İmperiyalar və onların süquta
sürüklənməsi
Proloq
(Əvvəli
ötən şənbə saylarımızda)
6. Hunlar
Avropadakı xalqların hunlarla
tanışlığı IV əsrə təsadüf edir. 375-ci ildə qotlar Orta Asiya
çöllərindən hərəkət edən hun
ordularının qabaqdakı atlı dəstələri
ilə qarşılaşmışdılar. Hunlar
ostqotları darmadağın etmiş, tabe olmayan vestqotları
isə geri, qərbə doğru
sıxışdırmışdılar. Roma
imperiyasının hakim dairələri vestqotlara Dunayın
aşağı sahillərində məskunlaşmağa icazə
vermişdi.
Attila 434-cü ildən hunlara başçılıq
edirdi. 443-cü, 447-448-ci illərdə Şərqi Roma
imperiyasına, 451-ci ildə Qalliyaya, 452-ci ildə Şimali
İtaliyaya viranqoyucu yürüşlər etmişdi. Buna görə Atillanı Avropa üçün “bəla”
adlandırırdılar. Atillanın dövründə
hunların ittifaqı özünün ən böyük
qüdrətinə çatmışdı.
Hunları yalnız 451-ci ildə Katalaun
çölündə (müasir Fransadakı Şampan vilayəti)
alman dəstələrinin iştirakı ilə
romalıların birləşmiş qüvvələri
dayandırmağa müvəffəq oldu. 453-cü ildə
hunların rəhbəri Atilla şərqi Roma imperiyasına
yürüş hazırlayanda öldü. Hətta almanların “Nibelunqlar haqqında nəğmə”
dastanında xalqların Böyük köçündən bəhs
edildikdə, hadisələrin təsvirinin mərkəzində
Burqundiya krallığının hun sərkərdəsi
Atillanın qoşunları tərəfindən məhv edilməsindən
söhbət açılır. Atilla
öldükdən sonra onun işğal etdiyi nəhəng ərazilər
parçalanmağa başladı. Onu da
qeyd etmək lazımdır ki, alman tayfalarının
eksponsiyasını nə hunlar, nə də romalılar
dayandıra bilmirdi.
II. Orta əsrlər
imperiyaları
1.İslam
xilafəti imperiyası
Erkən ərəblər
politeist olmalarına baxmayaraq, burada “Allah” adlanan ali
bir allah da var idi, o, bütün allahları idarə edirdi. Burada heç bir din xadimliyi yox idi. Tayfanın bütün üzvləri inanc
praktikasına cəlb olunmuşdu. Allah
müqəddəs daşda rəmzlənirdi və hər bir
tayfa öz daşına malik idi. Bütün
tayfalar, ancaq iri qara meteorit olan Qara daşa sitayiş edirdi, o, Məkkə
şəhərindəki Kəbə adlanan mərkəzi məsciddə
qoyulmuşdu.
V və VI əsrlərdə Ərəbistan
yarımadası yeni bir əhəmiyyət daşımağa
başladı.
Mesopotamiyadakı və Misirdəki siyasi
qarışıqlığın nəticəsi kimi
regiondakı adətən istifadə olunan ticarət yolu dəyişdirilməyə
başladı. Aralıq dənizindən Məkkədən
keçməklə Yəmənə gedən və sonra gəmilər
vasitəsilə Ərəb dənizindən və Hind
okeanından keçən yeni ticarət yolu daha populyar olana
çevrildi. Ərəbistan
yarımadasının bu hissəsindəki Məkkə kimi
icmalar həmin karvan ticarətindən varlanmağa
başladı. Nəticədə səhradakı
bədəvilərlə şəhərlərdə daha
çox varlanan tacir sinifləri arasında da gərginlik
artdı. Bu gərgin dünyaya Məhəmməd
peyğəmbər gəldi.
Məhəmməd
(570-632-ci illər) tacir ailəsində anadan olmuşdu, beş yaşı olarkən yetim
qalmışdı. O, karvan başçısı kimi
böyümüşdü və varlı dul qadın olan Xədicənin
işçisi olmaqla ona evlənmişdi. Orta
yaşlarında ona vəhylər gəlməyə
başladı və bunu Allahın ilhamlandırdığına
inam gətirdi. Allah artıq Moisey və
İisus vasitəsilə vəhy etmişdi, onun sonuncu vəhyləri
isə bu vaxt Məhəmmədə verildi. Bu vəhylər sonralar yığılıb Qurana
çevrildi. Onda olan göstərişlər
əsasında Allaha sitayiş edənlər yaşamalı
idilər. Məhəmmədin öyrətdikləri
vəhylər İslam kimi adlanan yeni dinin əsasını təşkil
etdi, bu söz “Allahın iradəsinə tabe olmaq” mənasını
verirdi. Əgər insanlar əbədi həyata nail olmaq
istəyirlərsə, özlərini Allaha tabe etməlidirlər.
Məhəmməd 622-ci ildə öz yaxın
ardıcılları ilə birlikdə Məkkəni tərk
edib, şimaldakı rəqib şəhər olan Mədinəyə
köçdü, sonralar bu şəhər Mədinə
(“Peyğəmbərin şəhəri” adını qəbul
etdi. Mədinəyə
səfər tarixdə “hicrə” (“yola düşmək”) kimi
tanınır və İslamın rəsmi təqviminin birinci ili oldu. Məhəmməd burada
tezliklə həm dini, həm də siyasi liderə
çevrildi. Onun siyasi və hərbi
istedadı 630-cu ildə Məkkəyə dönəndə
onu yararlı hərbi gücə malik olmağa qadir etdi.
Məkkədən isə Məhəmmədin
ideyaları tezliklə bütün Ərəbistan
yarımadasına yayıldı və nisbətən qısa
müddət ərzində Ərəb cəmiyyətinin dini və
siyasi cəhətdən birləşməsi ilə nəticələndi.
Məhəmmədin ölümündən sonra onun
ardıcılları dilemma qarşısında qaldılar. Məhəmmədin
ilahi olmaq adını götürməməsinə baxmayaraq,
müsəlmanlar dini və siyasi hakimiyyət arasında elə
bir fərq görmürdülər. Allahın
iradəsinə tabe olmaq Peyğəmbərə, Məhəmmədə
tabe olmaq kimi bir şey idi - çünki Qurana görə,
“Kim Rəsuluna tabe olursa, Allaha tabe olur”. Məhəmmədin
ölümündən az sonra varlı
tacir və Məhəmmədin qayınatası Əbu Bəkr
İslam cəmiyyətinin xəlifəsi və ya dünyəvi
lideri oldu. Ərəblər Əbü Bəkrin
başçılığı altında birləşdikdən
sonra öz enerjilərini qonşu xalqlara qarşı istiqamətləndirdilər.
Bizanslılar və persiyalılar birləşmiş
ərəblərin gücünü ilk hiss edənlər oldu.
Bizans ordusu məğlub edildikdən sonra
640-cı ildə ərəblər Suriya əyalətinə
sahib oldular. Şərqdə isə ərəblər
637-ci ildə Persiya qüvvələrini məğlub
etmiş, 650-ci ildə bütün Persiya imperiyasını
işğal etmişdilər.
VIII əsrin əvvəlində Aralıq dənizinin qərb
və şərq qurtaracaqlarına yeni hücumlar edildi. Şimali
Afrikanı tutduqdan sonra müsəlmanlar Gibraltar
boğazını keçib, 710-cu ildə İspaniyanın
içərilərinə girdilər. On beş
il sonra İspaniyanın əksər ərazisi mərkəzi
Kordoba şəhəri olan müsəlman dövlətinə
çevrildi. Lakin müsəlman ordusunun Fransaya hücumu 732-ci
ildə Puatye yaxınlığındakı döyüşdəki
məğlubiyyətdən sonra dayandı və müsəlmanların
Avropadakı ekspansiyası fasilə verdi.
Əməvi sülaləsi Dəməşqdən nəhəng
imperiyanı idarə edirdi. Yeni ərəb
imperiyası Bizans və Persiya sivilizasiyaları ilə kontaktda
olmaqla, yunan mədəniyyətinin və qədim Yaxın
Şərqin köhnə sivilizasiyalarının təsirinə
məruz qalmışdı. İşğalçıların
övladları yeni qaydada təhsil alır və intellektual cəhətdən
Qərbi Avropaya labüd qaydada təsir göstərən
parlaq mədəniyyət yaradırdılar.
Əməvi sülaləsi VII və VIII əsrlərdə
ərəb ekspansiyası vasitəsilə İslam
imperiyasını qurdular. Lakin Əməvi
sülaləsinin korrupsiyası ona nifrət oyadırdı və
onun mövcudluğunu sona çatdırdı. Nəticədə 750-ci ildə Məhəmmədin əmisinin
nəslindən olan Əbu əl- Abbas Abbasid sülaləsini
qurdu və bu sülalə 1258-ci ildə baş verən monqol
istilasına qədər ömür sürdü.
762-ci ildə Abbasidlər yeni paytaxt şəhəri olan
Bağdadı Dəclə çayının üstündə
tikdilər. Yeni paytaxt çox yaxşı yerdə, Aralıq dənizindən
Mərkəzi Asiyaya edən karvan yolunun üstündə idi.
Abbasidlərin hökmranlığı
dövründə ölkədəki hakimlərə, tacirlərə
və hökumət məmurlarına
döyüşçülərdən daha yüksək
olmaqla, ideal vətəndaşlar kimi baxırdılar. Xəlifə Harun ər-Rəşidin dövrü
daha çox məşhurdur, çünki onun
hökmranlığı erası çox vaxt Abbasid xilafətinin
qızıl əsri kimi təsvir edilir. Onun
oğlu əl-Mamun isə təhsilin böyük himayəçisi
idi. O, astronomiya rəsədxanasının əsasını
qoymuş və klassik yunan əsərlərinin tərcümə
edilməsinin bünövrəsini yaratmışdı.
Bu dövrdə iqtisadi inkişaf da
böyüyürdü. Ərəblər Roma imperiyasının ən
varlı əyalətlərini işğal etmişdilər və
Şərqə gedən ticarət yollarına nəzarət
edirdilər. Bağdad Avropaya, Asiyaya və Afrikaya
genişlənən nəhəng ticarət imperiyasının
mərkəzinə çevrilmişdi, İslam
dünyasının var-dövlətinə sanballı əlavələr
etmişdi.
İnkişafına baxmayaraq, Abbasidlər imperiyasında hər şey o qədər də yaxşı deyildi. Xəlifəliyə vəliəhdlik üstündə gedən mübarizə əsas bir problem idi. Harun ər-Rəşid öləndə onun iki oğlunun varislik uğrunda apardıqları mübarizə az qala Bağdad şəhərini məhv etmişdi. Evlər dağıdılmış, abidələr uçurulmuş, qiymətlər göyə qalxmışdı. Qardaş qardaşa, oğul ataya qarşı qılınc qaldırırdı, bir hissə bir qardaş, digər hissə isə o biri qardaş uğrunda vuruşurdu. Evləri və sarayları alov bürümüşdü, mülkiyyət soyğunçuluğa məruz qalmışdı.
Həm də böyük var-dövlət maliyyə korrupsiyasının qalxmasına şərait yaratmışdı. Abbasid xəlifələri tezliklə marionetlərə çevrildilər. Əyalət hökmdarları xəlifənin nəzarətindən uzaqlaşıb, özlərinin müstəqil sülalələrini yaradırdılar. Hətta erkən, VIII əsrdə Əməvi sülaləsindən ora qaçmış Əbd ər-Rəhman İspaniyada mərkəzi Kordoba olan ayrıca xilafət yaratmışdı. III Əbd ər-Rəhman (912-961-ci illər) 929-cu ildə özünü xəlifə elan etmişdi. Əl-Əndəlus hökmdarları unikal bir cəmiyyət yaratmışdılar, burada dini tolerantlıq hökm sürürdü. Saray yazıçıları və rəssamları dəstəkləyirdi, onlar parlaq və çiçəklənən bir mədəniyyət yaratmışdılar.
İslam imperiyasının parçalanması X əsrdə daha da artdı. 973-cü ildə Misirdə Fatimid sülaləsi xilafət qurdu və müstəqil sülalə kimi Şimali Afrikada fəaliyyət göstərirdi. Siyasi parçalanmaya baxmayaraq, İslam dünyası yenə də iki ümumi bağlılıq - Quran və ərəb dili üzərində qurulmaqla, bu əsasa söykənən İslam sivilizasiyası yaşamaqda davam edirdi.
Müsəlmanlar parlaq səhər mədəniyyəti yaratmışdılar, həmin vaxt Qərbi Avropaya isə başlıca olaraq əkinçilik kəndlərindən ibarət olan kənd dünyası xas idi. Buna yeni şəhərlər olan Bağdad və Qahirə, həmçinin İspaniyadakı xilafətin paytaxtı Kordoba misal ola bilər. 100 min nəfər əhalisi olan Kordoba Konstantinopoldan sonra Avropanın ən iri şəhəri idi. Bu şəhərdə 70 ictimai kitabxana var idi, xəlifənin özəl kitabxanasında isə əl yazılarının sayı 400 min ədəd idi. Xəlifə əl-Hakim (961-976-cı illərdə xəlifə olmuşdu) dünyanın hər tərəfindən kitabları yığır, onları ərəb və latın dillərinə tərcümə etdirirdi. Buradakı coğrafiya elminə aid əsərlər sonralar Qərb dənizçiləri və tacirləri tərəfindən istifadə edilmişdir. Məktəblər yaradılır, Kordobadakı Böyük Məscid (indi Meskida adlanır) bütün İslam dünyasından olan alimlərin mərkəzinə çevrilmişdi. Çox sayda qadınlar Kordobada müəllimə və kitabxanaçı işləyirdilər.
İslam şəhərləri müəyyən arxitektura cəhətlərindən istifadə etdiyindən fərqli fiziki görünüşə malik idilər. Binalarda rənglənmiş alaqapılardan və bəzəkli, naxış vuruşmuş pəncərələrdən istifadə olunurdu. Xüsusi növ tikililər ucaldılırdı. Axırıncılara fəvvarələr və ayrıca həyətləri olan saraylar və ictimai binalar, ibadət üçün məscidlər, ictimai hamamlar, bazarlar və bazar yerləri daxil idi. Müsəlmanlar öz tikililərini unikal dekorasiya sənəti ilə bəzəyirdilər, çünki din, yaşayan varlıqları təsvir etməyi onlara qadağan edirdi. Bağdadın 30 kitabxanası var idi və Qahirə kitabxanasında isə 1,1 milyon əl yazısı var idi.
Ərəb imperiyasının ilk bir neçə əsri ərzində məhz İslam dünyası qədim sivilizasiyaların elmi və fəlsəfi əsərlərini xilas etmiş və yaymışdı. Həmin vaxt qədim yunan filosofları əsas etibarilə Avropada tanınmırdı, Platonun və Aristotelin əsas əsərləri ərəb dilinə tərcümə edilmişdi. Onlar Bağdaddakı əl-Hikmə - Müdriklik evi adlanan kitabxanaya qoyulmuşdu, burada müsəlman alimləri tərəfindən oxunur və öyrənilirdi. Kitabxanada həmçinin Hindistandan gətirilmiş matematika mətnləri var idi. Kağızdan istifadə qədim mətnləri qoruyub saxlamağa kömək edirdi. Kağızı istehsal etmək isə VIII əsrdə Çindən götürülmüşdü, Bağdadda kağız fabriki qurulmuşdu. Sonra kitab satanlar və kitabxanalar meydana çıxdı. Avropa universitetləri bu alimlərdən öyrənirdilər, onların əsərləri ərəbcədən latın dilinə tərcümə olunurdu.
İslam alimləri elmə böyük töhfə verirdilər. Onların təkcə matematikadakı və astronomiyadakı nailiyyətlərinin siyahısı təəccüb doğurmaya bilməz. Müsəlmanlar rəqəm sistemini Hindistandan götürərək, tətbiq etməyə başlamışdılar, bu sistemdə ilk dəfə sıfırdan da istifadə olunurdu. IX əsrdə Persiya matematiki əl- Xarəzminin yaratdığı cəbr elmi Avropada Ərəb sistemi kimi tanındı. Müsəlman astronomlar əl-Mamunun Bağdadda qurduğu rəsədxanadan ulduzların mövqeyini öyrənirdilər. Onlar Yerin dəyirmi olduğunu və ulduzların çoxunun adını bilirdilər. Onlar həmçinin bucaq ölçən alət kimi astrolyabiyanı dəqiqləşdirmişdilər. Dənizçilər onun vasitəsilə səma cisimlərini müşahidə etməklə öz olduqları yeri müəyyən edirdilər. Sonralar astrolobiya avropalıların Amerikaya üzməyini mümkün etmişdi.
Müsəlman alimləri kimyada xeyli yeni kəşflər etdilər və təbabəti bir elm sahəsi kimi inkişaf etdirdilər. Xüsusən Avropada Avitsenna kimi tanınan İbn Sina (980-1037-ci illər) məşhur idi. O, tibb ensiklopediyası yazmış, bir sıra xəstəliklərin yoluxma təbiətini vurğulamışdı, onların içməli su ilə yayıldığını göstərmişdi. Latın dilinə tərcümə olunduqdan sonra onun əsəri Avropanın universitet tələbələri üçün başlıca stolüstü kitaba çevrilmişdi. Avitsenna çox saydakı müsəlman alimlərindən biri idi ki, onun əsəri latın dilinə tərcümə edilmiş, XII və XIII əsrlərdə Avropada intellektual həyatın inkişafına xeyli kömək göstərmişdi. Avropa mübarizə aparanda Bizans və İslam dünyaları inkişaf etməkdə və çiçəklənməkdə davam edirdi. X əsr Bizans sivilizasiyası üçün qızıl dövr idi. Əməvi xəlifələri sülaləsi VII və VIII əsrlərdə ərəb ekspansiyaları ilə İslam imperiyasının mərkəzi olan Dəməşqi qurdular, Abbasid sülaləsi isə paytaxtı Bağdada köçürdükdə, ona Persiyanın təsiri daha da gücləndi. Yunan və Persiyanın elmi və fəlsəfi əsərləri ərəb dilinə tərcümə olundu. Müsəlmanlar həm də parlaq şəhər mədəniyyəti yaratdılar.
Bizans imperiyasındakı və İslam dünyasındakı əla şəhər mədəniyyətləri Avropadakı inkişaf etməmiş kənd dünyası ilə kəskin kontrast nümayiş etdirirdi. 1000-ci ildən isə ancaq kənd dünyası nəinki sağaldı, həm də əvvəlki nəsillərin hətta arzu belə edə bilmədiyi yollarla genişlənməyə başladı. Avropa nəhəng sıçrayış etmək pozasında dayanmışdı.
(Ardı var)
Telman
Orucov
525-ci qəzet.- 2016.- 12 mart.- S.20