Abdullah Cövdətin Əli bəy
Hüseynzadəyə məktubları
(Əvvəli
ötən şənbə sayımızda)
Əqidə
və əməl dostunun da başına bir xeyli bəlalar gəldiyini
yəqin ki, onun cavab məktubundan öyrənən Abdulla
Cövdət hər şeydən çox hədərə xərclənmiş
illərə təəssüflənirdi: “Türkiyədə
namuslu adam üçün Türkiyəyə xidmət etmək
imkanının olmadığı hələ məktəbdə
ikən cümləmizə çox gözəl məlum
olduğu halda məktəbdən
çıxar-çıxmaz, diplomu alar-almaz başını
götürüb getmədiyinə nə məna verəcəyimi
hələ də bilmirəm və bunu düşündükcə
sənə hədsiz, ifrat məhəbbətimin içərisində
- bu məhəbbətin tam ortasında sənə
qarşı bir hiddət qığılcımının
püskürdüyünü görməyə bilmirəm!
Vah, Əliciyim, vah! Ömrünün
üç-dörd ilini o anasının əmcəyini kəsənlər,
o gündəlik ruzilərini fahişəxanalardan çıxaranlar
içərisində necə də yellərə verdin! Sənin izini,
sorağını itirdim. Haralarda
olduğunu və bunca səfalətlərə
düşdüyünü bilsəydim, nəyin bahasına
olursa olsun, ilk öncə on-on beş quruş göndərər,
həm də səni dərhal Avropaya çəkib gətirərdim”.
Amma 10 aprel 1905-ci il tarixli növbəti məktubdan isə bütün bu vədlərin əslində gecikmiş təsəlli xarakteri daşıdığı aşkara çıxır. Çünki Abdullah Cövdətin öz taleyinə daha ağır sınaqlar düşmüşdü. Həyat yolu daha çətin və ağrılı mərhələlərdən keçmişdi. Bu səbəbdən də “Sən məşəqqət çəkdin Əli bəy. Mən isə işgəncə gördüm, - deyə həyatının acılarla dolu səhnələrini bir daha göz önünə gətirərək yazırdı: - Avropaya gəldim. Bəlkə tam iki sənə ərzində yediyim sadəcə çörəklə pendir oldu. İndi bu sətirləri yazdığım zaman sən necə təsəvvür eləyirsənsə elə, amma gözlərimdə qaynar yaşlar gilələndi. Bu qədər ehtiyac və səfalət içində əzildim! Halbuki məmləkətimin ən nazənin və şərəfli bir xanədanından idim. Xanımım qəhrindən vərəmə yoluxdu, öldü. Kiçik övladım da həmçinin”.
Dərin zəkaya, insanlara böyük təsir gücünə malik Əli bəyi tapdığı ilk andan Abdullah Cövdət beynində müxtəlif planlar qurmağa başlamışdı. Onların hamısından qırmızı xətlə keçən əsas ideya isə birlikdə olmaları, qarşıya qoyulan böyük məqsədlərə çatmaq yolunda bütün qüvvə və səylərini birləşdirmələri idi. Məkanın elə mühüm fərqi yox idi - Avropa, Rusiya, yaxud Misirdə bir araya gəlib türk-islam dünyası üçün əlbir fəaliyyətlərinə başlaya bilərdilər. 9 mart 1905-ci il tarixli məktubunda Abdullah Cövdət patetik tərzdə sual edirdi: “Ah, sən buralara gələ bilməzmisin? Ya da mən oralara gedə bilməzmiyim?” 23 mart tarixli digər məktubda eyni fikir təkrarlanırdı: “Məktubundan çox məmnun qaldım. Fəqət səni buralarda görsəydim, daha məmnun qalardım”. Mətbəə qurmasından söz açarkən yenə Əli bəyin yardım və məsləhətlərinə ehtiyac duyduğunu dilə gətirirdi: “Ah, qardaş, sən yanımda olsaydın, əlimizdəki bu mətbəə vasitəsi ilə çox işlər görə bilərdik. Sənə olan sevgimin hüdudsuzluğunu bilirsən!” Yaxud: “Etidali-lisan üsuluna riayət xüsusunda nəsihətin yerindədir. Lakin mən tək başına qalsam, bu vəzifənin öhdəsindən gəlmək çox çətin olacaq. Yanımda sənin kimi bir senzor olmalıdır”. Başqa bir nümunə: “Səni həddindən artıq sevən və müqəddəslərə bərabər tutan dostun, qardaşın “ imzası ilə göndərdiyi 1 may 1905-ci il tarixli məktuba da eyni təşviq hissi hakim idi: “Ya Əli, qorxma, gəl. Ac qalsaq da bərabər qalarıq. Mən Məktəbi-Tibbiyyədən tanıdığın Abdullah Cövdətəm. Bu müsəlmanlara, bu türklərə bir az şüur verək” və s. və i.a.
Əməkdaşlıq və mübarizə məkan baxımından daha çox iki variantda təsəvvür olunurdu. Xüsusən, çarizm rejiminin nisbi mülayimləşməsi ilə müşaiyət olunan 1905-ci il inqilabından sonra Abdullah Cövdət Rusiyaya, Qafqaza gəlib fəaliyyətini Türkiyə ilə həmsərhəd bölgədə davam etdirmək barədə daha ciddi düşünürdü. “İctihad”ın mətbəəsini Batumiyə köçürməklə bağlı planlar qurur, bu məsələdə Əli bəyin fikirləri ilə maraqlanırdı. Nəşrin Rusiyaya köçməsi təbii ki, onun məzmununa və ideya istiqamətinə də təsirsiz qalmayacaqdı. “İctihad”ın siyasətdəki hədəfi sosialistlik deyil, fəqət modern bir liberallıqdır. Demokratlığı da mötədildir (orta həddədir). Rusofildir. Rus milləti ilə türk millətini biri-birinə sevdirməyi özünün xüsusi vəzifəsi sayır” - deyə məcmuənin Rusiya ilə bağlı yeni istiqamətinin əsas prinsiplərini dostuna açıqlayırdı. Lakin artıq real imkan yarananda, yəni “Həyat” qəzetinin nəşrə başladığı və mətbuatla bağlı yaradıcı qüvvələrə ciddi ehtiyac duyulduğu, hətta bəzi türk münəvvərlərinin Azərbaycana gəldikləri dövrdə Əli bəy Hüseynzadə dostunu Bakıya dəvət etsə də, Cövdət əvvəlki fikrindən daşınmışdı. Çünki rus polisinin onu tutub Əbdülhəmid xəfiyyələrinə təslim edəcəyindən ehtiyatlanmışdı.
Məhz həmin səbəbdən də Əli bəyi əvvəlkindən daha böyük inadla Rusiya və Osmanlı hüdudlarından xaricdə iş birliyinə, əməkdaşlığa çağırmışdı. Xüsusən, Avropanı tərk edib “İctihad” redaksiyası ilə Misirə köçmək qərarı verdiyi ərəfədə belə çağırışlar daha intensiv xarakter almışdı. Abdullah Cövdət etibarlı qaynaqlardan Qahirədə müsəlman həkimin işsiz qalmayacağını öyrəndiyini bildirir və birlikdə klinika açıb qazanacaqları pulları nəşriyyat işlərinə yönəltməyi təklif edirdi. Fransa ilə İsveçrə sərhəddindəki Annamase kəndindən göndərdiyi məktubda gələcəklə bağlı planlarını açıqlayaraq yazırdı: “Mən pis yaxşı göz xəstəlikləri sahəsində mütəxəssisəm. Sən də zöhrəvi xəstəliklər və dermatologiya üzrə mütəxəssissən. Sözlərimə yaxşı qulaq as, həm də diqqətlə dinlə! Sən indi oradan çıxıb birbaşa mən fəqirin yanına gəl. Burada beş-on gün qalarsan. Sonra birlikdə qalxıb Parisə yola düşərik. Orada bir aya qədər klinikaları gəzərik, bilik və məlumatımızı bir az təzələyərik. Mən bəzi alət və dərmanlar almağa da məcburam. Bilmirəm, mikroskopla işləməyi yadırğamamısan ki? Çünki işimizdə bu da lazımdır. Ondan sonra səninlə birlikdə qalxar, doğru-dürüst Misirə gedərik. Orada şərikli bir klinika açarıq”. Daha sonra hər ikisinin Məktəbi-Tibbiyyədən yaxşı tanıdıqları bir sıra həmkar və tanışlarının da hazırda Misirdə olduğunu xatırladan Abdullah Cövdət dostunu əmin edirdi ki, bu addımı atsalar “azad mədəniyyətin gövhəri olan o qədim Misirdən ətrafa elm və irfan nuru saçarıq”.
1905-ci il iyunun sonlarında yazıldığı ehtimal edilən tarixsiz məktubunda o, tezliklə “alçaq, yaramaz və mənfəətpərəst ölkə” adlandırdığı İsveçrəni tərk edib iyulun 6-da (yalnız həmin ilin oktyabrında niyyətinə nail olmuşdu) Misirə yola düşəcəyini və “İctihad” məcmuəsinin, habelə eyni adlı mətbəənin başında dayanmaq üçün Əli bəyi Qahirədə gözlədiyini bildirirdi.
Artıq Qahirədən göndərdiyi 11 noyabr 1906-cı il tarixli məktubda isə, Abdullah Cövdət yalnız Əli bəyin deyil, Əhməd bəy Ağayevin də mümkün qədər tez bir zamanda Misirə gəlməsinin çox faydalı olacağını yazırdı. Üçlükdə yeni bir fikir cərəyanı qurub türkləri və müsəlmanları qəflət yuxusundan ayılda biləcəklərini xatırladırdı.
Amma eyni zamanda özü də bu arzusunun gerçəklikdən çox uzaq olduğunu yaxşı başa düşürdü. Çünki get-gedə daha sürətlə türk dünyasının öncül mərkəzlərindən birinə çevrilən Azərbaycanda Əli bəy, Əhməd bəy kimi millətin önündə gedən insanlara böyük ehtiyac vardı. Vəziyyət dəyişmişdi. Milli qüvvələr müəyyən fəaliyyət sərbəstliyi əldə etmişdi. Hər iki dost artıq Bakıda öz nəşrlərini yaratmışdı. “Həyat”ın ardınca “Füyuzat” və “İrşad”, habelə digər qəzet və məcmuələr nəşrə başlamışdı. Mətbuat aləmində, ictimai fəaliyyət sahəsində birgə çalışan Əli bəy Hüseynzadə, Əhməd Ağayev təkcə Azərbaycan deyil, bütünlükdə Rusiya türklərinin və müsəlmanlarının yol göstərəni, lideri kimi tanınırdılar. Millətin içində olmaqla topluma daha böyük fayda gətirirdilər. Artıq İstanbuldakı tərəqqipərvər qüvvələr də onlarla hesablaşırdı.
Təbii ki, belə bir şəraitdə Misirə gəlmələri yersiz addım idi. Bu, ümumi işə xeyir deyil, zərər gətirə bilərdi. Abdullah Cövdət tarixsiz (bəhs olunan məsələlərə görə 1907-ci ilin əvvəllərində yazıldığını ehtimal etmək mümkündür - V.Q.) məktubunda birlikdə çalışmaq məsələsinə yenidən toxunsa da, Əli bəyin vətəndə daha böyük fayda gətirə biləcəyini etiraf edirdi: “Əgər oradan məmnun deyilsənsə, bura gələ bilərsən. Lakin fikrimcə orada qalmağın daha faydalıdır. Kimə faydalıdır? Təbii ki, mənə yox! Biçarə, eşşək müsəlman qardaşlarımıza!” 20 mart 1907-ci il tarixli digər məktubunda yenə eyni məsələnin üzərinə qayıdaraq yazırdı: “Misirə gəlməyiniz məni həddindən çox məşğul edir. Əgər gəlsən, bu mənim üçün şəxsi bir nemət olar. Amma orada qalsan, bizim eşşək müsəlman qardaşlarımıza daha çox faydan dəyər, - deyə düşünürəm”.
Bir cəhətə də aydınlıq gətirməyə ehtiyac var. Abdullah Cövdət istər Əli bəyə və digər əqidə dostlarına məktublarında, istərsə də publisist yazılarında həmdinləri olan müsəlmanlara münasibətdə çox sərt leksikadan istifadə edirdi. Lakin fikrimcə, bu bəyənməzlik, özünü avam və cahil müsəlman kütlənin fövqündə görmək hissindən irəli gəlmirdi. Əksinə, böyük təəssübkeşlik və ürək yanğısı ilə bağlı idi. Məhəmməd Hadi kimi onu da hiddətləndirən “Yox millətimin xətti bu imzalar içində” əndişəsi idi. Ona görə də eni düşüncəni paylaşan və müsəlman toplumun vəziyyətindən kifayət qədər yaxşı xəbərdar olan azərbaycanlı dostunun qarşısında az qala fəryad qoparırdı: “Ah, millətimiz öləcək, türklər bitəcək, müsəlmanlar paymal və xaksar olacaqlar!” Lakin bununla bir sırada türk insanının ağlına, biliyinə, sağlam yaradıcı qüvvəsinə ürəkdən inanırdı. Cəhalət və istibdaddan xilas olacaqları təqdirdə onların həqiqətən də cahanşümul işlərə imza atacaqlarına ürəkdən əmin idi: “Türklər zəkidirlər! Türklər böyük, ali, münəvvər, sənətpərvər, sənətkar, bir millət olmaq üçün mühüm təbii keyfiyyətlərin cümləsinə malikdirlər. Onlara bir az hərarət, bir az günəş göstərmək lazımdır!”
Abdullah Cövdətin fikrincə, millətin istiqbalı ilə bağlı belə mühüm vəzifəni yerinə yetirməyə qabil insanların başında Əli bəy gəlirdi. Ona görə də 10 aprel 1905-ci il tarixli məktubunda hələ də rusdilli “Kaspi” qəzeti redaksiyasında çalışmaqda olan dostunu türklüyün və islamın xilası ilə bağlı daha böyük amallar uğrunda mübarizəyə səsləyirdi: “... anlaşıldığına görə hal-hazırkı həyatın da istədiyin qədər fəal və səmərəli deyil. “Kaspi”yə yazı yazıb ayda olsa-olsa yüz əlli rublə qazanmaq və tamamilə təbii çətinliklərlə qarşılaşacaq bir neçə əsər ortaya qoymaqla məhdud bir dairədə tanınmaqdan nə hasil ola bilər? Bu işləri Əli Mərdan bəy, Həsən bəy, Əhməd bəy də çox əla görürlər”. Burada çəkilən adlar Abdullah Cövdətin Azərbaycanda təkcə Əli bəy Hüseynzadənin deyil, anadilli mətbuat olmadığından bir müddət əsərlərini rusca yazmaq məcburiyyəti qarşısında qalan Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev kimi müqtədir qələm sahiblərinin fəaliyyət və yaradıcılıqlarına da müəyyən dərəcədə bələdliyini göstərməkdədir. Xüsusən Türkiyəyə mühacirətdən sonra Ağaoğlu soyadı ilə tanınan Əhməd bəylə dostluğu həyatının sonunadək davam etmişdi. Səməd Ağaoğlunun “Atamın dostları” kitabında haqqında söz açılan insanlardan biri də (“Dinsiz mütəfəkkir”) ziddiyyətli şəxsiyyəti və ifratçı fikirləri ilə daim diqqət mərkəzində dayanan Cövdət idi. Amma bütün bu dostluq münasibətlərinə baxmayaraq Əli bəyə münasibəti xüsusi idi - çünki onu yeni bir fikir istiqamətinin, ideoloji cərəyanın başında dayanacaq mütəfəkkir kimi təsəvvür edirdi.
Əli bəy Hüseynzadəni böyük məqsədlər uğrunda savaşın önündə görən dostunun onunla bağlı ümidləri, ondan gözləntiləri də böyük idi. Həqiqətən də odlu dillə, içdən gələn yanğı ilə yazılmış 10 aprel 1905-ci il tarixli məktubda oxuyuruq: “Ruhum bədənimdə olduqca istibdad və zülmətlə çarpışmaq barəsində başımız üstündəki ulduzlar qarşısında əhdü peyman etdim, ya Əli! Zülm və istibdadın əlində əsir-yesir qalan millətin Hüseynini (Kərbəla şəhidi İmam Hüseyn nəzərdə tutulur - V.Q.) və insaniyyətin qan bahasını tələb edirəm, ya Əli! Bu niyyətlə də sənə üz tutaraq “Xuni-Hüseynimə talibəm, ya Əli, mədəd!” (“Hüseynimin qanını tələb edirəm, ey Əli, kömək elə!”) - deyə bağıra bilərəm. Bu türklərdən şanlı və şərəfli bir millət yetirmək tamamilə mümkündür. Mənim məqsədim sənin məqsədindən heç də qeyri deyildir. Fəqət, mütləq birlikdə olmalıyıq!”
Osmanlı imperiyasının çöküşü ərəfəsində separatçılıq mövqelərinə yuvarlanan, qısa bir dövrdə kürd millətçisi kimi çıxış edən Abdullah Cövdətin türk millətinə münasibətdə Əli bəylə məqsədlərinin eyniliyi haqqındakı etirafı çox səciyyəvidir. Bu fikirdən çıxış edərək onun da uzun müddət türkçülük hərəkatının fəal tərəfdarlarından biri olduğunu söyləmək mümkündür.
Çox təəssüf ki, xitab edilən şəxsin - Əli bəy Hüseynzadənin cavab məktubları əlimizdə yoxdur. Ona görə də qənaət və mülahizələrimizdə yalnız bir tərəfin fikirlərinə əsaslanmağa məcburuq. Abdullah Cövdətin yazdıqlarından o da məlum olur ki, illər boyu davam edən məktublaşma sadəcə hal-əhval tutmaq, məlumat almaq səciyyəsi daşımamışdı. Onlar bir sıra hallarda məktublar vasitəsi ilə müxtəlif ədəbi, siyasi və fəlsəfi məsələlər ətrafında geniş fikir mübadiləsi və polemika aparmışdılar. Məsələn, Abdullah Cövdətin “Sənin məktubunun 26-cı səhifəsində yazılanlara gəldikdə...” sözləri Əli bəyin bəzi cavablarının sözün həqiqi mənasında dolğun bir traktat olduğunu düşünməyə əsas verir.
Dostların yazışmasında Türkiyədə,
Azərbaycanda və ümumən müsəlman Şərqində
cərəyan edən
ictimai-siyasi proseslərlə, mühüm hadisələrlə
bağlı fikir mübadiləsi daim diqqət mərkəzində
olmuşdu. Məsələn, 1905-ci ilin
fevralında azərbaycanlılarla ermənilər arasında
sonuncuların fitnəkar hərəkətləri səbəbindən
əvvəl Bakıda başlanan, ardınca isə Cənubi
Qafqazın digər yerlərinə yayılan qanlı
qarşıdurma həmin dövrdə Avropada yaşayan Abdullah
Cövdəti laqeyd buraxmamışdı.
9 mart 1905-ci il tarixli ilk məktubunda bu məsələyə
“Bakıdakı hazırkı vəziyyətə
ağlamaqmı, gülməkmi rəvadır -bilmirəm”
şəklində toxunaraq Əli bəydən hadisələr
barəsində daha müfəssəl məlumat göndərməsini
xahiş edirdi. 23 mart tarixli məktubunda meydana çıxan münaqişənin
millətlərin deyil, cahillik və fitnəkarlığın,
istibdad və maarifsizliyin qarşıdurması kimi qiymət
verərək yazırdı: “Bakıda ermənilərlə
müsəlmanların eşşəkcəsinə bir-birini
qırmaları qanımı beynimə vurdu. Bunlara bir “Epargnes votre sang pour votre
Delivranse!” (fr. “Qanlarınızı xilas
gününə saxlayın!”- V.Q.) deyən
yoxdurmu?” Bəlkə də həmin hisslərin təsiri
altında Abdullah Cövdət
Bakıdan, (çox böyük ehtimalla Əli bəy
Hüseynzadədən) aldığı məlumatlar əsasında
“İctihad” məcmuəsində Avropa camiəsinin birtərəfli
yanaşdığı, yalnız müsəlmanları
suçlu saydığı qanlı olaylar barəsində
ayrıca məqalə çap etdirmişdi. (“Bu
faciəli və acı gülüş doğuran vaqeədən
mən bu dəfə “İctihad”da bəhs etmişəm”).
Dövrün
başqa bir diqqətəlayiq hadisəsi - İranda başlanan
Məşrutə inqilabı Abdullah Cövdətin tarixsiz məktubundan
da göründüyü kimi dostlar arasında ciddi müzakirə
mövzusu olmuşdu. “İrandakı inqilaba bir qorxu
qarışıq sevinclə sevinməkdəyəm, - deyə
o, Tehran və Təbrizdəki dramatik hadisələrdən
sonra ilk təəssüratını bölüşərək
yazırdı: - Qorxu qarışıq bir sevinc deyirəm. Çünki cahil, təəssübkeş, həm də
sözün pis mənasında təəssübkeş bir millət
hürriyyətdən nə anlar? Hüquqi-mədəniyyətdən
necə istifadə edə bilər?” Aralarındakı
yazışmadan Əli bəy Hüseynzadənin onu qonşu
ölkədəki hadisələr, xüsusən də
İran parlamentinin gülləbaran edilməsi barədə məlumatlandırdığı
bəlli olur.
Hacı Zeynalabdin təşəbbüsü və maddi
yardımı ilə Bakıda Avropa tipli təhsil verən
qız məktəbinin açılması Abdullah Cövdətin
fikrincə milli oyanış baxımından diqqətəlayiq
hadisə idi.
10 aprel 1905-ci il tarixli məktubunda bu münasibətlə
yazırdı: “Bakı Müsəlman Qız Məktəbi
binasının şəklini gördüm və çox məmnun
qaldım”. O, qadın təhsilini müsəlman cəmiyyətinin,
xüsusən də yeni tipli islam ailəsinin
zəmini, bünövrəsi sayırdı.
11 noyabr
1906-cı il tarixli məktubunda şəxsi
həyatındakı bir çox uğursuzluqların səbəbini
savadlı, gözü açıq bir müsəlman qızla
ailə qura bilməməsində görürdü. Sadəcə
valideyninin istəyi ilə çox erkən yaşda baş
tutan ilk izdivacının faciəsini yaxın dostu ilə
bölüşürdü: “Hərəmim on sənə əvvəl
vəfat etdi. O, zatən mənə tam rəfiqə olmaqdan çox uzaq,
savadsız bir qızcığaz idi. On sənədən
bəri bir fikir və həyat rəfiqəsi olacaq zövcə
axtarışı ilə məşğulam və bu zövcənin
müsəlman olmasını çox vacib sayıram. Çünki onun vasitəsi və yardımı ilə
müsəlman aləminin qadın dünyasında müvəffəqiyyətlə
bəzi dəyişikliklər və islahatlar keçirilməsinə
çalışa bilərəm. Belə bir aydın
fikirli müsəlman rəfiqənin lap Qaf dağının
arxasında olduğunu bilsəm, günü sabah
Misiri tərk edib o cananın kuyinə üz tutaram. Mən buralarda belə bir qadına təsadüf edə
bilmədiyimdən çox məyusam. Və
bu təkbaşına həyatdan, tənhalıq və
yalqızlıqdan tamamən usanmışam”.
Bakıda müsəlman qızlara dünyəvi təhsil
verən məktəbin açılması onun nəzərində
səviyyə yaxınlığı əsasında müasir
ailələrin qurulması, milli-mənəvi dəyərlərin
qorunması istiqamətində mühüm addım idi. Artıq yaşı
qırxı haqlamaqda olan Əli bəyin də çox
güman, eyni çətinliklər ucbatından subay gəzdiyinə
işarə edərək həssas məqamla bağlı dostuna sataşmaq
fürsətini də əldən vermirdi: “Ey qardaş, sən bu barədə
mənə nə nəsihət verə bilərsən? Ümidvaram ki, “Keçəl dərman bilsəydi,
öz başına edərdi” zərb-məsəlini yada
salmadan mənə bəzi ağıllı şeylər
söylərsən”.
Məktublarda ictimai həyat və siyasətlə
yanaşı ədəbiyyat və mətbuatla bağlı məsələlər
də aparıcı yer tutur. “Prinsiplərim eyni qalır: türkləri,
müsəlmanları münəvvər etmək, insanlıq və
mədəniyyətin nə olduğunu onlara layiqi ilə
anlatmaq. Bunun üçün tərcümələrdən
və kitab çapından qeyri yol görmürəm” - deyən
Abdullah Cövdət orijinal yaradıcılığı ilə
bir sırada Qərb yazıçı və
filosoflarının əsərlərinin türkcəyə tərcüməsinə
də böyük önəm verirdi. Əli bəyə
23 mart 1905-ci il tarixli geniş məktubunda
bu istiqamətdə gördüyü işlərdən
söz açaraq yazırdı: “Avropada qaldığım
müddətdə xeyli əsər tərcümə etdim. Şekspirin “Hamlet”, “Maqbet”, “Kral Lir”, “Yuli Sezar”
teatrolarını türkcəyə çevirdim. İndi “Romeo və Cülyetta” bitmək üzrədir.
Bunlardan başqa Şillerin “Vilhelm Tell”ini,
Alfiyerinin “İstibdad”ını tərcümə və nəşr
elədim”. Adı çəkilən tərcümə əsərlərinin
bir çoxu ilə tanış olan görkəmli Azərbaycan
dramaturqu Əbdürrəhim bəy Haqverdiyev milli
dramaturgiyamızın banisi Mirzə Fətəlinin
komediyalarından fərqli olaraq onların türk
teatrının, səhnə sənətinin inkişafına
heç bir təsir göstərmədiyini gözdən
qaçırmamışdı.
Abdullah Cövdətin məktubları onun XX əsrin əvvəllərindəki
Azərbaycan mətbuatına, ədəbi mühitə və
bu mühitin aparıcı simalarının
yaradıcılığına müəyyən qədər
bələd olduğunu ortaya qoymaqdadır. O, milli mədəniyyətimizin
Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə,
Üzeyir Hacıbəyli, Abdulla Şaiq kimi nümayəndələrini
tanıyırdı. Bəzən Əli bəydən
onlara salamlarını çatdırmağı xahiş edir,
bəzən də fəaliyyətləri ilə
maraqlanırdı. Məktublarda xüsusən
Ə.Topçubaşov və Ə.Ağayevdən
böyük ehtiramla söz açılırdı. Abdullah Cövdət Əlimərdan bəyi təkcə
Azərbaycan ziyalılarının deyil, özünün də
müəllimi, yolgöstərəni sayırdı.
Maraqlıdır
ki, rus dilini bilmədiyi halda “Kaspi”nin fəaliyyətində
iştirak etməsi, hətta qəzetin Misir müxbiri təyin
olunması redaktor
Topçubaşov başda olmaqla azərbaycanlı dostların
yardımı sayəsində gerçəyə
çevrilmişdi. “Kaspi” səhifələrində
türk müəllifin Mərakeş hadisələrindən bəhs
edən maraqlı məqaləsi dərc edilmişdi. Orijinalı fransız dilində qələmə
alınan həmin yazı ruscaya Əli bəy Hüseynzadə
tərəfindən tərcümə olunmuşdu. İkinci bir yazısının göndərilməsindən
söz açsa da, nədənsə “Kaspi” səhifələrində
həmin məqaləyə təsadüf olunmur.
Məktublar Abdullah Cövdətin azərbaycanlı dostunun mətbuat fəaliyyətini, elmi-bədii yaradıcılığını ardıcıl şəkildə, həm də tənqidi gözlə və ciddi tələbkarlıqla izlədiyini göstərməkdədir. Məsələn, o Əli bəyin İstanbulda, “Aləmi-islam” jurnalında dərc olunan “Türkiyədə ədəbiyyati-cədidə” məqaləsindən bəhs edərkən göstərirdi ki, “... əsərin daha mükəmməl bir şəkildə meydana çıxa biləcəyi halda o qədər də yaxşı sayıla bilməz. Bunun belə olduğuna əminəm. Çünki əzbərdən (qaynaqlara, ilkin mənbələrə müraciət edilməməsi nəzərdə tutulur - V.Q.) yazılan belə bir əsər qətiyyən yaxşı ola bilməz. Mən bir qardaş kimi sənə tövsiyə edirəm ki, əsərin yayılmış nüsxələrini geri al. Bütün tələb olunan sənədləri, məxəzləri ixtiyarına verməyə hazıram. O zaman kitabı daha uyğun bir şəkildə yaza bilərsən. Məsələn, məndən də bəhs etmisən. Amma əsərin indi yazıldığı, indi çap edildiyi halda nə üçün sadəcə on il əvvəlki Abdullah Cövdətdən bəhs edirsən?”
Öz növbəsində Azərbaycandakı tanışlarının, xüsusən də bədii zövq və siyasi fəhmlərinə hər kəsdən çox inandığı ünvan sahibi və Əhməd bəy Ağayevin fikirləri müəllif üçün çox qiymətli idi. Ona görə də “İctihad”ın ayrı-ayrı saylarını, fransız və türk dillərində çıxan kitablarını, eləcə də tərcümə əsərlərini onlara göndərir, israrla bu nəşrlər haqqında mülahizələrini, tənqidi qeydlərini bildirməyi xahiş edirdi.
Əli bəy Hüseynzadənin mətbu əsərlərinə gəldikdə isə əsaslandırılmış tənqidlərlə bir sırada yaxşını ürək açıqlığı ilə tərifləməyi də bacarırdı: “İslam aləminin mərəzlərini təşxis etmək haqqındakı əsərin, əlbəttə, yaxşıdır. Gəl bu əsəri türkcə, ya da fransızca “İctihad” məcmuəsində nəşr edəlim. Yaxşı olmazmı, ya Əli? Çexovdan tərcümə etdiyin əsərin də (Əli bəyin rus yazıçısının məşhur “Qılaflı adam” hekayəsinin motivləri əsasında yazdığı “Əbdüqılaf və Məhfəzəqulu” pamfleti nəzərdə tutulur - V.Q.) əla olmalıdır. Onun da “İctihad” kitabxanası seriyasından çapını sənə vəd edirəm. “Türklər kimdir və kimlərdən ibarətdir” əsərini görməyi də çox istərdim”. Başqa bir məktubunda isə artıq hər yana səs salmış “Siyasəti-fürusət” əsərini göndərməyi xahiş edirdi.
Ayrı-ayrı məktublardan götürülən aşağıdakı iqtibaslar da Misirdə mühacir həyatı yaşayan Abdullah Cövdətin Azərbaycan mətbuatı ilə nə qədər yaxından, bəzən təşviq, bəzən isə həyəcan və naharatlıq hissi ilə maraqlandığını nümayiş etdirməkdədir: “Faust” tərcümən nə oldu? Əgər bitirdinsə, “İctihad” kitabxanasında nəşr eləyək”; “Kaspi”yə ikinci məqaləmi göndərdim”; “Həyat” nə oldu? Aman, qeyrət! Müsəlmanları, türkləri oyandıraq!”; “Həyat”ın bağlanması səbəbləri ilə əlaqədar təfsilatı verə bilmədim. Bəlkə gələcək saylarda yazaram. Amma “Füyuzat”dan bəhs açdım və hər zaman “Füyuzat”ın ən sadiq xadimlərindən biri olacağıma əsla şübhə etməməlisən”; “Aylardan bəri “Həyat” gəlmirdi. Bir neçə gün əvvəl hamısı birdən gəlib çatdı. Cümləsini gözdən keçirdim. Həddən artıq məmnun qaldım və təsəlli tapdım”; “Füyuzat” barəsində “İctihad”ın hər sayında məlumat verəcəyəm. “Füyuzat” gözəl çıxır. Hər halda indi gözəldir”; “Tazə həyat” artıq mənə gəlmir”; “İrşad” sanki baş-ayaq çıxır. Görünür ki, bir müdiri-məsulu yoxdur. Xətalarla doludur, dəli saçmaları bayağıdır. Mövzuya dəxli olmayan sözlər həddindən artıqdır. Bu keyfiyyət mənə bir xəyal qırıqlığı gətirir”; “Gərək “İrşad” da həyat kimi çıxsın. Hər halda “İrşad”a qələmimlə yardım etmək işindən kənarda qalmayacağam”; “Tərəqqi” daha çıxmırmı?” və s. və i.a.
(Ardı
var)
Vilayət
QULİYEV
525-ci qəzet.- 2016.- 12 mart.- S.16-17