Azərbaycan aliminin yeni
uğurları
Filologiya
elmləri doktoru, professor Əsgər Zeynalovun
"Hüqo" və "İrəvan ziyalıları"
kitabları Amerika Birləşmiş Ştatlarında,
"Hüqo-fransız ədəbiyyatının milyarderi"
kitabı isə Almaniyada nəşr edilib.
Professor Əsgər Zeynalovu çoxdan tanısam da,
doktorluq dissertasiyamın müzakirəsi zamanı ona daha
yaxından bələd oldum. O, elmi işimin dərin və
geniş təhlilini verərək ədəbiyyatşünaslığımız
üçün maraq doğuracaq yeni fikirlər söylədi
və həllini gözləyən bəzi problemlərə toxundu.
Dissertasiyanın müdafiəsi zamanı
AMEA-nı bir neçə əməkdaşının Azərbaycan
Dillər Universitetinin şurasında iştirakını nəzərə
alaraq, onların fikirlərini öyrənmək məqsədilə,
Əsgər müəllim yenidən həmin məsələlərin
üzərinə qayıtdı. Onun elmə
bu cür fədakarcasına, təmənnasız münasibəti
mənim bu zəhmətkeş, təvazökar alimə
hörmətimi daha da artırdı. O isə bundan sonra məni
"bizim Aynur" deyə çağırmağa
başladı.
Mən Əsgər Zeynalovun çoxşaxəli elmi
yaradıcılığı ilə yaxından tanışam. Onun gərgin alim əməyinin
bəhrəsi olan "Fransız ədəbiyyatında Şərq",
"İrəvan ziyalıları", "Şərq Volter
yaradıcılığında", "Viktor Hüqo",
"Altaydan Altaya", "Orda bir yurd var uzaqda", "Hara
gedir bu qatar?", "O, bir əsr idi...",
"Hüqo" və digər kitablarının ilk
oxucularından biri mən olmuşam, - desəm, yanılmaram.
Ə. Zeynalovun əsərlərinin nəşr tarixinə nəzər
salarkən onun bir ildə iki, üç, hətta dörd
kitabının nəşr olunduğunu görürük. Bu
yaxınlarda isə, təxminən bir ay ərzində onun üç
kitabı xaricdə - "Hüqo" və "İrəvan
ziyalıları" ABŞ-da, "Hüqo - Fransız ədəbiyyatının
milyarderi" Almaniyada nəşr edildi. Bu təqdirəlayiq
və heyrətamiz hadisə, təbii ki, ilk növbədə
professor Ə. Zeynalovun və onun timsalında bütün Azərbaycan
elminin uğurudur. Yeri gəlmişkən,
hər üç kitabı ingilis dilinə tərcüməçi
dosent Fialə Abdullayeva çevirib. Xatırlatmaq
lazımdır ki, bundan əvvəl ədəbiyyatşünas
alimin "İrəvan ziyalıları" əsəri
Sankt-Peterburqda (2011), Moskvada (2013) rus dilində, "Hüqo -
Fransız ədəbiyyatının milyarderi" kitabı
Fransada (2015) fransız dilində nəşr olunmuşdu.
Professor Əsgər Zeynalovun "Hüqo"
monoqrafiyası ABŞ Şimali Karolina ştatının
Fraleigh şəhərində "LuLu" nəşriyyatı
tərəfindən çap edilib. Kitabın redaktoru Azərbaycan
Dillər Universitetinin doktorantı Səbinə Zeynalova, rəyçiləri
filologiya üzrə elmlər doktoru, professor Q.Quliyev və fəlsəfə
doktoru Vazeh Əsgərovdur. Kitabın əvvəlində
azərbaycanlı alim haqqında yığcam məlumat
verilib, onun "Hüqo" monoqrafiyasının 2014-cü ildə
Azərbaycan Respublikasının Dövlət Mükafatına
təqdim olunması xüsusilə qeyd edilib. Kitabda tədqiqatçının 2007, 2013, 2014 və
2015-ci illərdə Fransada aldığı sertifikatlar da
öz əksini tapıb.
Monoqrafiyada
V. Hüqonun həyat və yaradıcılığına
ümumi nəzər salınıb, fransız ədibinin əsərlərinin
Azərbaycan dilinə tərcüməsi məsələsinə
toxunulub, bir sıra görkəmli ədəbiyyatşünaslarımızın
- Əli Sultanlı, Mikayıl Rəfili, Əkbər
Ağayev, Məmməd Cəfər və digərlərinin
müxtəlif vaxtlarda fransız ədibi haqqında
yazdıqları məqalələr də diqqətdən kənarda
qalmayıb. Lakin bu bir həqiqətdir ki, Azərbaycan
ədəbiyyatşünaslığında V.Hüqo və
Volter haqqında ilk monoqrafiyalar professor Ə. Zeynalovun adı
ilə bağlıdır.
"Hüqo"
monoqrafiyasının "Hüqonun poeziyası" bölməsində
20 cildlik romanların, 26 cildlik poetik əsərlərin müəllifi
olan fransız ədibinin 1829-cu ildə nəşr etdirdiyi
"Şərq motivləri" və 1843-cü ildə Sena
çayında boğulmuş qızı Lepoldinanın
ölümünə 13 il müddətində həsr etdiyi
şeirlər araşdırılıb. Tədqiqatçı
"Şərq motivləri"ndən bəhs edərkən
yazır ki, fransız, rus tədqiqatçıları
şairin bu silsilə şeirlərinin yaranmasının əsas
səbəbini həmin dövrdə gedən türk-yunan
müharibəsilə əlaqələndirirlər (1821-1829).
O, bir sıra görkəmli Azərbaycan ədəbiyyatşünaslarının
da rus tədqiqatçılarının fikrini təkrarlamasını
təəssüf hissilə qeyd edir. Ə. Zeynalova görə,
fransız, rus alimlərinin yazdıqları türklərə
qarşı kinli, qərəzli fikirdən başqa bir şey
deyildir. Monoqrafiyada müəllif "Şərq motivləri"nin
yaranma səbəbini V.Hüqonun öz fikirlərilə, əsərinin
əvvəlində yazdığı sözlərlə izah
edir: "Əgər biz ellinist idiksə, indi şərqşünasıq".
Həmin fikrə əsaslanan digər fransız
yazıçısı Andre Moruanın "Şərq bu
dövrdə dəbdə idi" sözlərini də bura əlavə
edən müəllif Şərq mövzusuna marağın
hardan qaynaqlandığını düzgün göstərməyi
vacib sayır.
Tədqiqatçı
V.Hüqonun "Şərq motivləri"ni
geniş təhlil etməklə yanaşı, onun ümumiyyətlə,
Şərq mövzusunda yazdığı bir neçə əsərinin
adını çəkib və bəzi şeirlərə
münasibətini bildirib. Araşdırmaçı fransız
ədibinin Məhəmməd peyğəmbərə həsr
etdiyi 156 misradan ibarət "Hicranın doqquzuncu ili" poemasından
nümunə gətirib, bəzi parçaları monoqrafiyada təqdim
edib.
Ə.
Zeynalov öz monoqrafiyasında alman, fransız, amerikan oxuculara
bir sıra problemli məsələləri təqdim edib, elmi
faktlara, dəlillərə söykənərək öz
obyektiv və cəsarətli mövqeyini ortaya qoyub. Qeyd etmək
lazımdır ki, Ə. Zeynalov V. Hüqonun islam dinini qəbul
etməsini fransız qaynaqları əsasında sübuta yetirən
ilk tədqiqatçıdır.
Monoqrafiyanın
"Hüqonun nəsri" bölməsində
yazıçının iki romanı tədqiqata cəlb
olunub: "Paris Notrdam Kilsəsi" və dahi rus
yazıçısı Lev Tolstoyun "Fransız ədəbiyyatının
ən yaxşı romanı" adlandırdığı
"Səfillər". "Paris Notrdam Kilsəsi"
romanının geniş təhlilini verən tədqiqatçı
belə bir fikir söyləyir ki, əgər Hüqo heç
bir əsər yazmasaydı belə, təkcə elə 29
yaşında yazdığı bu romanla tarixdə yaşamaq
hüququ qazanardı.
Azərbaycanlı ədəbiyyatşünas fransız ədibin
romanın sonunda Şərqlə, Şərq abidələri,
mədəniyyəti ilə bağlı qeyd etdiyi fikirlərə
geniş yer ayırıb, onları heç də ehkam kimi qəbul
etmədən, yeri gəldikcə öz kəskin tənqidi
münasibətini bildirib.
Daha sonra V. Hüqonun 1862-ci ildə nəşr etdirdiyi
"Səfillər" romanından bəhs edən tədqiqatçı
yazır ki, Hüqonun öz bədbəxt sürətlərini
düşdükləri faciələrdən qurtarmaq
üçün gəldiyi son nəticə və
çıxış yolu belədir: "İki bədbəxtlik
birləşib bir xoşbəxtlik əmələ gətirir". Ə.Zeynalov
"Səfillər" romanını təhlil edərkən
fransız ədibinin poeziyası ilə bu nəsr əsəri
arasında müqayisə aparır və belə qənaətə
gəlir ki, Hüqo Jan Valjan surətilə öz
obrazını, Kozetta surətilə qızının
obrazını yaradıb. Azərbaycanlı alim əsərdə
Foşlevan babanın dililə Jan Valjan haqqında səsləndirilən
"O, türk kimi qüvvətlidir" sözlərinə
diqqəti çəkir və bu misalla türkün Avropada
"güc", "qüvvət" simvolu kimi
tanındığını göstərir.
Monoqrafiyanın
"Hüqonun müasirləri" bölməsində müəllif
Balzak, Jorj Sand, Düma, Flober, Mopassan kimi fransız
yazıçılarının həyat və
yaradıcılığına nəzər salmaqla
yanaşı, Hüqonun etibarlı dost olması məsələsini
ön plana çəkib.
Kitabın "Parisə məktublar - Parisdən məktublar"
bölməsində hüqoşünas, dünyaşöhrətli
fransız alimi Arno Lasterlə Ə.Zeynalovun bir-birinə
yazdığı məktublar təqdim olunub. Bu məktubların
əsasını təbii ki, Hüqonun şəxsiyyəti,
yaradıcılığı haqqında fikir mübadiləsi
təşkil edir.
Professor Ə.Zeynalovun "ABŞ-ın Şimali Karolina
Ştatının Fraleigh şəhərinin "LuLu" nəşriyyatında
işıq üzü görən növbəti kitabı
"İrəvan ziyalıları" dır. Kitabın
redaktorları professor Əfqan Abdullayev və ADU-nun
doktorantı Səbinə Zeynalova, rəyçilər mərhum
akademik Budaq Budaqov və professor Teymur Əhmədovdur.
Əsər ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların
1948-1953-cü illərdə Ermənistan SSR-dən tarixi-etnik
torpaqlarından deportasiyası", 18 dekabr 1997, 16 mart 1998-ci il "Azərbaycanlıların
soyqırımı" haqqındakı sərəncamları
və Respublika Prezidenti cənab İlham Əliyevin "Biz
hamımız yaxşı bilirik ki, indiki Ermənistan dövləti
azərbaycanlıların tarixi torpaqları üzərində
yaradılmışdır. İrəvan
xanlığı, Zəngəzur mahalı və digər
regionlar bizim tarixi torpaqlarımızdır" sözləri
ilə açılır. Kitabda
Sankt-Peterburq və Moskva nəşrlərinə dünya
şöhrətli rus alimləri Boris Anatolyeviç Starkov və
Rudolf Nikolayeviç İvanovun yazdığı ön
sözlər təqdim olunub. B.A.Starkov
yazır ki, rus oxucusu heç də elə başa düşməsin,
burada söhbət Ermənistanın paytaxtı İrəvandan
gedir. Bu kitabda əvvəllər əhalinin
əksəriyyətini təşkil etmiş azərbaycanlılardan
və onların yetişdirdiyi ziyalılardan
danışılır. O, faktiki olaraq kitabın hər sətrində
qeyd edir ki, İrəvan qədimlərdən azərbaycanlıların
şəhəridir. Alim fikrini əsaslandırmaq
üçün Ermənistan Sovet Ensiklopediyasının
üçüncü cildinin 571-ci səhifəsinə
müraciət edib göstərir ki, XIV əsrin sonlarından
XIX əsrə, həmçinin 1920-ci ilə kimi İrəvan
Azərbaycan şəhəri olmuşdur.
Ə.Zeynalovun
istər Bakıda Azərbaycan, rus və ingilis dillərində,
istərsə də dünyanın iki ən böyük, nəhəng
xristian dövlətində - Rusiya (2011, 2013) və Amerika Birləşmiş
Ştatlarında (2016) işıq üzü görmüş
"İrəvan ziyalıları" kitabının üz
qabığında İrəvandakı Göy məscidin
şəklinin əks olunması bu şəhərin müsəlman
dünyasına, müsəlman aləminə məxsus
olduğunu bir daha təsdiq edir. ADU-nun dosenti Misgər Məmmədov
bu zəhmətkeş alim haqqında qələmə
aldığı "Ədəbiyyatşünaslıqda
ziyalılıq fenomeni" adlı məqaləsində
yazır: "Əsgərin məqsədi bu əsəri
("İrəvan ziyalıları"nı)
yazmaqda o idi ki, İrəvan bizim torpağımız yox, bizim
vətənimizdir".
Ə.Zeynalov bu tədqiqatı ilə təkcə azərbaycanlı
araşdırmaçıları, oxucuları deyil, beynəlxalq
aləmdə böyük nüfuz sahibi olan alimləri də,
rus, ingilis oxucularını da inandırır ki, İrəvan
azərbaycanlıların vətənidir. Alim uzun illərin
axtarışlarından sonra İrəvanın 180-200 illik nəsillərini
üzə çıxarıb: İrəvanilər,
Muğanlinskilər, Mirbabayevlər, Erivanskilər, Qazıyevlər,
Topçubaşovlar...
"İrəvan
ziyalıları" kitabına söykənən hər iki
rus alimi- B.A.Starkov və R.İ.İvanov qeyd edirlər ki, Azərbaycanın
bir çox tanınmış, görkəmli adamları
öz şəhərinə bağlılıqlarını
bildirmək üçün "İrəvani" təxəllüsünü
götürüblər: Mirzə Qədim İrəvani, Fazil
İrəvani, Axund Molla Qasım İrəvani, Əbulqasım
İrəvani, Aşub İrəvani.
Kitabdan bəlli olur ki, XX əsr Azərbaycanın elm, mədəniyyət,
incəsənət, ədəbiyyat aləmini İrəvandan
çıxan ziyalılarsız təsəvvür etmək
mümkün deyil. Rus alimləri də bu həqiqətin
üzərinə dönə-dönə qayıdıblar.
Onlardan bir neçəsinin adını çəkmək,
bizcə, kifayət edər: Azərbaycan Elmlər
Akademiyasının ilk akademikləri - Mustafa bəy
Topçubaşov və Heydər Hüseynov, görkəmli
ictimai xadimlər Əziz Əliyev, Maqsud Məmmədov, Həsən
Seyidov, Xalq rəssamı Kamil Əliyev, bəstəkar Səid
Rüstəmov, kinorejissor Hüseyn Seyidzadə, görkəmli
ədəbiyyatşünas alimlər Cəfər Xəndan,
Mirəli Seyidov, fizioloq alimlər - akademik Hüseyn Həsənov,
AMEA-nın müxbir üzvü Rafiq Qasımov... Ə.Zeynalov, B.Starkovun sözlərilə desək,
kitabının hər sətrində doğma yurduna,
torpağına sevgisini bildirir. Və
müəllif heç zaman pessimizmə qapılmır, o
bütün varlığıyla inanır ki, onlar bir gün
öz Vətənlərinə qayıdacaqlar. O, söhbətlərində
tez-tez bir ifadəni işlədir: Qəlbimizdə bir həsrət
var, bir inam. Həsrət yurd həsrətidir,
inam o yerlərə qayıtmaq inamıdır.
Bu gün
mühüm əhəmiyyət kəsb edən, milli qeyrət,
öz tarixi keçmişinə hörmət və təəssübkeşlik
hisslərindən yoğrulub ərsəyə gətirilmiş
"İrəvan ziyalıları" kitabının
Sankt-Peterburq və Moskvadan sonra Amerika Birləşmiş
Ştatlarında işıq üzü görməsi professor
Ə.Zeynalovun Azərbaycan xalqı qarşısındakı
misilsiz xidmətidir. Elə bu səbəbdəndir ki, "İrəvan
ziyalıları" kitabı 2012-ci ildə Azərbaycan
Respublikasının Dövlət Mükafatına təqdim
olunub.
Ə.Zeynalovun xaricdə nəşr olunmuş
üçüncü kitabı "Hüqo - Fransız ədəbiyyatı
milyarderi" əsəridir. Kitab Almaniyanın
Saarbrücken şəhərinin "Seholars Press" nəşriyyatında
işıq üzü görüb. Bu azərbaycanlı
alimin respublikamızdan kənarda nəşr olunan
altıncı kitabıdır.
Kitabda
dahi fransız ədibinin keşməkeşli, mübarizəli,
sürgünlü, bəzən də şən keçirdiyi
ömür yoluna və yaradıcılığına nəzər
salınıb, əsərlərinin Azərbaycan dilinə tərcüməsi
və tədqiqi tarixi məsələsinə diqqət
yetirilib, poeziyası, nəsri geniş, əhatəli təhlilə
cəlb olunub.
Cəsarətlə demək olar ki, bu gün professor
Ə. Zeynalov Azərbaycan elmini dünyaya tanıdan
istedadlı alimlərimizdən biridir. O, həm də çox vətənpərvər,
elinə-obasına sadiq bir insandır. Tədqiqatçının
xaricdə nəşr olunmuş kitablarının
hamısında müəllif haqqında məlumat verilərkən
yazılır: "Əsgər Məmməd oğlu Zeynalov
1951-ci ildə sentyabr ayının 27-də İrəvan
yaxınlığındakı Zəngibasar mahalının
Yuxarı Necili kəndində anadan olmuşdur". Bu ifadə ilə o, sanki İrəvan şəhəri,
Zəngibasar mahalı ilə yanaşı Səda, Çegem,
Şəkər aulları kimi öz doğma Yuxarı Necili kəndini
də dünyada tanıtmaq istəyir.
Ə.Zeynalov Türkiyə, Almaniya və digər ölkələrdə keçirilən beynəlxalq konfrans və qurultaylarda iştirak edib, məqalələri Rusiya, İran və Türkiyədə nəşr olunub, Rusiyada (Sankt-Peterburq-2011, Moskva-2013), eləcə də Fransa (2015), ABŞ (2015, 2016) və Almaniyada (2016) kitabları işıq üzü görüb. Professor Ə.Zeynalovun yaradıcılığına B.A.Starkov, R.N.İvanovdan əlavə, Fon Lui Bakke Qrammon, Arno Laster kimi dünya şöhrətli alimlər yüksək qiymət verib, kitablarına ön söz yazıblar. Azərbaycanlı alim haqqında Fransanın ən nüfuzlu orqanlarından olan "LEST Republicain" qəzetində 2007 və 2014-cü illərdə və Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində 2013-cü ildə məqalələr dərc olunub. Onun barəsində yazılan hələlik sonuncu məqalənin müəllifi isə görkəmli hüqoşünas alim A.Lasterdir.
30 kitabın, 350-dən artıq elmi -publisistik məqalənin müəllifi olan Ə.Zeynalov çoxşaxəli elmi yaradıcılığına, "Volter yaradıcılığında Şərq" mövzusunda doktorluq dissertasiyası müdafiə etməsinə baxmayaraq, beynəlxalq aləmdə daha çox Hüqo üzrə mütəxəssis kimi tanınır. Fransa səfərlərində dəfələrlə onunla birlikdə olan səfər yoldaşı ADU-nun professoru Çəmən Babaxanovanın "Onu Fransada Hüqonun mütəxəssisi kimi yaxşı tanıyırlar" məqaləsi də bu fikri əyani surətdə təsdiq edir. Ç.Babaxanova yazır: "2014-cü il iyulun 22-də Franş Konte regionunun vitse-prezidenti ilə görüşdə Ə.Zeynalov 20 dövlətin nümayəndələrinin iştirak etdiyi Edqar For zalında heç bir qeydə baxmadan fransız dilində elə çıxış etdi ki, ondan sonra dönə-dönə təklif olunsa da, heç kəs cəsarət edib danışmadı... Belə çıxış etmək üçün professor Ə.Zeynalov kimi cəsarətli, yüksək hazırlığa malik alim olmaq lazımdır".
Zəhmətkeş alim, səmimi və təvazökar insan Əsgər Zeynalovu ABŞ-da və Almaniyada işıq üzü görmüş kitabları münasibətilə təbrik edir, ona bu çətin, lakin şərəfli işdə uğurlar arzulayır, əsərlərinin xarici ölkələrdə yeni nəşrlərini gözləyirik.
Aynur SABİTOVA
Azərbaycan Dillər Universiteti Xarici ölkələr
ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri
doktoru, professor
525-ci qəzet.- 2016.- 17 mart.- S.7