100 il
öncənin Novruzu: görkəmli maarifçimizin qələmində
BOLŞEVİKLƏRƏ QARŞI GƏNCƏ ÜSYANININ QURBANLARINDAN OLMUŞ MİRZƏ ABBAS ABBASZADƏ ÖTƏN ƏSRİN ƏVVƏLLƏRİNDƏKİ NOVRUZ ƏNƏNƏLƏRİ BARƏDƏ NƏLƏR YAZIRDI?
İldən-ilə
daha çox zahiri təmtərağına aludə
olduğumuz, bəlkə də bu səbəbdən artıq
formal təqvim bayramlarından birinə çevrilməkdə
olan Novruzun keçmişdə, deyək ki, 100-150 il qabaq necə
keçirilməsinə nəzər salmaq, əlbəttə,
yersiz olmazdı.
Bu
baxımdan, adı Gəncədə hər kəsə, eləcə
də Azərbaycanın əksər ziyalılarına
tanış olan, dövrünün görkəmli maarifpərvəri,
20-ci əsrin başlanğıcında yeni üsullu məktəbi
üçün ilk əlifba kitablarından birinin tərtibçisi,
müəllim, folklorşünas, publisist Mirzə Abbas Abbaszadənin
1920-ci ilin martında, Azərbaycan Cümhuriyyətinin
(1918-1920) orqanı sayılan “Azərbaycan” qəzetində dərc
olunmuş “Novruz bayramı” məqaləsi olduqca xarakterik bir
nümunədir.
Müəllif
öz ömrünün son 50 ilinin yaddaşına hopmuş
xatirələrinə müraciət edərək, həmçinin
ağsaqqallardan eşitdiklərinə söykənərək,
XİX əsrin son üç-dörd, XX əsrin isə iki
onilliyini əhatə edən bir zaman kəsiyində Gəncədə
Novruz Bayramının keçirilməsilə bağlı adət
və ənənələrimizdən, eləcə də
ümumən dövrün “dəb və ovraqlarından”
maraqlı bir tərzdə söhbət açır. Həmçinin, yazı sözügedən
dövrün etnoqrafik mənzərəsini əks etdirməklə
əhəmiyyətli elmi mənbə sayıla bilər.
Mirzə
Abbas Abbaszadə məqaləsinin əvvəlində bayram ərəfəsində
insanların ovqatından, eləcə də geyim tərzləri
ilə bağlı ənənələrdən bəhs edir:
“Qış soyuğunun kəsərdən düşüb,
bitkilər cana gələn, bağlarda yumşalmış
torpaqların arasından bənövşələr
görünən vaxtlarda söylənən “Novruzun topu
atıldı” sözləri bəllidir. Novruza
bir ay qalmış hamı bayram tədarükünə
başlardı. Fağırdan tutmuş
varlıya qədər, hamı özünə paltar tikdirib,
ayın axır çaharşənbəsində təzə
paltarlı olmağa çalışardı. Paltarlar milli, yaşamaq milli. Oturmaq-durmaq,
yemək-içmək, hamısı milli idi. Küçələrdə, çarşılarda
yenicə ütü altından çıxmış vəznəli
çərkəzi çuxaları ətəkləri
xışıltı ilə ləpələnirdi. Daldan
üç büzməli, enli qolu qırağa qatlamalı vəznəli
çuxalar cahılların malı
olduğundan ahıllar özlərini onlara bənzətməmək
üçün vəznəsiz, dalı sıx büzməli,
bir az boğarlıqlı çuxa geyərdilər.
Sonralar geyimlər bir qədər sadələşdi. Qapaqsız,
çal-keçirli arxalıqlar çıxdı ki, bu
cür gödək ətək arxalıqlara “urusu” deyirdilər.
Şalvarların geniş və bağlı
olması milli forma olduğundan, yavaş-yavaş düyməli
şalvarlar meydana gəldikcə, bağlı şalvarlar
ahıllarda qaldı. Yeni çıxan
şalvarlar da “urusu” adlandı. Bu zamanlarda
“urusu” şalvar geyənlər ahıllardan çəkinirdilər.
Çünki bunlar onları yoldan
çıxmış sayırdılar.
Ağsaqqal kişilərin rəvayətinə görə,
daha qədimlərdə kişilər qırmızı, yerli
toxunma parçalardan ipək bağlı şalvar geyib,
bağını da sallana-sallana buraxıb bazara
çıxırmışlar ki, yaxşı
görünsün. Hələ o cür ipək parçadan
şalvarları gecələr quyunun ağzından içəri
asarlarmış ki, geyəndə gəzdikcə
xışıldasın. Nə isə, o
zamanlar oturub-durmağımız yerdə, palaz-döşəkçə
üstündə idi. Dar “urusu” şalvarlar
çıxandan sonra yavaş-yavaş şalvarı qat kəsməmək
üçün kürsü üstündə oturmaq
çıxdı. Yavaş-yavaş evlərdə,
dükanlarda kürsü görsənməyə
başladı.
...Novruza
yarım ay qalmış hamı hazırlaşardı. İl uzunu taxça-boğçasına əl dəyməmiş
süpürgə vurulmamış evlər ilin axır
çaharşənbəsinə bir həftə qalmış
təmizlənməyə başlanardı. Hansı evə, hansı məhləyə girsən,
evin bütün şeyləri, palas-paltar, qab-qacağı
dışarıda görərdin. Bu
günlərdə aylarca ayaq altında tapdalanan palasların
tozu dumana çıxar, qab-qacaqlar axar suların
qırağında yuyular, evlərin zəqələri,
taxçaları süpürülüb təmizlənərdi”.
Görkəmli maarifçi və publisist İlin axır
çərşənbəsini gözəl boyalarla təsvir
edir: “İlin axırıncı çaharşənbəsindən
əvvəlki xas günü çaharşənbə
axşamı adlanır. Bu gün bazar, dükan
qabağında şərq sayağında çaharşənbə
yemişi sərilərdi. İl uzunu
satılmayıb qalan quru qaxlar, təamlar, qayırma
çiçəklər-güllər üstü
qızıl varaqlı çürük almalar, heyvalar,
sarı zəfərani limular, portağallar ilə bəzəndirilib
müştərilərin gözünə soxulardı.
Yanı oğullu atalar dəstə ilə, kimi çaharşənbə
yemişi alır, kimi yaylığa bağlayır, kimi
atıla-atıla evinə sarı
yırğalana-yırğalana oğulları da yanlarında, əlində
bir top qəşəng tabaqa sevinə-sevinə, tullana-tullana
gedərdilər. Günün qulağı batan
kimi buradan-oradan tıqqıltı-fışıltı
başlayıb, məhəllərdən tonqal
işıqları görünməyə başlananda
yoldakılar daha da yeyin daban alardılar ki, tonqalı
çatıb, çırağban etsinlər. Evlərdə gəlinlər qırmızı,
qadın analar abı, yaşıl paltarlara girib, bir
şadlıq, bir sevinməkdə idilər ki, başa gəlməzdi.
Nə isə, qaranlıq düşdükcə
çıraqbanlığın arası kəsilməz,
fişənglərin fışıltısı, qarabinələrin
gumbultusu, taraqqaların taqqıltısından qulaqlar
tutulardı.
Çıraqbanlıq,
taqqıltı ara verəndən sonra
yavaş-yavaş plov qazanlarının dövrəsi yerə
qoyulardı. Tonqal üstündən
atılıb-düşən dədələr, nənələr,
balaca-balaca qızlar-oğullar qazının həndəvərini
alardılar.
Ev yiyəsi bir yanda döşəkçə
üstündə əyləşib şadlığından
qımışır, istəkli balaları ilə
danışıb gülüşür. Gəlin
qab-qacaq hazırlayır, əl suyu gətirir,
qaynanasının, ərinin qabağında səkir.
Hər yandan taqqıltı kəsiləndə kəfkirlərin
taqqıltısı, qazmaqların xışıltısı
başlanır, ağızları sulandırırdı. Dolma,
dovğa, fırnı, yayma, plov, soğança, qara bir-birinə
qarışıb hərcimərc olardı. Horoyun böyümüş,
ağzının-burnunun suyu bir-birinə
qarışmış uşaqlar şıltaqlıq edib kimisi
küsür, kimisi ağlayır, kimisi çaharşənbə
yemişi istərdi. Surfa yığılan
kimi çaharşənbə yemişi açılardı.
...İlin
axır çaharşənbəsi günündə ( həftənin 3-cü günü-Z.M.) il uzunu
üz verən kifirlikdən, kəsalətdən qurtarmaq
üçün hava işıqlananda, gün çıxanda
gəlinlər, qızlar, arvadlar evlərindən sınıq,
çatlaq saxsı qabları götürüb dəyirmanlara
sarı gedərlər. Oralarda qada-baladan
savuşmaq üçün saxsıları dəyirman
yüştəsinin yanında vurub sındırarlar. Qızlar dəyirman arxının üstündən
atılarlar ki, baxtları açılsın, ərə
getsinlər. Arvadlar çillə kəsdirərlər.
Doğmayan arvadların başına yüştənin
üstündə it kəlləsi üstündən su tökərləridi
ki, doğsun. Zülləm cəmi ilə hər
kəs başına su tökərsə, dərdi-qəmi,
çilləsi-zadı dağılarmış. Arvadlar bunlardan başqa daha cürbəcür işlər
görələr ki, özləri yaxşı bilirlər”.
M. A. Abbaszadə öz məqaləsində Novruz günlərində
Gəncənin Şah Abbas meydanında igid, dəliqanlı gənclərin
indi çox heyrət doğura biləcək
yarışmasından da söhbət açır. Təsəvvür edin,
bir-biri ilə qoçaqlıqda bəhsə girən atlı cavanlar meydanın hər iki ucundan
sürətlə çaparaq gəlir və atlarını sinə-sinəyə
vuruşdururlarmış: “Birdən-birə meydanın bir
başından zurna-balaban səsi gələn kibi minlərcə
adamın gözü o yanda olub, bir-birini itələyib basmağa,
atlıları görməyə
çalışırdılar. Burda il uzunu çaharşənbə
gözləyən igidlər, dəliqanlılar,
adlı-sanlı at minən qoçaq oğlanlar əllərində
yayları, bellərində oxları, çiyinlərində
aynalı tüfəngləri atın üstündə
qırğı kimi səkər, qıvraq geyinmiş
bığıburma minicilər hərə öz
yoldaşı ilə cüt-cüt meydanın ortasında
ağır-ağır at oynatmağa başlardılar. Bu gün sınaq günü, düşməni
ağlatmaq, dostu güldürmək günü idi.
Nişanlı oğlanlar bu gün ad, nişan
qazanmalı idilər ki, səsləri
nişanlılarının qulağına çatsın.
Zurnanın
səsində, tamaşaçıların həmhəməsindən
qızışmış atlar, atoynadanlar daha duruş verə
bilməzdilər...Yavaş-yavaş cıdır
qızışdıqca, adamların arasından kəhər
at, boz at, kürən atların belində Dəli Məhəmməd,
Boz Alı, Mocu kimi neçə qoçaq igid keçirdi. Gülüş səsləri atlıların
qulağına çatdıqca onların gözləri geri
görməz olurdu. Gözlər olsun, görməsin!
Bir də görürdün meydanın hər iki
başından bir cüt oğlan çaparaq gəlirlər. Dördnala çaparaq
qabaq-qabağa gələn atlılara tamaşa edənlərdən
birdən-birə qorxulu: -Yavaş! Yavaş! Ay aman! Ay aman! - səsləri ucalarkən, meydanın
ortasında düş-döşə toqqaşıb, top kimi səs
verən yazıq atların köhlən bədəqələri
havada geri aşırılıb düşür. Bir yanda da bir dəqiqə əvvəl meydana
qışqırtı salan bozarmış, qızarmış
cavanların ruhsuz bədənləri bir anda səvərilmiş
düşərdi. Meydanda qiyamət
qopardı, hamı bir-birini itələyər, canının
düzənsiz cıdır meydanınında qoyan
oğlanların öldü-qaldısını bilmək
üçün irəli basardı. Oğul
atanı, ata oğlunu tanıya bilməzdi. Çaharşənbə bayramı əvvəli şad,
axırı bərbad keçərdi”.
Əlbəttə, sonu qan və ölümlə nəticələnə
bilən bu səhnələrin birmənalı
qarşılanmayacağı mümkündür (Hərçənd
elə müasir Avropada, İspaniyada qızmış
öküzləri şəhərlərin küçələrinə
buraxmaqla başlayan “korrida” günləri də qurbansız
ötüşmür). Lakin gəlin bir anlıq düşünək: əgər
cavan bir gəncəli, azərbaycanlı oğlan bayram
günündə igidlik göstərərək ad qazanmaq, lap
elə öz nişanlısının xoşuna gəlmək
üçün ölüm riskindən belə çəkinmirsə,
hərb meydanında onun qarşısında kim
duruş gətirə bilər? O, yağını elə
yalın əllərilə boğar. Düşmən
məhz belə gənclərimizin səs-sorağını
duyunca, gizlənməyə dəlmə-deşik axtarar.
M.A.
Abbaszadə geniş yayılmış bir adət barədə
də fikirlərini açıqlayıb: “...Keçən
Novruz ilə gələn Novruzun arasında bir nəfər adamı
ölən kəs bayram günü “qara bayram” saxlamalı
imiş. Oraya girənlər qəmgin girib, qəmgin
çıxmalı idilər.
Heç bir deyən olmazdı ki, balam, bayram hara, yas hara? Nə isə,
bu da bir adət idi ki, gün-gündən böyüdü”.
Görkəmli
maarifpərvər bayrama qondarılan bu cür lüzumsuz adətləri
hələ düz 95 il qabaq qınayıb
və onun bu sözləri zəmanəmizdə də, necə
deyərlər, aktuallığını qoruyur:
Yazısının
sonunda M. A. Abbaszadə Novruz adətləri ilə bağlı
bəzi təkliflər də verməyi unutmur: “...Cıdır
oynamaq dəbini təzələmək yaxşı olar. Ancaq keçən illər olan kimi yox, düzənli,
nizamlı cıdır oynanılsın. At
minməyi sevən, at oynadan TÜRKLƏR cıdır
meydanında ata-babalarının minici-vurucu olduqlarını
yada salsınlar... Bayram günü qohum qohumun, dost dostun,
tanış tanışın evinə getsin,
bayramlaşsın. Tanımadığı yerlərə
heç kim getməsin.... Üzümüzə
gələn bayram günü hamı sözü bir yerə
qoysun, əzadarlıq, “qara bayram” saxlamaq sözü
ağıza alınmasın. Ölü yiyələri il uzunu etdikləri kimi, bu gün də yesinlər,
içsinlər, gəzsinlər, kefləri istərsə,
ölülərinin niskirlərini yada salaraq ağlasınlar,
daha böylə bütün yaranmışların
alqışlarına məzhər olan bayramımızı
pozmasınlar. Ağladıqca, ağlar günə qalmayaq...”
Yaxşı
nə varsa, onu artırmaq, əngəl olan, lüzumsuz şeylərdən
qaçmaq -M.A.Abbaszadənin ömrünün son aylarında ( 50 yaşlı maarifçi 1920-ci ilin
mayında bolşevikləşməyə qarşı Gəncə
üsyanı zamanı öz evinin qarşısındaca qətlə
yetirilib) qələmə aldığı Novruz, yəni Yeni
Gün haqda yazısının əsas qayəsi belə idi.
Sonda onu demək qalır ki, görkəmli
maarifçinin yazısını bizə (Novruz adətlərimiz
haqda sənədli film çəkdiyimiz zaman) onun adını
daşıyan nəvəsi Mirzəabbas Abbaszadə təqdim
edib. Babasının irsinin yorulmaz tədqiqatçısı
və qızğın təbliğatçısı olan Mirzə
müəllim elə babasının sevgi ilə vəsf etdiyi
Novruz günləri gələrkən, 2014-cü ilin martın
15-də Allahın rəhmətinə qovuşdu.
Zakir MURADOV,
GƏNCƏ
525-ci qəzet.-
2016.- 12 mart.- S.22