Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir

 

PENSİYALAR HƏR AY VAXTINDAN ƏVVƏL MALİYYƏLƏŞDİRİLİR

 

 

"78 yaşım var. Hər ay pensiyamı böyük səbrsizliklə gözləyirəm. Yeganə gəlir yerim pensiyamdır. Övladlarımız bizə qayğı göstərsələr də, oğula-qıza möhtac olmamaq üçün yoldaşımla bərabər dövlətin təyin etdiyi pensiya ilə dolanırıq. Dövlətimizin, prezidentimizin bizə göstərdiyi diqqətdən çox razıyıq. Demək olar ki, hər il pensiyaları artırır. Biz də aldığımız təqaüdlə dərmanlarımızı və çatışmayan nəyimiz varsa alırıq".

 

Bu sözləri bizimlə söhbətində Səyyad Məmmədov deyir. S.Məmmədov bu gün ölkədə yüksək qayğı və diqqətlə əhatə olunan pensiyaçılardan biridir. Onun sözlərinə görə, əvvəllər pensiyalar ya xüsusi banklarda, yaxud da poçt məntəqələrində şəxsən pensiyaçıya çatdırılırdı. Bunun üçün pensiyaçı müxtəlif əlaqə vasitələri ilə pulun nə zaman gəldiyini bilməli, ardınca sübh tezdən pensiya paylanan məntəqəyə getməli idi. Burada isə onu çox çətin mübarizəli növbə gözləyirdi.  Birtəhər növbə tutandan sonra, bəzən elə hallar olurdu ki, pul az gəldiyindən əksəriyyət insanlar evə əliboş qayıdırdı. Hətta bəzi aylarda bu proses bir neçə dəfə təkrarlanırdı. Bəzən isə ümid yalnız poçt işçisinə qalırdı. Poçt işçisi də nizamsız şəkildə, ürəyi istədiyi vaxt pensiyanı yaşadığın ünvana gətirir, sənədləri imzalayıb pulu təhvil verirdi. Bəzən isə qapıya gələn poçt işçisinə gətirdiyi pensiyandan "hörmət" etməli olurdun.  Təbii ki, bu hal heç kimi qane edə bilməzdi. Lakin son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin strateji istiqamətlərindən biri kimi vətəndaşların pensiya təminatının da qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulmasına başlanıldı. Məhz bu təcrübənin nəticəsidir ki, bu gün ölkədə fəaliyyət göstərən və öz işini yetərincə yerinə yetirən qurumlardan biri olan Dövlət Sosial Müdafiə Fondu hər ay pensiyaları vaxtından əvvəl maliyyələşdirir. Bundan əlavə, hər bir pensiyaçı öz pulunu növbə gözləmədən ona verilən kartdan istədiyi vaxtda çıxardıb istifadə edə bilər.

 

Müsahibimizin timsalında bu gün ölkəmizdə cari ilin yanvar ayının statistikasına əsasən deyə bilərik ki, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 299 946 nəfərdir. Onların 60,1  faizini yaşa görə,  28,8  faizini əlilliyə görə, 11,1 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

 

Pensiya təminatı sistemi - sosial müdafiə siyasətinin ən mühüm istiqamətlərindən biridir

 

Ölkəmizdə əhalinin sosial müdafiəsi həyata keçirilən sosial - iqtisadi siyasətin öncül istiqamətlərindən olaraq, daim dövlətin diqqət mərkəzindədir. Demək olar hər il pensiyanın baza hissəsi, maaşlar və minimum əmək haqları artırılır, dövlət büdcəsi müzakirə olunan zaman sosialyönümlü layihələr daha çox nəzərdən keçirilir.

 

Azərbaycan Respublikasının bütün sahələrdə əldə etdiyi uğurlar Ümummilli lider Heydər Əliyev dühasının bəhrəsidir. Məhz, Ulu öndərimizin müdrik siyasəti, zəngin təcrübəsi və gərgin əməyi sayəsində bütün sahələrdə həyata keçirilən tədbirlər uğurlu olub, nəticədə ölkə iqtisadiyyatında davamlı və uzunmüddətli inkişaf təmin edilib.Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, o cümlədən, Müstəqil Azərbaycanın lideri kimi millətinin maraqlarını daima ön planda saxlayan,  ölkənin ictimai, siyasi, humanitar, mədəni və digər sahələrdə ölkəmizə qazandırdığı uğurları görmək çətin deyil. Heydər Əliyevin prezident kimi əsas qayəsi Azərbaycan xalqının həyat səviyyəsini yüksək görmək, aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsindən ötrü bütün mümkün tədbirlərin həyata keçirilməsi idi.

 

Pensiya islahatları ilə bağlı ilk konsepsiya

 

Ulu öndərimiz Heydər Əliyev tərəfindən 2001-ci il 17 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında pensiya islahatları konsepsiyası"nın  təsdiq edilməsi əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmasında əvəzedilməz rol oynadı. Bu sərəncamla ölkədə pensiya islahatlarının aparılması, pensiya təminatı sisteminin dünya standartları səviyyəsinə qaldırılması istiqamətində yeni siyasi xəttin qəbul edilməsini müəyyən edib. Məhz bu hal sübut edir ki, pensiya islahatları Heydər Əliyev adı ilə bağlanır və Heydər Əliyev strategiyası deyə səslənir.

 

Pensiya islahatlarının keçirilməsi  respublikanın sosial müdafiə sisteminin yüksək, firavan həyat səviyyəsinin təmin olunması maliyyə təminatı ilə birbaşa bağlıdır ki, aparılan məqsədyönümlü strategiya bu təminata nail olmaqla nəticələnib.Bundan əlavə, islahatların bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşması, rolunun artırılması, pensiya və muavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitlərin tam yığılması, məqsədyönlü istifadəsi, şəffaflıq, pensiya sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin yüksəldilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı uyğunlaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilmişdir. Köklü islahatlar və dəyişikliklər 2001-ci ilin iyul ayından etibarən Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyasının icrası ilə başlanılıb. Konsepsiyanın əsas mahiyyəti  sığorta pensiya və sosial yardım sistemlərinin biri-birindən ayrılması, sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin qurulmasını ifadə edirdi. İslahat və dəyişikliklərin əsas hədəfi sığorta haqlarının fərdi uçotuna əsaslanan avtomatlaşdırılmış sığorta-pensiya sisteminin yaradılması və ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləğinin əlaqələndirilməsi idi. Pensiya islahatı Konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoyub. Pensiya sistemində prinsipial tələblər, pensiya islahatının həyata keçirilməsi mərhələləri Ümummilli lider Heydər Əliyev tərəfindən diqqətlə tədqiq və müəyyən edilmişdir. Konsepsiyanın əsas mahiyyətlərindən biri də onu göstərir ki, dövlət daim sosial-iqtisadi vəziyyəti diqqət mərkəzində saxlayır.

 

2003-cü ildən sonra davam edən mütərəqqi islahatların davamı

 

İlham Əliyev 2003-cü ildə birinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə bir çox sahələrdə olduğu kimi, sosial təminat sahəsi olan pensiya istiqamətində də ciddi islahatlar həyata keçirilib və böyük müsbət dəyişikliklərə nail olunub. Bunlara əsas olaraq qeyd etmək istərdik ki, Azərbaycan hökuməti ölkənin pensiya sisteminin idarə olunmasında əsaslı islahatlar və təkmilləşdirmələr üzərində işlərə 2006-cı ildən etibarən başlayıb. "Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası"nın reallaşdırılmağa başlanması, 2006 və 2009-cı illərdə tətbiq olunan yeni əmək pensiyaları sistemi ölkədə sığorta öhdəliklərinin fərdi uçotunun qurulması və yığım pensiya sisteminin tətbiqinə nail olmaqla, sosial müdafiə sisteminin uzunmüddətli maliyyə təminatının əsasını qoyub. Pensiya islahatlarının əsas mahiyyəti işçi və işəgötürən arasında münasibətlərin köklü dəyişikliyinə nail olmaq, işçilərin öz pensiya təminatlarına marağını, işəgötürənin hər bir işçi üçün ödədiyi sığorta haqları üzrə məsuliyyətini artırmaqdan ibarət idi.

 

Son 10 ilin statistik göstəricilərinə baxsaq Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 6,3 dəfə artıb. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin güclənməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ümum daxili məhsuluna nisbəti əhəmiyyətli şəkildə artıb, 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2014-cü ildə 4,6 faizə yüksəlib.Daha bir nailiyyət demoqrafik tendensiyanın uğurla tənzimlənməsidir. Hansı ki, bu tendensiya dünyanın bir sıra hökumətlərinin gündəliyində duran əsas məsələlərdən biridir. Müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyondan çox vətəndaşın fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul olunan düzgün qərarlar sistemin maliyyə dayanıqlılığı və islahatların davamı üçün əlverişli şərait yaradıb. Üçüncü və ən vacib məsələlərdən biri yoxsulluq səviyyəsinin azaldılması idi ki, pensiyaların davamlı artırılması dair Prezident  İlham Əliyevin qəbul etdiyi arıdıcıl və təxirəsalınmaz qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.

 

İqtisadi böhranın pensiyalara heç bir təsiri yoxdur

 

Ötən illər ərzində  pensiyaların məbləğinin artırılması istiqamətində bir neçə dəfə prezident sərəncamı verilib. Dünyanı bürüyən qlobal iqtisadi böhranla əlaqədar 2015-ci ilin fevralın 21-i və həmin ilin dekabrın 21-də baş verən devalvasiya yenidən pensiya islahatlarının aparılmasını zərurətə çevirmişdir. Məhz bunları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

 

Prezidentin pensiyaların artırılması barədə imzaladığı sərəncama münasibətini açıqlayan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin imzaladığı sərəncamların pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət etdiyini bildirib: "Buraya əmək pensiyalarının baza hissəsinin artırılması, sığorta hissəsinin indeksləşdirilməsi, bir sıra güzəştli kateqoriyaya aid olan şəxslərin əmək haqlarının artırılması, pensiyaların yenidən hesablanması daxildir. Prezidentin qərarlarının icrası məqsədilə Dövlət Sosial Müdafiə Fonduna verilən tapşırıqlar vaxtında və avtomatlaşdırılmış rejimdə icra edilib, pensiyalar artım məbləğləri ilə birgə vətəndaşların plastik kartlarına daxil edilib".

 

Azərbaycan 2020: gələcəyə baxış

 

İqtisadçı ekspert Nicat Hacızadə hesab edir ki, "Azərbaycan 2020: gələcəyə baxış" ölkənin bütün sahələrində inkişafını proqnozlaşdıran və hədəfləyən inkişaf konsepsiyasıdır. Məhz konsepsiyada respublikanın davamlı və sürətli inkişafı ilə bağlı bütün müddəalar mükəmməl formada işlənilib. "Yeni dövlət proqramı üçün hazırlıqlar hökumətin pensiyaçıların maraqlarını, hüquqlarını qorumaq,  həyat səviyyələrini daha da yüksəltmək məqsədi daşıyır.  Gözlənilən və reallaşdırılacaq tədbirlər nəticəsində sığorta-pensiya sistemi daha da təkmilləşdiriləcək, könüllü sosial sığortalanmanın tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı bir sıra məsələlər öz həllini tapacaqdır. 2015-ci ilin son 9 ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev ölkədə bütün dövlət xidmətlərinin elektronlaşdırılması və avtomatlaşdırılması ilə bağlı tələblər irəli sürdü. Bunun bariz nümunəsi kimi biz qəbul olunacaq qarşıdakı proqramda sığorta edənlərin qeydiyyatının tam formada avtomatlaşdırılması, sığorta olunanlar dövlət tərəfindən sosial sığorta sistemində avtomatlaşdırılmış qaydada uçota alınması, məcburi dövlət sosial sığortalar üzrə hesabatlar və sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar elektron qaydada ötürüləcək və qəbul ediləcək, sığorta edənlərdə audit elektron qaydada aparılacaq. Bundan əlavə, sənədlərin əyani formada təqdim olunması qaydasına ehtiyac qalmayacaq və elektron qaydada ünvanlanması, vətəndaşların elektron müraciətlər əsasında pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən aparılması tam reallaşdırılacaq"- deyə ekspert qeyd edib.

 

Novruz bayramı ərəfəsində- mart ayında da bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb. Bu da pensiyaçılara bir daha bayram ab-havası bəxş edib. Bu yüksək diqqət və qayğını onlara göstərən isə Azərbaycanın dövlət başçısıdır.

 

Samirə QULİYEVA

Məqalə DSMF-nın "Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir" mövzusunda müsabiqəyə təqdim olunur.

525-ci qəzet.- 2016.- 17 mart.- S.5