Həsən Mirzədən yadigar misralar
Yaxşı insan və düşündürən sənət,
ürəklərə yol tapan söz əbədidir, ölməzdir. Çünki
nəcib, xeyirxah insanlar əməlləri, qurub
yaratdıqları, nəsillərə qoyub getdikləri
töhfələrlə, işlərlə zaman-zaman yad edilir,
xatırlanır, nəsillərə bir örnək kimi
nümunə göstərilirlər.
Düşündürən
söz, sənət isə əsrlər boyu insanları
xeyirxahlığa, paklığa səsləyir, bəşər
övladını haqqın, ədalətin,
insanlığın yolunda birliyə, mübarizəyə səfərbər
edir, fikirləri, düşüncələri
saflaşdırır, ürəkləri xofdan, qorxudan,
çirkin niyyətlərdən təmizləyir, beyinləri
qüvvətləndirir, mənəviyyatları zənginləşdirir.
Yaxından tanıdığım, əqidəsinə, sədaqətinə,
amalına bələd olduğum Həsən Mirzəyevin bu
yaxşı insanların, sevilən sənətkarların
arasında öz yeri, öz ünvanı, öz dəsti-xətti
vardır.
Həsən
Mirzəyev tanınmış dilçi alim, ictimai xadim, millət
vəkili, sədaqətli vətəndaş kimi ölkə
ictimaiyyətinin böyük hörmətini qazanmaqla bərabər,
həm də Həsən Mirzə ünvanlı gözəl
şair, şifahi xalq yaradıcılığının
bilicisi, milli-mənəvi dəyərlərimizin daşıyıcısı
və təbliğatçısı idi.
Həsən müəllimin elmi fəaliyyəti, bir
dilçi alim kimi tədqiqat əsərləri, elmimizə,
folklorşünaslığa verdiyi töhfələr
haqqında çox yazılmışdır. Onun dəyərli
elmi əsərləri bir çox konfransların, tədbirlərin,
görüşlərin mövzusuna çevrilmişdir.
O, Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı kimi də daim
fərqlənmiş, ölkənin ictimai-siyasi həyatında
fəal iştirak etmiş, Heydər Əliyev siyasi məktəbinin
davamçısı və təbliğatçısı,
91-lərdən biri olaraq Ulu Öndərin silahdaşı kimi öz
ömrünü müstəqilliyimizin qorunub möhkəmləndirilməsinə,
Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsinə,
haqqın-ədalətin bərqərar olmasına sərf
etmişdir. Xidmətləri "Şöhrət"
ordeni ilə qiymətləndirilmişdir.
Həsən
Mirzəyev vətəninə, xalqına, torpağına
bağlı bir vətəndaş, ürəyi insanların
sevinci-kədəri ilə döyünən, sinəsində
böyük bir dünyanın-Zəngəzurun, Göycənin,
Təbrizin, Qarabağın, Dərələyəzin,
işğal olunan, bölünən torpaqlarımızın dərdlərini
yaşadan və anbaan bu dərdləri göyərdən, əzizləyən
əsl azərbaycanlı idi.
O,
yaxşı insan, səmimi dost, dəyərli məsləhətçi,
qayğıkeş, tələbkar müəllim, hörmətli
ağsaqqal olmaqla yalnız elmimizin deyil, həm də mənəviyyatımızın,
milliliyimizin professorlarından biri kimi tanınırdı. Sadəliyi, təbiiliyi ilə seçilən bu
insanın şəxsi keyfiyyətləri onun bədii
yaradıcılığının bir
güzgüsüdür. Dilçi-türkoloq
alim Həsən Mirzəyev - Həsən Mirzə həm də
istedadlı şair, qoşmalar ustası kimi məşhurdur.
Məni də çoxsahəli elmi, ictimai fəaliyyətindən
öncə daha çox maraqlandıran, fikirlərimi
özünə yönəldən onun bədii
yaradıcılığıdır, söz sənətidir.
Çünki Həsən müəllimin bədii
yaradıcılığı adi bir həvəsin, sadə
marağın, kiməsə xoş gələn
görüntünün, romantik düşüncənin,
göz oxşayan gözəlliyin nümunəsi deyil, həyatın,
reallığın, çəkilən əzab-əziyyətlərin,
ağrıların, milyonların sağalmaz yaralarına
çevrilən dərdlərin, bəlaların, müsibətlərin
ifadəsidir.
Bu dərd
Qərbi Azərbaycanın bir parçası olan Dərələyəzdə
dünyaya gələn Həsənin qəlbində
böyüdükcə böyüyən, əsrlərlə
işğala məruz qalan torpaqların, öldürülən,
əsir götürülən, doğma yurddan qovulan, min bir
müsibətlərlə qarşılaşan ata-anaların,
bacı-qardaşların, qız-gəlinlərin dərdidir.
Həsən Mirzə poeziyası, xüsusi ilə
qoşmaları dərdimizdən mayalandığı,
ağrı-acıları, həsrətimizi real boyalarla əks
etdirdiyi üçün insanı
düşündürür, düşündürməklə
bərabər tariximizi araşdırıb nəticə
çıxarmağa vadar edir.
Onun sözünün əvvəli-axırı
insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı,
naqisliyi, nadanlığıdır. İnsan
yaxşı, xeyirxah olsaydı faciələr törənməz,
qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim,
analar-bacılar gözü yaşlı qalmazdı, dərd
ömürləri gödəltməzdi qənaətində Nəsən
Mirzə haqlıdır.
"Dərd
duymaq, dərdə qalmaq aqillikdir, müdriklikdir"
amalını uca tutub babaların yolunu seçən Həsən
Mirzə öz yaradıcılığında yalnız dərdimizi
dilə gətirməklə, ifadə etməklə kifayətlənmir,
o, bu dərdləri yaşaya-yaşaya, qəlbində bəsləyə-bəsləyə
doğmalaşdırır, qanından, canından keçirib
müqəddəsləşdirir, vətən qeyrətli
insanların dərddən yapılan obrazını yaradır.
Zaman-zaman işğallara məruz qalan, parçalanan,
doğranan torpaqlarımızın fəryadını insanlara
çatdırır, vətənin övladlarını qisas
almağa, əsir qalan elləri, obaları, yaylaqları,
dağları azad etməyə çağırır.
Düşmən
əlindədir müqəddəs yerim,
Ləlim,
cəvahirim, abidəm, pirim,
Qoy
ayağa qalxsın igidim, ərim,
Bəlkə bu şad xəbər silə dərdimi.
Babamın
o yerdə izi qalıbdır,
Nənəmin
nəğməli sözü qalıbdır,
Türk-oğuz
yurdunun gözü qalıbdır,
Töksəm də aparmaz Nilə dərdimi.
Nilin apara bilmədiyi dərdi Həsən Mirzə
çəkməkdən, yaşatmaqdan qorxmur, "ləlim, cəvahirim,
abidəm, pirim" dediyi ana yurdunun hər
qarışının azadlığı yolunda canından
keçməyə hazır olduğunu bəyan edir, igidləri,
ərləri mübarizəyə səsləməklə
oxucuda gələcəyə nikbinlik yaradır.
Həsən Mirzə öz misralarında tez-tez
doğulduğu Dərələyəzi xatırlatmaqla və
xatırlamaqla yurd həsrətli bir insan kimi elindən,
obasından didərgin salınan milyonların dərdini
göz önünə gətirir, hər bir vətəndaşa
bu niskili unutmamağı tövsiyə edir. Bu niskil İrəvandan
keçib Təbrizə qovuşur, Arazın sularına
qarışır, Qarabağ, Göycə torpaqlarında qərar
tutur və dərdli insanları birləşdirir.
Bu birliyin, həmrəyliyin nəticəsidir ki, Həsən
Mirzənin "Dərdimi" qoşmasına onlarla nəzirələr
yazılmış, Azərbaycanın ən görkəmli
şairləri, qələm sahibləri bu mövzuda yeni-yeni
poetik nümunələr yaratmışlar.
Mövzunun təsirli olması, yanıqlı notlarla ifadə
edilməsi biganəliyə yer qoymur və hər bir kəs Həsən
Mirzənin dərdinə şərik olmağa, əsir qalan
torpaqlarımızın taleyi barədə düşünməyi
özünə borc bilir.
Həsən müəllim də öz sözü,
şeirləri ilə insanları, qələm sahiblərini bu
mübarizəyə səfərbər etdiyi üçün
bir təskinlik tapır və həm də dərdinə şərik
olanların misralarında sevimli obraza çevrilir.
Alqayıt
yazır:
Çağladan
şeirindir, çağlayan mənəm,
Həsrət
yaraları bağlayan mənəm,
Ağladan
fikrindir, ağlayan mənəm,
Bükübsən alova, közə dərdimi.
Şair Məstan
Günər isə şahid olduğumuz və dərk etdiyimiz
həqiqətləri, ədalətsiz, zora, gücə söykənən,
haqlını çox vaxt haqsız edib zalıma, qan içənə
bəraət qazandıran, dərdlinin dərdini dilə gətirməyib
nadanlara sirdaş olan dünyanın iç üzünü
açaraq deyir:
Həsən
Mirzə, dörd tərəfim qəfəsdir,
Tərlan
torda bir çarəsiz nəfəsdir,
Dünya
kordur, cahan hələ şikəsdir,
Gətirmək istəmir dilə dərdimi.
Həsən
Mirzə "Dərdimi" qoşmasını yazmaqla
milyonların dərdini təzələdi, neçə-neçə
qələm sahibinə daim, hər an xatırlanması, dərk
edilməsi vacib olan bir mövzu verdi.
Dərdi dərd kimi duymağın, çəkməyin,
yaşatmağın öz ləzzəti, sevinci var. Şairə
görə el, bəşər dərdi köhnəlməməlidir,
daim təzələnməlidir. Vətənin,
xalqın, torpağın, insanın dərdi təzələndikcə,
yad edildikcə, əlacı tapıldıqca hər birimiz
qazanırıq, millət, vətən qazanır.
Dərd əlindən
"şirin yuxusu haram olan", "ürəyi daim
sızlayan" millət vəkili, şair Musa Urud da Həsən
Mirzənin dərdini duyanlardan, həsrətinə şərik
çıxanlardandır.
Ürək
sızlar aram-aram
Şirin
yuxum olub haram
Qubarlanıb
köhnə yaram
Eyləyib təzə dərdimi.
Musa müəllimin qeyd etdiyi kimi köhnə dərdlərin
təzələnməsi təbii və sevindiricidir. Bu dərdə
yananların anbaan, gündən-günə çoxalması
doğma vətənə, torpağa məhəbbətin, bir məqsəd
uğrunda birliyin ifadəsi kimi qiymətləndirilməlidir.
Bu birliyə, həmrəyliyə, mübarizəyə
nail olmaq isə Həsən Mirzənin müqəddəs
amalı idi.
Həsən müəllim dərd duyan, əldən
tutan, sözünü qətiyyətlə deyən insan idi,
haqsız danışan, ikili mövqe tutan, problem yaradan deyildi. Bir anda kükrəyib coşar, sərt sifətini göstərər,
tez də yumşalardı. Kin saxlamazdı.
Dərdləri nə qədər çox olsa da
nikbinliyi, həyata, insana məhəbbəti, gələcəyə
inamı üzünü daim güldürürdü.
Aramızda böyük kiçik münasibəti var idi. Nəinki Milli Məclisdə,
saz, söz vurğunu, sahibi olduğu üçün mədəni
tədbirlərdə çox vaxt bir yerdə olar, tez-tez
görüşər, söhbət edərdik. Zarafatcıl,
sadə, söhbətcil olduğundan adamlarla tez ünsiyyət
tapırdı. Şeirlərində bu ruh,
bu nəfəs duyulur, özü görünür, səsi
eşidilir.
2004-cü ildə Həsən müəllim qəflətən
xəstələnmişdi. Həkimlər yanına
gedib-gəlməyə müəyyən məhdudiyyət
qoysalar da deputat dostları onunla telefon əlaqəsi saxlaya
bilirdilər. Mən də zəng etdim,
danışdıq. "Bu qədər dərd
məni əyə bilmədisə xəstəlikdən qorxma,
bacı oğlu, qəlbim hələ cavandır"- deyə
zarafatından qalmadı.
Ürəyindən əziyyət çəkən Həsən
müəllimin "qəlbim hələ cavandır"
sözləri məni yaman tutdu. Gecə "Qəlbini"
adlı bir şeir yazıb səhəri ona göndərdim.
Az müddətdən sonra həmin
qoşmanı Həsən Mirzənin "Mən necə unudum
belə dərdimi" kitabında görəndə çox
sevindim. Şeir belə başlayırdı:
Torpaq dərdi,
millət dərdi, el dərdi
Döndərib atəşə, közə qəlbini.
Dünyadan,
həyatdan küsüb bezərdi
Əgər verməsəydin sözə qəlbini.
Qanana
doğmadır çəkdiyin dərd-sər,
Qanmaz nə söz anlar, nə də sirr bilər.
Ömrün
çiçəklənər, taleyin gülər
Versən
dərd bilənə, düzə qəlbini...
"Şeirin sonunda yazdığım" dərdli
gözlərinin yaşı olaram, qoymaram dərd-kədər
üzə qəlbini" misraları Həsən müəllimin
çox xoşuna gəlmişdi.
Həsən Mirzə yaradıcılığı
millilikdən rişələndiyi, şifahi xalq ədəbiyyatından,
ozan, saz sənətindən qüvvət aldığı
üçün sevilir, oxunur və ona mahnılar bəstələnir. Sağlığında
hələ Səadət Buta ona iki poema həsr etmiş, Həsən
müəllimə çoxsaylı şeirlər, qoşmalar
ithaf olunmuşdur.
Həsən Mirzənin
yaradıcılığını səciyyələndirən
başlıca cəhətlərdən biri məhz onun
şifahi xalq ədəbiyyatını dərindən mənimsəməsi,
folklorumuzu bilməsi, xalq yaradıcılığı
nümunələrini ətraflı təhlil etməsi və
ondan bəhrələnməsidir.
Onun şeirlərinin
ruhunda Xəstə Qasımın, Aşıq Alının,
Tufarqanlı Abbasın, Ələsgərin, Şəmşirin,
Mikayıl Azaflının, Əmrahın və bir çox
söz, saz ustalarının nəfəsi duyulur və bu, Həsən
Mirzənin aşıq sənətinə yaxından bələd
olmasından xəbər verir. Müasir
aşıqların, saz ifaçılarının bu
baxımdan Həsən müəllimin
yaradıcılığına müraciət etmələri təsadüfi
deyildir.
Aşıqlarla deyişmələri, bədahətən
söylədiyi misralar bir şair ömrünün silinməz
səhifələridir və bu səhifələrin hər
birində sonsuz vətənpərvərlik, ülvi məhəbbət,
sədaqət, sevgi hissləri yurd salmışdır.
Həsən Mirzə "gözəl-göyçək,
süsən-sünbül, dadlı-duzlu, körpə-kövrək,
qönçə-nərgiz" nəvələrinə
yazdığı sətirlərdə, vətəni,
dağları, gözəlləri vəsf edən şeirlərində
nə qədər səmimi, kövrək, övlad-vətən
canlıdırsa, düşmənə, nadanlığa,
zalımlığa, ədalətsizliyə ünvanlanan
misralarında ondan da qətiyyətlidir, amansızdır.
Sənsiz
qışa dönüb baharım, yazım,
Susubdur kamanım, dillənmir sazım.
Həsənəm, bu dərdi - de necə yazım?
Didərgin
olubdu el, Dərələyəz!
Göz
yaşım olubdur sel, Dərələyəz!..
deyən
şairin dərdi tək Dərələyəz deyil, əsrlərlə
işğala məruz qalan Azərbaycanın dərdidir. Yaxşı haldır ki, Həsən Mirzə öz
dərdini içində ovutmaqla, çəkməklə
qalmır, həm də dərddən doğan nifrəti, qəzəbi
bir silaha çevirərək düşmənə sarı
yönəltməyi və ictimailəşdirməyi
bacarır. Bu şairə həsr
olunmuş şeirlərdə, misralarda da özünü
göstərir.
Həsən
müəllim:
Həsən
Mirzə çəkə bilmir bu dağı
Sən necə çəkirsən bu dağı
dağlar?
söyləyərkən dağların halına acımaqla bərabər,
dözümlü, dəyanətli olduğuna da işarə
edir və Allahdan kömək istəyir:
Elimi Vətənə
qaytar, ay Allah!
Yurduma,
yuvama qaytar, ay Allah!
Həsrətdən
qamətim yaya dönübdür
Həsəni
bu dərddən qurtar, ay Allah!
Ulu
Tanrı Həsən müəllimin torpaq, vətən, yurd həsrətinə,
dağdan ağır dərdinə sağlığında əlac
edə bilməsə də, o, dünyadan niskilli köçsə
də Azərbaycan Respublikasının Prezidenti Cənab
İlham Əliyevin böyük səyləri, qətiyyəti
və təşkilatçılığı sahəsində
gündən-günə inkişaf edən, qüdrətlənən,
şöhrətlənən, söz sahibinə çevrilən
dövlətimizin uğurları deməyə əsas verir ki,
Həsən Mirzənin, onun kimi milyonların arzusu həyata
keçiriləcək, torpaqlarımız işğaldan azad
olunaraq nigaran ruhlar sevinəcəkdir.
Həsən müəllimi yurdumuza baharın qədəm
qoyduğu günlərdə xatırlamağım səbəbsiz
deyil. O, saz,
söz, gözəllik, təbiət vurğunu olduğu
üçün bahar fəslini çox sevirdi. Güllərin-çiçəklərin
açılmasından, düzlərin-dərələrin,
çöllərin yaxıl xalıya bürünməsindən,
quşların, çayların, bulaqların səsindən
xüsusi zövq alırdı.
Belə
gözəl zamanda - insanların bahar sevinci ilə
yaşadığı, gülün cilvələndiyi,
bülbülün dil açdığı, təbiətin
gülən anlarında yenə də Həsən Mirzənin
ruhu bizimlədir, yaşadığı, gəzdiyi, həsrətində
olduğu yerləri dolaşır və o, yada
düşdüyü, sevildiyi, xatırlandığı,
haqqında xoş sözlər söylənildiyi
üçün sevinir. Onun ruhunun sevinməyə,
gülməyə, həmişə bizimlə bir yerdə
olmağa haqqı vardır. O, sağlığında
öz əməlləri ilə bunu qazanmışdır.
Qoy həmişə
ruhun şad olsun, sevinsin, Həsən müəllim!
Tahir
Rzayev
Milli Məclisin
deputatı
525-ci qəzet.- 2016.- 15 mart.- S.7