Sözün qədrini bilən şair
Söz İlahidən
gələn ilkin və əbədi varlıqdır. Sözün xiridarı isə
şairlərdir. Şairlər sözü həm göylərə qaldıra
bilər, həm də yerə endirib cılızlaşdıra
bilərlər. Ona
görə Sözə
ehtiyatla yanaşmaq, onunla hörmətlə davranmaq gərəkdir.
Poeziya kəhkəşanın
zirvəsində söz
yox ki, əsl
söz sahibləri, hər misrada böyük hikmətlər
yaradan dahilər dayanır. Şübhəsiz ki, klassik yazıçılarımız, xalqın sevimlisinə çevrilmiş ustad nasirlərimiz də onlarla bir sıradadır.
Səmimi olaraq etiraf etməliyik ki, belə dahilərimizlə
yanaşı, ədəbi
aləmdə şəhərdə
yazıb-yaradanlarla bərabər
bölgələrdə də
yetərincə istedadlı
şair və yazıçılarımız da vardır. Cəlilabad rayonunun Alar kəndində yaşayan, yazıb-yaradan belə şairlərdən biri də Ələddin Əzimlidir. Onun poeziyamızın
müxtəlif janr və üslubunda yazdığı şeirləri
həyatımızın bütün
sahələrini əhatə
edir. Şairin qələmə aldığı şeirlərin
əsas mövzusunu vətənpərvərlik, el-obaya,
doğma torpağa bağlılıq, vətən
təəssübkeşliyi, ata-ana məhəbbəti,
dostluq, sevgi və sədaqət, təbiətə vurğunluq,
inam və etibar təşkil edir.
Ələddin müəllimin bu yaxınlarda "UniPrint"
nəşriyyatı tərəfindən
"Sən" adlı
şeirlər toplusu kitabı işıq üzü görüb. Şairin
ilk şeirlər kitabı "Yarımçıq
yuxular" 2004-cü ildə
nəşr olunub. Bu kitabda şairin "Pəncərə
arxasında düşüncələr",
"Günəş və
torpaq", "Gecə,
düşüncələr...", "Yarpaq ölümü",
"Yağışlı, küləkli günlərdə",
"Kəhər at", "Qəriblik", "Yaşantı",
"Uzun qış gecələrində", "Mavi
dəniz", "Şəhidlərin
ruhuna", "Yaşıl
ada", "Bağışlayın
günahımızı" və s. şeirləri yer almışdır. Mən şair dostumun hər iki kitabı barədə nə vaxtsa fikir və düşüncələrimi
oxucularla paylaşmaq qərarındaydım. Düzü, indiki zamanda
söz adamı haqqında yazmaq insandan cəsarət tələb edir. Bu baxımdan mən
bu yazımı şair dostum haqqında bir tənqidçi kimi deyil, bir oxucu
kimi qələmə aldım. Çünki
inamla deyə bilərəm ki,bu
gün həm ədəbiyyatımız, həm
də ədəbi tənqidimiz günü-gündən
zənginləşir, inkişaf
edir. Amma bəzən, "bu gün əsl
ədəbiyyat yoxdur"
deyənlər də tapılır. Mən isə
bu fikirlə razılaşmıram. Bu gün respublikamızda yetərincə həm gənc nəsil, həm orta nəsil,
həm də yaşlı nəsil yazıb-yaratdığı əsərlərində
günün tələblərinə
layiqincə cavab verə bilən ədəbiyyat nümunələrini
ortaya qoya bilmişlər. İnciklik olmasın
deyə, burada kimlərinsə adlarını
sadalamaq istəmirəm.
Sadəcə, demək istədiyim
odur ki, bu günün ədəbi mühitinə,
ədəbi yaradıcılığına
qısqanclıqla yanaşmaq
lazım deyil.
Şair Ələddin Əzimli böyük Sözə həmişə önəm,
dəyər verir, onun qədrini bilir. Bir dəfə şair dostumla söhbətində o, dedi:
"Qardaş, bəzən
mən sözün əsiri oluram, ondan heç bir yana qaça
bilmirəm. Bəzən də SÖZ məni
ağrı-acılardan, yorğunluqdan,
yersiz düşüncələrdən
xilas edir". O,
sözə ehtiyatla yanaşır, gözəl
sözlərin naşı
ağızlara düşməsini,
onun aşağılanmasını
istəmir, söz bazarında SÖZün dəyərini uca tutmağa çalışır.
"Söz" şeirində
dediyi kimi:
Bu söz
Hardan düşüb
Yol üstünə?
Tuş olacaq
Hər yetənin
daşına.
Şair
eyni zamanda SÖZün şəklini,
tablosunu çəkmək
istəyərək ona
necə dəyər verdiyini göstərməyə
çalışır:
Sözdən şəkil çəkmək
istəyirəm
Üzümdəm şərab çəkilən
kimi...
Şair nakam sevginin ürək çırpıntılarını,
yuxusuz gecələrdə,
qaranlıq küçələrdə
axtarır. Həsrət dolu sevginin heç olmazsa yuxularına gəlməsini
istəyir. "Yarımçıq
yuxular"da olduğu
kimi:
Hər gecə yuxular tabsız sap kimi,
Dolaşır əlimə, ayaqlarıma.
Narahat duyğular döyür qəlbimi,
İnana
bilmirəm qulaqlarıma...
...Yuxular yarımçıq,
sevgi yarımçıq,
Yarımçıq nə varsa düşüb
payıma.
Həsrət heykəliyəm, ya
özün gəl çıx,
Ya da ki, bütöv gir yuxularıma.
Ələddin Əzimlinin "Sən"
adlı kitabında isə şairin son dövrlərdə qələmə
aldığı şeirlər
toplanıb. Şeirlərin əsas qayəsini
Vətən, sevgi, xeyirxahlıq, vətənpərvərlik,
insan səmimiyyəti,
təbiətə vurğunluq,
insan idealına sədaqət təşkil
edir. O, vətəni
sevməyin poetik ifadəsinin ən yüksək bədii inikasını təcəssüm edən
şairdir.
Bu gün hamımızın
ağrılı yeri olan Qarabağ dərdi də şairi bir vətəndaş kimi narahat edir, dərindən
düşündürür. O, babalarımızın
bizlərə əmanət
etdikləri və miras qoyduqları
torpaqlara sahib çıxa
bilmədiyimizi, yağı
düşmən tərəfindən
işğal olunmasını
özünə heç
cür bağışlaya
bilmir. Bu ağır
dərd şairi için-için göynədir,
yandırıb-yaxır. Və qələmini silaha çevirib Vətən övladlarını
düşmən üzərində
zəfər yürüşünə
səsləyir:
...Gedər düşmən bu yerlərdən əbədi,
Qarabağım bu gün qiblə,
Kəbədi.
Yüksələcək igidlərin məbədi,
Axan qanı
saxlamağa gəlmişəm.
Şair
dostumun iç dünyası sevgiylə, eşqlə, məhəbbətlə
doludur. O, sevginin əsiri olduğunu da "Sevgi"
adlı şeirində
gizlətmir:
Seçib məni bu sevgi,
Ürəyimdən çəkilmir.
Odur bolluq, bərəkət
Çörəyimdən çəkilmir.
Şairin qəlbi genişdir, xeyirxahdır, səmimidir. O, başqaları
kimi, nə insanlardan, nə də həyatdan heç zaman küsmür. Əksinə,
ruhdan düşdüyü
anlarda, qəlbi haqsız yerə incidildiyi hallarda qələmə
sarılaraq Sözün
ecazkar qüdrətinə
güvənərək ona
sığınır.
Ələddin müəllimin elə sətirləri var ki, onları həyəcansız oxumaq olmur. Sözlərin təsirindən içində
sanki bir ocaq qalanır və sən bu ocağın istisinə qızınırsan.
Yarpaqlar
yandırar məni
Kül olmuş
ocaqlar kimi.
Budaqdan üzüləndə,
Torpağa düzüləndə.
Şair
dostumun həzin notlar üzərində qələmə
aldığı, ürəkləri
oxşayan, qəlblərə
nüfuz edən məhəbbət motivli şeirləri gənclik duyğuları ilə yaşayan insanlarda kövrək hisslər aşılayır və xatirəyə dönmüş
günləri "Sənsizlik"
şeirində yenidən
yada salır.
Sosial qayğılardan xilas olmağa çalışan
şair bəzən,
"maddiyyat mənəvi
ehtiyacları üstələyəndə
mən sıxılıram,
mənən sarsılıram,
əbədiyaşar SÖZün
dəyərdən düşdüyünü
zənn edirəm. Məni ən çox da üzən SÖZü ucuz tutan, onun qədrini
və dəyərini bilməyən insanlarla eyni cəmiyyətdə çiyin-çiyinə yaşamağımdır"
deyə bədbinliyə
qapanır. Amma onun
yaşadığı cəmiyyətdə
həmişə sosial
ədalətsizliyə qarşı
mübariz olması onu bu bədbinlikdən
xilas edir.
Şair SÖZün ölümünü
ağır faciə kimi qarşılayır. "Sözün
ölümü" şeirindəki
dediyi kimi:
Bu sözü
Diriykən öldürdülər
Qəbrini qazdırdılar,
Adi qaydada
basdırdılar.
Soruşan olmadı
Səbəbini.
Sonra da
Ziyarətgaha çevirdilər qəbrini.
Ələddin Əzimli həm də elini-obasını, dədə-baba yurdunu dərin bir məhəbbətlə sevən
şairdir. O, babalarının
ilk məskən saldığı
Yardımlının Şahnişin
yaylağını dilə
gətirərək bir
daha babalarının xatirəsini hörmət və ehtiramla yad edir. "Şahnişinli Alı babam" şeirindəki kimi:
Babam Alı yurd salıb
Bu dağların döşündə.
Ömrünü başa vurub
Şah verən Şahnişində...
Nəsil
artıb, törəyib
Aşanda yurd səddini.
Babalarım saldılar
Burda Alar kən dini...
Ələddin müəllim hər hansı bir şeirini yazıb tamamladıqdan sonra rahatlanır və özündə qeyri-adi məmnunluq hissi yaşayır. Bundan sonra o, dərindən
köks ötürərək,
"ah, təbiət necə
də gözəldir.
Bu təbiəti gözəlləşdirən
hələ insanları
demirəm!.." deyən şairin qəlbinin necə geniş olduğunu, qəlbində kimsəyə
qarşı qətiyyən
kin-küdurət olmadığının
bariz nümunəsini göstərir.
SÖZü daim uca tutan, ona dəyər
verən, qədir-qiymətini
bilən və ona hər zaman
hörmətlə yanaşan
şair qardaşım Ələddin
Əzimliyə bundan sonra da yeni-yeni
yaradıcılıq uğurları
arzulayıram.
Camal ZEYNALOĞLU
525-ci qəzet.-
2016.- 15 mart.-S.7.