“Ərdoğan Obama ilə
görüşdə NLP texnikasını tətbiq edirdi”
Neyro Linqvistik
Proqramlaşdırma (NLP) hər
bir insanın öz düşüncə
və davranışlarını
dəyişməsini təmin
edən, dildən mükəmməl istifadə
bacarığıdır. Burada vaxtı
düzgün təyin
etmək, fikri yerinə görə çatdırmaq çox önəmlidir.
Bu haqda ətraflı
məlumat əldə
etmək üçün
NLP və biznes təlimçisi Şamil Şahbazovla söhbət etdik.
- Türkiyə prezidenti Ərdoğanla ABŞ prezidenti
Obamanın görüşündə
məşhur aynalama texnikasını xatırlayırsınızmı?
Obama ayağını ayağının üstünə
aşıran kimi Ərdoğan da onu “aynalayır” - təkrarlayırdı. Belə
çıxır ki, müasir dünyada beynəlxalq münasibətlər
də “aynalama” üzərində qurulub, yəni NLP texnikaları ilə müşayiət olunur...
- Bəli, tamamilə doğru müşahidə
etmisiniz. NLP həyatın
bütün sahələrində
məqsədə çatmaq
üçün inanılmaz
vasitədir. Bu gün NLP-dən siyasətdə çox geniş istifadə olunur. NLP düşüncə
və davranışları
dəyişmək üçün
şüuraltı təsirə
malik heyrətamiz texnikalardan ibarətdir.
Bu texnikalardan biri “aynalama” texnikasıdır ki, məqsəd müsahibinlə
şüuraltı səviyyədə
ahəng yaratmaqdır.
Burada hətta hər iki tərəf bu texnikanın tətbiq edildiyinin fərqində olsa da, şüuraltı zehin tənqid və təhlildən uzaq olduğu üçün qısa zaman kəsiyində şəxsdə özü
barədə səmimi
hisslər yarada bilir. Lakin burada tək
texnikanı yox, onu necə və
hansı məqamda tətbiq etməyin sirlərini bilmək lazımdır.
- NLP masterlərin bacarıqlarından
biri həmsöhbətini
inandırmaqdır. Burada
həm motivasiya, həm də manipulyasiya da ola bilər.
Adətən hansından istifadə
edirlər?
- NLP məqsədə çatmağa
xidmət edən xüsusi dil bacarığını, xüsusi
ünsiyyəti nəzərdə
tutur. Manipulyasiya düşüncə və davranışların
məqsədli şəkildə
dəyişdirilməsini ifadə
edir. Hər hansı bir
şəxsi motivasiya etmək və ya neqativ düşüncələrdən
qurtarmaq da məqsədli olaraq düşüncə və
davranışların dəyişdirilməsinə
səbəb olur.
Ona görə də, bunu manipulyasiya adlandırmaq olar. Lakin manipulyasiya idarə edən şəxsin mənafeyinə uyğun şəkildə digər
insanın davranışının
gizli idarə olunması prosesidir. NLP düşüncə və davranışları
fərqli istiqamətə
yönləndirir, amma
bunu yaxşı nəticə əldə etmək üçün edir. Ona görə biz buna
manipulyasiya deyil, motivasiya deyirik.
- Bunu psixoloqlar, konsultantlar da edir...
- İstər psixologiya,
istərsə də NLP
hər ikisi düşüncə və
davranışlar elminin
hissələridir. Psixoloq konsultantlar
pasiyentinin keçmişini
öyrənməklə, yanlış
hesab etdiyi düşüncə və
davranışların dəyişdirilməsinə
nail olmaq üçün
məsləhətlər verir.
NLP isə düşüncə
və davranışları
dəyişmək üçün
şüuraltı zehinə
təsir edir. İnsanın keçmişində baş vermiş hadisəni çılpaqlığına
kimi öyrənmədən
belə, qısa müddətdə onu zəiflədici düşüncələrdən
xilas edib yeni gücləndirici inanc və dəyərlər,
şəxsiyyət və
ya davranış seçimlərinin resurslarını
şüuraltına təqdim
etmək olar.
- NLP-ni ayrıca bir elm kimi təqdim
etmək olar?
- NLP həm elm, həm də sənətdir. Bu gün NLP Amerikada 2, İngiltərədə 1 Universitet , dünyada 150-dən çox
institut səviyyəsində
tədris olunmaqdadır.
- Bəs NLP-nin kouçinqlə əlaqələri
necədir?
- Kouçinq insanları olduğu mövqedən, olmaq istədikləri mövqeyə götürülməsinə
bələdçilik etmək,
onların daxili potensiallarını üzə
çıxarmaqdır. Bunun
üçün kouç
qarşısındakı insanda
inam və güvən yaratmaqla yanaşı onun dəyişiminə nail ola biləcək təsirli ünsiyyəti qura bilməlidir. NLP insanların düşüncə
və davranışlarını
dəyişə bilən
heyrətamiz texnikaları
özündə birləşdirdiyi
üçün bu texnikalara yiyələnən
kouç tez bir zamanda yüksək
nəticələr əldə
edir.
- NLP sizin üçün nədir? Hamı NLP master ola bilərmi?
- NLP mənim üçün həyatı asanlaşdıran
bir vasitədir və əvəzedilməz
sənətdir. Hər
kəs NLP master ola bilər. Bununla yanaşı beynəlxalq etik standartlarda ruhi-psixi xəstəliyi olanlara, hansısa radikal yönümlü təşkilatların üzvlərinə,
manipulyasiyaya meylli insanlara NLP-nin öyrədilməsi tövsiyə
olunmur. Digər tərəfdən NLP-ni dərindən mənimsəyən
insan istər-istəməz
həyata baxışını
dəyişir və bağışlama, insanlara
insan olduğu üçün hörmət
etmək, həyata sevgi ilə bağlanmaq, hər kəsin dünya modelinə hörmət etmək və s. səmimi duyğuları mütləq yaranır. Və bundan sonra NLP-ni öyrənən insanların bunu yalnız yaxşı niyyətlərə istifadə
edəcəkləri inandırıcıdır.
- Nə vaxtsa siz özünün NLP texnikaları tətbiq edərək hər hansı bir vəziyyətdən çıxmısınızmı?
- Həyatda hər şey nisbi olduğu üçün
birinə ağır görünən situasiya digərinə adi görünə bilər.
Digər
tərəfdən, NLP qeyd
etdiyim kimi, həyatı asanlaşdıran,
düşüncələri dəyişən bir vasitə olduğu üçün baş verən hadisələrə
münasibət zamanı
elastik olmağı və fərqli çərçivələrdən baxmağı təmin edir. Çox sayda müraciət edən insanların özgüvəninin artırılması,
keçmişində baş
vermiş hadisədən
dolayı keçirdikləri
ağır neqativ duyğulardan qurtarmaq, həyat eşqinin artırılması, qarşısına
məqsəd qoymağa
və bu məqsədə doğru
hərəkətə keçməyə
sövq etmək, zərərli vərdişlərdən
qurtarmaq və daha faydalı işə bağlılığın
yaradılması və
s. kimi aktual problemlərin həllində
NLP texnikaları ilə
daim yüksək nəticələr almışam
və bu məni NLP-yə daha da cəlb
edir. Təlimlərdə iştirakçılara öncə NLP fəlsəfəsini,
sonra isə NLP texnikalarını öyrədirik.
Çünki NLP fəlsəfəsi uğurlu nəticənin yarısıdır. Təlim iştirakçılarının
NLP ilə bağlı
təəssüratları inanılmaz
qədər sevindiricidir.
- Təlimlərə gələnlərin
sosial tərkibi necədir? Kimlər müraciət edir?
- Daha çox müxtəlif rəhbər
və orta vəzifədə çalışan
şəxslər, psixoloqlar,
psixoloq kimi çalışmaq istəyənlər
və qismən də aşağı vəzifədə çalışan
insanlar müraciət
edirlər. Son zamanlar müraciət edən tələbələrin
də sürətlə
artması müşahidə
edilir.
- Onları nə ilə təəccübləndirirsiniz?
- Bu suala cavabı məşhur bir hekayə ilə vermək istəyirəm. Balaca bir qız kədərli bir insana baxaraq gülümsəyir. Bu gülümsəmə onun üzündə qeyri-ixtiyari təbəssümə səbəb olur və əhvalı yaxşıya doğru dəyişir. Bu zaman yadına xətrinə dəydiyi dostu düşür və ona zəng edərək, dostuna böyük hörmətinin olduğunu deyir və sevgisini bildirir. Dostu bu zəngdən o qədər sevinir ki, yemək yediyi ofisiant xanıma çox miqdarda bəxşiş verir. Ofisiant xanım ilk dəfə aldığı bu qədər bəxşişdən çox sevinir və evə gedərkən yolun üstündə olan kasıb bir insana bu bəxşişdən bir hissə verir. Bir neçə gündür yemək yeməyən həmin adam o qədər minnətdar olur ki, yemək yedikdən sonra sevinə-sevinə gəzərkən soyuqdan üşüyən kiçik iti görür və onu binanın 1-ci mərtəbəsində yaşadığı otağa götürür. Kiçik it aclıqdan və soyuqdan qurtulduğu üçün sevinclə otaqda oynayır. Gecə yarısı binanın başqa tərəfindən çıxan yanğının tüstüsünü ilk duyan it dayanmadan hürməyə başlayır və əvvəlcə həmin adam, sonra isə bina sakinləri oyanır. Bütün bina sakinləri tez bir zamanda balaca uşaqları, köməyə ehtiyacı olan yaşlı və digər insanları tüstüdən boğulmaqdan xilas edirlər. Bütün bunların hamısı heç bir maddi dəyər kəsb etməyən bir təbəssümün nəticəsi idi.
- Novruz bayramı münasibətilə “NLP Diplom” sertifikatlı təlim keçirəcəksiniz. Bu təlimin digərlərindən fərqi nədir?
- Bu təlim soydaşlarımıza hədiyyə olaraq nəzərdə tutulub.Uzun müddətdir NLP təlimləri almaq istəyən, lakin maddi imkan baxımından qoşula bilməyən soydaşlarımız var. Müxtəlif dövrlərdə biz bu kimi insanların təlimdə iştirakını təmin etmişik. Amma bəzi insanların güzəştə görə digər iştirakçıların yanında sıxıntı keçirib, təlimə qoşulmadığının şahidi də olmuşuq. Ona görə, NLP təlimlərində iştirak etmək arzusunda olan və maddi imkansızlığa görə qoşula bilməyən insanlara eyni fürsəti yaratmaq, digər tərəfdən soydaşlarımıza NLP-nin faydalarından yararlanmağı təmin etmək üçün Sənan Nəcəfov və Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli ilə bu təlimi keçirməyi qərara aldıq.
Əsas məqsədimiz insanların NLP təlimlərində iştirakını təmin etməklə ölkəmizin və xalqımızın inkişafına töhfə verməkdir. Çünki NLP-nin faydalarından yararlanan insanların ölkəmizə fayda verəcəyinə inanırıq. Əgər hər kəs öz beyninin potensialından yaradıcı şəkildə istifadə edər, sadəcə öz ətrafında olan insanlarla ahəng içərisində anlaşaraq münasibətlər qurarsa, sonda bu, böyük bir kütləni əhatə edə bilər.
Günel İbrahimova
AzVision.az
525-ci qəzet.-
2016.- 12 mart.- S.18