Ağdamda nəyim qaldı?
O vaxtlar
qadınların özünü yandırması Ağdamda
epidemiya halı almışdı.
Özünü
bu işgəncəli yolla qətlə yetirmək adamlara,
topluma, lap elə taleyin özünə üsyan,
ağlasığmaz etiraz aksiyası idi. Bircə dəfə
görmüşdüm belə dəhşətli intiharı kənddə,
məhləmiz Boccalıda.
Fəridə adlı o qadının da nəsə bir
sevgi məsələsi vardı. Özü də şəhərdəndi,
müvəqqəti Novruzluda, bizim Boccalıya yaxın
çaxır zavodunun həyətində yaşayırdı
qardaşı ilə. Qardaşı da həmin
zavodun şəhərdən gəlmə direktoru idi.
Eşitdiyimə görə, bu gözəl qadın ya ərdə
olmuşdu, ya da... Nəsə, azad xasiyyətli
birisi idi. Bizə bir az qohumluğu
çatan, yaşı otuzu haqlasa da evlənməmiş dəli-dolu
Səmədlə möhkəm sevişirdi. Bu
eşq macərasından bütün kənd xəbərdardı.
Zavod direktorunun şəhərli bacısı ilə
istədiyi yerdə gəzib-dolanan Səmədə kənd
cavanlarının çoxu həsədlə baxır,
paxıllığını çəkirdilər.
Səməd
Fəridə ilə bir-iki il gəzib
dolanmış, yaxşı “məktəb” keçmişdi. Valideynlərinin təhriki ilə, nəhayət, evlənməyə
məcbur olanda, kəndin hörmətli bir ailəsinin başıaşağı,
tərbiyəli və çox gənc qızını
seçmişdi. Xəyanətə
dözməyən Fəridə özünü
yandırmışdı.
Mən evimizin artırmasından zil qaranlıq gecədə
qışqıra-qışqıra canlı məşəl
kimi qaçan əcaib alov qadını öz gözümlə
görmüşdüm. Bu mənzərəni unutmaq çətindi,
amma o zaman mən çox kiçik olduğumdan yadımdan
çıxarmışdım. Çox
sonralar bir özbək filmində özünü yandıran
qadınla bağlı oxşar epizodu görəndə guya
unutduğum mənzərə bütün parlaqlığı
və məşumluğu ilə xatirimdə yenidən
canlanmışdı. Rejissor elə bil mənim
gördüyüm o real səhnəni çəkmişdi.
Filmdə də özünü yandıran
qadın məşəl kimi qaranlıqda qaçırdı,
özü də qışqıra-qışqıra.
Almaz da bir yerdə dayana bilmirdi, qaçırdı, amma
səsini çıxarmırdı, əvəzində həyətdəki
bütün arvadlar qışqırışırdı. Adamlar yanan
qızı necə xilas etməyi bilmirdi. Kişilər
çaşıb qalmışdı, heç kəs həyatını
təhlükəyə atmaq istəmirdi. Alov
isə sürətlə Almazı bürüyürdü.
Bu dar macalda Cəfər Cabbarlının təzəcə
oxuduğum “Od gəlini” pyesi yadıma düşdü.
Roberti birdən gördüm. Elə bil yerdən çıxdı. Oğlanın sifəti tanınmaz şəklə
düşmüşdü. O, pencəyini necə
çıxartdı, alova bürünmüş qızı
pencək qarışıq necə qucaqladı... Qəribə idi, elə bil Robert barmağını
basıb yanan şamın fitilini söndürdü. O, hələ
də səsini çıxarmayan qızı qucağından
buraxmadan qışqırır, bağırır, gah ermənicə,
gah da azərbaycanca məhlənin bütün sakinlərini əcaib
söyüşlərlə söyürdü. Dəyirman
həyəti susmuşdu. Nənəmin də
öskürəyi kəsmişdi. Heç
kəs tüstüləyən bu iki gəncə yaxın
durmağa cəsarət eləmirdi.
lll
Almaz ölmədi, çox tez sağaldı, hətta bədəninin
açıq yerlərində belə yanıq yerləri
görünmədi. Hamı bunu möcüzə bildi, o
cür alovun içindən salamat çıxmaq ağıla
sığmırdı. Ən möcüzəli hadisə
isə sonra baş verdi. Bir ay, bəlkə
iki ay evdən çıxmayan, heç kəslə kəlmə
kəsməyən, hətta hamama belə getməyən Almaz
günlərin adi bir günündə qoşulub
qaçdı bakılı bir oğlana, bəlkə də
oğlan bakılı deyildi, amma Bakıda
yaşadığı şübhəsizdi. Robertə gələndə
isə... Robert Almazın dərdindən
içkiyə, sonralar isə nəşəyə
qurşandı. Onsuz da çəkəndi,
nakam məhəbbətdən sonra isə oldu əsl nəşəxor.
Səhərlər ta bir kasa qaymaqla kifayətlənməyən
və gün-gündən şişən Knarik hamının
acığına Roberti tez-tələsik evləndirdi, özgəsini
deyil, doğmaca bacısı qızını evinə gəlin
gətirdi.
Bir neçə ildən sonra Almaz iki xırda uşaqla
Ağdama, doğma Dəyirman həyətinə qonaq gəldi. Onda Robertin də
artıq iki balaca qızı vardı. Elə bil bu həyətdə
yaşanmış dramatik məhəbbətin
iştirakçısı bu iki adam deyildi.
Əgər Robertin baxışlarında əvvəlki
məhəbbətin işartıları özünü zəif
də olsa büruzə verirdisə, Almazın daş kimi
donmuş sifətində bunu görən olmadı. Elə bil qız o kibritlə özünü yox,
nakam məhəbbətini yandırmış, alovun
gücü ilə o sevgini ürəyindən cin
çıxardan kimi çıxarıb atmışdı.
Sonralar eşitdim ki, Robert səksəninci illərin əvvəllərində
arvadını və iki qızını götürüb
birdəfəlik köçüb gedib Krasnodara.
Papamın
axırıncı arvadı
Elə ki Nənəmin qırxı çıxdı,
Papam evlənmək fikrinə düşdü. Əslində,
bu qəribə deyil, gözlənilən bir şeydi. Artıq üç ildi Şəfiqə yoxdu,
bütün əlaqələr bitmiş, ayda-ildə bir dəfə
gələn acı, tənəli-tikanlı məktubların
arası kəsilmişdi. Mən bilən,
rəsmi boşanma da olmuşdu. Papam Şəfiqənin
bir də Ağdama gəlməyəcəyini dəqiqləşdirəndən
sonra kəbini məhkəməsiz-zadsız ləğv elətdirə
bilmişdi. Evlənməyə əsas maneələrdən
biri Nənəmdi, o da artıq haqq dünyasına
qovuşmuşdu. Mən də on birinci
sinifdəydim, beş-altı aydan sonra birdəfəlik
Bakıya gedəcəkdim. Deməli, kişi
tək qalacaqdı. Yaşı da hələ
altmışa çatmamışdı. Papamı
Qacarı oynamağa təhrik edən raykom katibi demiş,
“samıy raz!”
Papamın evlənmək istədiyini eşidən Surayya
başladı yengəliyə. Bazarda onun dükan qonşusu olan nənəmnehrə
bir arvadı nişan verdi, hətta
arvadın ağzını da aramışdı. Surayya öz namizədini mənə də göstərib
demişdi ki, yaxşı pul qazanan gəlindi, heç kimi də
yoxdu. Mən gəlin sözünə
gülmüşdüm.
- Buna bax
a!
Mən
bir az da bərk güldüm.
- Ara, nə
gülürsən?
-Az, sən
yüz kiloluq gamışa gəlin deyirsən?
- Ara,
Knarikdən yekədi?
- Knarikin
bura nə dəxli var? Biz Knariki alırıq?
-
Axçi, buna bax da!
- O Papama
yaraşan arvad döyül. Özü də qapqara!
- Vay
astuvas!
- Mənim
qara arvaddan xoşum gəlmir!
- Ara, ti
priçom? Arvadı sana alırıq?
- Mən
bilirəm, Papam onu bəyənməz!
- Vaaa... Niyə bəyənmir? Noolub ona?
Gül kimi...
Mən
onun sözünü kəsirəm:
- Az, bir o
arvada bax, bir Papama də! Gör
heç yaraşır kişiyə? Sən
ondan yüz dəfə qəşəngsən.
Sözüm Surayyanın xoşuna gəlir. O ləzzətlə qəhqəhə
çəkir.
-A yeddi
manat yarım! Gəl bu qəşəng arvadnan bir tas oyna.
-Pulu qoy
ortaya! Cığallıq da eləmə!
- Ara, mən
eliyirəm cığallığı?
- Yox, nənəm
eləyir!
- Vay
astuvas!
lll
Bir müddət də keçir. Hiss eləyirəm ki, Papam
darıxır, tıncıxır. Yaş da o
yaş deyildi ki, ora-bura əl atsın. Yaxşı
ki Surayya da arvad tapmaq fikrindən əl çəkməmişdi.
Tez-tez Papamla pıça-pıç eləyirdi.
Nəhayət,
Papam dilə gəldi:
- Nə
deyirsən, Alik, bəlkə mən bir dəfə də evlənim?
Mən
kişinin məsləhət havasında verdiyi suala bir az istehza ilə cavab verdim:
- Bir dəfə
də olar, iki dəfə də!
-
Sarımısan məni?
- Ciddi
sözümdü.
- Ə,
bunun bu yekəxana danışığı öldürəjək
dayna məni!
- Yekəxana
niyə?
-
Yaxşı bir musurmanca de görüm, evlənim ya elə
subay qalım bu damın altında yalquzaq kimi tək-tənha?
İstədim deyəm, niyə tək-tənha? Sənin həyətin o
tayında kirədə yaşayan doğma oğlun, gəlinin,
iki nəvən, üçüncü də yol üstə! Bir baba kimi yığ onları yanına, amma onu
yaxşı tanıdığımdan demədim. O,
heç nəvələrinin ona baba deməsini qəbul eləmirdi;
baba sözündən qorxurdu. Ümumiyyətlə,
cavanlığı coşqun keçən adam
qoca sözündən dəhşət qorxur.
- Arvad
var?
- A məni
qınıyan!
- Nədi,
evlənmək üçün arvad lazım döyül?
- Ə, sən
məni... Arvadı Surayya tapıb!
-
Armyankadı?
- Yox bir, nasranıdı!
- Siqaret yandırır. - Nə bilim, Surayyanın keşmiş
ərinin qardaşı qızıdı. Bir dəfə ərdə
olub, deyir, hərəsi sıpa boyda iki oğlu da var. Əri
oğraş ayrı arvada uyub, bu da
tüpürüb hər şeyə, quruca canını
götürüb çıxıb evdən.
- Bəs
dediyin o sıpa boyda oğlanlar hardadı?
- Deyir,
qaynənəsinə tafşırıf. Hamısı
bir evdə yaşıyırmış. İndi
iki ildi burda anasının yanındadı. Bir taytax duzsuz anası var, türkəçaraynan
başını dolandırır. Özü
də Mələk məllimənin baxçasında tərbiyəçidi.
- Burda Papam teatral bir qəhqəhə çəkir.
- Tərbiyəçi ey! Artis Mamedin arvadı tərbiyəçi!
Özü də uşax baxçasında! - Ciddiləşir.
- Sən öl, Əli, bax, saa sən öl deyirəm,
Surayyıya da demişəm, Əli o tərbiyəçini bəyənməsə,
lap su sonası ola,
almaram.
- Sən
özün görmüsən onu?
-
Cavannıxda görmüşəm, yumru bir qızdı, hələ
ərə də getməmişdi onda.
- Qəşəngdi?
- Qəşəng
deyəndə ki... Pis dəyildi, yanaqlarında bir az sızanaqları vardı onda. Mənnən
bir on yaş cavan olmalıdı.
- Gedib
baxaram də!
- Bax, bu
oldu kişi söhbəti.
lll
Günlərin bir günü Surayya ilə bir yerdə
getdim gəlini görməyə. Pis deyildi, dərhal
xoşuma gəldi. Kifayət qədər
yaraşıqlı, dilli-dilavər, şəhərli görkəmi
olan qırx-qırx beş yaşında
qadındı. Söhbətdən belə
başa düşdüm ki, Papama ərə getməkdə
heç bir tərəddüdü yoxdu. Odur
ki, mənim xoşuma gəlməyə
çalışırdı. Mən
artıq içimdə bu izdivaca “hə” demişdim. Surayya isə narahatdı.
- Hə,
nətəərdi, maddax, xoşuna gəldi?
Mən
cavab verməyib çox mənalı təbəssümlə
gülümsədim və getmək üçün qalxanda əda
ilə qadına “Yəqin bir də görüşərik”
dedim.
Mənim elçiliyimdən bir həftə sonra Zümrüd, yəni Papamın təzə arvadı, bəzi xırda-para avadanlığı ilə köçüb gəldi bizə və səhərisi gündən evin bütün təsərrüfat işlərini aldı əlinə. Mən birdən-birə tam sərbəstləşdim, özümü lazımsız hiss elədim. Dərs, məktəb və mütaliədən başqa işim yoxdu. Zümrüd məni heç bir işə buyurmur, qayğıma qalır, hörmətlə dolanırdı. O özü ilə evimizə firavanlıq, bərəkət gətirmişdi. Yeməklərimiz dada-duza gəlmişdi. Papam da xeyli dəyişmiş, rahatlanmışdı. Ev-eşiyə diqqəti artmışdı. Bir insan kimi də Zümrüd pis qadın deyildi, amma bunun mənim üçün elə bir əhəmiyyəti yoxdu. Mənim yönüm Bakıya idi.
O gün!
Günlər gah ləng, gah da becid keçir və ötən hər gün məni neçə illər həsrətində olduğum günə yaxınlaşdırır.
Nəhayət, gəlib yetişir o gün!
Ömrümün ən uzun, ən çətin on ilini yaşadığım Dəyirman həyətindən Papamın köhnə kostyumundan tikilmiş pencək-şalvarda, Papamın ayağını sıxdığı üçün geyinə bilmədiyi uzunburun qəhvəyi çəkməsində, Papamın əynimə uyğunlaşdırılmış nimdaş plaşında Ağdam - Bakı qatarına minirəm. Dizlərimin üstündə yenə də Papamın çoxdan istifadə eləmədiyi ağzı-burnu əyilmiş köhnə hamam çamadanı, cibimdə iyirmi səkkiz manat pul boş kupedə tək-tənha oturmuşam. Məni nə ötürən var, nə qarşılayan olacaq. İçimdə sevincdən çox nigaranlıq, narahatlıq və naməlumluq qorxusu var.
Qatar irəli-geri dartınır, çalxalanır, dərindən nəfəs alıb tərpənir. Sürət artdıqca məni sıxan nigaran hisslər azalır, üstümə çökmüş ağırlıq tədricən çəkisini itirir. İndi çox aydın bilirəm, hətta hiss edirəm, bu qatar məni xəyalımda yaşatdığım böyük şəhərə, taleyimin şəhərinə - Bakıya aparır...
İyun-iyul,
2015-ci il.
Əli Əmirli
525-ci qəzet.- 2016.- 12 mart.- S.23