"Dostluq və qardaşlıq müqaviləsi"
dostluq və qardaşlığa xidmət etməlidir
Moskva
müqaviləsinin bağlanmasının 95 ili
tamam olması ərəfəsində bu müqavilənin ləğv
edilməsinə edilən cəhdlər təsadüfi deyildir.
Əslində Moskva müqaviləsinin ləğv edilməsi
üçün erməni daşnakları on illərdir ki,
imza toplayır, Rusiya rəhbərlərinə müraciət
edir, bu yolda dəridən-qabıqdan çıxır, lakin
xülyalarını gerçəkləşdirə bilmirlər. İndiki cəhdlərdə
erməni barmağı olsa da başqa səbəblər də
vardır.
Məlumdur
ki, 2015-ci il noyabrın 24-də Türkiyə
Hərbi Hava Qüvvələri Rusiyanın Su-24 təyyarəsini
vurduqdan sonra iki ölkənin münasibətləri kəskin
şəkildə pisləşib. Bəzi
qüvvələr bu faktdan öz maraqlarına uyğun istifadə
etməyə çalışır və hadisəni bir qədər
də qızışdırırlar.
Məlum
olduğu kimi, Rusiya Dövlət Dumasının deputatları
- Rusiya KP MK-nın sədr müavini Valeri Raşkinlə
partiyanın katibi Serqey Obuxov Türkiyə ilə RSFSR
arasında imzalanan dostluq və qardaşlıq haqqında
razılaşmanın ləğvi təşəbbüsü
ilə çıxış ediblər.
İlk növbədə Moskva müqaviləsi hansı
şəraitdə və nə üçün
imzalanmasına diqqət yetirək.
XX əsrin 20-ci illəri Rusiya üçün, eləcə
də Türkiyə üçün də çətin
dövr idi. Rusiyada siyasi hakimiyyət hələ möhkəmlənməmiş,
ölkədə vətəndaş müharibəsi və
xarici hərbi müdaxilə baş vermiş, imperialist
dövlətləri bolşevik hakimiyyətinə qarşı
müxtəlif təxribatlar törədirdi. Bu fikirləri
eyni ilə Türkiyəyə də aid etmək olar. Osmanlı imperiyası süqut etmiş, Mustafa Kamal
Paşa Türkiyəni xilas etmək üçün
mübarizəyə başlamışdı. Belə bir şəraitdə Rusiya-Türkiyə
yaxınlaşması ortaya çıxdı.
XX əsrin 20-ci illərində Azərbaycanda, eləcə
də Naxçıvan diyarında da baş verən hadisələr
çox mürəkkəb, ziddiyyətli və çətin
olmuşdur. Azərbaycanın düşdüyü daxili,
qarşılaşdığı beynəlxalq vəziyyət
elə ağır idi ki, bir sıra hallarda Naxçıvan
bölgəsinə lazımi səviyyədə kömək
göstərə bilmirdi. Bundan istifadə
edən məkrli düşmənlərimiz olan erməni
daşnakları Naxçıvan diyarına sahib olmaq
üçün bütün vasitələrdən istifadə
edirdilər. Yaranmış vəziyyətdən
istifadə edən erməni qaniçənləri siyasi və
hərbi yolla Naxçıvanı ələ keçirmək
uğrunda mübarizəyə başlamışdılar.
Bir sıra kapitalist dövlətlərinin himayəsindən,
yardım və dəstəyindən istifadə edən erməni
cəlladları Naxçıvan diyarına hərbi
basqınlar edir, qırğınlar törədir, şəhər
və kəndləri dağıdır, ağlasığmaz vəhşiliklər
törədir, lakin yerli əhalinin inadlı mübarizəsi,
qəhrəmanlığı sayəsində onlar öz məkrli
niyyətlərinə nail ola bilmirdilər. Lakin
bununla belə, 1918-1920-ci illərdə erməni
daşnaklarının hərbi basqınları nəticəsində
Naxçıvan diyarında faciəli hadisələr baş
vermişdi. Bu hadisələr böyük
kapitalist dövlətlərinin müdaxiləsi, ikili siyasət
yeritmələri, qonşu dövlətlərin müəyyən
münasibəti Naxçıvan məsələsini beynəlxalq
müstəviyə çıxarmışdı. Nəticədə bu problem təkcə ölkə
daxilində deyil, həm də qonşu ölkələrdə
və beynəlxalq təşkilatlarda müzakirə
edilmişdi. Naxçıvan
diyarının gələcək tarixi taleyində, onun Azərbaycanın
tərkibində muxtariyyət statusunda qalmasında keçən
əsrin 20-ci illərində bağlanan müqavilələrin
böyük rolu olmuşdur.
20-ci illərdə beynəlxalq münasibətlərdə
və dünyada yaranmış şəraitlə əlaqədar
Türkiyə ilə Rusiyanın yaxınlaşmasına, onlar
arasında isti münasibətlərin və son nəticədə
bu dövlətlər arasında müəyyən müqavilələrin
baş tutmasına gətirib çıxardı. Əslində
bir sıra dövlətlər Türkiyə-Rusiya
yaxınlaşmasını istəmirdilər.
Çünki Birinci Dünya müharibəsində qalib gəlmiş
böyük dövlətlər bir tərəfdən
Türkiyəni məğlub edib, özlərindən
asılı vəziyyətə salmaq, digər tərəfdən
isə Rusiyada bolşevik hökumətini devirmək, inqilabi
Türkiyənin köməyi ilə çevrilişlə Azərbaycanda
hakimiyyətə gəlmiş bolşevik hökuməti ilə
yaxınlaşmasına yol verməməyə
çalışırdılar.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən
sonra da, daşnak silahlı qüvvələrinin təcavüzkar
hərəkətləri nəticəsində Naxçıvan
diyarında gərginlik hələ də davam edirdi. RSFSR hökumətinin
daşnak hökuməti ilə danışıqlar vasitəsilə
münaqişəni həll etmək cəhdi baş
tutmadı. 1920-ci ilin iyulunda
Naxçıvan, Culfa və Ordubad əhalisi N.Nərimanova,
Q.Orconikidzeyə məktubla müraciət etdi. Məktubda
deyilirdi: "Yerli əhali öz qüvvəsi ilə daşnaklardan
müdafiə olunur. Qızıl ordunun köməyi
ilə bizim diyarı azad etməyi və Azərbaycanla birləşdirməyi
təmin etməyi təvəqqe edirik".
XI Ordunun
köməyi ilə 1920-ci il iyulun 28-də
Naxçıvan diyarında Sovet hakimiyyəti quruldu və
Naxçıvan SSR elan edildi, respublikanın ali hakmiyyət
orqanı - Naxçıvan İnqilab Komitəsi
yaradıldı. Avqustun 10-da Naxçıvan
İnqilab Komitəsi Azərbaycan SSR Xalq Komissarları Sovetinin
sədri N.Nərimanova məktub göndərdi. Məktubda
deyilirdi: "Naxçıvan camaatının çox
böyük əksəriyyətinin qərarı ilə
Naxçıvan diyarı özünü Azərbaycan SSR-in
ayrılmaz tərkib hissəsi hesab etmişdir".
Rusiya rəhbərlərinə gəldikdə isə
onlar Türkiyə ilə diplomatik münasibətlər
yaratmaq istəsələr də, Ermənistandan Türkiyəyə
qarşı bir vasitə kimi də istifadə etməyə
çalışırdılar. Ermənistan, Azərbaycan
və kamalçı Türkiyənin qarşılıqlı
münasibətləri məsələlərinin həllində
İ.Stalin Rusiyanın mənafelərindən
çıxış edərək, həmişə Ermənistanın
mövqeyini müdafiə edirdi. O deyirdi: "Əgər
bilmək istəyirlərsə ki, Zəngəzur və
Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın
indiki hökumətinə vermək olmaz, Sovet hökuməti
olanda vermək olar". İ.Stalinin bu
çıxışından 21 gün sonra Ermənistanda Sovet
hakimiyyəti quruldu. Bu o demək idi ki,
İ.Stalin və Rusiya rəhbərliyi də Zəngəzur və
Naxçıvanı Ermənistana vermək istəyirdi. Ermənistan bolşeviklərin nəzarətinə
keçən kimi Azərbaycan Hərbi İnqilab Komitəsi 1
dekabr 1920-ci ildə bəyanatla çıxış etdi.
HİK sədri N.Nərimanovun imzası ilə yazılan bəyanat Rusiyanın diqtəsi ilə
yazılmışdı və "iki Sovet respublikası
arasında ərazi mübahisələrinin" Azərbaycanın
milli mənafelərinə zidd şəkildə həll edilməsinə
yönəlmişdi.
Məlum Bəyanatdan sonra Naxçıvan bölgəsində
daxili vəziyyət xeyli mürəkkəbləşmiş,
onun üstündə mübahisə və münaqişələr
səngiməkdənsə xeyli kəskinləşmişdi. Naxçıvan
məsələsi Rusiya-Ermənistan və Türkiyə-Ermənistan
danışıqlarında mühüm yer tuturdu. Ermənistan Rusiya və Türkiyə arasında
siyasi manevrlər edərək onların münasibətlərindən
və yaranmış şəraitdən istifadə etməyə
çalışırdı. Rusiyaya gəldikdə
isə o, Türkiyə ilə yaxınlaşmaq xəttini
yeritsə də erməniləri də müdafiə etməsini
gizlətmirdi. Ermənistan isə
Naxçıvan və başqa ərazilərlə
bağlı niyyətlərini həyata keçirmək
üçün ən çox Rusiyaya ümid bəsləyirdi.
Ermənistan 1920-ci il dekabrın 2-də həm
Rusiya, həm də Türkiyə ilə müqavilə
bağladı. RSFSR ilə Sovet Ermənistanı
arasında bağlanan hərbi-siyasi sazişə görə
keçmiş İrəvan quberniyasının Ermənistanın
tərkibinə daxil olmasının Sovet hökuməti tərəfindən
mübahisəsiz tanınması qəbul edilirdi. Türkiyə ilə Ermənistan arasında
bağlanan Gümrü (Aleksandropol) müqaviləsi Rusiya və
onun təhriki ilə Ermənistan tərəfindən qəbul
edilmədi. Lakin bununla belə, bu
müqaviləyə görə, Naxçıvan bölgəsinin
düşmən əlinə keçməməsi
üçün "həmin ərazidə hələlik
Türkiyənin himayəsində yerli hökumət
yaradılması" qərara almışdır.
Gümrü müqaviləsinin 2-ci maddəsində tərəflər
Naxçıvan bölgəsi ilə bağlı
razılığa qəlmişdilər ki, Ermənistan
Kükü dağı, Həməsur dağı, Qurdqulaq kəndi,
Saat dağı, Arpaçay evləri, Qəmərli
dağı, Saray-Bulaq dağları, Ararat stansiyası, Araz
çayı yaxınlığındakı Aşağı
Qarasunun töküldüyü yerdən zolağın cənubundakı
(Naxçıvan, Şahtaxtı, Şərur) əraziyə,
daha sonra referendumla təyin olunacaq idarə formasına və
bu idarənin əhatə edəcəyi torpaqlara
qarışmayacaq, indiki ərazidə hələlik Türkiyənin
himayəsində yerli idarə yaradılacaqdır. Müqavilənin 12-ci maddəsinə əsasən
Türkiyə hökuməti Şərur, Naxçıvan,
Şahtaxtı və Culfa yolu ilə tranzit işlərinin sərbəstliyinin
təminatını öz üzərinə
götürdü.
1920-ci il dekabrın 28-də Ermənistan SSR Hərbi
İnqilab Komitəsi bəyanat ilə çıxış edərək,
Naxçıvan əhalisinə öz müqəddəratını
azad surətdə təyin etmək hüququ verildiyini bildirdi. Lakin 1921-ci ilin əvvəllərindən
başlayaraq heç bir bəyanat verməmiş kimi, yenə
də Naxçıvana qarşı haqsız ərazi
iddiaları irəli sürdü.
1920-ci ildə Türkiyə xalqı öz vətəninin
müstəqilliyi uğrunda mübarizə aparırdı. Türkiyənin
inqilabi hökuməti Sovet Rusiyası ilə dostluq əlaqələri
yaratmışdı. 1920-ci il aprelin
26-da Türkiyə Böyük Millət Məclisi yardım
üçün V.İ.Leninə müraciət etdi. Həmin ilin yayından başlayaraq Türkiyə
hökuməti Rusiya ilə diplomatik münasibətlər
qurmaq və iki ölkə arasında dostluq müqaviləsi
imzalamaq üçün fəallığını
artırdı və bunun üçün Bəkir Sami bəyin
başçılığı ilə nümayəndə heyəti
Moskvaya gəldi. Danışıqlar nəticəsində
Sovet-türk müqaviləsinin layihəsi hazırlandı.
Gələcəkdə Rusiya-Türkiyə
danışıqlarının Bakıda keçirilməsi
razılaşdırıldı. Lakin bir qədər
sonra RSFSR XXIK G.Çiçerin konfransın Moskvada
keçiriləcəyini və burada Azərbaycan və Ermənistan
nümayəndələrinin də iştirak edəcəyini
bildirdi. Əslində bununla
G.Çiçerin konfransa Azərbaycanı və Ermənistanı
qatmaqla həm bu dövlətlərin xarici siyasətini öz əlində
cəmləşdirmək və Türkiyəyə
qarşı qoymaq, həm də gələcəkdə
Güney Qafqazdakı niyyətlərini həyata keçirmək
üçün zəmin hazırlamaq istəyirdi.
Türkiyə bu təkliflə razılaşmadı. Onlar Azərbaycan,
Gürcüstan və Ermənistanla müqavilə bağlamaq istəyirdi.
Üstəlik Türkiyə bildirirdi ki,
onların Azərbaycanla heç bir mübahisəli məsələsi
yoxdur. Ermənistana gəldikdə isə,
Türkiyə Gümri (Aleksandropol) müqaviləsini qüvvədə
hesab edir və ondan imtina etmək istəmirdi.
Azərbaycan da Rusiya tərəfindən olan təklifləri
qəbul etmək istəmirdi. Bununla əlaqədar Azərbaycanın
Rusiyadakı fövqəladə və səlahiyyətli
nümayəndəsi B.Şahtaxtinski M.D.Hüseynova
yazırdı: "...Mən şəxsən konfransda Azərbaycanın
iştirakının əleyhinəyəm. Çünki mən
orada heç nə haqqında qətiyyətli danışa
bilmərəm... Məni Anadoluda çoxlu
kombinasiyalar gözləyir və Azərbaycana heç bir
aidiyyatı olmayan məsələlər barədə
türklərə qarşı konfransda çıxış
etsəm, bütün bunların hamısını itirə
bilərəm. Rusiya türklərlə
danışıqları dostluq və qardaşlıq
haqqında aparır, ittifaq haqqında aparmır".
1921-ci ilin fevral ayında Ankara hökumətinin yeni xarici
işlər naziri Yusif Kamal bəyin
başçılığı ilə Əli Fuad və doktor
Rza Nurdan ibarət diplomatik nümayəndə heyəti Moskvaya
gələrək yeni danışıqlara başladı. Danışıqlarda
Rusiya tərəfindən XXİK G.Çiçerin və
RSFSR MİK üzvü C.Qorxmazov iştirak edirdi. Müzakirələr çox gərgin
keçmiş və hətta danışıqlar bəzən
pozulmaq həddinə çatmışdı. Bir sıra məsələlərlə
yanaşı, danışıqlarda Naxçıvan məsələsinə
də xüsusi əhəmiyyət verilmişdi. Türkiyənin bu məsələyə
böyük önəm verməsi bölgənin strateji və
geosiyasi mövqeyi ilə yanaşı, həm də
Naxçıvanın Türkiyə -Azərbaycan əlaqələrində
ən yaxın məsafədə yerləşməsi idi.
Buna görə də Mustafa Kamal Paşa Yusif
Kamal bəyə Naxçıvanın türk qapısı
olduğunu xatırlatmış və buna görə hərəkət
edilməsini bildirmişdi. Y.Kamalın xatirələrindən
bəlli olur ki, danışıqlarda Naxçıvana dair
müzakirələr xeyli uzanmış, İ.Stalin
"Naxçıvan üzərində nə
üçün bu qədər israr edirsiniz?"
sualını da "orası türk qapısıdır,
ondan" cavabını almışdı.
Moskva danışıqlarında Azərbaycanın təmsilçisi
B.Şahtaxtinski də iştirak etmiş və uğurlu nəticənin
əldə edilməsində onun mühüm xidməti
olmuşdur.
Belə ki, o, 1921-ci il martın 1-də V.İ.Leninə
göndərdiyi məktubda Naxçıvan, Zəngəzur,
Dalıq Qarabağ ərazilərinin gələcəyindən
duyulan narahatlığı çatdırmış, bu
mahalların milli tərkibi və coğrafiyasına dair
arayışları da əlavə etmiş, Güney Qafqazda sərhəd
məsələləri və xüsusilə də
Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər
vermişdi. Lenin bunlarla tanış olduqdan
sonra onu Siyasi Büroya göndərmişdi. B.Şahtaxtinskinin
məktubu martın 16-da Stalinin, Çiçerinin və b.
iştirakı ilə baxılmış və onun təklifləri
nəzərə alınmaqla Azərbaycanın himayəsində
Naxçıvana muxtariyyət statusu verilməsi haqqında qərar
qəbul olunmuşdu.
Bütün bunlar Moskva müqaviləsində ifadə
olundu. Bir aya
yaxın davam etmiş danışıqların yekunu 1921-ci il martın 16-da imzalanmış "Dostluq və
qardaşlıq haqqında" PSFSR-Türkiyə müqaviləsində
öz əksini tapdı. Moskva müqaviləsi
16 maddədən və 3 əlavədən ibarət idi.
Müqavilə ilə tərəflər onlara zorla qəbul
etdirilən ikitərəfli və beynəlxalq müqaviləni
rədd edirdilər. Türkiyə hökuməti tərəfindən
qəbul edilməyən müqaviləni Rusiya hökuməti də
rədd edirdi. Türkiyə Batum şəhərinə
və limanına suverenlik verilməsinə razı olurdu.
Bu şərtlə, ona qanuni idarəçilik,
geniş muxtariyyət, vətəndaş hüququnun
qorunması haqqı verilməli idi. Tərəflər
Qara dənizin beynəlxalq statusu ilə bağlı
razılığa gəlirdilər. Bu
Türkiyənin suverenliyinə, təhlükəsizliyinə,
o cümlədən, İstanbulun təhlükəsizliyinə
xələl gətirməməli idi. Rusiya
işğal rejiminin hər hansı ölkənin azad milli
inkişafı ilə bir araya sığmadığını
göstərirdi. Tərəflər bir-birlərinin
ərazilərində hakimiyyətə gəlmək istəyən
qrupların fəaliyyətinə yol verməməlidirlər.
Bir ölkədən çıxıb digərində
yaşayanlar yaşadıqları ölkənin qanunlarına
tabe olmalı idilər. 1918-ci ilədək
Rusiyaya məxsus olan ərazilərdə yaşayan vətəndaş
öz əmlakı ilə köçüb Rusiyaya gedə bilərdi.
Tərəflər 3-6 ay müddətində hərbi
əsirləri və həbs olunmuş rus və türk vətəndaşlarını
geri qaytarmalı idi. Tərəflər
konsulluq münasibətləri qurmalı, iqtisadi və maliyyə
məsələlərinə dair saziş imzalamalı idilər.
Onlar Qafqaz respublikaları qarşısında
öhdəlik götürürdülər və s.
Moskva
müqaviləsinin üçüncü maddəsi və I (B) əlavəsi
bilavasitə Naxçıvanla bağlı idi. Müqavilənin
3-cü maddəsinə əsasən belə bir
qarşılıqlı qərar qəbul edildi ki,
Naxçıvan vilayəti bu müqavilənin I (B) əlavəsində
göstərilən sərhədlərdə Azərbaycanın
himayəsi altında həmin protektoratı Azərbaycanın
heç bir üçüncü dövlətə güzəştə
getməməsi şərti ilə muxtar ərazi təşkil
edir. "Naxçıvan ərazisi" adlı I (B) əlavəsində
isə bölgənin sərhədləri müəyyənləşdirildi:
"Ararat stansiyası - Saray - Bulaq dağları -
Kömürlüdağ - Sayatdağ - Qurdqulaq kəndi - Həməsur
dağı - yüksəklik (8022) - Küküdağ və
keçmiş Naxçıvan qəzasının şərq
inzibati sərhədi".
Beləliklə, Rusiya hökumətinin ermənipərəst mövqeyinə və erməni kommunistlərin riyakar siyasətinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyətli, dönməz iradəsi, Türkiyənin prinsipial və ədalətli mövqeyi və Behbud ağa Şahtaxtinski kimi milli mənafelərdən çıxış edən siyasi xadimlərin səyləri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. V.İ.Lenin Türkiyə ilə sülh sazişindən danışarkən demişdi ki, bu "bizi Qafqazdakı daimi müharibələrdən xilas edir". Lakin bu sözlər özünü doğrultmadı. N.Nərimanov qeyd etmişdir ki, "Sovet Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında müstəqil respublika elan olunur. Orda bizim nümayədəmiz olacaqdır və biz bütün münasibətlərdə Naxçıvana xidmət edəcəyik". Yusif Kamal bəy isə yazmışdır ki, "Naxçıvan müsəlmanları bir daha soyqırıma məruz qalacağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdir".
Moska müqaviləsinin imzalanmasının böyük tarixi əhəmiyyəti vardır. İlk növbədə, bu müqavilə Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri həll etdi. Rusiya və Türkiyə sıx ittifaqda birləşdi, təbii müttəfiqə çevrildilər. Moskva müqaviləsi Azərbaycanın bütövlüyünü qorudu və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi. Bu müqaviləyə görə qədim türk-oğuz yurdu olan Naxçıvan Azərbaycan sərhədləri içərisində qaldı.
Bütün bunlarla bərabər, erməni daşnakları XX əsr boyu Naxçıvan iddialarından əl çəkməmiş, 90-cı illərin əvvəllərində buraya sılahlı basqınlar etmiş, Moskva və Qars müqavilələrinin ləğv edilməsi üçün xeyli fəallaşmışlar. Son illərdə isə onlar bu barədə bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara müraciət etmişlər.
Erməni işğalına məruz qaldığımız, Naxçıvan Muxtar Respublikasına erməni iddialarının artdığı indiki zamanda Moskva beynəlxalq müqaviləsinin əhəmiyyəti daha aydın şəkildə nəzərə çarpır və Naxçıvanın muxtariyyətinin qorunmasında əvəzsiz rol oynayır. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev 1992-ci ilin mart ayında Türkiyə Cümhuriyyətində olarkən Moskva və Qars müqavilələrini söhbət mövzusuna çevirmiş, bir sıra məsələləri dərindən açıqlamış (xüsusilə, Muxtar Respublikanın statusu məsələsi) və bu müqavilələrin xalqımızın həyatındakı tarixi rolunu yüksək qiymətləndirmişdir.
Göründüyü kimi, Naxçıvanın muxtariyyəti statusu bu gün qüvvədə olan, imzalanmasından 95 il keçən Moskva beynəlxalq müqaviləsi ilə təsdiqlənir. Bu muxtariyyət milli-etnik yox, sırf siyasi amillərlə, Naxçıvanın özünəməxsus geopolitik və tarixi-coğrafi mövqeyi ilə şərtlənib. Müqaviləni imzalayan heç bir dövlət onu birtərəfli qaydada ləğv edə bilməz. Çünki bu beynəlxalq müqavilələr haqqında 1969-cu il Vyana konvensiyasına, 1975-ci il Helsinki müşavirəsinin Yekun aktına münasibətdə saymazlıq kimi qiymətləndirilir.
Naxçıvana Azərbaycanın tərkibində, muxtariyyət statusunun verilməsinin 95 ili tamam olur. Bu, beynəlxalq Moskva müqaviləsi ilə rəsmiləşdirilib. Özü də müddətsiz dövr üçün. Bu müqavilənin müddətsiz bağlanması onun tarixi əhəmiyyətini daha da artırmış olur. Dövlətlərarası münasibətlər baxımından bu növ müqavilələr daimlik xarakterinə malikdir. Mübaliğəsiz demək olar ki, ifrat erməni millətçilərinin Moskva müqaviləsini qüvvədən salmaq üçün dəfələrlə müxtəlif hiylələrə əl atmalarına baxmayaraq, bu tarixi sənəd 95 ildir ki, özünün həyat vəsiqəsini daşıyır və Naxçıvanın təhlükəsizliyini şərəflə qoruyur.
Bütün qeyd olunanlara rəğmən, Moskvanın Türkiyə ilə imzaladığı Moskva müqaviləsini ləğv etmək istəməsi Ankara ilə əlaqələrdə münasibətlərin pozulması deməkdir. Lakin bununla Rusiyanın nəyə nail olmaq istədiyi və ya nail ola biləcəyi qaranlıqdır.
Bu məsələdə Rusiyanın məqsədi Türkiyəyə təzyiq etməkdir: "Moskva müqaviləsi ləğv oluna bilməz, olunsa belə, bundan ən çox itirən Rusiya və Ermənistan olar". Müqavilənin ləğv olunmasında maraqlı olan Ermənistan bilməlidir ki, bu nəticə etibarilə Ermənistanın özünün əleyhinə işləyəcək prosesin başlanmasına səbəb ola bilər. Çünki bu ölkə Azərbaycanın ərazisində yaradılan qondarma dövlətdir. Müqavilənin ləğv olunması əslində Rusiyanın özünün də əleyhinədir: Rusiya özünü varisi elan etdiyi dövlətin imzaladığı sənədə hörmət etmirsə, bu onun qlobal səviyyədə nüfuzuna xələl gətirə bilər. Onsuz da müqavilələrin (Moskva və Qars müqavilələrin) ləğvi coğrafi baxımdan sərhədləri dəyişməyəcək. Çünki bu gün bütün sərhədlər BMT tərəfindən qəbul olunur. Həm də dövlətlər BMT-yə üzv olarkən, bir-birinin ərazi bütövlüyünü qəbul ediblər.
Müqavilənin pozulması Azərbaycanın da maraqlarına toxunur. Müqavilənin şərtlərinə görə, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alıb. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi imzalanıb. Türkiyə Naxçıvanın qarantı kimi çıxış edir. Moskva müqaviləsinin ləğvi Qars müqaviləsinin də ləğvi deməkdir. Qars müqaviləsi ləğv olunacaqsa Azərbaycan Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə ilə ikitərəfli təhlükəsizlik müqaviləsi bağlaya bilər, Naxçıvanda hərbi bazanı qura bilər və s.
Ümumiyyətlə, Moskva müqaviləsi pozularsa, yaranacaq durum Türkiyədən çox Rusiyanın maraqlarına toxunacaq. Çünki Türkiyə kimi Rusiyanın da üzərinə götürdüyü öhdəlik və məhdudiyyətlər var. Həm də müqavilənin ləğvi və ya ona baxılması, bütün beynəlxalq hüquq normalarına ziddir. Əgər bu müqavilə ləğv olunarsa, onda Rusiyanın imzaladığı bir sıra başqa müqavilələr gündəmə gələ bilər. Deməli, müqavilələrin ləğvi söhbəti ciddi deyil, sadəcə Türkiyəyə hədə-qorxu gəlməkdir. Əslində isə "Dostluq və qardaşlıq müqaviləsi" qarşıdurmaya yox, dostluq və qardaşlığa, qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılmasına xidmət etməlidir.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri,
akademik
525-ci qəzet.- 2016.- 15 mart.- S.2;4