Bitib-tükənməyən “Müsbət
enerji”
RƏSSAM RİZVAN İSMAYILIN FƏRDİ SƏRGİSİ PARLAQ TƏƏSSÜRATLARLA YADDA QALDI
Bir təsvir
mindən çox sözü əvəz edir. Maraqlıdır, həqiqətən. Bu cazibənin arxasında
isə incəsənət
dayanır. Rəssam Rizvan
İsmayılın sözləri
ilə desək, rəssam rənglərlə
şeir yazan bəstəkardır.
Martın
7-də Səttar Bəhlulzadə
adına Mərkəzi Sərgi Salonunda Gürcüstan Rəssamlar Federasiyasının
yeganə azərbaycanlı
üzvü Rizvan İsmayılın “Müsbət
enerji” adlı fərdi sərgisi açıldı. Martın 11-nə qədər davam edən sərgidə rəssamın sürrealizm
və abstraksionizm janrında əsərləri
təqdim olundu.
Bu tablolar ilk baxışdan
rənglər və rəsmlər barədə
təcrübəsiz bir
izləyici üçün
bir az
naməlum qalır. Şəxsən mənim üçün
belə oldu. Rəssamın özü ilə
həmsöhbət olduqdan
sonra tablolardakı bu gizlilik, anlaşılmazlıq
ortadan qalxdı.
Çünki hər tablonun
öz ideoloji qatı var.
Rizvan İsmayıl
öz əsərləri
haqda danışarkən
qeyd edir ki, onu ən
çox insan maraqlandırır, çünki
insan Allahın şah əsəridir, bu səbəbdən insanın daxili dünyası onun əsərlərinin əsas
predmetidir. Bununla yanaşı, rəssamın
tablolarında ictimai- sosial, mənəvi- əxlaqi mövzulara da rast gəlirik.
Rizvan İsmayıl
1969-cu ildə Gürcüstanın
Bolnisi rayonunun Zol- Güvəc kəndində doğulub. Orta təhsilini
elə həmin rayonda alıb.
1986-90-cı illərdə isə
Bakıda Ə. Əzimzadə
adına Rəssamlıq Məktəbində
tərtibatçı rəssam
ixtisasına yiyələnib.
Rəssamın iki yüzdən artıq yağlı boya və qrafik əsəri var...
Sərgiyə aid kataloqu varaqladıqda, ekspozisiyanı dolaşdıqda
iki tablo xüsusən yaddaşıma
həkk olundu. Bu əsərləri müəllifin
dilindən eşitmək
də tabloların mahiyyətinin açılmasında
yardımçı oldu.
Bunlardan biri “Qərblə Şərqin dialoqu (Pikasso və Mircavad, yaxud...) adlanır. Dinamik bir mənzərədir - Mircavad - Şərq
danışır, Pikasso
- Qərb isə onu dinləyir. Bu iki qütbün
bir-birilə əlaqəsi,
bu iki fərqli
mədəniyyətin bir-
birinə nələrisə
çatdırma cəhdləri
tarixən olub və davam edəcək.
Rəssam bu tabloda sözü Mircavada verərək bir az da bizə mənəvi
üstünlük qazandırır.
Texnoloji baxımdan biz Qərbdən
geridəyik və onlardan yararlanmaq məcburiyyətindəyik. Ancaq fəlsəfi və mənəvi anlamda sahib olduqlarımıza baxsaq, Qərbin də bizə çox ehtiyacı var və Pikasso Mircavadı dinlədiyi kimi, Qərbin də Şərqi dinləməsi zəruridir.
Diqqətimi çəkən ikinci tablo isə “Bəsirət gözü”dür. Ümumiyyətlə, Rizvan İsmayılın bir çox tablolarında sufizmin, ilahi rahatlığın nişanələri var. Bunlar sanki rənglərlə kodlaşdırılıb: İnsanın əslində dörd gözü var. Bunlardan ikisi zahiri, ikisi isə batinidir. Tabloda hər göz üçün ayrıca sahə var. Mərkəzdə isə daha iri planda verilmiş tək göz dayanır. Bu, insanın sirlərdən agah olduğu, dünyaya gerçək məna verə bildiyi həqiqi gözüdür ki, bunsuz insanın mənəvi korluğu qaçılmazdır.
“Eşqin üç dili”, “Oyuncaqlarda kodlaşmış xatirələr”, “Qapılar”, “Dənizdə ilahi parad”, “19-ların təzadı”, “Özünü tapmaq”, “Yaşıl həyat - Ağ ölüm”, “Qəlbin paklanması” kimi tablolar rəssamın istedadını, ustalığını açıq-aydın göstərir.
Sərgidə rəssamın qırx səkkiz tablosu nümayiş olundu. Tablolarda milli düşüncə üzərində qurulan mövzular üstünlük təşkil etsə də, bu millilik sərhədlərini ümumbəşəri planda aşa bilir.
Çıxışında Rizvan İsmayıl sərginin təşkilində rolu olan hər kəsə minnətdarlığını bildirdi. “Qalereya-1969”un sahibi Elçin Orucovun iştirakçılar üçün çox səmimi, isti bir mühit yaratdığını qeyd edən rəssam, açılışda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşova, dünya şöhrətli rəssam Sakit Məmmədova, eləcə də dəstək gördüyü hər kəsə, o cümlədən, rəsm kataloqunun hazırlanması işini öz öhdəsinə götürmüş “Parlaq imzalar” nəşriyyatına təşəkkürünü çatdırdı.
Sonda R.İsmayılın yaradıcılığı ilə bağlı daha bir sevindirici xəbər: bu ilin yayında Parisdəki Luvr muzeyində rəssamımızın fərdi sərgisinin keçirilməsi planlaşdırılır.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 12 mart.- S.15