Uzanan ömrüdür şair
dünyanın...
BARAT VÜSALIN 65 YAŞINA
Açıb
novruzgülü təpədə indi,
Bu
gülü heç kimə verməyəcəyəm!
Yandırın,
a dostlar, bayram şamını,
Bu günü ömrümə naxış sayıram.
Qonaq
çağırıram bu gün hamını,
Bu
günü heç kimə verməyəcəyəm!
Bu şeiri yazanda Baratın cəmi 35 yaşı tamam
olurdu və bu şeiri ilk dəfə eşidənlərdən
biri mən idim. İndi aradan nə az, nə
çox - düz 30 il keçib. İndi, daha dəqiqi,
martın 18-də isə Azərbaycan Yazıçılar
Birliyinin Qazax Zona Filialının sədri, Əməkdar incəsənət
xadimi Barat Vüsalın 65 yaşı tamam olur. Və
Allaha çox şükür ki, onun şeirlərinin ilk
oxucularından biri yenə də mənəm:
Biz elə
dünyada üç-dörd nəfərik,
Biz
çoxuq hamıdan...biz az deyilik.
Ana təbiətin
dörd fəsili var,
Beşinci fəsilə möhtac deyilik.
Bəli, dünyanın hər ağrısına
dözüb dərdini daşımaq bu üç-dörd nəfərin
çiyinlərinə düşür. Özümü
xoşbəxt hesab edirəm ki, bu üç-dörd nəfərdən
biri mənəm (Baratın nəzərində).
Qəti deyə bilmərəm ki, Vətənin
ağır günlərində Azərbaycan Silahlı Qüvvələrində
xidmət keçməklə bu Vətənin uğrunda borcumu
verib qurtarmışam. Hamı kimi mən də bunu yalnız
torpaqlarımız düşmən işğalından azad
olduqdan sonra söyləyə bilərəm. Lakin mən
bu Vətənin qarşısında öz mənəvi borcumu
az da olsa qaytaranlardanam. O qanlı-qadalı
günlərin şahidi kimi məhz bu gün bir həqiqəti
deməliyəm ki, həmin döyüşlərin ən
layiqli iştirakçılarından biri də Barat
Vüsaldır. Dəfələrlə bizimlə
çiyin-çiyinə səngərlərdə olan şair
dostumu həmişə döyüşən görmüşəm.
Ayağını torpağa bərk vuraraq qələmini
bayraq edərək irəli şığıyan
görmüşəm.
Şair də
and içən əsgər kimidir,
Torpaqla,
bayraqla
Varam var,-deyir.
Hər
şeir yazanda mənim əllərim,
Bayrağa toxunur, torpağa dəyir.
Vətənin müdafiəsində kimin əlindən nə
gəlirsə, onu da edir. Əsgər papağını qoyub
başına, əsgər paltarını geyinməsə də
şair də düşmən üstünə gedir. Barat, lazım gəlsə, silah da götürməyə
hazırdı. Lakin onun bizə
süngüyə çevrilən qələmi daha çox
lazımdı.
Hayıf,
hayıf səndən,Vətən
torpağı,
Kim geri qaytarsın gedən torpağı?
Hər
zaman bizimlədi, səngərdədi - "Sarı
yoxuş"dadı, "Daş çalda"dı, "Odun
dağı"ndadı, "Tənəhli-Bəzəhli"dədi,
"Qaraçal"da igidlərin yanındadı Barat
Vüsal. Neçə ki, torpaqlarımız
işğal altındadı özü də rahatlanmayacaq, səni
də, məni də qoymayacaq rahat yaşamağa.
Oğullar,
bu gündən qollarınıza,
Alınmış yurdların adını döyün.
Ürəkdəki
o şah damarınıza,
Ən əvvəl Xocalı dərdini döyün.
Qələbə
gəzirik, hər gün qələbə,
Qələbə yolları ürəkdən keçir.
Onun sinəsində ürək yerinə sanki Azərbaycan
döyünür. Barata doğma olan bu mövzular mənə
yaxşı tanışdır. Bu şeirlərdəki
barıt qoxusu, səngər ətri, vətənpərvərlik
ruhu mənə də yad deyil. Şairlər
döyüş meydanında sözlə hücuma keçirlər.
Onun üçün sözün haqqı
Tanrı haqqıdır. Sözü
öldürmək, yandırmaq, məğlub etmək olmaz.
Əbədidir söz, əbədi olan isə hər
zaman qalibdir. Qayğıların, problemlərin
qarşısında gücsüz görünə bilər,
Barat yazdığı şeirlərlə güclüdür:
Hər
şeyi olsa da, heç nəyi yoxdu,
Bir şair sözünə möhtacdı dünya.
Demək olar ki, bütün şeirlərində əsl
vətəndaş mövqeyindən çıxış edir,
öz üsyankar arzularını dilə gətirir. Çiyninə
avtomat keçirən, əsgər paltarı geyinən hər
kəsi vətəni, torpağı daha dərindən sevməyə,
mərdliyə, cəsarətə, kişiliyə səsləyir.
Bu şeirlərdə hamımızı silkələyən
dərin bir kədər hissi vardır. Lakin bu kədər
adi deyil, müqəddəsdir, ümumbəşəridir.
O, bizi bədbinləşməyə qoymur, təpərli
olmağa,intiqam hissi ilə
alışıb-yanmağa çağırır:
O əsgərin
deyirlər
Qəfil
düşən mərmilər
Əllərini qoparıb.
Əsgəri qan aparıb.
Sanmayın
ağlımı itirmişəm mən,
Bu dərdi özümə pənah sanmışam.
Əsgər
əllərini götürmüşəm mən,
Mən əsgər
əliylə silahlanmışam!
"Düşmənlə döş-döşə
dayanan, döyüşən Qazax torpağının
müharibə psixologiyası bütünlüklə
Baratın şeirlərinə gəldi" (Xalq şairi Zəlimxan
Yaqub).
Qısaca da olsa, şairin vətəndaşlıq
mövqeyini açıqlamağa çalışdım. Baratın bu
mövzuda bir neçə şeirinin adını çəkmək
istədim. Mümkün olmadı. Hansının adını çəkim. Hamısı bir-birindən mənalı. Yenə ordu həyatıyla bağlı günləri
xatırlayıram.Yalnız onu düşünürəm ki,
Barat bu şeirləri ilə böyük bir ordunun görə
bilmədiyi işi görmüşdür.
"Mayor" rütbəsi almağımla Azərbaycan
Yazıçılar Birliyinə üzv qəbul olunduğum
günün eyni vaxta düşməsini də həyatımın
xoş təsadüflərindən biri hesab edirəm. 1997-ci ildə
Xalq yazıçısı Anarın imzası ilə verilən
bu vəsiqəni və təbrik məktubunu Barat gətirib mənə
döyüş mövqeyində - şəxsi heyətin
qarşısında təqdim eləmişdi.
Hərdən mənə qeybət şəklində
çatdırmaq istəyirlər ki, Barat dəymədüşərdi,
kəmhövsələdi, inadından dönməzdi. Baratın elə
böyüklüyü də bundadır. Necə ola bilər ki, o hamının dərdini
özününkü edə bilir, hamıya əl
uzatmağı, dayaq olmağı, xeyirxahlıq göstərməyi
bacarır. Məhz həmin xarakterin davamı,
bütövlüyü bu deyilmi?!- deyə
qısa cavab verirəm.
Bu bir həqiqətdir. Barat Vüsalın rəhbərlik
etdiyi AYB Qazax zona filialı çoxlarının könül
evi, ümidgahıdır. Lap əvvəldən,
özü gənc olsa da, ağsaqqallıq qazanan,
bugünkü "Şairlər yurdu"nun başında kişi kimi dayanan, qədim-qayım bir yoldan
keçib gələn, çox işlər görsə də
onu elədim, bunu elədim deməyən bir insandır Barat
Vüsal:
Elə
bir ocağın başındayam ki,
Alovu səngiməz, közü qaralmaz.
Sözün də məqamı var. Barat sözü məqamında
işlətməyi bacarır. O danışanda da şeir dili ilə
danışır: "Qədim-qayım bir yol
görünür, burdan karvan keçibdi. Ağaclar
böyrü üstə düşüb, otlar biz-bizdi, burdan
tufan keçibdi. Meşədə qu desən
qulaq tutular, quşlar oxumur, burdan ovçu keçibdi. Bənövşələr düzəldibdi boynunu,
gözəllər seyrangaha çıxıbdı, burdan
şair keçibdi" (" Ürəklərə əkin məni"
adlı şeir kitabıma yazdığı ön sözdən).
Baratın şair kimi də, insan kimi də ən
yüksək keyfiyyətlərindən biri səmimi
olmasıdır. O duymadığı, azca da olsa bilmədiyi,
inanmadığı, hətta yaşamadığı şeydən
danışmamağı bacarır və danışmır.
Bu səmimiyyət o qədər güclüdür ki, istər-istəməz
özünəməxsus şıltaqlığını da
asanlıqla ört-bastır edə bilir:
Barat, qalx
göylərə, enib yaşama,
Alış
günəş kimi, sönüb yaşama!
Millətin
böyrünə sinib yaşama,
Yaşa,
millətini yaşatmaq üçün!
Göründüyü kimi, fikir aydın və sərrastdır. Bu şeirlər
hisslə idrakın sintezindən qidalanır, insanı
özünü tanımağa çağırır, mənəviyyatın
itməsindən, biganəlikdən qorxur. Şair bu yerdə
qəzəbini də gizlədə bilmir:
Gah
artır, gah batır səsi-səmiri,
Gah haray qoparır, gah dönür daşa.
Dostları
görəndə zəncir gəmirir,
Düşməni
şırvanıb keçirir başa,
Bu iti
içimə kim bağlayıbdı?!
Barat
şeir yazmır, haqqın səsini, Allahın
sözünü bizə çatdırır, taleyin diqtəsi
ilə yazılan şeir də alın yazısı kimi
pozulmazdır:
Özüm
batırıb səsimi,
Özüm tutardım yasımı.
Pozardım alın yazımı,
Allahın xətti olmasa.
Oğul-uşaqdan, ata-anadan, Vətəndən keçib gələn bir yol var. Bu yolun axırına yalnız eşq ilə gedib çıxmaq olar- "Yolumuz eşqə bağlıdı"... Şair dərdləşməyə adam tapmayanda, dərdlərini kefləndirmək üçün eşqin camını çəkir başına, könüllər mülkünün ziyarətinə gedir:
Barat sadiq qalıb öz adətinə,
Aldanmaz dünyanın zər-ziynətinə.
Könüllər mülkünün ziyarətinə,
Evdən baş götürüb qaçmış şairəm.
Baratın şeirlərinin ən yüksək məziyyəti məhz onların yazılmaya bilmədiyi üçün yazılmasındadır. O, qələminə və sözünə hər zaman sadiqdir. O, sevgidən yazırsa, bu sevginin zirvəsini göstərir, eləcə də söhbət Vətənə bağlılıqdan gedirsə, ya onun uğrunda ölüm, ya da heç nə. Onun üçün orta nöqtə yoxdur, ya başlanğıc, ya da son vardır. Ya yaxşı, ya da pis vardır. İfrat-təfrit deyilmi oxucuda predmetə nüfuz etmək marağı oyadan. Əsl poeziyanın yolu da bu deyilmi?!
Kişinin əlini kişi sıxmasa,
Gədənin-güdənin yarışı başlar.
Kişi ocağından kişi çıxmasa,
Dünyanın ən uzun qarğışı başlar!
"Qazaxda yaşadım mən öz ömrümü"- deyir şair və nə yaxşı ki, Qazaxda yaşayır. Harada yaşamasından asılı olmayaraq yaxşı bilir ki, el şairindi, şair də elin. Bunlar sinonimdir - vəhdətdədir:
-Barat, yol daraldı, iz gərək oldu,
Bir gün ocağa da köz gərək oldu.
El-oba yığıldı, söz gərək oldu,
Şair
bizimki də sənsən, dedilər!
...Təbiət
baharda təzələnir. Sözün də
baharı olur. Sözün baharı
şairlərdi, sənətkarlardı. Öz
sələflərinin layiqli davamçısı kimi o da bu
dünyaya baharda gəlib. O da ilk şeirini baharda
yazıb. Bəlkə elə buna görədir
ki, onun şeirləri əbədi qüdrətə malikdir, həmişəbahardı.
Sözün yaşı olmadığı kimi, şairin də
yaşı yoxdu:
Kim ki,
şairinə qıyır dünyanın,
Barat, o qəlbinə dəyir dünyanın.
Uzanan
ömrüdür şair dünyanın,
Allahın
sirridi, sehridi, qardaş!
Mustafa RASİMOĞLU
525-ci qəzet.- 2016.- 17 mart.- S.8.