Əbədi şair ömrü:
Böyükağa Qasımzadə
GÖRKƏMLİ ƏDİBİMİZİN 100 İLLİYİNƏ
Deyirlər
ki, əsl şairlərin ölümü olmur. Onların mənəvi,
ölümsüz həyatı sonra başlayır - fiziki cismi
torpağa tapşırılandan, məzar daşlarına
adları həkk ediləndən, ancaq ən
başlıcası, bir neçə nəslin yaddaşında
yaşayandan sonra... Həmin şairi sonuncu
görən insan da dünyadan köçər, yerdə qalar
şeir-sənət.
Bu gün
- XXI əsrin ikinci onilliyində XX əsr şairi
Böyükağa Qasımzadəni (1916-1957) hörmətlə
xatırlayanlar, ondan gözəl bir şair və tərcüməçi
kimi söz açanların bir çoxu dünyadan
köçüb (Allah onlara rəhmət eləsin!) , bəzilərisə
ömrünün müdriklik çağlarını
yaşayır (ömürləri uzun olsun!). Mirvarid xanım
Dilbazi, Qılman İlkin B.Qasımzadədən bir ədəbi
nəslin nümayəndələri kimi, H.Abbaszadə, N.Xəzri,
B.Vahabzadə bir böyük qardaşları və dostları
kimi söz açırdılar, F.Qoca, N.Həsənzadə,
Y.Həsənbəy, İ.Tapdıq isə ilk şeirlərinə
yaşıl işıq yandırmış xeyirxah insan kimi
danışırlar.
Ədəbiyyat tarixində az-çox yeri və xidməti
olan sənətkarları unutmaq, onların xatirəsini anmamaq
insafsızlıqdır. Son illərdə belə bir tendensiya
yaranıb ki, Sovet dövrü şairlərini yad etmək
lazım deyil, onların çoxu Leninə, partiyaya, sosializm
quruluşuna mədhiyyələr yazmış, ideologiyanın
qulu olmuşlar. Bu zərərli fikrin
yayıcıları elə özləri pioner andından, komsomol
köynəyindən keçənlər deyillərmi? Anlamaq lazımdır ki, olub keçmişlərə
görə nə şairi qınamaq lazımdır, nə də
o şairin yaşadığı ədəbi mühiti. Hər dövrün, zamanın öz ictimai ritmi, bu
ritmlə uyğunlaşan mövzuları olur. Böyükağa Qasımzadənin şeirə gəldiyi
30-cu illərin ictimai-siyasi və mənəvi mənzərəsini
göz önünə gətirmək çətin deyil.
Ancaq hər hansı bir mürəkkəb
dövrün də mənzərəsində istənilən
şairin obrazını görmək mümkündür.
Böyükağa Qasımzadə bu mənada
çox səmimi şair idi. Onun istənilən
şeirini oxuyun, bu şeirlərin hər birisində həmin şair səmimiyyətinin
anları ilə üzləşəcəksiniz.
Görənlər
danışır, bir yaz axşamı,
Vəfasız
bir ölüm, qarlı bir külək
Söndürdü
ömründə yanan ağ şamı.
Qırdı
qollarını o zalım fələk
Vəfasız bir ölüm, qarlı bir külək.
"Ana məhəbbəti"
adlanan bu şeirdə şair anasızlıqdan doğan kədərini
ifadə edir, şeirin ilk bəndlərində hiss olunan
oğul kədərini sonra get-gedə bir nəşə və sevinc
hissi əvəz edir. "İndi çiçək
açıb hər tərəf, hər yan. Sən
görən günlərdən qalmamış bir iz".
Bəli, bu nəşə və sevinci o dövrün
intibasından doğmuşdu, elə bir nəşə və
sevinc ki, S.Vurğun da, S.Rüsəm də, R.Rza da, hətta az
sonra repressiyaya uğrayan M.Müşfiq də tərənnüm
edirdilər. Bu hiss, bu duyğu, bu nəşə
özünü məharətlə pərdələyən
bir sistemin insanlara bəxş etdiyi aldanışlardan
doğurdumu, yoxsa şairlərin, ədiblərin bunları təbii
qəbul etməsindənmi? Hər halda, poetik
tarixə dönmüş nümunələrdə bu suallara dəqiq
cavab tapa bilərik. Şairin nə qədər
səmimi və qeyri-səmimi olduğu da bu poetik nümunələrdə
açıqlana bilər. B.Qasımzadənin o illərdə
yazdığı "Azərbaycan",
"Çağırış", "Xoşbəxtlik nəğməsi",
"Coşqun könül", "Qızıl əsgər"
şeirlərində aldanış yox, zamandan fərəh var,
qürur var və biz ona haqq qazandırırıq.
B.Qasımzadənin şeirləri arasında onun sevgi
mövzusunda şeirlərini xüsusi qeyd etmək istərdim. Öncə
vurğuladığım səmimiyyət sözü burada
daha çox yerinə düşür. Başlıcası,
ona görə ki, bu şeirlərdə yaşanılan hisslər,
duyğular birbaşa ürəkdən, qəlb adlı
sirli-sehirli dünyadan gəlir, dövrün, zamanın
"sevincindən, nəşəsindən" yox. Xatirələrdən
öyrənirik ki, B.Qasımzadə gəncliyində, tələbəlik
illərində
gözəl bir qıza vurulmuş, bu qıza məhəbbəti
ömrünün sonunacan onu tərk etməmişdir. Yox, elə düşünməyin ki, o qız vəfasız
çıxmış, beləliklə sevgi dünyasında
bir qəmli eşq dastanı yaranmışdır. O
qız - Sona
xanım sonralar Azərbaycanın adlı-sanlı
pedaqoqlarından biri oldu, B.Qasımzadənin təkcə
könül dünyasında yox, evində-eşiyində
yaşadı, bu gözəl ailədən Daşqın,
İntiqam, Lalə Qasımzadələr dünyaya gəldilər.
Amma Leylilik, Məcnunluq bitmədi, bir ocaq başında
yaşadı.
Sən mənim
ömrümün gülşən çağında,
Sevgi
dedikləri sevda bağında,
Eşqin əritdiyi
könül dağında,
Qəlbimi ovudan nazlı mələksən.
Gül
üzündə gülür çiçəkli bir yaz,
Qara gözlərinə ələm yaraşmaz.
Böyükağa
sənsiz dağları aşmaz,
Xəz anı ağladan yazlı mələksən.
İndi
isə bu misralara diqqət edin:
Sən də
bir sonasan bizim göllərdə,
Bu duru gölləri qoruyan mənəm.
Açıqdır
başında o qara tellər,
Bu qara telləri qoruyan mənəm.
Bu şeirin yazıldığı tarix 1944-cü ildir. Vətəni müdafiə
edən bir döyüşçü-şairin hiss və
duyğularını ifadə edir.
Qeyd edək ki, B.Qasımzadə Böyük Vətən
müharibəsində-ön cəbhədə vuruşan
sayı çox olmayan cəbhəçilərimizdən biri
idi. O, elə
müharibənin ilk günlərində səfərbərliyə
alınmış, hərbi məktəbdə
kursantlığı bitirəndən sonra Cənub cəbhəsində
atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı,
Zaqafqaziya cəbhəsində
"Döyüşçü" qəzeti redaksiyasında
məsul katib kimi şərəfli döyüş yolu
keçmişdir. Hələ müharibə bitəndən
sonra da orduda qalmış, təyyarəçilik məktəbində
xüsusi qrupda siyasi rəhbər işləmiş, yalnız
1948-ci ildə ordudan tərxis edilmişdir.
Azərbaycan
Sovet ədəbiyyatı deyilən bir dövrün bəlkə
də ən təmiz, ziddiyyətlərdən, ədəbi
münaqişələrdən azad bir mərhələsi
Böyük Vətən müharibəsi illəri olmuşdur. Artıq SSRİ məkanında
və Azərbaycanda böyük repressiya tufanı səngimiş,
tutulanlar tutulmuş, qətlə yetirilmiş, çoxusu
sürgünlərə göndərilmiş, tutulmayanlar isə
xof və vahimə sürgününə düçar olunmuşdular. Müharibə
sanki bütün bu dəhşətləri bir müddət
unutdurdu. Bütün diqqət Vətəni müdafiəyə
yönəldi və bütün beş ili
ancaq bir qayğı ilə yaşadı.
Zülmün
qanlı evi uçsun binadan,
Bizi intiqama çağırır zaman.
Yenidən
gülməkçün yaralı Vətən
Ellər
qalxmalıdır bu gün ayağa!
Bu misralar döyüşçü-şair
Böyükağa Qasımzadənin dilindən qopmuşdu
("İntiqam" şeiri). Və B.Qasımzadə "Hücum
nəğməsi"ndə də, "Qələbə
bayrağı"nda da, "Vətən balası"nda da,
"Şevçenko yurdunda da
eyni hisslə yaşayırdı. O, Vətənin qələbə
gününü də gördü. Yəqin ki, müharibə
dövrünü tədqiq edən tarixçilər Azərbaycan
ziyalılarının keçdiyi döyüş yolunu
işıqlandıranda B.Qasımzadəni də unutmayacaqlar,
çünki B.Qasımzadənin bir
döyüşçü kimi igidliyi və qəhrəmanlığı
barədə o
dövrün mətbuatında izlər yaşayır.
Böyükağa Qasımzadə ədəbiyyat
tariximizdə həm də istedadlı bir mütərcim kimi
anılır.
Onun şairlik məharəti, poetik
ustalığı və əgər belə demək
mümkünsə, şair zərgərliyi bəlkə də
bu sahədə daha parlaq nəzərə çarpır.
B.Qasımzadə fars dilini mükəmməl bilirdi,
klassik poeziyaya nəinki vurğun idi, həm də dərindən
bələd idi və beləliklə, şairliyi də daxil
olmaqla bu sahədə seçilməyə, fərqlənməyə
imkan yaranırdı. 1937-ci ildə böyük rus şairi
A.S.Puşkinin vəfatının 100 illiyi ilə əlaqədar
olaraq M.F.Axundovun
"Şərq poeması"nın tərcüməsi
ilə bağlı ədəbi müsabiqədə
B.Qasımzadə ikinci yeri tutdu (birinci yer kimsəyə verilmədi).
O zaman Neft və Kimya İnstitutunun bir tələbəsinin belə
bir ciddi yarışda uğur qazanması bəlkə də
çoxlarında təəccüb doğurmuşdu. Xalq
yazıçısı İsmayıl Şıxlı
yazırdı: "O zaman tələbələr arasında
iki meyl vardı. Bir hissə klassik şeiri daha
yaxşı öyrənir, Füzulinin, Həsənoğlunun,
Nəsiminin, Məsihinin şeirlərinin hər
misrasını, hər sözünü təhlil edir, məna
çalarlarını da aydınlaşdırmağa
çalışırdı. Bir hissə
isə şifahi ədəbiyyata, dastanlar söyləyib,
qoşmalar əzbərləməyə daha çox meyl edirdi.
Böyükağa klassik şeirin pərəstişkarlarından
idi. Bunun bir səbəbi də onun klassik şeirimizdə
işlənən ərəb və fars tərkibli
sözləri bizdən yaxşı bilməsi idi. Böyükağa
klassik şeirlərdən də tərcümələr
edirdi. Onun M.F.Axundovdan
etdiyi tərcümənin ilk misralarını əzbər
söyləməkdən xoşumuz gəlirdi.
Gözlərimdən
yuxunu qovaraq için-için,
Qaranlıqlı
bir gecə qəlbimdən
sordum
neçin
Gülşəninin
bülbülü
unutdu nəğməsini,
Bəlağət tutin kəsdi incə, dilbər səsini?
Qeyd edək
ki, M.F.Axundovun "A.S.Puşkinin ölümünə Şərq
poeması" (əsl
adı: "Qəsideyi-təziyətist ki, dər sugevariyi-fəqidi-binəzir
və şaeri-şəhir və bozorgi-rus Puşkin, Mirzə
Fətəli Axundzadə dər bisto pənc saləgi sorude əst"-Məşhur
və böyük rus şairi Puşkinin vəfatının təziyəsi
münasibətilə Mirzə Fətəli Axundzadənin 25
yaşında yazdığı matəm qəsidəsidir) daha
bir neçə şair-mütərcim tərəfindən
dilimizə çevrilib. Mikayıl
Müşfiqin tərcüməsində orijinala
yaxınlıq daha çox diqqəti cəlb edir. Mərhum
ədəbiyyatşünas, Azərbaycan-rus ədəbi əlaqələrinin
tanınmış mütəxəssislərindən olan
Şıxəli Qurbanovun qeyd etdiyinə görə,
Müşfiq burada 50 beytin hamısını saxlamış,
mümkün qədər formalizmə uymamış, oxucular tərəfindən
asanlıqla anlaşıla biləcək orijinaldakı qafiyələri
də saxlamağa müvəffəq olmuşdur. Ancaq əruz vəznində
olan poemanı
Müşfiq heca vəznində tərcümə etmişdir. Cəfər Xəndanın tərcüməsi də
oynaqdır, ritmlidir, ancaq diqqətlə nəzərdən
keçirdikdə burada izafilik - söz artıqlığı
diqqətdən yayınmır. B.Qasımzadənin
tərcüməsi isə həm orijinala
yaxınlığı, həm də musiqililiyi ilə
uğurludur.
Ey
dünyadan bixəbər,
söylə görüm, məgər sən
Bir
şey eşitməmisən
Şairlər məclisinin o böyük
başçısından?
O
Puşkin ki, şeirdə nəqşlər vuran zaman
Afərin
olsun!-deyə
Ellərin
can evində bəslənər, oxunardı,
Bu
böyük sənətkara olmaq üçün hədiyyə
Könüllər
bağçasında
min
çələng toxunardı.
...Budur,
Rusiya torpağı
matəm
içində ağlar,
Bu amansız qatildən ürəyində növhə
var.
Ey bu
quldur cahanın alçaq əlilə ölən!
...Qoca, ağ başlı Qafqaz
Gözləri
yaşlı Qafqaz
Bu xəbərlə
ağlayır,
Sənə
matəm saxlayır,
Səbuhinin şeiriylə!
B.Qasımzadənin tərcümə sənətinə belə ciddi yanaşması onun Füzulinin "Yeddi cam" əsərinin tərcüməsində də bariz nəzərə çarpır. Füzulinin ən sufiyanə, bəlkə də ən fəlsəfi əsəri olan, süjeti və poetik strukturu ilə çox mürəkkəb "Yeddi cam", mən deyərdim, adekvatı olmayan tərcümədir. Mərhum ədəbiyyatşünas Əkrəm Cəfərin dilindən eşitdiyim sözlərdir: "Füzulinin ərəbcə, farsca olan əsərlərinin çoxusu təzədən tərcümə edilməlidir, bircə "Yeddi cam"dan başqa, onun tərcüməsi nöqsansızdır".
B.Qasımzadənin Puşkindən də, Nekrasovdan da, Şevçenkodan da, Y.Raynisdən, M.Cəlildən, İ.Frankodan da tərcümələri var, bunlarda da onun şairlik təbi ilə tərcüməçi ustalığı vəhdətdədir.
... Nəhayət, bu yazını unudulmaz Süleyman Rüstəmin sözləri ilə bitirməyi qərara aldım: "Böyükağanı yaxından tanıyanlar onun nə qədər səmimi, ürəyiaçıq, nikbin, olduqca nəcib və təvazökar bir insan olduğunu yaxşı bilir".
Süleyman Rüstəmin bu sözlərini B.Qasımzadəni yaxından tanıyanların hamısı təsdiq edir.
Beləliklə, əziz oxucu, mən şəxsən görmədiyim bir insanı - gözəl bir şairi, tərcüməçini sizə təqdim etdim.
Şairi görmədən də, onun
müasiri olmadan da onu görmək və sevmək olar. Təki
ortada istedad olsun!
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2016.- 18 mart.- S.4.