sənətinin tədqiqində
yeni mərhələ
Əməkdar İncəsənət
Xadimi, sənətşünaslıq
doktoru, professor Tariyel Məmmədovun yaradıcılığı ilə
başlayıb. XX əsrin 80-ci illərindən
elmi fəaliyyətə
başlayan alimin, demək olar ki, bütün elmi tədqiqatları Azərbaycan aşıq sənətinin öyrənilməsinə
həsr olunub. Onun "Koroğlu dastanında epik havalar" mövzusunda namizədlik dissertasiyası, "Azərbaycan
aşıqlarının ənənəvi
havaları" mövzulu
doktorluq dissertasiyası,
bu tədqiqatlar əsasında yaranmış
nəşrlər, eləcə
də alimin müxtəlif illərdə
işıq üzü
görmüş əsərləri
- "Azərbaycan şifahi
ənənəli xalq
professional musiqisi: aşıq
sənəti", "Azərbaycan
klassik aşıq havaları", "Azərbaycan
aşıq yaradıcılığı"
kitabları bu sənətin tədqiqində
mühüm elmi nailiyyətlərdir. Adıçəkilən
əsərlərdə yer
alan çoxlu
sayda aşıq havalarının not yazıları
isə musiqişünaslıq
elmi üçün dəyərli töhfədir.
Tanınmış musiqişünas alim Tariyel Məmmədov
elmi yaradıcılıqdan
başqa bir sıra ictimai vəzifələr də aparır. Xüsusilə
Azərbaycan musiqi mədəniyyətində nüfuzlu
elmi nəşrlərdən
biri kimi tanınmış beynəlxalq
elmi-pedaqoji, tənqidi-publisist,
mədəni-maarrifçilik yönümlü "Musiqi
dünyası" jurnalının
naşiri və baş redaktoru kimi tanınan Tariyel Məmmədov həm də gənc alimlər yetişdirən təcrübəli
pedaqoqdur.
Aşıq havalarının müasir
elmi tələblər
səviyyəsində yazıya
alınması, yeni metod və konsepsiyalarla
təhlili onun əsərlərinin əsas
məziyyətlərindən biridir. Aşıq sənətinin öyrənilməsində
çoxcəhətli və
müxtəlif istiqamətli
elmi araşdırmalar
aparan alimin gördüyü işlər
bununla bitmir. Bugünlərdə işıq üzü
görən "İzahlı
saz-söz lüğəti"
T.Məmmədovun musiqi
terminologiyası sahəsində
apardığı əhəmiyyətli
işin daha bir uğurlu bəhrəsidir. Azərbaycan Respublikası
Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə çap olunmuş bu lüğət musiqi mədəniyyətinin inkişafında
bir neçə istiqamətdə aparılan
gərgin əməyin
parlaq nəticəsi hesab oluna bilər.
Musiqi terminologiyası məsələsi
musiqişünaslıqda az inkişaf etmiş sahələrdən
biridir. Görkəmli musiqişünas alim Əfrasiyab Bədəlbəylinin "İzahlı
monoqrafik musiqi lüğəti"ndən sonra
uzun illər bu sahədə əsaslı tədqiqatlar
qeydə alınmayıb.
Aşıq sənəti ilə
bağlı isə yalnız müəyyən
məqalələrdə və
kitabların hər hansı hissələrində
qısa informasiya verilib. Elmi fəaliyyətinin bir hissəsini də terminologiya məsələlərinə
yönəldən alimin "İzahlı
muğam terminləri"
kitabı musiqi ictimaiyyətinin rəğbətini
qazanıb. Xalq musiqisinin müxtəlif
problemlərini öz elmi fəaliyyətində
daim işıqlandıran
alimin yeni "İzahlı saz-söz lüğəti" onun bu yöndəki faydalı işlərinin məntiqi davamıdır.
Kitabda aşıq saz-söz lüğəti, sözlük, eləcə də Azərbaycanın görkəmli aşıqlarının foto-şəkilləri, "Koroğlu aşıq havaları"nın not yazıları və iki CD yer alıb. Aşıq saz-söz lüğəti bölməsində alim aşıq sənəti ilə bağlı mövcud bütün anlayışlara aydınlıq gətirmişdir. Bu bölmənin ən yüksək məziyyəti isə aşıq havalarının kökü, şeir forması, müəllifləri haqqında informasiyanın verilməsidir. Qeyd etmək lazımdır ki, bundan öncə belə məlumatlar ancaq təsadüfi məqamlarda işıqlandırılırdı. Kitabın nəşrində yaxından iştirak etmiş AMEA-nın Folklor İnstitutunun alim və mütəxəssisləri - Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov ilə əməkdaşlıq şəraitində hazırlanan lüğətdə verilən hər bir informasiya gənc aşıqşünaslar üçün dəyərli elmi mənbədir. Aşıq sənətinin şifahilik prinsipləri əsasında inkişaf etməsi faktını nəzərə alsaq, bu işin nə qədər çətin və məsuliyyətli olduğunu söyləmək artıqdır. Görkəmli alimlərimiz Muxtar İmanov və Məhərrəm Qasımlının lüğətə verdikləri rəydə kitabın Azərbaycan şifahi xalq musiqisinin bir qolunu təşkil edən aşıq musiqisinin üslub və janrlarını əks etdirməsi və sənətin özünəməxsus özəlliklərini lüğət çərçivəsində əhatə olunması xüsusi vurğulanıb.
Kitabda verilmiş fotoşəkillər görkəmli aşıqların gələcək nəsillərə tanıtdırılması baxımından önəmlidir və bu, kitabın əsas missiyalarından biri kimi səciyyələnir. Növbəti bölmədə müəllif "Koroğlu aşıq havaları"nın not yazılarını təqdim edib. Bu havalardan bir qismi CD-lərdən birində də verilib. Digər CD-də isə klassik aşıq havaları yer alır.
Lüğətin ingilis dilində işıq üzü görməsi milli musiqimizin, xüsusilə də aşıq musiqisinə aid olan nəzəri aspektlərin öyrənilməsində dünya musiqişünasları üçün örnək vasitədir. UNESKO-nun xətti ilə dünyanın aparıcı səhnələrində ulu sazın "Cəngi Koroğlu"su, "Baş saritel"i, "Baş divani"si, "Urfani"si Azərbaycanın tarixini, mədəniyyətini təcəssüm etdirir.
Nailə
RƏHİMBƏYLİ
Sənətşünaslıq
elmləri doktoru, AMEA Folklor
İnstitutunun "Musiqi
folkloru" şöbəsinin müdiri
525-ci qəzet.- 2016.- 11 mart.- S.4.