“Onun varlığı
nizamlayıcı rolu oynayır”
FUAD POLADOV: “SEYRAN SƏXAVƏT ƏSƏRLƏRİNDƏKİ MÜSBƏT QƏHRƏMANLARIN HƏYATDA SONA QƏDƏR ARXASINDA DAYANMAĞI BACARDI”
Müsahibə hazırdır. Giriş yazmalıyam. Artıq altıncı dəfədir,
səhifəni açıb,
qarşısında düşüncəmi
aciz vəziyyətə
salıram. Əvvəl qəhrəmanımı
təqdim etməliyəm,
sonra qəhrəmanımın
qəhrəmanını. Tapdığım sözlər cümləyə
çevrilməmiş gücünü
itirir.
Cəmi
bir cümlə ona dəyib yıxılan sözlərə
məhəl qoymadan, səndələmədən, şəstlə
dayanıb. Üç
sözdən ibarət
cümlə: O, FUAD POLADOVDUR.
Rus Dram Teatrının
qrim otağındayıq. Üz-üzə də deyilik, göz-gözə də.
Fikir-fikirəyik. Fuad Poladovla onun
dostu haqqında danışırıq. 1946-cı
ildə dünyamıza
gələn dostunun martın 23-ü yubileyidir.
Kimdir o? Yenə təqdimatın xofu
ilə qarşılaşıram.
Söz sözü gətirmir, söz sözü əridir. Eyni mahiyyət daşıyan
amiranə duruşlu üç söz qalır. O qədər
əzəmətlidirlər ki, dünyanın hər yerindən oxuna bilərlər. Oxuyaq: O, SEYRAN SƏXAVƏTDİR.
O, Fuad Poladovdur, Seyran Səxavətin dostu, O, Seyran Səxavətdir, Fuad Poladovun dostu.
Sonda göydən iki söz düşür:
RUH ƏKİZLƏRİ. Olur beş
söz. Beynimi ələk-vələk edərək, üçünü
özüm tapdım,
ikisi göydən gəldi.
- Fuad Poladovun yaratdığı rolların
tamaşaçısı, Seyran
Səxavətin yazdığı
əsərlərin oxucusuyam. Sizi sənətinizdən
daha çox tanıyıram, nəinki həyatınızdan. İki
məşhur sənətkarın
dost olduqlarını yenicə
bilmişəm...
- Seyran Səxavətlə dostluğumuz jurnalistlərin
bu hadisədən xəbər tutmasına görə yaranmayıb ki... Siz bilsəniz də,
bilməsəniz də,
Seyranla Fuad qibtə ediləcək səviyyədə dostdurlar.
- Hər iki sənətkara
xalq böyük qiymət verir. Onların dost olduqları barədəsə media ətraflı
məlumata malik deyil.
- Axı haqqında danışdığınız hər iki insanın
dostlaşma tarixi onların geniş ictimaiyyətə tanınmadıqları,
necə deyərlər,
adsız-sansız bir dövründən başlayır.
- Bizə də bu tarixi bilmək
maraqlıdır.
- Seyranla ilk tanışlığım təxminən 45 il əvvəl baş verib. O, universiteti bitirib, “Ədəbiyyat və İncəsənət” qəzetində müxbir işləyirdi. Mən də teatra yeni gəlmişdim. Seyran teatrdan yazılar hazırlayırdı, aktyorlardan, rejissorlardan müsahibələr alırdı. Ünsiyyətimiz beləcə yarandı. Qəzetdən mütəmadi yazılarını oxumağa başladım, müsahibələri başqa jurnalistlərin müsahibələrindən çox fərqlənirdi - qeyri-adi idi. Onu lap əvvəldən təmiz oğlan kimi tanıdım, hansısa nöqtə bizi bir-birimizə bağladı. Bir neçə dəfə söhbət etdik. Sonra onun əsərlərini oxumağa başladım. Seyranı yaxından tanıdıqca, dərk etdikcə, münasibətlərimiz dərinləşdi. Biz dərinləşən münasibətlərin nəticəsində ayrılmaz dostlara çevrildik. Mən hər dəfə Seyranı kəşf edirdim. Bu kəşflərlə indi də tez-tez rastlaşıram. Seyrana hər addımda heyran olmamaq mümkün deyil.
- Dostunuzda Sizi heyran edən əsas cəhət hansıdır?
- Əqidəsini qorumağı bacarması. Əlbəttə əqidəyə sadiq qalmaq olar, ancaq onu qorumağı, arxasında dayanmağı hər kişi bacarmaz. Seyran ümumiyyətlə söykənə biləcəyin, dağ kimi arxalana biləcəyin adamdır. Dostunu başqasının yanında pərt etməz, zərrə qədər də incitməz. Amma onu qorumaq məqsədi ilə yanlışını, ətraflarında heç kim olmasa belə, pıçıltıyla özünə deyər. Məncə, bu söz Seyranın xarakterini daha dəqiq ifadə edər - “Mujik”.
- Dost olduğunuzu yeni öyrənsək də, bir vaxtlar qonşu olduğunuzu bilirdik.
- Bir binada eyni
vaxtda mənzil aldıq. 20 il
qonşuluq etdik. Hər dəfə binanın qarşısına çatanda
başımı qaldırıb
birinci onun yaşadığı mənzilin
balkonuna baxırdım.
Görəndə ki, dayanıb,
əlində qəlyan
fikrə dalıb, elə bilirdim mənə dünyanı verirlər. Onun varlığı bəs edirdi. 89-90-cı illər ağır dövr idi. Seyranla bir-birimizə əsasən
mənəvi dayaq ola-ola o dövrün tənəzzülündən çıxdıq.
- Səhv etmirəmsə, Seyran Səxavət hazırda o binada yaşamır...
- Düz deyirsiz. Ancaq mən hər dəfə o binaya gedəndə Seyranı həmin balkonda görürəm. Heykəl kimi
dayanıb, insan kimi fikrə dalıb.
- Orijinal təsvirdir.
- Çünki Seyran
Səxavətin özü
orijinaldır. Onu adi təsvir
etmək alınmır.
Bütün yazılarında qeyri-adilik var.
- İtdən intervü alan adamdır,
necə olmalıdır
ki...
- “İt intervüsü” - möhtəşəm hekayədir. Onun bütün əsərləri oxucunu heyrətə gətirir. Ancaq “İt intervüsü” və “Boynu əyri kişi” hekayələri düşüncəmi titrətdi. “İt intervüsü”ndəki dialoqları, demək olar, əzbər bilirəm: “Siz bizi də aldatmısınız. Biz canavar nəslindənik, eşidirsən, ay adam, canavar nəslindən. Qabağımıza sür-sümük atdınız, öyrəşdirdiniz özünüzə, sonra da yiyə durmadınız, saldınız bizi çöllərə. Yal verdiniz, biz də başladıq yala hürməyə. Yala hürə-hürə qurd oğlu qurd çönüb oldu it oğlu it”. Bu fikirləri itin dilindən dedizdirən yazıçının hekayəsini oxuyub, qəzeti ürəyimin üstünə qoydum. Sonra müəllifin evinə gedib, ona minnətdarlığımı bildirdim ki, mənə bu möhtəşəmliyində zövq yaşatdı. Sovet dağılandan sonra bir çox yazıçılar yaratdıqları mənfi qəhrəmanların obrazlarına girərək yaşamağa başladılar. Sanki o obrazların xiffətini çəkirdilər. Bütün qaydaları, qanunları pozaraq milyonlar qazanan əsər qəhrəmanları onları yaradan yazıçıları cazibələrinə saldılar. Seyran və Seyran kimi yazıçılar isə nəhəng düşüncə, əqidə sahibi olduqlarından böyük amallardan imtina etmədilər, xırdalanmadılar. Həm özləri, həm də yaratdıqları qəhrəmanlar həmişə eyni obrazda qaldılar. Seyran Səxavət əsərlərindəki müsbət qəhrəmanlarının həyatda sona qədər arxasında dayanmağı bacardı.
- Seyran Səxavət Fuad Poladovdan nə vaxtsa müsahibə alıbmı?
- Yox, nə müsahibə alıb, nə də yazıb. Deyirdi, müsahibə alacam, amma hələ bu mənə nəsib olmayıb. Əsas odur ki, mən Seyranı oxuyuram. Həm özünü, həm də kitabını. Mənəvi cəhətdən yorulanda onun əsərlərini oxuyub rahatlıq tapıram. Onun əsərlərində həyat həqiqətləri o qədər gözəl dildə, zövq oxşayan üslubda yazılıb ki, insan təskinlik tapır. Aydın şəkildə görürsən ki, əsərdəki mənfi obraz, elə həyatda da həminkidir, yaxud müsbət qəhrəman sənin dostun olan birisidir. Buna sevinirsən. Seyranın əsərləri insanları dəqiqliyi ilə tanımaqda oxucuya böyük kömək edir. Nəinki insanları, elə heyvanları da, daşları da, çiçəkləri də...
- Bir-birinizin qonşuluğunuzda yaşayanda görüşmədiyiniz gün olmazdı yəqin?..
- Düz deyirsiz, tez-tez görüşüb, təmiz havada gəzişirdik. Təmiz də deyirəm, hardadı təmiz hava... Sadəcə bir yerdə olanda ətrafımızda elə aura yaranırdı ki, havanın təmiz, yaxud çirkli olduğu bizi o qədər də maraqlandırmırdı. Hər şey gözümüzə gözəl görünürdü.
- Ramiş Rövşən bir şeirində yazdığı kimi: “Canavar da gözəl idi, dünyanın gözəl vaxtında”...
- Dünya insanların münasibətindən asılıdır. O əsl dostdursa, sənin yanında olanda gözlərinizə ağcaqanadlar də gözəl görünür, vızıltıları musiqi kimi səslənir.
- Mövlanə demiş: “Gözəl düşünən, gözəl görər”.
- Çox dəqiq deyib. Biz gözəl düşünməyə bilmirdik. Adamlar yerdə olanda əziyyət çəkirlər, yəni gündəlik məişət qayğıları insanların ruhunu sıxaraq, onları yerə bağlayır. Ancaq biz elə ali dəyərlərdən söhbətlər edirdik ki, istəsək də aşağı enmək alınmazdı. Bir dəfə gecə 12 olardı, səhərdən dilxor idim. İşdə əsəbləşmişdim, ürəyim bərk darıxırdı, beynim sıxılırdı. Seyranı görmək arzusu ilə həyətə çıxdım, amma o saatda narahat etmək istəmədim. Düşündüm, yazı-pozu ilə məşğul olan yaradıcı adamdır, beyni yorulub, bəlkə də yatıb, narahat etmək olmaz. Qaranlıqda gəzişirdim, birdən gördüm ki, Seyran düz gəlib durub qarşımda. Ürəklərdə eyniliyə baxın, o da məni görmək üçün evdən çıxıb və elə mən fikirləşdiyimi fikirləşib. Qoşulduq bir-birimizə, getdik 207 nömrəli məktəbin həyətində gəzməyə. Onda hələ məktəbdə tikinti-quruculuq işləri aparılırdı. Oranı gəzə-gəzə ağacların halını araşdırdıq, daşların görünüşünü analiz etdik, hətta qum dənələrindən başlayıb, ulduzlara qədər yol saldıq. Bütün narahatlıqlarımız keçmişdi. Dünya bir insan ahına dəyməzmiş. Hələ də o günü unutmamışam. Seyranla yol gedəndə, lap danışmasan belə, yenə ondan müsbət enerji alırsan.
- Biri var, riyazi yaşamaq, biri də var ədəbi...
- Hə... hə... düzdü. Seyran kimi dostlarımla bir yerdə olanda heç birimiz riyazi yaşamırıq, nə deyəcəyimizi, necə addım atacağımızı öncədən hesablamırıq. Elə azadlıq budur. İnsan mənəviyyat çərçivəsində düşündüyü kimi davrananda azad olur, beyni, ürəyi zorlanmır. Seyranın qəhrəmanlarından birinin fikridir: “Düşündüklərimi istədiyim kimi dilimə gətirəndə ləzzət alıram”. Biz dostlar bir yerdə olanda ədəbiyyatın içinə giririk. Tam səmimi oluruq. Arxasında daş gizlədən adamların “görəsən o bu sözü niyə dedi?”, “bu adam hardan gəlib bura düşdü?”... kimi cılız sualları kimsənin ağlına gəlmir. Arxasında daş gizlədənlərin məclisində adamın ürəyi partlayar. Belə məclisə düşmək həbsxanaya düşməkdən də dəhşətdir. Nə yaxşı ki, belə olmayan insanlar var və onlar mənim dostlarımdır. Ona görə də ayrılan kimi bir-birimiz üçün darıxırıq. Seyran Səxavət bir sözdən belə, insanı tanıyan, onun hansı səviyyədə olduğunu gözlərindən oxumağı bacaran adamdır. Yazıçılıq mənim dostumun əbədi və əzəli xarakteridir. Onun ən böyük üstünlüyü ruhi azadlığındadır.
- Fuad Poladov da bir jesti ilə tamaşaçıya hər şeyi anladır...
- Siz belə qənaətdəsizsə, gərək minnətdarlığımı qəbul edəsiz.
- Qənaətim müşahidəmlə yanaşı, həm də məntiqimə əsaslanır. Əgər Seyran Səxavət bir sözlə bütöv əsərin deyə biləcəyini anlatmaq gücündə olan yazıçıdırsa, onun dostu olan aktyor da gərəkdir bu işi jesti ilə bacarsın.
- Mən Seyranın əsərlərinin ilk oxucusu oluram. “Nekroloq”, “Yəhudi əlifbası” romanlarını, o cümlədən, başqa əsərlərinin, hekayələrinin əl yazmasını birinci mən oxumuşam. Oxuyub fikrimi demişəm, yazıçı da o fikri əsas götürüb. Dostluq amilinin ciddi şərtlərindən biri də budur ki, dostun sənin zövqünlə hesablaşır.
- Hazırda qonşu deyilsiz. Tez-tez görüşə bilirsiz?
- Məsafəcə uzaqlaşmışıq. O, tıxacların əlindən şəhərə gələ bilmir, mən tıxacların içindən çıxıb, kəndə - Mərdəkana gedə bilmirəm. Yox, niyə ki... Tez-tez də olmasa görüşürük, telefonla danışırıq. Əsas odur ki, bilirəm - Seyran Səxavət var. Onun varlığı nizamlayıcı rolu oynayır. Sənin əhvalını nizamlayan adamdır dost.
Ceyhun MUSAOĞLU
525-ci qəzet.-
2016.- 12 mart.- S.19