Su sonası
(hekayə)
Şahidlərin dediklərinə görə,
həmin gecə birdən-birə dənizdə
qasırğa qopmuş,
şahə qalxan sular gəminin hündür dor ağacınacan çatmışdı. Halbuki əvvəl-əvvəl
sakit, sərin bir yay gecəsi
imiş, göydə mavi-ağımtıl buludların
arasından Ay nazlı-nazlı
boylanır, ulduzlar sayrışırmış.
Bunun ardınca
birdən-birə belə
güclü qasırğanın
qopması əsl möcüzə idi. Axı, sinoptiklər
də qasırğa gözlənilməsi haqqında
proqnoz verməmişdilər.
Dalğalar ağır
sərnişin gəmisini
top kimi atıb-tuturdu,
gah yuxarı qaldırır, gah da az qalırdı suyun dibinə endirsin. Kapitanın göstərişi ilə
matroslar lövbəri
aşağı salladılar
və gəmi dənizin ortasında dayanıb durdu. Bayaqdan bəri göyərtəyə
toplaşıb aylı-ulduzlu
gecədə şənlənən,
əylənən, deyib-gülən,
rəqs edən, hay-küyləri ləpələrin
şırıltısına qarışan sərnişinlər
qorxuya, təlaşa düşüb pərən-pərən
oldular, hamı həyəcanla öz kayutuna tələsdi.
Bu kruiz gəmisi
xüsusi sifarişlə
dənizə çıxmışdı. Neçə vaxtdan bəri idi ki, televiziyalarda,
efir dalğalarında,
internet saytlarında bu
turist gəzintisi ilə bağlı reklamlar, elanlar verilmişdi. Gəmiçilik
idarəsi yeni evlənənləri - xoşbəxt
cütlükləri hər
cür komfortu olan gəmidə on beş günlük
turist səfərinə
dəvət etmişdi.
Qiymətlər çox baha
olsa da, biletləri əldə etmək o qədər də asan deyildi.
Bu müşkül məsələni yoluna qoyanlar isə, nəhayət, dünən
günorta, elan edilən vaxtda yerli limandan yola düşmüşdülər.
Limanda xoşbəxt
cütlükləri yola
salanların sayı səyahətə çıxanlardan
xeyli çox idi. Axı, onları həm
oğlan, həm də qız tərəfdən xeyli qohum-qardaş yola salırdı. Qudalar da
hörmətdə, dövlətdə,
ad-sanda bir-birinə tən idilər.
Qadınlar limanda hay-küyün içində də fürsət tapıb, dedi-qodu edirdilər.
- Bir o yana
bax, qız oğlanın əlinə
su tökməyə də layiq deyil...
- deyə əndamlı
bir xanım qudasına toxunub bir cütlüyü nişan verdi.
Quda tez əlini dodaqlarına aparıb:
- S-s-s,- deyə canıyananlıq
etdi, -Heç bilirsən o kimin qızıdır?
- Kimin qızıdır ki? - Qadın dərhal səsini qısıb ehtiyatla xəbər aldı.
- Cənab...
"Cənab"ın qızının
ardınca lağ edən xanım nəzərlərini həmin
cütlükdən dərhal
elə cəld yayındırdı ki, sanki tamam başqa
tərəfə baxıb
o sözləri deyibmiş...
Qudasının qulağına tərəf
əyilən bir qadın baxışları
ilə ona başqa bir cütlüyü göstərib
kinayə ilə:
- Hayıf o cür gözəl-göyçək qızdan!
Oğlanın boyu heç çiyninə çatmır ki... Nə əcəb veriblər?
- Minnətləri olsun! Bəyənmədiyin o gödəkboy oğlanın
atasını tanımırsan?
Eşitdiyi xəbərdən qadının
rəngi qaçdı. Əlbəəl
də:
- ...Hə!... Xoşbəxt
olsunlar, xoşbəxt
olsunlar! - deyib
guya cani-dildən xeyir-dua verdi.
Özgədə nöqsan axtarıb eyib tapmaq qadınlar
üçün dünyanın
yazılmamış əbədi
qanunlarından biridir və bu tünlükdə,
dar macalda da öz şakərlərindən
qalmırdılar.
- Eh, elə yerində deyiblər ki, armudun yaxşısı meşədə çaqqala
qismət olar. Hayıf o qızdan... Lap yazığım gəldi...
- Ənlik-kirşanlı bir
xanım əda ilə dodaqlarını büzdü.
- Sus! Bir o tərəfə
bax!.. Oğlanın
atasıdır!..
Qadın qudasının göstərdiyi
tərəfə baxıb
kimi gördüsə,
səsini xırp kəsdi.
Ancaq o gün
limanda yola salınanlar arasında elə bir cütlük
də var idi ki, oğlanı
qıza, qızı oğlana yaraşdırmaqda
həmişə nöqsan
axtaran, şəbədə
qoşanlar da onlara heyran-heyran baxırdılar. Gəmi fit verib tərpənəndə
qudalar - kişilər
öz mühafizəçilərinin
arasında durub yola düşənlərə
təmkinlə əl yellədirdilər.
lll
Şahidlər sonradan danışırdılar
ki, qəfil qasırğa qopanda həmin cütlüklər
də göyərtədə
imişlər və kayutlarına çəkilənlər
arasında onlar da var imiş. Təəccüblü burası idi ki, hamının təlaş içində
olduğu bir vaxtda nədənsə cavan gəlin toxtaq, sakit, baş verənlərə
sanki laqeyd, biganə görünürmüş.
Halbuki təkcə sərnişinlər
- bu cütlüyü
tanıyanlar yox, gəmi heyəti də bir-birinə dəymişdi. Haçandan-haçana
bir də burası məlum oldu ki, cavan
ər-arvad kayuta keçəndən az sonra oğlan təzədən
göyərtəyə qayıdıbmış.
lll
Oğlan göyərtədə tək-tənha
idi. Şahə qalxmış soyuq
dalğalar onu islatsa da, vecinə
deyildi. Birdən-birə
hiss etdi ki, onu üşütmə tutur. Ancaq burasını
da elə bil qəfildən başa düşdü ki, bu üşütmə
nə soyuq havadan, nə də gəminin hər an sulara
qərq olmaq vahiməsindəndir. Əlini sinəsinə,
ürəyinə tərəf
aparıb yüngülcə
ovxaladı. Ürəyini ovxalaya-ovxalaya elə bil həm də
dodaqaltı nəsə
deyirdi. Birdən sanki nəsə
bir hənir duydu. Üşürgələnib sol tərəfə çevrildi. Yanında bir
qız durmuşdu və o qız qəmli-qəmli, incik-incik
ona baxırdı.
Hərənin öz kayutuna
çəkildiyi vaxtda
bu qız haradan peyda olmuşdu?
Orada - quruda istədiyi vaxt başına qırx incəbel pəri yığa bilərdi. "Dənizdə, gəmidə,
özü də belə bir qasırğalı
havada belə bir qızın zühuruna yalnız Neptunun gücü çatardı", - düşünüb
acı-acı gülümsədi.
Üşütməsi keçib getmişdi.
Bədəninə xoş bir istilik, hərarət yayılmışdı. Sanki
məst olmuşdu.
Yanındakı qıza bir də diqqətlə baxdı. Yox, tanımırdı onu. Suların hayqırtısı, küləyin vıyıltısı
daha da gücləndikcə
oğlana elə gəldi ki, hətta qızın dodaqaltı pıçıltılarını
belə eşidir.
Ancaq nə dediyini başa düşmürdü. Axır
ki, özünü ələ alıb o da dilləndi:
- Sən haradan gəlib çıxdın?
Özü də belə
havada?
- Mən uzadqa deyildim...
- Necə uzaqda deyildin? Limandan buraya necə
gəlib çıxa
bilərdin? Olmaya helikopterlə
gəlmisən? Axı bu
da mümkün deyil. Belə havada helikopterlər havaya qalxa bilməz
axı...
Qız susurdu. Oğlan qəfil
diksinən kimi oldu. Qaranlıq, vahiməli sulara
baxdı. Səsi
titrəyə-titrəyə tələm-tələsik:
- Olmaya?...Olmaya
sən su pərisisən?- deyə təngənəfəs soruşdu.
Qız bu dəfə başını köksünə
endirib:
- Yox, adımı tapa bilmədin, - dedi.
Oğlan
çaşqın-çaşqın:
- Yaxşı, bəs elə isə sən bu gəmiyə
necə gəldin, hardan zühur etdin? - deyə
təkidlə bir də xəbər aldı.- Heç olmasa adını bilsəydim...
Oğlan indiyə kimi oturub-durduğu, gəzib-dolaşdığı
qızları xatırlayıb
onların adlarını
yadına salmağa çalışdı.
...Toylarından bircə həftə keçib.
Anasının yalvar-yaxarı, ovcunun içindəymiş kimi axıtdığı göz
yaşları onu axır ki, yumşaldıb
yola gətirmiş, oğlan evlənməyə
razılıq vermişdi. Anasının yanında sevdiyi bir qızın adını çəkmiş,
atası isə tələm-tələsik qızın
atasının adını
xəbər almışdı.
Sonra da "yox, mən
bu adda kişi
tanımıram" deyə
qəzəb qarışıq
hökmlə başqa
bir kişinin qızının adını
çəkmişdi. Və...
Oğlan yanındakı qıza bir də zəndlə
baxdı. Elə bil kimə isə oxşatdı.
Və qız ona doğma
gəldiyindən ona sığınmaq istədi.
Qız utancaqlıqla cəld qırağa çəkildi.
- Su pərisisən ki, su pərisisən... Özüsən ki, var,- deyə
bu dəfə qətiyyətlə dilləndi
oğlan.
Qızın dodaqları qaçdı.
- Yox, yox - dedi,
- amma... Qız sözünü tamamlamadı.
Bu an nəyisə xatırlayan oğlanın təsirli səsi qasırğanın
uğultusuna qarışdı:
- Sonaaa...
Ancaq qız oğlanın səsini eşitmədi. Qəfil peyda olduğu kimi, birdən də qeyb olmuşdu
qız...
Qasırğa səngimiş, sular da ipə-sapa yatıb sakitləşmişdi. Matroslar lövbəri qaldırmışdılar...
lll
Neçə vaxtdan bəri uzun gecələri bir hovur da çimir alıb yata bilməyən, səhəri dirigözlü açan ahıl kişi yenə də rahat yerinin içində, yorğan-döşəkdə o üz-bu üzə çevrilirdi. Axır ki, tənbəllik etməyib yerindən qalxdı. Gecə lampasının zəif işığında dolabdan kağız-qələm çıxartdı. Sanki kağıza köçürdüklərini dodaqaltı kiməsə pıçıldayırdı:
Yaman düşürsən yadıma -
Adını çəkəndə dilim daha titrəməsə də...
Udqunub boğazım qəhərdən
göynəməsə də...
Gələn yaz dumanı
gözlərimə toran çəkməsə də...
Yaman düşürsən yadıma -
Oyaq qaldığım gecələrdə...
Yuxularıma da girirsən ,
Hərdən, gah da tez-tez.
Nə gizlədim, mürgü vuranda belə...
Ay aman, nəvəmdir ağlayıb,
Məni
yuxudan oyadan elə...
...Gərək bu vərəqləri də ya gizlədəm,
Ya da cırıb atım bir yana.
Yoxsa acıq gedər uşaqların anasına...
Aydın Tağıyev
525-ci qəzet.- 2016.- 15 mart.-S.8.