Natəvan Dəmirçioğlunun
nəsr dünyası
Natəvan Dəmirçioğlunun nəsrini,
demək olar ki, başdan ayağa oxudum və elə ilk sətirlərimdə deyim
ki, bu nəsr
nümunələri məni
əsl yazıçı
ilə görüşdürdü.
Natəvan xanım, əlbəttə,
ixtisasca jurnalistdir və bu jurnalist
xanımın öz “doğma” sahəsindəki
fəaliyyəti mənim
gözümün önündə
baş verməkdədir. Ona görə
“gözümün önündə”
ifadəsini belə cəsarətlə işlədirəm
ki, Natəvan xanım haçansa Universitetin Jurnalistika fakültəsində mənim
də tələbəm
olub. Və həm də
“gözümüzün önündən”
gəlib keçən
yüzlərlə tələbədən
biri kimi deyil, tələbəlik illərindəki xüsusi
istedadı ilə yaddaşımda qalan az-azlardan biri olub. Sonra Natəvan xanım
radiojurnalistikada əməlli-başlı
tanındı və
biz onu jurnalistikanın
bu sahəsi üzrə dərs demək üçün haçansa tələbəsi
olduğu fakültəyə
dəvət etdik.
Deməli, Natəvan xanım
elə indi də öz yaradıcılığı ilə
mənim gözümün
qabağındadır. Sonra mən bu xanımın
mətbuatda ara-sıra
bədii yazılarını,
2006-cı ildə nəşr
olunan “Birinci kitab”ını oxudum.
Sonra Natəvanın Amerikada çap olunan “Azərbaycan antologiyası”nda
iki əsərini gördüm və nəhayət, Moskvada çap olunan “Pervaya kniqa”sını rus dilində bir də oxudum.
Bütün bunlardan sonra Natəvan Dəmirçioğlunun adının
əvvəlinə “yazıçımı”,
“jurnalistmi” sözünü
ayrı-ayrılıqda yazmağın
nə dərəcədə
məqbul olacağını
düşündüm və
elə bu qərara gəldim ki, Natəvan Dəmirçioğlu yazıçı-jurnalistdir.
Natəvan Dəmirçioğlunun nəsr
dünyası çox
maraqlı obrazlarla zəngindir, onun povest və hekayələrindəki obrazların
bu qədər koloritli, gerçək həyata uyğunluğuna
görə, yəqin ki, Natəvan xanım ilk növbədə
jurnalistikaya borcludur. Dünya
təcrübəsindən görmüşük
ki, Q.Markes, V.Rasputin və s. kimi azman yazıçılar
bədii əsərlərindəki
gerçək həyata
yaxınlıqları ilə
jurnalistlik fəaliyyətinə
borclu olduqlarını
özləri etiraf etmişlər. Görünür, jurnalistika bu
sahədə fəaliyyət
göstərən peşəkarı
insanlara, gerçək
həyata daha çox yaxınlaşdırır
və belədə bədii ədəbiyyata keçid anı çox böyük səmərə verir.
Təsadüfi deyil ki, Natəvan xanım özü də müsahibələrindən birində
deyir ki, jurnalistika mənə insanları daha yaxından öyrənməyə
kömək edib.
Və yazıçının
“Səbət”, “Yetim”,
“Üç nöqtə”
kimi povestləri, “Dözüm”, “Kəlağayı”
kimi hekayələri onun öz müasirlərini,
şəhər və
kənd xarakterini necə dərindən tanıdığını sübut
edir.
Natəvan Dəmirçioğlunun nəsri
çox müasir ritmə malikdir. Təsadüfi deyil ki, öz
ixtisasına görə
dünya ədəbiyyatına
yaxından bələd
olan mərhum alimimiz Çərkəz Qurbanov Natəvan xanımın nəsrinin Avropa nəsrinə çox bənzədiyini qeyd edir. Qələminə, elminə
çox inandığımız
Nizami Cəfərov onu “fəlsəfi təfəkkür sahibi”,
“çevik təfəkkürlü
yazıçı” kimi,
professor Aqşin Babayev
onun istedadını
“Allah vergisi”, ciddi ədəbiyyatşünas alim,
mərhum Arif Əmrahoğlu “yazıçılığa
iddiaçı”, istedadlı
tənqidçi və
ədəbiyyatşünas alim Nizaməddin Şəmsizadə “milli müəyyənlik və
“psixoloji dərinlik” sənətkarı kimi qiymətləndirir.
Natəvan xanımın nəsri
haqqında çox maraqlı bir yazının müəllifi
Rüstəm Kamalın
bu məqalədəki
bir çox fikirləri, o cümlədən,
“məni Natəvan Dəmirçioğlu adlı
bir yazıçı
xanımın epik təcrübəsini bölüşdürmək
qabiliyyəti və təhkiyə söyləmək
sənəti cəlb etdi” kimi ciddi
bir təhlil vəd edən elmi cümləsindəki həqiqət mənə də çox doğma oldu. Doğrusu, məni də Natəvan xanımın oxucunu özünə çəkən təhkiyə
üslubu daha çox maraqlandırdı.
Bəlkə elə bu təhkiyə üslubunun cəzb etməsindəndir
ki, Türkiyədə
də marağa səbəb olan bu nəsrin bir nümunəsi (“Aveyin əfsanəsi”) Yasemin Bayerin hazırlayıb çap etdirdiyi “Hazar Kıyısında Yerle Gök” kitabında işıq üzü görmüşdür.
Natəvan xanımın nəsr
tematikası çoxçeşidlidir,
amma bu çoxçeşidlilikdə
həmin əsərləri
bir estetik ideal birləşdirir: hansı
şəraitdə olursan-ol,
hansı çətinliyə
düşürsən- düş,
sənin hər kəsə dayaq ola biləcək
bir milli keçmişin var, sənin üstündə
gəzdiyin, torpağının
altında əbədiyyətə
qovuşduğun bir vətənin var, səni böyütmüş
ətrafın, el-oban var - bütün bunlara heç vaxt xəyanət etmək olmaz. Natəvan xanımın bəzən
epiqraf, bəzən
final kimi müraciət
etdiyi əbədi sənətkar və əbədi sənət nümunələrindən sətirlər
onun özünün yaradıcılıq kredosunu
müəyyənləşdirən amilə çevrilir.
Yazıçı adi bir səbət anlayışını insanı girdablara aparan, təmənnalı pay-pürüşü təmənnalı ötürən bir vasitə kimi obrazlaşdırır. Tənqidçilərin dəqiq qeyd etdikləri kimi, Natəvan xanımın obrazlarının nadir hallarda konkret adı olur. “Səbət”dəki “İşgüzar adam” da, bu adamın təmənna ilə ələ aldığı “Gözəlim”də belə obrazlardır. Bu üslub yazıçıya obrazları daha maraqlı ümumiləşdirmək imkanı verir. İşgüzar adam yeri gələndə nə qədər “şəfqətli”, sevgisində nə qədər səmimi olsa da, “Gözəlim” onun qeyri-qanuni, milli düşüncənin qəbul etmədiyi xəttin sevgisidir. Onun evinə bu səbətlə tez-tez bazarlıq gətirənə haçansa bəlkə elə o “bazarlığa” görə “könül” vermiş bu qadın bir gün elə bil yuxudan ayılır və İşgüzar adamın - yəni pullu adamın “sevgisindən” cana doyur və tənha ölə biləcəyindən qorxaraq maraqlı fikirlər söyləyir, ölümdən, həyatın sonundan danışır: “O ölümdən ki, üstümə gələ bilməyəcəksən” - bunu səbət sahibinə - İşgüzar adama deyir - “Bazarları səbət-səbət evimə daşısan da, ən gözəl geyimləri mənə geyindirsən də ölümə sahib dura bilməzsən”. Çünki “gül kimi ailən, evdə xanımın, uşaqların, qohumların, o cür iş yerin, adın-sanın. Gör səni nə qədər adam tanıyır! Axı mən öləndə necə yiyəlik edə bilərsən mənə?” Bu anda milli qaydaların qəbul etmədiyi “məhəbbətin” faciəsi çıxır ortaya və müəllif haçansa öz ləyaqətini qoruya bilməmiş bir qadının iztirablarını aydın ifadə edə bilir.
Povestin lap əvvəlindəki bu dialoq əsərin maraqlı kolliziyalar vəd etməsini ortaya qoyur və biz sonda həqiqətən də oxucuda qəribə duyğular yaradan bir əsərlə üz-üzə qalırıq. Üz-üzə qaldığımız o duyğular sistemində əvvəllər hər şeyi- “gül kimi ailəsi, evdə xanımı, uşaqları, o cür iş yeri, adı-sanı” olan bir kəsin həyatında saya salmadığı xətalarına görə çox şeyi, ən əsası isə öz doğmalarının, hətta oğlunun belə inamını qırmış bir kəsin peşimançılıq hissi əsərin estetik idealı kimi maraqlıdır...
Natəvan xanımın aydın təhkiyəsi, oxucunu çəkib aparan nəsr üslubu var: “Açıq darvazadan içəri girdi. Bir doğmalıq duydu. Gərək belə olmayaydı. Amma belə oldu. Yazağzıydı deyə, xırdaca otlar göyərmişdi. Torpaq və ot ətri vurdu onu. Allah, Allah, burda necə də hər şey doğmaydı. Uzaq-uzaq keçmişləri yada saldı. Bir tərəfdə araba təkəri atılıb qalmışdı, qoyun-quzu bir-birinə qarışmasın deyə xalxal kəsilmişdi quzulara. Ocağın üstündə mis qazanda su buxarlanırdı, ağsaqqal bir kişi ağac kötüyünün üstündə oturub təsbehini dizinə keçirmişdi, bir az aralıda xoruz toyuqları başına yığıb eşələnirdi. Axşam tərəfinin alatoranı bu sakit həyətə daha bir sakitlik ələmişdi”. Natəvan xanımın “Yetim” povestindən bir abzasdır və bu bir abzasda tipik kənd həyatının sakit ahəngli bir peyzajı təsvir olunub. Əsl rəsm əsəridir və bu rəsm əsərinin tam görüntüsü kəndə bələd adamın nostalji hisslərini ifadə edir. Povest yazıçı remarkalarının, monoloqlarının baş verdiyi yerdə beləcə səmimi, aydın məqamları ilə oxucunu dialoqlara, obrazın ovqatını duymağa yönələn səhnələrə dəvət edir. Bu dialoqlarda, bu səhnələrdə isə ömrü ziqzaqlardan keçmiş, yetimlikdən nəinki özünü toplamış, hətta bir çoxlarına nisbətən taleyinə sahib çıxmış adamın həyatının təqdimi var.
Və yəqin ki, bədii əsərin ən böyük gücü onun ümumiləşdirmə bacarığındadır. Yaratdığın obraz, bu obraz ətrafındakı hadisələrin təsviri oxucuya - bütün səviyyələrdəki oxucuya da doğma olmalıdır. N.Dəmirçioğlunun “Yetim” povestindəki əsas obraz kənddən-şəhərə, şəhərdən kəndə uzanan uzun bir yolun yolçusudur. Ancaq bu uzun yolun əsas ömür faktları kəndlə bağlıdır. Mən inanıram ki, daha çox kəndə bağlı olan bu süjetdəki bütün hadisələr hamıya - eləcə də birbaşa şəhər mühitinə bağlı oxucuya da doğmadır. Çünki daha çox kənd həyatına bağlı bu povest elə həmin o lokal kənd həyatında bütöv bir millətin, bütöv bir xalqın milli xarakterini yaratmışdır. Bu xarakterin özü də lokaldır, ancaq bu lokallıqda magik faktlar silsiləsi var, real həyatın diktə etdiyi həqiqət yönləri var. Qana-qan olarmı, olmazmı? Hələ xalqın milli şüurundan tam silinməmiş bu suala birmənalı cavabın - “yox” cavabının yoxluğu dünyanı savadla, ziyalı düşüncəsi ilə dərk edən insanı narahat edir. Dünyanı elmin, savadın, ziyalı düşüncəsinin şüurlu məqamları ilə dərk edən bir adam bir vaxtlar hələ anasının bətnində olarkən atasının kiminsə tərəfindən qətlə yetirildiyini və elə bu səbəbdən də yetim böyüdüyünü heç vaxt unutmayan bir kəs yaşlanandan sonra yenidən kəndə qayıtmaq, ata yurdunu nizama salmaq istəyir. Belə bir anda altmış il müddətində atasını öldürmüş düşmənin sirr qalmış adını az qala öyrənə bilər. Amma bunun faydasızlığını anlayır, kənd qohumlarının bəzilərinin onu qan intiqamına səsləməsini də pisləyir və şayiələrə meylli kənd adamları öz əcəli ilə dünyasını dəyişmiş qocanın ölümündə onun əli olduğu gümanına qədər irəli gedirlər. Ancaq “Yetim” təmiz vicdanlı, təmiz gümanlı bir insandır və o öz əməlləri ilə oxucuda rəğbət yaradır. Elə bu hadisələr və şayiələr fonunda povestin milli dəyərlər sisteminə münasibətdəki səhifələri insanı öz ömrünü vicdanın səsi ilə başa vurmağa dəvət edir.
... Və bir də kənddən çıxıb neçə illərdən sonra kəndə qayıdan “Yetim”in doğma həyətə ayaq basdığı səhnənin bədii təsviri sənətkar bir yazıçının qələm məhsulu kimi oxucunu nostalji hisslərə yönəldir: “Bu gün köksünün altında gəzdirdiyi, bağrının başında yaraya dönən suala cavab almalıydı. O məqsədlə açıq qapıdan içəri girmişdi. Axşamın alatoranında burnuna dəyən torpaq və ot ətri çaşdırmışdı onu. Bir də ona tanış lövhələr uzaq-uzaq keçmişləri yadına salmışdı. Ömrünün bəzi anları yaddaşında yenidən yaşanmışdı”... Bu sayaq təsvirlər təkcə “Yetim”də deyil, Natəvan xanımın bütün nəsrində özünü göstərməkdədir. “Üç nöqtə”də də, “Dözüm”də də, hətta yazıçının ilk əsəri olan “Avey əfsanəsi”ndə də belə səhifələr çoxdur.
Mən Natəvan xanımın nəsrini
çox maraqla oxudum və belə bir qənaətə
gəldim ki, Azərbaycanın nəsr
mühitində yeni bir
qadın yazıçı var və bu yazıçıya dərindən bələd
olan hər kəsin ondan
yeni əsərlər gözləməyə
haqqı var. Elə onlardan biri də
mən özüməm.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 12 mart.- S.14