Repressiya və sürgün illəri  

 

 

“525-ci qəzet” Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” traktatından ayrı-ayrı hissələrin dərcini davam etdirir.

 

Xatırladaq ki, ötən saylarımızda əsərin “Avqust putçu və sistemin iflası”, “İlk maarifçilərimiz”, “Tarixi şans - 21 Azər”, “Qara Yanvar”, “Heydər Əliyevlə vida”, “Nəriman Nərimanovun faciəsi” və digər bölümləri dərc olunmuşdu.

 

Qəzetin bu sayında isə “Repressiya və sürgün illəri” adlı parçanı oxuculara təqdim edirik.

 

1920-ci ilin aprelində bolşeviklər Azərbaycan hökumətinə hakimiyyətin təhvil verilməsi haqqında ultimatim ünvanladılar. XI Qızıl Ordunun Bakıya girmədən Mustafa Kamalın Qurtuluş savaşına qatılmaqçün Anadoluya gedəcəyi və müstəqil Azərbaycanın dövlət xadimləri təqib olunmayacağı haqda vədlər verilirdi. Amma elə aprelin 28-də, istilanın ilk günü bütün bu vədlər pozuldu, qoşun Bakıya soxuldu və dövlətin vəzifəliləri qaçan qaçdı, qalanlar həbs olundu, güllələndi, sürgün edildi. Azərbaycan Xalq Cümhuriyyətinin yüzlərcə fəalı ölüm düşərgələrinə göndərildi.

 

“Buzlu cəhənnəmdə” bizim məhbuslarla eyni düşərgədə olmazın əzablara düçar olan rus yazıçısı Oleq Volkov sürgündə qarşılaşdığı azərbaycanlı məhbuslar haqqında səmimiyyət və alicənablıqla söz açır. O müsavatçıların mənəvi və fiziki işgəncələ məruz qalaraq həlak olmalarından, özlərini necə böyük mətanət və ləyaqətlə aparmalarından, bütün dözülməz əzab-əziyyətlərə tab gətirərək məğrur və ruhən qırılmaz qaldıqlarından heyranlıqla yazır. Bu barədə O.Volkov “Zülmətə atılmışlar” kitabında belə bəhs edir:

 

“O zaman Butırkadan Solovkiyə sürgün olunan Müsavat partiyasının üzvlərinin sayı üç yüz nəfərə yaxın idi. Azərbaycan türk ziyalıları idi. Qarşımda onacan bilmədiyim özünəməxsus bir dünya açılmışdı - əcdadlarının ənənələrini və əqidələrini qorumaq üçün, öz azadlığı uğrunda sonadək mübarizə aparan kiçik bir xalqın dünyası... Solovkidə o müsavatçılarla yan-yanaşı yaşayanda mən onların ağsaqqallarına necə övlad kimi hörmətlə yanaşdıqlarını, ümumiyyətə yaşlıların qayğısına necə qaldıqlarını, nələri varsa, süfrədə qardaşcasına paylaşdıqlarını, namaz qılmaq üçün bir guşə axtarana necə diqqətlə yanaşdıqlarını gördüm... Onlara baxdıqca mən rus cəmiyyətində son onilliklərdə həddini aşan vəhşiliklər barədə ağır düşüncələrə dalırdım. Əyalət xalqları ilə müqayisədə bizim xarakterlər necə də qaba və qəddar idi”.

 

O.Volkov qeyd edir ki, ilk vaxt bütün müsavatçıları köhnə monastırın korpuslarının birində yerləşdirmişdilər, amma sonra onları bir-birindən ayırmağa cəhd göstərdilər və bu zaman onlar aclıq elan etdilər.

 

“Müsavatçıların əksəriyyəti sonacan dözməyə köklənmişdilər. Könüllü olaraq özlərini ölümə məhkum edənlər həyatın başqa bir tərəfində olan adama - mənə yad kimi baxırdılar. Lap onlara dost olduğumu bilsələr də... Amma axırda onları sındırdılar. Söz verdilər ki, düşərgənin rəisi Eyxmans özü gəlir və onların istəklərinə əməl ediləcək, hamısını yenə bir yerə köçürəcəklər. Bu vəddən sonra dərhal yemək gətirdilər - isti süd, düyü. Əlbəttə ki onları aldatdılar. Bilirdilər ki, ölümün astanasında üç həftə aclıq çəkəndən sonra yeməyin ləzzətini dadan insanın yenidən ölüm sınağına çıxmağa iradəsi çatmayacaq. Yalnız müsavatçıların ağsaqqalı və onun bir neçə yaxın dostu əyilmədilər. Mən onları yola gətirmək istədim. Ağsaqqal qətiyyətlə: - Mən ölmək qərarına gəlmişəm-dedi.-Ona görə yox ki həyatı sevmirəm. Yox, ona görə ki, biz onsuz da hamımız ölümə məhkumuq. Çoxumuz bu qışdan çıxmayacaq, ola bilsin ki, hamı vərəmə tutulmasın, amma salamat qalanları da məhv edəcəklər -güllələyəcəklər, ya da başqa üsullarla yox edəcəklər. Bizi Solovkiya elə ona görə gətiriblər ki, müstəqilliyimizdən əsər-əlamət qalmasın. Bakıda biz onlarçün real təhlükəli rəqiblər idik. Bizə və bizim məqsədlərimizə elə böhtanlar atılıb ki, mən xalqımın faciəsini qısa şəkildə belə izah edə bilmərəm.

 

Gözlərini yumdu və bir xeyli susdu. Onun arıq sifətində mən vicdanının qəbul etmədyi qanunlarla barışmayan, təslim olmaqdansa, ölməyə üstünlük verən insanın sarsılmaz iradəsini gördüm. Amma axırda zarafat etdi: - Mən təklif etdim ki, yerimizi dəyişdirsinlər, bizi bu soyuq adadan günəşli Şamaxıya göndərsinlər. Mənim üzümlüklərimə, çinarlarıma, sevimli meyvə bağlarıma baş əymədən ölmək olarmı? Əlvida dost. Sənin kimi rusları biz sevirik.

 

Mən bu anları 1986-cı ildə xatırlayıb yazıram və qanrılıb uzun ömrümə nəzər salanda rus xalqına - qüdrətli, fateh və istilaçı xalqa mənsub olduğuma görə xəcalət çəkdiyim məqamları xatırlayıram. Bu hissi macar tələbələrlə söhbət etdiyim dəqiqələrdə də keçirmişdim. Müsavatçıların faciəvi aqibətləri gözlərimin önündə duranda mən elə vicdan əzabı çəkirəm ki, sanki özüm də zəiflər üzərində bu zorakılığın, zülmün iştirakçısıyam”.

 

Rəhmətlik Oleq Volkovun kitabından bu parçaları gətirməklə onu demək istəyirəm ki,mən də rus xalqını məhz bax bu qocaman yazıçı kimi vicdanlı övladları olduğuna görə sevirəm və ona təəccüblənirəm ki, növbənöv cızmaqaraları dilimizə çevirməyə tələsdiyimiz halda belə bir kitabı hələ də tərcümə edib xalqımıza çatdırmamışıq.

 

Bizim məhbusların mətin və qürurlu davranışları haqqında rus yazıçısının şəhadəti yadıma əziz dostum mərhum İldəniz Qurtulanın bir şeirini saldı. İldəniz bəyin atası müsavatçı Əjdər də “buzlu cəhənnəmdən” keçmiş və möcüzəylə qurtula bilmişdi. (Soyadları Qurtulan da burdandır). İldəniz bəyin “ÇEKA-da” şeiri belədir:

 

Günəşin batmasına doğru

Hər axşam

Andırardı atam

ağır-ağır:

“Gündüzlər işgəncə,

Gecələr

Çökərdi üstümüzə

Ölüm kölgələri.

Bəzimiz çıldırar,

Bəzimiz şərqi söylər,

Aldırmaz.

Fəqət həp

Ayaqda durur

mərd ölür

bizimkilər orada.

 

Müsavatın fəal xadimlərindən olan doktor B.E.Ağaoğlu Sovet həbs düşərgələrinin ilk məhbuslarındandır. 20-ci illərin axırlarında SSRİ-dən qaça bilib və mühacirətdə Solovki haqqında xatirələrini yazıb:

 

“1927-ci ildə Azərbaycandan siyasi məhbuslar aclıq aksiyası elan edəndə bütün məhbuslar - ukrainlər, gürcülər, dağlılar, türküstanlılar və başqaları onlara qoşulmaq və azərbaycanlı dostlarına dəstək olmaq niyyətlərini bildirdilər. Bu qərar həyata keçmədi, ancaq ona görə ki, azərbaycanlılar özləri buna razı olmadılar. Amma mənəvi cəhətdən bu təklifdən məmnun qalmışdılar, öz gözləriylə görüb əmin olmuşdular ki, bu uzaq şimalda, yadların arasında, sərt şaxtada, peşəkar cəllad-çekistlərin caynağında yalqız deyillər. Eyni faciənin və eyni amalın birləşdiyi bütün qeyri-rus Rusiyası azərbaycanlılarla həmrəyliyini nümayiş etdirdi”.

 

Bütün bu acıdan-acı olaylarla tanış olarkən mən böyük rus yazıçısı F.M.Dostoyevskinin haçansa çoxdan oxuduğum “Ölü evdən qeydlər” əsərini xatırladım. İnsanın məşəqqətlərini təsvir elən bu sarsıdıcı əsəri yenidən vərəqləyərkən yazıçının katorqada ünsiyyət bağladığı Qafqaz türklərinə nə qədər böyük rəğbətlə yanaşdığını, onlara kövrək duyğular bəslədiyini gördüm. Dostoyevski onları “Dağıstan tatarları” adlandırır, amma məlumdur ki o zamanlar Qafqazda Azərbaycan türklərinə ruslar tatar deyirdilər. Dostoyevski cavan Alevi (görünür Əlidir) xüsusiylə xoş duyğularla təsvir edir. Bu əsər haqqında şərhlərdə deyilir: “Ölü evdən qeydlər”də Dostoyevskinin sevimli qəhrəmanı sakit təbiətli və mehriban gənc Alevdir”. Həmin şərhlərdə oxuyuruq: “Şəxsi saflıq və xeyirxalıq, dini barış, məhəbbət - Dostoyevskinin öz sevimli qəhrəmanlarına bəxş etdiyi başlıca cizgilər -bunlardır”.

 

 Beləliklə deyə bilərik ki, Mışkinin (“İdiot”) və Alyoşanın (“Karamazov qardaşları”) obrazlarını yaradarkən bu personajların təməl cəhətlərini Dostoyevski hələ “Ölü evdən qeydlər” əsərində, Alevin (Əlinin) surətində qələmə alıb.

 

 Pravoslav bayramında sərxoşluğu təsvir edən Dostoyevski vurğulayır ki, qafqazlılar bütün bunlara maraqla yanaşı ikrah hissiylə baxırdılar. Qafqaz türklərindən biri isə elə hey deyirdi: “Yaman, yaman, ux, yaman” - Dostoyevski məhz bu sözü yazır. - Allahın qəzəbinə tuş gələcəklər”.

 

Sovetləşmənin ilk günlərindən Azərbaycanda hər hansı müqavimət ocağını amansızcasına yerlə-yeksan edirdilər, hətta ən kiçik silahlı dəstələri də bandit adlandıraraq məhkəməsiz, istintaqsız güllələyirdilər. Az-çox qabiliyyyəti olan kəndlilər qolçomaq adıyla məhv edilirdi. “Azərbaycan və eləcə də Qafqaz şəraitində qolçomağın bir sinif kimi məhv edilməsi əhalinin başlıca kütləsinin ucdantutma qırılmasından başqa bir şey deyildi”(M.Ə.Rəsulzadə).

 

İngilis yazıçısı Corc Oruelin “1984” romanı antitotalitar nəsrin ən maraqolı örnəklərindəndir. Roman 1948-ci ildə yazılıb,müəllif son iki rəqəmi tərsinə çevirərək gələcəkdə ola biləcək dəhşətləri təsvir edir. Bu əsərdə məni hər şeydən öncə çox dərin və dəqiq bir müşahidə valeh edir. Romandakı repressiya qurbanı son nəhayətdə “Böyük qardaşı” - onu acımasız təqib edən Diktatoru - sevməyə başlayır. Görəsən Oruel Sovet həbsxanalarında bir çoxlarının (özəlliklə də kommunistlərin) edam öncəsi “Yaşasın yoldaş Stalin!” deyə bağırdıqlarından xəbərdar idimi? Axı, qurbanların bir çoxu belə zənn edirdi ki, bütün bu müdhiş qanunsuzluqlar böyük rəhbərin xəbəri olmadan edilir. Bizim günlərdə açılmış saysız-hesabsız sənədlər əsasında Stalin rejiminin inanılmaz qəddarlığı və bütün bu qanunsuzluqların onun şəxsi iştirakı, razılığıyla və tapşırığıyla baş verdiyi məlum olandan sonra, əhalinin böyük bir hissəsi Stalini hələ də Rusiyanın Siması hesab edir, “yeni Stalini” ya ona bənzərini arzulayır ki, gəlib bu “bezpredeldə” nizam-intizam yaratsın, yəni az qala xalqın yarısını qırsın. Hər kəs də elə zənn edir ki, onun şəxsən kin bəslədiyi, ya həsəd çəkdiyi, nifrət, paxıllıq etdiyi adamlar cəzalandırılacaq, özünə isə heç kim gözün üstə qaşın var deməyəcək. Bu isə bütün zamanların ən acı aldanışıdır.

 

Stalin dövrünün görünməmiş cinayətləri haqqında Soljenitsının “QULAQ takım adaları”(”Arxipelaq QULAQ”),Varlam Şalamovun “Kolıma hekayələri”, Sürgündə həlak olmuş şair Osip Mandelştamın dul qalmış arvadı Nina Mandelştamın memuarları, Ginzburqun (yazıçı Vasili Aksyonovun anası) “Sərt marşrut”u, ingilis yazıçısı R.Konkvistin “Böyük terror” və onlarca başqa sənədli mətnlər yayımlanandan sonra da tarixin ən zülmkar diktatoruna bəraət qazandıranlar az deyil.

 

Stalin mifi neçə-neçə nəslin şüuruna çox dərin şəkildə nüfuz edib. Bəlkə də Stalin ölkənin çoxmilyonlu əhalisini öz iradəsinə tabe etdirən, onları bihuş edən sehrbaz, hipnozçu imiş. Hipnoz bu gün də davam edir. Mən Stalini tarixdə həm də ən gec ölən və ola bilsin, ümumiyyətlə heç vaxt ölməyən tiran adlandırardım.

 

Şəxsən məni ən çox əzablara məhkum olunmuş günnahsız uşaqların taleyi həyəcanlandırır. Osvensimi ziyarət edərkən məni bir vitrinə yığılmış, üst-üstə qalanıb tillə vurmuş uşaq ayaqqabıları - məhv edilmiş uşaqların çəkmələri sarsıtdı. “QULAQ takim adalarında” hansısa xırda bir xətasına görə gecə vaxtı barakdan çölə atılan, şaxtadan, soyuqdan donan yeniyetmə qızcığazın: “dayıcan, mən bir də belə iş tutmaram, məni içəri buraxın” - deyə gözətçi-cəllada yalvardığını oxuyanda adamın tükü biz-biz olur. Soljenitsın deyir: mən bu an qərar verdim, hökman sağ qalmalıyam, yaşamalıyam ki, o qızın müsibətindən yazım.

 

 Nəsiman Yaqublunun kitabından da bir məktubu gətirmək istəyirəm. Bu məktubu ağlasığmaz işgəncələrə məruz qalandan sonra güllələnmiş Ruhulla Axundovun 14 yaşlı oğlu Fərid dayələri Aleksandra Dmitrievnaya yazıb:

 

 “İstəkli Şuracan. Bu sənə yazdığım ikinci məktubdur. Biz Nelya ilə (Fəridin bacısı) NKVD-nin uşaq evində yaşayırıq. Burada yaşamaq çox çətindir, bayıra buraxmırlar və oxumağa məktəb də yoxdur. Bütün günü sizi, bizim evi, məktəbi, öz doğmalarımı düşünürəm. Adamların yanında ağlamıram, amma içimdə həmişə ağlayıram. Şuracan, əzizim, Nelyanı da, məni də buradan götür. Qohumları, yaxınları çoxlarını gəlib aparır. Bizi götürmək istədiyini məktubla NKVD-yə - Korana yazmalısan. Və əgər o icazə verərsə gəlib bizi buradan götür. Çünki lap yaxın bir zamanda bizi buradan ayrı-ayrı uşaq evlərinə göndərəcəklər”.

 

Mən bu məktubu Nəsimanın kitabından 1997-ci il avqustun 31-də köçürmüşdüm ki, yazmaqda olduğum (və təəssüf, hələ də yazıb bitirmədiyim) xatirələr-düşüncələr kitabıma daxil edim. O zaman 60 yaşım vardı. Bu yaşa qədər çox şeylər görmüşdüm, ən yaxın və doğma insanlarımı itirmişdim. Mənə elə gəlirdi ki, emosiyalara qapılmamaqçün kifayət qədər bərkimişəm. Amma bu məktubu köçürəndə (onda mən hələ kompüterdə işləmirdim, qələmlə yazırdım) göz yaşlarımı saxlaya bilmirdim və onlar vərəqin üstündə mürəkkəbə qarışıb ləkə salıblar. İndi bu vərəqləri çevirdikcə o mürəkkəbə bulaşmış göz yaşlarımın izlərini görürəm...

 

REDAKSİYADAN: Martın 14-ü görkəmli ədibimiz Xalq yazıçısı Anarın doğum günüdür. Bu münasibətlə Anar müəllimi ürəkdən təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

ANAR

525-ci qəzet.- 2016.- 12 mart.- S.10-11