HƏR
ŞEYİN ÖZ MAHİYYƏTİ
Bu gün - martın 19-da ictimai xadim, şair Hacan
Hacısoyun 70 yaşı tamam olur.
Bu əlamətdar gün münasibəti ilə yubilyarı təbrik edir, ona cansağlığı, bol-bol yaradıcılıq uğurları arzulayırıq.
Hacan Hacısoyun silsilə şeirlərini oxuculara təqdim edirik.
Həyatda zərif görünmək,
İncə, ipək tül işidi.
Ən ağır yükü saxlamaq,
Ən möhkəm özül işidi.
Öyrən, dərk et təbiyyəti,
Hər şeyin öz mahiyyəti.
Sancmaq qanqal xasiyyəti,
Ətir saçmaq gül işidi.
Nə lazım özünü öymək,
Boş-boş sinəsinə döymək.
Bar verib başını əymək,
Dən dolu sünbül işidi.
Zor vermə özünə nahaq,
Neyləsən də tərpənməz dağ.
Toz olub göyə sovrulmaq,
Odu sönmüş kül işidi.
Eşq adlı dərgaha çatmaq,
Qalan hər
nə varsa atmaq!
Sevdiyini
uca tutmaq,
Sevdalı
könül işidi!
NECƏDİ
(“Özümdən
özümə” silsiləsindən)
Doğulasan,
yaşayasan dünyada,
Qul olasan bir ömürə, necədi?
Tale səni
hər gün çəkə sınağa,
Gah ağlada, gah güldürə, necədi?
Yurdun-yuvan
talan ola, dağıla,
Gözün görə, gəlməyəsən
ağıla.
Torpağında
qəsbkarlar, yağılar,
Məskən sala, dövran sürə, necədi?
Hey yanasan
- yadlar dura qəsdinə,
Məhəl qoyan tapılmaya tüstünə.
Düz
yolunla gedən zaman üstünə,
Diş
qıcayıb, köpək hürə, necədi?
Bu ki,
vardı dünən başqa biçimdə,
Hansı yolla qalib çıxdı seçimdə?
Ən
alçağı bir gecənin içində
Qaldıralar ən hündürə, necədi?
Çox
danışma, yersiz çıxar gileyin,
Avand üzü, tərs üzü var hər şeyin.
Yüz
aqili bir ağılsız kütbeyin,
Qabağında süründürə, necədi?
Nə
üyüdür bax gör telekanallar,
Bu
hay-küydən kim nə qanar, nə anlar?
Gecə-gündüz
ekranlardan nadanlar,
Gözlərinə kül üfürə, necədi?
Od
söndürə bircə kəlmə deməyin,
Hər müşkülə çarə qıla köməyin.
Ancaq layiq
görülməyə əməyin,
Bir quruca təşəkkürə, necədi?
Unutqanlıq
yuva sala canında,
Sadəlövhlük müşaətçin -
yanında.
Qan
yaddaşın yaddan çıxa qanında,
Bu təfəkkür, bu məfkurə, necədi?
Hər
yetənə daha demə: - nə qulluq?
Bunun
adı - miyanəlik, yoxsulluq!
Bu
ağılı, düşüncəni biryolluq,
Apar tulla
Dəli Kürə, necədi?..
RUH,
NƏFS...
Sən də
aldanmısan, etmisən günah,
Bəs bu aldanışın səbəbi nədir?
Adəmi
cənnətdən qovduran tamah,
Ölməyib, hələ də öz işindədir.
Adəm
uydu nəfsin istədiyinə,
Onu da aldatdı iblis hiyləsi.
O vaxtdan
min illər keçsə də yenə,
Bitmir ruhla nəfsin mücadiləsi.
Yaşa, bu dünyada elə
ömür sür,
Qoy ruhun nəfsindən qoruna bilsin.
Nəfsin
diridirsə, ruhun ölüdür,
Nəfsini
öldür ki, ruhun dirilsin!
Kim ki
yaranıbdır nəfsinin qulu,
Dünya onun üçün yağlı yeməkdir.
Nəfsi
öldürməyin ən yaxşı yolu,
Sağ ikən
ölümü görə bilməkdir.
Əgər
ölüm haqsa... həyata düz bax,
Ruhun təmizlənsin olsun dupduru.
Çox
müşkül işləri həll edər ancaq,
“Ölməmişdən əvvəl ölün!” - düsturu!
Yazıqdır,
var-dövlət üstə çarpışıb,
Hər gün bir-birini yeyib didənlər.
Sonda
üryan qalar, həddini aşıb,
Nəfsini özünə Tanrı edənlər.
BU EŞQ
Canın,
ruhun pıçıltısı,
Talenin səsidi bu eşq.
Təzə
açılan qönçənin
Zümrüd jaləsidi bu eşq.
Göylərdən
gəlir zühuru,
Baldan
şirin, sudan duru.
Günəşin,
ulduzun nuru,
Ayın haləsidi bu eşq.
İlahi
gözlə seçilən,
Tək
öz boyuna biçilən,
Buta
verilib içilən,
Cam piyaləsidi bu eşq.
Yolu
yoxuşdu bağının,
Zirvəsi dikdi dağının.
Ən
hündür çay yatağının,
Gur şəlaləsidi bu eşq.
Gizli əksidi
aşkarın,
Təsdiqidi
Mütləq Varın.
İlk
baharla son baharın,
Şamı, şöləsidi bu eşq.
Sərgərdan
gəzmək peşəsi,
Göz yaşı həzzi, nəşəsi.
Kol dibinin
bənövşəsi,
Çölün laləsidi bu eşq.
Varlığıdı
bir cahanın,
Hikmətidi bircə anın.
İki bədəndə
bir canın,
Ahı, naləsidi bu eşq.
Dastanıdı
bir ozanın,
Bələdçisi - yol azanın.
Sevgidən
yazı yazanın,
Son məqaləsidi bu eşq.
YOX
Demirəm
düşüb ortaya,
Boş yerə meydan sula - yox.
Ya kiməsə
yaltaqlanıb,
Təlxəktək quyruq bula - yox.
Qəddini
düz tutmağı bil,
Baş əymək yaşamaq deyil.
Əyilsən
də Haqqa əyil,
Vara, dövlətə, pula - yox.
Az
üçün hər gün ah edib,
Çoxa
artıq tamah edib,
Nəfsi
dirildib şah edib,
Dönmə önündə qula - yox.
Sözün,
mövqen olsun aşkar,
Həqiqəti etmə inkar.
Ya
ovçu ol, ya da şikar,
Ovçu
yanında tula - yox!
ÖZÜMÜZƏ
QAYIDAQ
Gəl səninlə
üzbəsurat,
Oturub bir söhbət edək.
Tarixlərə
nəzər salaq,
Bir az dərinlərə gedək.
Xəyalımız
qanad açsın,
Yeniseyə,
Altayadək,
Bir də
baxaq yolumuza,
Əvvələ,
ilkə qayıdaq!
Türkün
elə yaranışdan,
Hər məqamı
gərgin olub,
Nə ili, ayı xoş keçib,
Nə də günü bir gün olub.
Gah
didilib, gah əzilib,
Gah yurdundan sürgün olub.
Türkü
ayağa qaldıran,
Türk
oğlu türkə qayıdaq!
Haralarda məskunlaşıb,
Pərən düşən el-uluslar?
Hardadırlar
Məhsətilər, -
Yurdu varkən o yurdsuzlar?!
Kimə pənah
gətiriblər,
Göy oğuzlar - Qaqauzlar?!
Tapınaq
soy kökümüzə,
O soya , kökə qayıdaq!
Bağdad
eli - Durna teli,
Qoç
Koroğlunun nərəsi!
Ən
müqəddəs ziyarətgah -
Füzulinin
məqbərəsi!
İraqda
türk mənəm deyən,
Soydaşımın
qərib səsi!
Bu səslərin
sədasıyla,
Doğma
Kərkükə qayıdaq!
Bilək
kimlər bulandırıb,
Arxımızda suyumuzu.
Kim arxadan
zərbə vurub,
Gizli qazıb quyumuzu.
Kimlər
əyib vüqarı düz,
Qəddimizi, boyumuzu.
Ayıraq
dostu, düşməni,
Özünüdərkə
qayıdaq!
İndi mənə
çox gərəkdir,
Şah vüqarı, əzəməti.
Şah
İsmayıl baş qaldırsın,
Öz
sözünü desin qəti!
Bütöv
olsun, vahid olsun,
Azərbaycan
məmləkəti!
Şah əsilli
sərkərdəyə,
Ulu
müdrikə qayıdaq!
ÖZÜMÜZÜ
TANIYAQ
Məşriqdən
məğribə qədər,
Yolların
uzanıb gedər...
Hamı sənə
heyrət edər,
Yolunu, izini tanı.
Tanı,
öz-özünü tanı!
Həyat
etimaddır - doğrult,
Bulanıq
nə varsa durult!
Sənindir
bu torpaq, bu yurd,
Dağını, düzünü tanı.
Tanı,
öz-özünü tanı!
Dədə
Qorqud hikmətindən,
Şah Xətai
qüdrətindən,
Qələm,
qılınc vəhdətindən,
Yaranan sözünü tanı.
Tanı,
öz-özünü tanı!
Damarında
qeyrətin var,
Tarixin var
- ibrətin var!
Sənin
ki bir sifətin var,
Bir olan üzünü tanı.
Tanı,
öz-özünü tanı!
Meydan elə
qucağını,
Qoru hər künc-bucağını.
Qoyma
sönsün ocağını,
Odunu, közünü tanı.
Tanı,
öz-özünü tanı!
UNUTQANLIQ
Əgər
həyat ya uduzmaq, ya udmaqsa,
Hey uduzar
söz götürüb, söz udanlar.
Özgələrin
yerişini yamsılayar,
Öz ağlını, öz başını unudanlar.
Fərqi
yoxdur, harda bitsə alaq olar,
Ona-buna
yamaq olar, calaq olar,
Daş
yağışı altında daşqalaq olar,
Bostanında
yad daşını unudanlar!
Addım
atar, addımbaşı büdrər, çaşar,
Kölə kimi, əqidəsiz ömür yaşar.
Ağıl
uçar, şüur ölər - manqurtlaşar,
Qannan gələn
yaddaşını unudanlar!
Yaranışdan
ürək canda bir dənədir,
Nadan üçün yurd-yuva nə, Vətən nədir?!
Balaların
taleyinə biganədir,
Anaların
göz yaşını unudanlar!
Əsgər
oğul, silahına möhkəm sarın,
Qeydinə
qal bu ellərin, obaların!
Yurdçu
olub yurd qorumaz, babaların,
Ölüm-dirim
savaşını unudanlar!
ÖMÜR
SÜNBÜL ÜSTDƏ DƏNDİ
Pusquda
duran əfidi,
Pozulan durna səfidi.
Canın-cismin
hədəfidi,
Yay ilə oxun arası.
Var olan nə
varsa haqdı,
Fəqət çox şey baş-ayaqdı.
Yerlə
göy qədər uzaqdı,
Ac ilə toxun arası.
Tamah
güclü, dünya alver,
Əməlinə gəl cavab ver.
Günah,
savab görünən yer -
Az ilə
çoxun arası.
Ömür
sünbül üstdə dəndi,
Bəzən qəmli, bəzən şəndi.
Cəmi
bir boyluq kəfəndi,
Var ilə yoxun arası.
BU
DÜNYA
Hissə
qapılıb demə ki,
Susuz dəhnədi bu dünya.
Yoxsula
bomboş, varlıya
Dolu təhnədi bu dünya.
Hardadı
əvvəli, sonu,
Dərk etmək mümkünmü onu?
Təzə
görünsə də donu,
Qartmış köhnədi bu dünya.
Nə
üzülmür, nə incəlmir,
Çarxı
da bir an dincəlmir.
Gələn
gedir, gedən gəlmir,
Əcəb səhnədi bu dünya.
AĞAC
Bu
ağacı kim budayıb?
Bir dön bunun halına bax.
Üstündəki
dəymişinə,
Altındakı
kalına bax!
Hər tərəfdən sərt küləklər,
Qasırğalar döyən ağac.
İçəridən acgöz qurdlar,
Xımır-xımır yeyən ağac.
Bütöv ikən, vahid ikən,
Neçə yerə şaxələnib.
Zaman-zaman üzərinə,
Gurşad yağıb, od ələnib!
İtirilmiş budağını,
Yarpağını gəzən ağac.
Halal haqqı ola-ola,
Haqsızlığa dözən ağac.
Gövdəsində
min bir yara,
Damla-damla axır qanı.
Kök
atdığı torpaq üstdə,
Neçə yadın yad ünvanı.
Ortalıqda
təkcə qalan,
Yalqız, tənha bitən ağac.
Heyif səndən ağac - Vətən,
Yazıq sənə Vətən - ağac!..
Hacan
Hacısoy
525-ci qəzet.- 2016.- 19 mart.- S.23