Multikultural mühitin
sınaq dövrü həqiqətləri publisistikada
Vahid məkanda
kök salan çoxmədəniyyətlilik millətlər
arasındakı fərqin təzahürü kimi müəyyən
ziddiyyətlərə gətirib çıxarsa da, müxtəlif
xalqlar arasında etimadı möhkəmlətmə və
qarşılıqlı faydalanma imkanları ilə cəmiyyətin
ümumi inkişafına təkan verir, odur ki, tolerantlıq belə
cəmiyyətlərə xas həyat tərzi kimi həmişə öz dəyər-qiymətini
qoruyub saxlaya bilir.
Bununla belə,
tarixi təcrübə göstərir ki, qərəzli
qüvvələr milli, irqi, dini ayrı-seçkilik amillərindən
istifadə etməklə qarşıdurma yaratmaq cəhdləri göstərmiş,
bu yolla məkrli məqsədlərinə nail olmağa
çalışmışlar. Belə hadisələr Azərbaycanda
da dəfələrlə baş vermişdir və bu kimi halları Azərbaycan
multikultural mühitinin sınaq dövrləri kimi də qiymətləndirmək
olar.
Azərbaycan publisistikası həmin hadisə və
prosesləri sayıqlıqla izləmiş, ölüm-itim
olayları arxasında gizlənən siyasi kələkləri
Azərbaycan torpaqlarının işğalına yönələn
səbəblər kimi şərh etmişdir. Hələ ötən əsrin
əvvəllərində - erməni-müsəlman
qırğınlarının başlanması ilə bədii-publisist
düşüncədə formalaşan "məlun
iblis", "atan kazaklardır" bədii qənaətinin
bu gün də aktuallığını itirməməsi və
müasir bədii-publisist düşüncədəki
uyğun qənaətlərlə uzlaşması ədəbiyyatımızın
və publisistikamızın xalq həyatı ilə sıx
bağlılığının, həyat həqiqətlərinə
sədaqətinin nəticəsidir.
Qeyd etməliyik ki, Azərbaycanda milli və dini zəmində
qarşıdurma yaratmaq fitvasına əsasən erməni
ekstremist qüvvələri uymuş, münaqişə və
qırğınlar törətmişlər.
Məsələ
burasındadır ki, Azərbaycanı və Qafqazı
işğal etdikdən sonra Rusiyanın yeritdiyi siyasət ermənilərin
simasında bölgənin xristianlaşdırılmasına
yönəldilmişdi və məhz bu siyasət nəticəsində
Azərbaycana köçürülən ermənilərin sayı
sürətlə artmağa başladı. Məqsəd nəyin bahasına
olursa-olsun, azərbaycanlıları əzəli
torpaqlarından sıxışdırıb çıxarmaq və
bu torpaqlarda minimum müstəqil erməni dövləti,
maksimum "dənizdən-dənizə Böyük Ermənistan"
yaratmaqdan ibarət idi. Vaxtilə
Türkiyədə çalışan rus diplomatı
V.F.Mayevskinin Qafqazda baş verən erməni-tatar iğtişaşlarını
"erməni məsələsi"nin bir
mərhələsi kimi qiymətləndirməsi də təsadüfi
deyildi.
1905-1907-ci
illərdə ermənilər tərəfindən törədilən
və Çar Rusiyasının şovinist siyasətinə
xidmət edən nifaq və qırğınlar nəinki Azərbaycanda,
ümumiyyətlə Qafqazda milli zəmində münaqişələrin
genişlənməsinə təkan verdi. 1918-ci ilin martında isə erməni-daşnak
qüvvələri Azərbaycanın bir sıra bölgələrində,
xüsusən də Bakıda, Şamaxıda, Zəngəzurda,
Naxçıvanda dəhşətli qətliamlar törətdilər.
Məkrli
"köçürülmə" planı acı bəhrəsini
verdi: Çar Rusiyasının
xeyir-duası ilə Azərbaycan torpaqlarında əvvəlcə
erməni vilayəti, 1918-ci ildə isə İrəvan şəhərini
və onun ətraflarını əhatə edən erməni
dövləti yaradılması ilə "minimum öhdəlik"
yerinə yetirildi. Lakin
"yoğurub-yapmadan" özgə torpağında vətən
tapan ermənilər Göyçə mahalında,
Qarabağda, Naxçıvanda qırğın əməliyyatlarını
davam etdirdilər. O zaman Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinin sədri vəzifəsində çalışan
Ə.M.Topçubaşov ermənilərin Qarabağla
bağlı heç bir əsası olmayan iddiası ilə əlaqədar
bildirirdi: "Ermənilərin ortaya atdıqları Qarabağ
məsələsi 5, ya 10 kənd məsələsi deyil.
Mübahisə bütöv 4 sancaq - Şuşa,
Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir.
Bu elə bir xanlığın ərazisidir ki, burada erməni
və müsəlmanların sayı bərabər olmasa da, hər
halda ermənilərin mütləq çoxluğu barədə
danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi
deyildilər. Rusiya ilə müharibədən sonra Türkiyədən
buraya köçənlərdir... Nəhayət,
Qarabağın özündə ermənilər yığcam
halda yaşamırlar, müsəlmanlara qarşı məskundurlar".
Bununla belə, daşnak-bolşevik sövdələşməsi
nəticəsində gənc fəndgir Ermənistan ixtiyar,
lakin təklənmiş Azərbaycanın yeni-yeni ərazilərini
ələ keçirməyə nail oldu - Ermənistan
Respublikası 9 min. kv. km-lik
ərazisini Azərbaycan torpaqları hesabına böyüdərək
40 min kv. km-ə çatdırdı. Azərbaycan SSR tərkibində Dağlıq
Qarabağ Muxtar Vilayəti kimi qondarma bir qurum yaradıldı.
"Dağlıq Qarabağ" termini də
separatçılıq niyyəti ilə Qarabağın bir
hissəsinə verilmiş bir ad kimi belə meydana gəldi.
Biz bütün bu tarixi həqiqətlərin ədəbiyyatımızda
və publisistikamızda əksini tapdığını
görürük. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov,
M.M.Nəvvab, Ü.Hacıbəyli, Ə.Hüseynzadə,
M.Ə.Sabir, Ə.Ağaoğlu, M.S.Ordubadi, Y.V.Çəmənzəminli
və digər ədiblərimizin bədii-publisist irsi nəinki
tarixi, hətta müasir hadisələrin mahiyyətinin
açılmasında və erməni millətçilərinin
ifşasında son dərəcədə əhəmiyyətlidir.
M.M.Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman
davası" adlı əsərində erməni-müsəlman
davasının başlıca kök və səbəblərini
göstərir, Azərbaycana köçürülən erməni
tayfalarının yerli əhaliyə xəyanətkar
münasibətini onların rus imperiyasının fitnə-fəsadına
uyması ilə izah edirdi. Müəllif qeyd
edirdi ki, ermənilərin törətdiyi davamlı cinayətlər
onların havadarları tərəfindən qəsdən
yaradılmış cəzasızlıq mühitində
inkişaf edərək 1903-1904-cü və 1905-1906-cı illərdə
Bakıda, İrəvanda, Naxçıvanda, Təbrizdə,
Xorasanda, Tiflisdə, Gəncədə qanlı
qarşıdurmalara gətirib çıxarmışdır.
Əsərdə
Çar Rusiyasının milli ayrı-seçkilik siyasəti
və lazım gələn məqamda milli münaqişə
yaradaraq bundan faydalanması canlı müşahidə və
faktlarla açıqlanır: "Elə ki rus dövləti
Qafqaz məmləkətinə hakim oldu, hər yerdə sakitlik
yarandı. Heç bir millətin bir-biri ilə
işi yox idi. Hər kəs öz işi
ilə məşğul idi və hər millət öz qanunu
ilə məbədlərində ibadət edirdilər. Heç bir millət bir-birinə hücum
etmirdi". Lakin publisistin istinad etdiyi
faktlardan belə məlum olur ki, zamanı yetişincə rus
imperialist siyasəti yenə də öz köhnə metodunu
işə salır, qanlı cinayətlərin,
qırğınların təşkilində erməni din
xadimləri və kilsələri mühüm rol oynayır.
Hər dəfə erməni-müsəlman
iğtişaşları başlananda azərbaycanlılar
onlara pənah gətirən erməniləri ehtiramla
qarşılayır, evlərində, yaxud iş yerlərində
gizlədib xilas edirlər, ermənilər isə evlərdə,
qəbiristanlıqlarda, kilsələrdə, qayalıqlarda gizlətdikləri
silahları fürsət düşən kimi aşkara
çıxarıb müsəlmanlara tərəf yönəldir,
səngərlərdən, evlərin pəncərələrindən
və gizli yerlərdən küçə ilə gəlib-gedən,
evlərin balkonlarında dayanan böyük-kiçiyi gülləyə
tuturlar...
M.M.Nəvvabın əsərində olduğu kimi,
M.S.Ordubadinin "Qanlı sənələr" əsərində
də erməni-müsəlman qırğınlarının
bir çox gizlinləri nəzərə
çatdırılır. Ədib baş vermiş
iğtişaşların dörd mühüm səbəbini
göstərir: "Birinci səbəb. Erməni
Daşnaksutyun komitəsinin müstəbid bir idarə
üsulunu təşkil etdiyidir ki, Qafqazda bir sıra qanlı
teatrolar oynandı...; 2-ci səbəb, məhəlli hökumət
məmurlarının müharibə zamanlarında
etinasızlığı, ermənilərin terrorları
qorxusundan bir tərəfi əldə saxlayıb, digər tərəfə
növbənöv vicdansızlıqlar etmələridir;
3-cü səbəb və iğtişaşa gəldikdə
müsəlmanların elmsizliyi və müasir işlərdən
bixəbər olmalarıdır; 4-cü səbəbə gəldikdə
ermənilərin avtonomiya-idarə muxtariyyəti həvəsində
olmalarıdır. Bu səbəbiyyəti isbat
üçün qələmə bir o qədər güc sərf
etmək lazım deyil. Zira, ermənilərin hər ay
Londona, Parisə, Amerikaya qaçıb ərzi-hal etmələri
bunlara kamil bir sübutdur..." Ən
maraqlısı, hər iki müəllifin müşahidə və
mühakimələri üst-üstə düşür,
bir-birini tamamlayır. Bununla belə, M.S.Ordubadi törədilən
iğtişaşların ermənilərin əvvəl
Türkiyədə, bu baş tutmadıqda isə Qafqazda
avtonomiya - idarə muxtariyyəti yaratmaq istəyindən
qaynaqlandığını daha incəliklə təhlil
etmiş və belə bir qənaətə gəlmişdir ki,
"erməni və müsəlmanı müharibə səbəbinə
bir-birindən ayırmaq niyyəti ilə Bakı
quberniyasını və Gəncə quberniyasının aran
yerlərini müsəlmanlara verib, İrəvan
quberniyasını, Gəncə quberniyasının yaylaq və
dağbasar ölkələrini ermənilərə verib,
bunları da Qars sancağı ilə birləşdirib erməni
səltənəti təşkil etmək" erməni milli
siyasətinin əsasını təşkil edir.
Ə.Hüseynzadə 1905-ci ildə yazdığı "Siyasəti-fürusət" əsərində çarizmin müsəlman xalqlarının azadlıq hərəkatına qarşı mürtəce münasibətini Çar Rusiyasının dövlət naziri Pruşkeviçin səyahəti sərgüzəştlərindən bəhs etməklə - bu obrazın vasitəsilə ifşa edir, Qafqaz müsəlmanları arasında at oynatmaq, əzmək, döymək, əritmək kimi millətçi-şovinist siyasətin mahiyyətini açıb lənətləyirdi. Məlumdur ki, III Duma 1905-1907-ci illər inqilabı zamanı müsəlmanların milli azadlıq hərəkatını boğmaq məqsədilə Qafqaz müsəlmanlarını kazak atlarının ayaqları altına salmaq, susdurmaq barədə qərar qəbul etmişdi. Elə bu məqsədlə də Pruşkeviç Qafqaza və İrana səyahətə başlayır. Onun bu səyahətində bir niyyəti də Azərbaycanda "məzhəb və təriqət" ixtilafı salmaq, milli qırğın törətmək idi. Müəllif obrazların öz dili ilə açıq-aydın göstərir ki, Rusiya ilə İran Qafqaz uğrunda sövdələşmələr aparır. Bu yolda Rusiya daha hiyləgər və tədbirlidir: "Dostlarım, siyasəti-fürusət əfsunlarının biri də əhali arasında nifaq və təfriqə salmaqdadır... Bütün əhaliyə insanlıqlarını unutdurub, yek-digərləri ilə qovğa etdiriyoruz" - Pruşkeviç Tehrana gedərkən Azərbaycandakı əlaltılarına belə tapşırır.
Alovlu publisist Ə.Ağayev 1906-cı il fevralın 20-dəki Tiflis danışıqlarında "Daşnaksutyun"un yarandığı on beş ildən bəri terrorla məşğul olduğunu və Rusiya Qafqaz canişininin fikir və əqidəsinə qulluq etdiyini, öz qoşun və xəzinəsini yaratdığını bəyan etmişdir. Belə bir partiyanın da müsəlmanlar tərəfindən yaranması zərurətinə toxunarkən erməni nümayəndələri təşvişə düşmüşlər. Ə.Ağayev cəsarətlə dövlət adamlarının erməni terrorundan qorxduğunu bildirərək demişdir: "Budur neçə ildir ki, biz Qafqaz camaatı bir qəribə vəziyyətə düşmüşük ki, bir dəstə hamını qorxu altında saxlayıb heç kəsə fürsət vermirlər ki, nə öz fikrini, nə də öz işlərini necə ki lazımdır, izhar etsinlər. Camaat işinə müdaxilə edən şəxslər və qulluqçular həmişə qorxu içərisindədirlər... Biz müsəlmanlar bu halətdə davam etməyəcəyik və aşkar deyirik ki, hərgah işlər elə gedərsə, nə qədər Qafqazda bir elə terror dəstələri hökm edərsə, Qafqazda asayiş və təhlükəsizlik bərpa olunmayacaqdır..."
(Ardı var)
Elçin MEHRƏLİYEV, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru
525-ci qəzet.-
2016.- 15 mart.-S.6.