Şəhid xatirəsinə layiqli ithaf
BƏSTƏKAR OQTAY RƏCƏBOVUN "ÇİNGİZ" SİMFONİYA-REKVİYEMİ HAQQINDA QEYDLƏR
Azərbaycan müstəqillik qazandıqdan
sonra milli musiqidə ölkəmizin
tarixini, o cümlədən,
müasir dövrlə
bağlı mövzuları
əks etdirən bir sıra əsərlər
yaranıb.
Müxtəlif janrlarda olan bu əsərlər musiqi tariximizin yeni, qəhrəmanlıqla
bağlı səhifəsini
açaraq, onu maraqlı nümunələrlə
zənginləşdirib. Belə əsərlərdən
biri də bəstəkar Oqtay Rəcəbovun "Çingiz"
simfoniya-rekviyemidir. Əslində, onun məhz O.Rəcəbov tərəfindən
yazılması heç
də təsadüfi sayılmamalıdır. Bəstəkar musiqinin fərqli janrlarında çoxlu sayda əsərlərin müəllifi kimi tanınır. Onların sırasında
6 simfoniya, simfonik poema, bir neçə
uşaq operası, operettalar, 20-dən çox
kinofilmə musiqi, mahnılar, xor üçün, kamera-instrumental
və kamera-vokal, digər əsərlər
də var.
Janr rəngarəngliyinə
baxmayaraq, bu əsərləri birləşdirən
əsas xüsusiyyətlərdən
biri bəstəkarın
ifadəli, son dərəcə
melodik musiqi dili, əsərlərin məntiqli, şəffaf kompozisiyasıdır. Hər bir peşəkar
bəstəkar kimi, O.Rəcəbovun da musiqi üslubu səciyyəvi cəhətləri
ilə diqqəti cəlb edir. Onun musiqisində dinləyicini
cəlb edən müəllifin səmimiliyi,
onun yaratdığı
əsərlərin dinləyicilərin
qəlbinə asanlıqla
yol tapmasıdır.
Lakin bəstəkarın
yaradıcılığında adı çəkilən
simfoniya-rekviyem bu sahədə yazılan ilk
nümunə olmuşdur. Zənnimizcə, mövzunun seçilməsinin
özü bəstəkarın
vətəndaşlıq mövqeyindən
xəbər verir.
Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin peşəkar fəaliyyəti məhz ölkəmizin müstəqillik
uğrunda mübarizə
apardığı və
ona nail olduğu illərə təsadüf
etmiş və ilk növbədə Xocalı
faciəsinin dünyaya
çatdırılması ilə birbaşa əlaqədardır. Tale belə gətirdi ki, Xocalı qətliamının təfərrüatlarını
biz məhz Çingizin
kamerasının gözü
ilə görmüş
olduq. Bütün bu məqamlar
əsərin məzmununda
bilavasitə öz əksini tapır. İlk dəfədir ki, jurnalist peşəsinin nümayəndəsi bu janrda yazılan əsərin baş qəhrəmanına çevrilir.
Çingiz Mustafayevin peşə fəaliyyəti, Vətənə,
xalqına layiqli övlad kimi həyatını yaşaması
bütün xalqa məlum olsa da, onun şərəfli
ömrünün musiqidə
həkk edilməsi, şübhəsiz ki, musiqi ictimaiyyətinin diqqətini cəlb etməyə bilməzdi.
8 hissədən ibarət
simfoniya-rekviyem yazıçı-dramaturq,
şair Aqşın Babayevin şeirlərinə
bəstələnmişdir.
Qeyd etmək lazımdır
ki, bu janr
spesifik xüsusiyyətləri
ilə seçilərək,
əsas etibarilə həlak olmuş qəhrəmanların xatirəsinə
həsr edilir. Əsərin maraqlı quruluşu onun hissələrinin dramaturji
düzülüşünə nəzər saldıqda bəlli olur:
1. "Xocalı od içində"
2. "Xocalıya gedirəm"
3.
"Bu, Çingizin həvəsidir"
4. "Çingizin anası, atası və Çingiz"
5. "Karvan gəlir, karvan gedir"
6. "Ağlama, xalqım, ağlama"
7. "Ümumxalq hüzn günü(xoral)"
8. "Vətən övladı Çingiz"
Burada iti templi, hərəkətli hissələr asta, daha aramlı musiqiyə malik bölmələrlə növbələşir
ki, bu əsərin
bütöv bir tam kimi qavranılmasına qətiyyən xələl
gətirməyərək əksinə,
dinamikanı qüvvətləndirir. Uğurlu
süjet xətti, Xocalı hadisələrindən
Çingizin qəhrəmancasına,
ön cəbhədə həlak olmasınadək, onun əsl Milli Qəhrəman kimi dövlətimiz və xalqımız tərəfindən
qiymətləndirilməsinədək uzanan inkişaf xətti simfoniya-rekviyemin musiqi təcəssümünə
də öz təsirini göstərir.
Belə ki, əsər xor, solistlər, qiraətçi və simfonik orkestr üçün yazılmışdır.
Bəstəkar hər hissənin
musiqi məzmunundan asılı olaraq, solo vokal və xor
səslənmələrindən fərqli şəkildə
istifadə edir. Məsələn, I hissənin əvvəlində
Humayun muğamının
sədaları altında
qiraətçinin şeiri
səslənir, daha sonra bilavasitə orkestr ifasına başlanılır. Xor
I hissənin ortasından
ifaya qoşularaq, 7 hecalı misralar, "vay", "hey" tipli nidalarla xalq danışıq dilinə
olduqca yaxın ifadələr yaradır:
Dərd
gəldi beldən oldu,
Qan düşdü, yeldən
oldu,
Oğul
hey, hey, hey
Vay düşdü sarayıma,
El gəldi harayıma,
Oğul,
hey...
Xocalıda 26 fevralda baş vermiş dinc əhalinin amansızcasına
qırğınının musiqi dili ilə
təsviri, gərginliyin
ilk hissənin əvvəlindən
sonunadək yüksələn
xətlə getməsi
faciənin real mənzərəsini
canlandırır.
"Xocalıya gedirəm"
adlanan II hissədə
Çingiz Mustafayev obrazını canlandırmaq
üçün O.Rəcəbov
xorla yanaşı, solistin ifasına da müraciət edir. Bu hissənin işıqlı rast lad-məqamına əsaslanması
qəhrəmanın obrazının
daha da mükəmməlləşdirən
cəhətlərdəndir. "Bu Çingizin nəfəsidir,
dinləyin" sərlövhəli
III hissədə sanki
doğrudan da Xocalıda baş verən dəhşətli
səhnələri lentə
alan cəsur
jurnalistin nəfəsini
duyuruq. Musiqi vasitəsilə onun
ağır addımları,
keçirdiyi həyəcan
dolu anlar canlanır.
Simfoniya-rekviyemin lirik əhval-ruhiyyəsi
IV hissəsində Milli
Qəhrəmanın valideynləri
ilə səhnəsi təsvir edilir. Bəstəkarın dəst-xəttinə xas xəfif qüssə, lirik duyğuların incə boyalarla ifadəsi bu hissədə dolğun təcəssümünü tapır.
Müharibənin amansız
səhnələrinin təsvirinə
bir anlığa ara verilsə
də, daxili dramatizm bu hissədə
də duyulur.
Əsərin V hissəsi - "Karvan gəlir, karvan gedir..." fəlsəfi məzmuna malikdir. Burada bəstəkar
həyatda hər şeyin keçici olduğunu, yalnız tanrı və Vətənin əbədi
dəyərlərə malik
olduğunu ön plana çəkir. Xorun ifasında səslənən şeir
misraları mövzunun
ümumiləşdirilməsi kimi qavranılır:
Karvan gəlir, karvan gedir,
Ömür bir göz qırpımıdır.
Qalan olmur bu dünyada,
İnsan gəlir, insan gedir.
Asta templi, həzin musiqi dinləyicini düşüncələrə
qərq edir. Bəstəkar əsərin əvvəlində
duyulan gərginlik anlarını bir növ təmkinli ovqatla tarazlaşdırmağa
çalışır.
VI hissə - "Ağlama
xalqım, ağlama"
yenidən hərəkətli,
emosional melodik məzmunu ilə cəlb edir. Müxtəlif muğam səslənmələri
("Rast", "Çahargah")
burada üzvi surətdə birləşərək,
vəhdət əmələ
gətirir. VII hissəni müəllif
"Ümumxalq hüznü
(xoral)" adlandırmışdır.
Burada o Azərbaycan muğamları
arasında ən kədərli, hüznlü
səslənməsi ilə
seçilən "Humayun"
muğamına yenidən
qayıdaraq (xatırladaq
ki, İ hissə məhz bu muğamın
səslənməsi ilə
açılırdı), ondan
bir fraqment də təqdim edir. İngilis sümsüsünün solosu bu bölümü
tamamlayaraq "Vətən
övladı Çingiz"
sərlövhəli son hissəyə
məntiqi keçid yaradır.
Dinamik, enerjili
VIII hissə simfoniya-rekviyemə
layiqli yekun vurur. Şəhidlik zirvəsinə ucalan
Milli Qəhrəman Çingiz Mustafayevin obrazı bütün əsər boyu dramaturji inkişafda, mərhələli şəkildə
açılır. Zənnimizcə
"Şəhid ruhu hər vaxt, hər an əbədidir"
sözlərini bu hissənin və ümumilikdə, bütün
Simfoniya-rekviyemin epiqrafı
hesab etmək olar.
Bəstəkar bu əsərdə Azərbaycan muğamlarından
bir neçəsinə
müraciət edir. Onlardan xüsusilə
"Humayun"u qeyd etmək istərdik. Simfoniya-rekviyem bu muğamın
sədalarıyla başlayır,
son hissələrdə də
həmin muğamın
intonasiyalarının qayıtması
hüzn, dərin kədər hisslərinin təsir qüvvəsini daha da gücləndirir.
Əsərin ədəbi mətninin də müsbət məziyyətlərini göstərmək istərdik. Təcrübəli ədəbiyyatçı olan Aqşin Babayev, zənnimizcə mətni məqsədyönlü şəkildə xalq danışıq dilinə yaxın tərzdə yazaraq, hekayətin məhz xalqın dilindən söyləndiyini vurğulamağı qarşısında vəzifə kimi qoyaraq, buna uğurla nail olur. Bəstəkar-şair tandemi burada musiqi ilə poeziyanın vəhdətinə gətirib çıxarır ki, bu da son nəticədə, yalmız ümumi təəssüratın gücünün daha da artmasına gətirib çıxarır.
Aydın, anlaşıqlı musiqi dili, təmkinli emosionallıq - rekviyemin musiqisində bu ifadə üsulları dinləyiciyə daha çox təsir göstərir. Bütün bunlar əsərin məzmunundan irəli gələrək, onun qavranılmasına birbaşa təsir göstərir.
"Çingiz" Simfoniya-rekviyeminin premyerası Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyi ərəfəsində keçirilən festivalda baş tutdu. Burada əsərin üç hissəsi ifa edildi. Bütövlükdə isə Simfoniya-rekviyem 2011-ci ildə, bəstəkar Oqtay Rəcəbovun 70 illik yubileyinə həsr edilmiş təntənəli gecədə musiqisevərlərə çatdırılmışdır. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrin, qiraətçi Azad Şükürov, solistlər Səbinə Əsədova, Ələhməd İbrahimov və Tural Ağasiyev, dirijor Azad Əliyevin təqdimatında əsər dinləyicilər tərəfindən hərarətlə qarşılanmışdır. Əsərdə verilən muğam parçaları tarzən, Azərbaycanın Xalq artisti Ramiz Quliyev tərəfindən səsləndirilmişdir.
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azad olunması naminə canından keçmiş bütün şəhidlərimiz daim yaradıcı ziyalıların diqqət mərkəzindədir. Təqdirəlayiq haldır ki, bəstəkar O.Rəcəbov öz yaradıcılığında belə aktual və lazımlı mövzuya toxunaraq, onu məhz simfoniya-rekviyem janrında təcəssüm etmişdir. Şübhə etmirik ki, belə əsərlər bundan sonra da yaranacaq, yaradıcı ziyalılarımız vətənpərvərlik mövzusunu daim diqqətdə saxlayacaqlar.
Ceyran MAHMUDOVA
Sənətşünaslıq üzrə elmlər doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru
525-ci qəzet.- 2016.- 15 mart.-S.8.