Abdullah
Cövdətin Əli bəy Hüseynzadəyə məktubları
(Əvvəli
ötən şənbə sayımızda)
Əlindəki hazır orijinal və tərcümə əsərlərinin
İstanbulda çapı həm siyasi, həm də maliyyə
xarakterli çətinliklərlə bağlı olduğundan
Abdullah Cövdət ümidlərini bəzən daha çox
Bakıya bağlayırdı. Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağayev, Əlimərdan bəy
Topçubaşov, Bəhram bəy Vəzirov, gəncəli Həsən
Mollazadə Axundov kimi ziyalılardan, Hacı Zeynalabdin
Tağıyev, Murtuza Muxtarov kimi xeyirsevər zənginlərdən mənəvi
və maddi dəstək gözləyirdi. Bütün bu məsələlərdə
əlaqələndirici rolunda isə, heç şübhəsiz,
hamıdan daha yaxşı tanıdığı və ürək
qızdırdığı dostu Əli bəy
çıxış etməli idi.
Tarixsiz
(haqqında söhbət açılan məsələlərə
əsaslanaraq 1906-cı ildə yazıldığını
söyləmək mümkündür) məktubunda “Hamlet”in nəşrini
əldə olunacaq bütün gəlirin Qafqazın islam məktəblərindən birinə verilməsi
şərti ilə Tağıyev həzrətlərindən təmənna
etsən, istəyimiz yerinə yetirilməzmi? Əgər təklifin
qəbul ediləcəyinə ümid varsa, xəbər ver, mən
özüm buradan bir müraciət yollayım” -deyə hətta
öz işləri üçün də kiməsə
ağız açmağa böyük tərəddüd göstərən
Əli bəyi Tağıyevə minnətçi
salmağa çalışırdı. 1 dekabr 1908-ci il tarixli
digər məktubunda başqa bir neft zəngininin - Murtuza
Muxtarovun vəsaiti ilə çıxan “Tərəqqi” qəzeti
idarəsinin (redaktoru Əhməd bəy Ağayev, sonra
Üzeyir Hacıbəyli idi)
himayəsi altında Şekspirin “Yuli Sezar” faciəsinin çapı
ideyasını irəli sürür, istedadlı bir rəssam
kimi tanıdığı dostu Əli bəydən nəşrə
bədii tərtibat verməyi xahiş edirdi. Yeri
gəlmişkən, məhz Əli bəyin təşəbbüsü
ilə pyesin türkcəyə tərcüməsi “Füyuzat”
məcmuəsi nəşrini dayandırana qədər burada
hissə-hissə çap olunmuşdu.
Hacı Zeynalabdin Tağıyevin diqqətini
(açıq desək, həm də pulunu!) çəkmək
üçün Abdullah Cövdət 1907-ci ildə
“İctihad” dərgisində onun şəkli ilə birlikdə
geniş tərcümeyi-halını dərc etmiş və
satış məqsədi ilə jurnalın 500 nüsxəsini
Bakıya göndərmişdi. Eyni zamanda təbii ki,
bəlli mükafat qarşılığında “Füyuzat”
üçün məşhur milyonçunun həyat yolunu
işıqlandıran esse yazmağa hazır olduğunu
bildirmişdi. Bu addımların xeyirxah əməlləri ilə
islam dünyasında böyük şöhrət qazanan və
hər hansı qəzet, yaxud jurnal məqaləsinə ehtiyac
duymayan Hacının təbliğindən daha çox
kommersiya layihəsi (hətta kobud desəm, pul tələsi)
olması kimsəyə sirr deyildi. Aydın məsələdir
ki, hər tərəfdən oxşar təkliflər alan, amma
pulunu hara xərcləməyi hər kəsdən yaxşı
bilən Hacı “İctihad”ın
həmin nüsxələrinin alınmasına maraq göstərməmişdi. Bununla da Əli bəyi xeyli qınaq və
giley-güzar dinləməyə məcbur qoymuşdu.
“İş düzəltməkdə” xüsusi məharət
sahibi olmasa da, Əli bəy hər vasitə ilə dostuna
yardım göstərməyə
çalışırdı. Abdullah Cövdətin bir sıra
hallarda bu xeyirxah
münasibətdən sui-istifadə etdiyini görməmək
mümkün deyildir. Onun Misirdən göndərdiyi məktublarda
pul, kommersiya məsələləri, “İctihad”a abunə,
kitablarının satılması və təbliği, yeni əsərlərinin
məccani nəşri, habelə maddi çətinliklərdən,
pulsuzluqdan şikayət bəzən başlıca mövzuya
çevrilirdi. Bütün
bu məsələlərin sahmana salınması Əli bəyin
çiyinlərinə yüklənirdi. Onun
qarşısına nəyin bahasına olursa-olsun, tərcümeyi-halının
çap edildiyi 500 nüsxə “İctihad”ın qələm
haqqını Hacı Zeynalabdin Tağıyevdən almaq vəzifəsi
qoyulurdu. Sonradan “Müsavat” partiyasının
qurucu üzvlərindən biri kimi tanınan kitab taciri Abbasqulu
Kazımzadə ilə danışıb satdığı
kitabların pulunu təcili göndərmək məsələsi
qaldırılırdı. Bakı zənginlərini
Osmanlı müəllifinin əsərlərinin nəşrinə
təşviq etmək planı irəli
sürülürdü. “İctihad”ın
Azərbaycanda yayılmasına yardım xahiş edilirdi.
Əlbəttə, bu işlərin mədəniyyətinin təbliği,
yenilikçi ideyaların yayılması ilə müəyyən
bağlılığı vardı. Amma məhz həmin müstəvidə
Əli bəyin saflığından, dostluğa sədaqətindən
yararlanıb pul qazanmaq niyyəti də sonuncu yerdə
dayanmırdı. Hər işdə
mümkün qədər öz xeyrini güdmək Abdullah
Cövdətin təbiətinə yad deyildi. Müasirlərinin xatırladığına görə
bankda hesabı ola-ola kimdənsə borc almağı daha
üstün tuturdu. Hətta məşhur türk satirik
şairi Əşrəf həcvlərinin birində onu
“zəngin dilənçi” kimi səciyyələndirmişdi.
Bütünlükdə,
maddi dəyərlərə münasibət məsələsində
Əli bəyin idealist, Abdullah Cövdətin isə həyatın
nəbzini tutmağı bacaran ayıq və
maddiyyatçı adam olması diqqəti
çəkir. Təxminən səkkiz il (1903-1911) Bakıda
yaşamasına, hər kəsdən ehtiram görməsinə,
cəmiyyətin seçkin üzvlərindən biri, xüsusən
də Hacı Zeynalabdinin böyük hörmətlə
yanaşdığı ziyalı kimi tanınmasına baxmayaraq
Əli bəy Hüseynzadə “neft və milyonlar” şəhərində,
eləcə də İttihad və Tərəqqinin
öncüllərindən biri kimi mühacirət etdiyi
İstanbulda heç bir mal-mülk sahibi olmamışdı.
Əzəli düşməni saydığı Sultan
Əbdülhəmidin devrilməsindən sonra Misirdən bir
neçə aylığa İstanbula gələn Abdullah
Cövdət isə dərhal şəhərin mərkəzində
- tarixi Çağaloğlu rayonunda torpaq sahəsi
almış və sonralar orada həm mənzili, həm də
iş və ictimai toplantılar yeri olan “İctihad evi”ni
tikdirmişdi. Bu barədə dostuna 1 dekabr 1908-ci il tarixli məktubunda xəbər vermişdi.
Abdullah
Cövdətin Əli bəyə əlimizdəki sonuncu məktubu
on iki illik fasilədən sonra, 1923-cü il fevralın 28-də
İstanbuldan, “Türkcə və fransızca həftəlik qəzet”
kimi təqdim edilən “İctihad”ın rəsmi blankında
göndərilib. “Hikmət bəy əziz və
qiymətli gənclərimizdən və
dostlarımızdandır. Səninlə
görüşmək, bir az məlumat
almaq istədi. Birlikdə evinizə gəldik,
amma sizi tapmadıq. İndi yenidən sizi
görməyə gəlir. Onu iltifatlı
nəzərlərinizə təqdim edirəm. Fəzilətli
və fazil müəllim olan İsmayıl bəyi
Bakıdakı dostlarınıza təqdim edin” -sözlərindən
də göründüyü kimi, məktub daha çox zəmanət
xarakteri daşıyırdı və həmin dövrdə Azərbaycan
SSR Xalq Maarif Komissarlığının dəvəti ilə
pedaqoji sahədə çalışmaq üçün
ölkəmizə gələn ədəbiyyatşünas,
professor İsmayıl Hikmət Ertaylanı (1889-1967)
tanıtmaq məqsədi ilə yazılmışdı.
Görkəmli türk aliminin Bakının ali təhsil müəssisələrindəki
səmərəli fəaliyyəti, xüsusən də klassik
Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqatları
ona doğru yol göstərən, zəmanət verən
Abdullah Cövdət və Əli bəy Hüseynzadənin nəticə
etibarı ilə yenə də türk mədəniyyətinə,
türk birliyinə uzaqgörən xidmətlərinin növbəti
təzahürü idi...
lll
Əvvəldə də qeyd etdiyim kimi, Əli bəy
Hüseynzadənin dostuna ünvanladığı cavab məktublarının
mətni əlimizdə yoxdur. Lakin əvəzində onun təxminən
otuz ilə yaxın müddət
ərzində Azərbaycan və Osmanlı-Türkiyə mətbuatında
Abdulla Cövdət haqqında yazdıqları qalır.
Əli bəy həmkarının şəxsiyyət və
yaradıcılığının, niyyət və istəklərinin,
ən əsası isə fikirlərinin tərcümanına
çevrilən “İctihad” məcmuəsinin
Azərbaycan türkləri arasında yayılmasına
böyük önəm verirdi. Eyni sözləri
Anadolu türklərinə münasibətdə də söyləmək
mümkündür.
“Həyat”
qəzeti nəşrə başlayandan iki ay sonra, 7 sentyabr
1905-ci il tarixli 59-cu sayında Əli bəy Hüseynzadənin
“Abdulla Cövdət “İctihad” ilə Misirdə ictihada
başlıyor” adlı məqaləsi dərc edilmişdi. Həmin
məqalədə o, dostunun şəxsi məktublarda
toxunduğu məsələləri ictimailəşdirərək
yazırdı: “Heç şübhə yoxdur ki, bu gün
ümum aləmi-islamda ən ziyadə məzhəri-tərəqqi
olan mətbuat türk və ələlxüsus Osmanlı mətbuatıdır.
Fəqət bu mətbuatın üzünü ağardan yeni
türk əvraqı olub bunlar miyanında da mətanət,
vüsət və ciddiyyəti-əfkar, nəzakət, lətafət
və mükəmməliyyəti-lisan nöqteyi-nəzərindən
birincilik ünvanına şayəstə bir cəridə
varsa, o da şübhəsiz, “İctihad” cəridəsidir ki,
ayda bir dəfə Abdullah Cövdət bəyin təhti-idarə
və nəzarətində nəşr olunur”.
Diqqətəlayiq
haldır ki, Abdullah Cövdət “İctihad”ın Qahirədə
çıxan ilk (ümumən 9-cu) sayında “Rusiya müsəlmanları
oyanıyorlar” adlı məqaləsində islam
dünyasının mədəni-ictimai həyatındakı mühüm, diqqətəlayiq
hadisələr sırasında Bakıda “Həyat” qəzetinin
nəşrə başlamasını qeyd etmişdi: “Həyat”
Qafqaziya müsəlmanlarının acı bir fəryadı-intibahıdır.
Fəryad deyiriz, zira Kəbeyi-nicat ilə
aralarında açılmış olan girdabın
müşahidəsi onlara dəhşət və fəryaddan
qeyri nə ilham edə bilər?” - sözləri
ilə başlanan yazıda qəzetin adına uyğun bir
şəkildə Qafqaz türklərinə dirilik və həyat
enerjisi gətirəcəyi ilə bağlı arzular dilə gətirilirdi.
Əli bəy isə aradan az
müddət ötəndən sonra “Füyuzat” səhifələrində dostunun fikirlərini davam etdirməklə
bir sırada Misirdən bütün islam dünyasına üz
tutan, sözünü senzurasız, daha azad və müstəqil,
həm də eyni dərəcədə cəsarətlə deyə
bilən “İctihad” məcmuəsinin rolunu ayrıca
vurğulayırdı: “Həyat” və “İrşad” Qafqaz
müsəlmanlarının acı bir fəryadı isə
“İctihad” cəmi müsəlmanların bir fəryadi-intibahı
olduğuna şübhə etməməlidir. Zira o nəsihətdir
ki, “İctihad” bizə veriyor, bir fəryadi ümumiyi-islamdan
başqa nə ola bilər?”
“Baxalım, fəryad edən özü kimdir? - deyə
Əli bəy daha sonra “İctihad” naşirini bütün cəhətləri
və yönləri ilə hələ çağdaş
Osmanlı ədəbiyyatına və mətbuatına yetərincə
aşina olmayan Azərbaycan oxucusuna təqdim edirdi: - Abdullah
Cövdət əsasən təbib, həkimdir, İstanbulun
darülfünuni-tibbində yetişmişdir. Şüəbati-tibbdən
kəhhallığa (tibb sahələrindən göz həkimliyinə)
ayrıca həvəs etmişdir. Lakin sadə
cismani gözlərin deyil, mənəvi gözlərin dəxi
təbibidir. Çünki ədib və
şairdir, həm də Osmanlının ən güzidə
(seçilmiş) ədib və şairlərindən biridir.
Təbi-şairanəsi türkcəyə
münhəsir (bağlı) deyildir. Abdullah Cövdət
eyni məharətlə farsi, ərəbi və
firəng dillərində də şeir deyə bilmişdir”.
Əvvəlcə “Həyat”, ardınca isə
“Füyuzat”la “İctihad” arasında məqsəd və məram
eyniliyindən doğan yaxınlıq vardı. Hətta deyərdim
ki, bu yaxınlıq kommunikasiya imkanlarının genişliyinə
baxmayaraq indi Türkiyə və Azərbaycan mətbuatı
arasındakı əlaqələrdən daha sıx idi.
Əli bəy özünəməxsus səxavətlə
ötən əsrin əvvəllərindəki əməkdaşlıq
və əlbir mübarizədə “İctihad”ı ön cərgəyə
çıxarsa da, türk insanını bir ideal ətrafında
birləşdirmək, islam ümmətini tərəqqiyə
səsləmək baxımından
Bakı nəşrlərinin
də mühüm rolu və təsir gücü olmuşdu.
Bir
çox məsələlərdə fikirlərinin
üst-üstə düşməsi ümumi məqsədlərə
çatmaqda
işlərini asanlaşdırırdı. Ona görə də Əli bəy Abdullah Cövdətin
yazdıqlarından bütöv parçalara “Həyat”da
çıxan yazılarında istinad etməyi tamamilə təbii
və məqsədyönlü sayırdı. Məsələn,
aşağıdakı nümunədə olduğu kimi: “Bir
millətin milləti-hakimə olması o millətdən bir fərdin
təxti-səltənət üzərində bulunması ilə
qaim deyildir. Milləti-hakimə o millətdir ki,
ümumiyyəti etibarı ilə alimlə, sənətkarla zəngindir.
İş bir çox əsrlərdən bəri
boylə olmuş və hər zaman boylə olacaqdır.
Binaənəleyh cahil və mütəkəbbir biz müsəlmanların
dərhal yapacağımız bir şey varsa, o da kibr və qüruru buraxıb,
mazinin (keçmişin) cəlali-şəni ilə
öyünməyi tərk edib kəndi-kəndimizi və
övladlarmızı zamanın və zamani-atinin (gələcək
zamanın) ehtiyaclarına görə təlim və əhzar
(hazır) etməkdir” .
Şəxsiyyəti,
xüsusən də din haqqındakı fikirləri ilə
bağlı Osmanlıda zaman-zaman tənqidi, hətta təhqiramiz,
aşağılayıcı
fikirlər səsləndirilən
Abdullah Cövdət layiq olduğu həqiqi qiyməti hələ
yaradıcılığının başlanğıcında
Azərbaycanda almışdı: “İştə böylə
insaniyyət yolunda yorulmaq, usanmaq bilməyərək
çalışan bu zati-aliqədrin, bu vücudi-nadirüləmsalın
vətən və millət xeyrinə etdiyi dad və fəryaddan
başı görmədiyi bəla, çəkmədiyi əziyyət,
uğramadığı möhnət
qalmamışdır. Hürriyyət,
haqq və həqiqət üzündən məhbəslərdə,
mənfalarda, qürbətlərdə sürünməklə,
vücud çürütməklə Dantelər, Tassolar kimi
şərəfyab olanlardan biri də bu zatdır” . Əli bəy Hüseynzadənin
ötən əsrin əvvəllərində açıq mətnlə
səsləndirdiyi haqq fikirlərə bir sıra türk ədəbiyyatşünasları
yalnız aradan onilliklər keçəndən sonra
qoşulmuşdular.
“Həyat”ın
1906-cı il 68-69-cu saylarında Əli bəy
həmkarının tərcüməsində Bayronun
“Şilyon məhbusu” poemasının türkcə nəşri
haqqında geniş yazı çap etdirmişdi. “İngilis əşarı türk dilində və
“Şilyon məhbusu” adlı həmin məqalə müəllifin
Abdullah Cövdət yaradıcılığı ilə bir
sırada ingilis və bütünlüklə Qərb ədəbiyyatına
nə qədər dərindən bələd olduğunu
aşkara çıxarmaqdadır. Əsər
Əli bəyin diqqətini təkcə tərcümə
ustalığına görə (“Bayronun əsərini
türkcə oxumaq nə böyük nemət, nə
böyük səadət! Abdullah Cövdət
Avropa şairlərini bəzən nəzmən, bəzən nəsrən
tərcümə ediyor. Fəqət hər
hansı surətlə olursa olsun, bu tərcümələr
fövqəladə gözəldir. Adətən
əslindən heç bir vəchlə geri qalmıyor”) deyil,
həm də mövzusuna - “hürriyyət haqqında binəzir
mənzumə olmasına” görə çəkmişdi.
Əli bəy Bayronla bağlı həssas bir məqamı
da unutmamışdı. Onun yunanların sırasında Osmanlı imperiyasına
qarşı döyüşməsinin yaradacağı tənələri
önləmək üçün şairin “Çayld Haroldun
səyahəti” poemasından türkləri öyən fikirləri misal gətirmişdi. Tək bununla kifayətlənməmişdi. Prinsipial məqamı
vurğulamağı da özünə borc bilmişdi: “Bir əsr
əvvəl Bayron kimi haqpərəst, bir böyük dahi tərəfindən
söylənən bu sözlər bu gün türkləri vəhşilikdə
ittiham etmək istəyən qərəzkaranə mətbuata
gözəl bir cavab olduğuna diqqət etməli!”
Abdullah
Cövdətin Qərb klassikasından tərcümə
üçün seçdiyi əsərlərin mövzu və
qəhrəmanları Əli bəyin təfsirində
çağdaş Osmanlı cəmiyyəti, habelə dövrün ictimai-siyasi
fikir cərəyanları ilə ustalıqla, həssas şəkildə
bağlanırdı. Məsələn, türk
həmkarının məşhur “Hamlet” dramına müraciəti
müəllifin nəzərində yalnız ədəbi həyat
faktı deyildi. Əslində, bu
seçimin arxasında daha böyük mənəvi və
siyasi səciyyəli mətləb gizlənmişdi. Çünki “Əbdülhəmid
dövrünün ixtilalçı gənc münəvvərləri
ilə Hamlet arasında olduqca bir müşahebet (bənzərlik)
var idi. Məlumdur ki, nəcib, yüksək məfkurəli
Hamlet pədərinin (atasının) ölümündə
methaldar (cavabdeh) olmasından şübhələndiyi ögey
atası ilə mücadiləyə məcbur
qalmışdı... Cövdət, həssas bir gənc olan
Cövdət də kəndisini Hamletə, Əbdülhəmidi
də onun qatili olan ögey atasına bənzədiyordu...”
Əli bəyin fikrincə, tale dostunun uğradığı həyat
sınaqları - “istintaqlar, zindanlar, mənfalar, fərarlar,
qürbətlər həp bu ilk müsademədən (bənzəyişdən)
nəşət edər”...
“Füyuzat”da
dərc olunan “Şiller” məqaləsində (1906, say 5)
Əli bəy ünlü alman dramaturqunun türk dilinə
uğurlu tərcümələrindən biri kimi Abdullah
Cövdətin çevirdiyi “Vilhelm Tell” üzərində
dayanırdı. Belə bir diqqətəlayiq
nümunədən sonra azərbaycanlı publisist və teatr
xadimi Mehdi bəy Hacınskinin eyni müəllifin
“Qaçaqlar”ını ifadə imkanları o qədər də
geniş olmayan Azərbaycan türkcəsində səsləndirmək
təşəbbüsünü çox cəsarətli
addım kimi dəyərləndirirdi. Özü
də bir sıra Qərb müəlliflərinin əsərlərini
türkcəyə çevirən Əli bəy Hüseynzadə
üçün dostunun tərcüməçilik işi onun
digər fəaliyyət sahələri ilə müqayisədə
xüsusən önəmli idi. Çünki bu yolla milli
mədəniyyətin hüdudları genişləndirilmiş,
ümumbəşəri dəyərlərə, yüksək
fikir və amallara çıxış imkanı əldə
edilmişdi. Abdulla Cövdətin vəfatı münasibəti
ilə çap etdirdiyi məqalə-nekroloqda (“İctihad”,
1932, say 369) həmin cəhətə xüsusi diqqət
yetirilmişdi: “İştə həyatının
böyük bir qismi iztirablar içində keçən və
incə qəlbi bu iztirablarla yorulan bu türk şairinin məncə
ən böyük qiyməti türk gəncliyinə Qərb ədəbiyyatını
daddırması və ona hər növ təəssüb
qeydindən azad olaraq düşünməyi öyrətməsidir”.
Xronoloji
ardıcıllıq baxımından geri qayıdıb qeyd etməliyəm
ki, Əli bəy “Həyat”la bir sırada “Füyuzat” səhifələrində
də Abdullah Cövdətin şair, filosof, maarifçi və
Qərb ədəbiyyatının təbliğatçısı
və tərcüməçisi kimi tanıdılmasına
mühüm diqqət yetirmişdi. Məcmuənin 8 noyabr
1906-cı il tarixli 4-cü sayının
üz qabığında onun portreti verilmişdi. Həmin
sayda baş redaktorun “Abdullah Cövdət” adlı geniş yazısı
da yer almışdı. Portret seçiminə diqqəti
çəkən Əli bəy Hüseynzadə
yazırdı: “Məcmuəmizin birinci nömrəsi türk
aləmində yetişən ən böyük bir qəhrəmanın,
hürriyyət qəhrəmanının, yəni Midhət
Paşanın (ilk türk Ana yasasının -konstitusiyanın
müəllifi) rəsmi ilə müzəyyən idi. Bu nömrəmizi də türk aləminə
şeirin rəədi-ahəngi ilə, vəlvələyi-qiyamətləri
ilə hürriyyət naminə ən ziyadə fəryad və
fəğan edən bir mücahidi irfanpərvərin rəsmi
ilə təzyin ediyoruz”.
Deməyə lüzum yoxdur ki, “Füyuzat” Abdullah Cövdətin
yalnız portreti ilə deyil, həm də bir sıra şeirləri
və “Yuli Sezar” tərcüməsi ilə “təzyin
edilmişdi”.
Yuxarıda haqqında söz açılan bəzi məktublara
da istifadə yolu ilə yazılmış məqalədə
Azərbaycanda ilk dəfə ünlü türk şairinin
ziddiyyətli həyat yolu (təbii ki, 1906-cı ilə qədər
keçdiyi yol!) araşdırılırdı. Onun
yaradıcılığına və mübarizəsinə
dövrün ictimai-siyasi hadisələri kontekstində qiymət
verilirdi. Sultan rejiminin vətənindən didərgin
saldığı Cövdət ölkəsinə şərəf,
baş ucalığı gətirən şəxsiyyət kimi
dəyərləndirilirdi. “Füyuzat”ın hər
sayının Ulduz sarayında az qala mikroskopla oxunduğunu
yaxşı bilən Əli bəy dostunu Şərqin
yetişdirdiyi böyük simalarla müqayisə edərkən
həm də qatı əleyhdarı olduğu istibdad rejiminə
meydan oxuyurdu: “Abdullah Cövdət də Şərq islam məhsulu
olan bu növ cəvahiratdan biridir: firənglər ona
ağuşi-himmət və məhəbbətlərini
açıb onun fransızca yazmış olduğu asardan
feyziyab olduqları və feyziyab olduqca təhsinxan
bulunduqları halda bu zat İstanbuldan və ümumi-Türkiyədən
məhrum olub cəmi türkcə asarı təhti-məmuriyyətə
alınmış. Şöylə ki,
İstanbulda Abdullah Cövdətin adını çəkmək
belə böyük bir xətadır. Bu
hal bir Cövdət üçün olmayıb bütün
Cövdətlər üçün vaqedir”. Əlavə
edək ki, yazı müəllifinin özü də həmin
zümrəyə daxil edilən yaradıcı şəxsiyyətlər
sırasında idi...
(1932-ci
ildə Abdullah Cövdətin vəfatı münasibəti ilə
“İctihad” dərgisində çap olunan vida sözündə
Əli bəy dörddə bir əsr əvvəl qələmə
alınan yazını və dostunun gecikmiş
reaksiyasını xatırlamışdı: “Sənələr
keçdi, bir gün İstanbulda müsafirim olan Abdullah
Cövdət masamın üzərində bir “Füyuzat” məcmuəsi
gördü və haqqında unutmuş olduğu məzkur məqaləyi
bir daha oxudu.
-Yahu, -
dedi, - sen beni Kafkasiyalılara na kadar iyi
tanıtmışsın!”)
lll
1911-ci ildən sonra Əli bəy Hüseynzadə ilə
Abdullah Cövdətin İstanbula yerləşmələri məktub
və məqalə ünsiyyətini arxa plana
sıxışdırmışdı. İndi həm özləri,
həm də dostları daha çox Cövdətin paytaxtın
Çağaloğlu məhəlləsindəki ictimai
diskussiyalar klubuna çevrilmiş “İctihad” evində
görüşürdülər. Lakin
İttihad və Tərəqqinin ideya atalarından biri
iqtidardakı ittihadçılarla anlaşa bilmədiyindən
1914-cü ildən etibarən məcmuəsinin nəşrini
dayandırmalı olmuşdu.
Türkiyənin
tarixinə Mütarikə (Barışıq) adı ilə daxil
olan dövrdə Abdullah Cövdət siyasi həyata
qayıtdı və biri-birinin ardınca sonradan ona
peşmançılıq anları yaşadan səhvlərə
yol verdi. Təbiətindəki
tələskənliklə çılğınlıq daim
üzdə olmaq və rəyasət eşqi ilə birləşərək
onu gah İstanbula nəzarəti ələ almış ingilis
işğal qüvvələrinin, gah kürd millətçilərinin,
gah da iqtidarda son aylarını yaşayan sultan rejiminin
yanına apardı. Ekstravaqant fikir və
ideyalarından (çünki “ürəyi unudulmasının
ağrı-acıları, beyni özünü yenidən
hamıya göstərmək hikkəsi ilə dolub
daşırdı” - Səməd Ağaoğlu) da qalmadı -
Xilafətin ləğvi məsələsinin gündəmə
gəldiyi 1922-ci ildə bəhailiyin Türkiyədə
dövlət dini kimi qəbul edilməsi ideyasını ortaya
atdı və yenidən hər tərəfdən atəşləri
öz üzərinə çəkdi.
Amma
bütün bunlara baxmayaraq Türkiyə Cümhuriyyəti
qurulandan sonra sudan quru
çıxmağı bacardı. Hətta
türkçülüyün fikir atalarından birinin- Əli
bəy Hüseynzadənin İstiqlal Məhkəməsinin
önünə çıxarıldığı 1925-ci ildə Abdullah Cövdətin
Türkiyə Böyük Millət Məclisinə üzv
seçilməsi məsələsi siyasi dairələrdə
fəal müzakirə olunurdu. Atatürkün iki saatlıq
(özü görüşün dörd saat çəkdiyini
iddia edir) audiensiyasına nail oldu. Bu dəfə
yaxşı mənada diqqəti özünə cəlb edə
bildi. Yalnız
düşmənlərinin əleyhinə
başlatdığı kampaniya (məqalələrinin birində
Türkiyədə heyvanların cinsini
yaxşılaşdırmaq üçün döllük erkəklərin
gətirilməsinin vacibliyindən yazmışdı, əleyhdarları
isə bunu millətin səviyyəsini yüksəltmək
üçün Avropadan erkəklər (kişilər) gətirilməsi
kimi qələmə vermişdilər) Böyük Millət Məclisində
yer almasını əngəlləmişdi.
Səməd
Ağaoğlu “Atamın dostları” adlı memuarlarında
Abdullah Cövdətin bir-birindən qorxulu təhlükələrdən
sağ-salamat qurtarmasının səbəblərini daha
çox nüfuzlu bir şəxsin havadarlığına
bağlayaraq yazırdı: “...ən müxtəlif fikir cərəyanlarını
geniş qanadları altında himayə edən Ziya Göyalp
ittihadçıların dilimizə Qərbin Qustav Lebon, Ernest
Renan kimi böyük mütəfəkkirlərindən əsərlər
çevirən, cəmiyyətə
yeni fikirlər gətirən, özünü bir az da
Pobespyerə bənzədərək Böyük Fransa
inqilabının İnsan Haqq və Hüquqları prinsiplərini
həyəcanla anladan bu həmyerlisinə bir zərər
toxunmasına imkan vermədi”.
Tam əsasla
demək olar ki, Əli bəy Hüseynzadə də
nüfuzundan, cəmiyyətdə təmiz adam imicindən istifadə
edərək səhv dalınca səhvlər buraxan Abdullah
Cövdətə münasibətdə eyni xeyirxah himayəçi
rolunu oynamışdı. Həmvətənimizin arxivində
saxlanan və indiyə
qədər tədqiqatçıların diqqətindən
kənarda qalan diqqətəlayiq bir sənəd də dediklərimizi
təsdiq edir.
1929-cu il
may ayının 5-də İstanbul Darülfünunu Tibb
fakültəsinin Emrazi-cildiyyə müdərrisi (dəri xəstəlikləri
professoru) Əli bəy Hüseynzadə İstanbul Polis
Müdirliyindən “Məxfidir” qrifi altında Baş polis
müdirinin imzası belə bir məktub almışdı:
“Çağaloğlunda İctihad evində doktor Abdullah
Cövdət bəyin Mütarikə sənələrindəki
vəziyyəti-siyasiyyəsi ilə Cümhuriyyət əleyhinə
qövlən, felən və qələmən (sözü, hərəkəti
və qələmi ilə)
çalışıb-çalışmadığının
və bu babda (barədə) qənaəti-aliyələrinizin
qısa bir zaman zərfində işarı rica olunur, əfəndim”.
Onsuz da təklənmiş
vəziyyətdəki
dostunun yeni təhlükə ilə üzbəüz
qaldığını anlayan Əli bəy xatalı məsələyə
münasibət bildirməkdə, həm də bu zaman Cövdəti
bacardığı qədər duruya çıxarmaqda ləngiməmişdi. Elə ertəsi
gün “5. 5. 929 tarix və 2814 nömrəli və “məhrəm”
işarətli təzkireyi-aliyyələrinin cavabıdır”
adlı sənədi rəsmi dövlət qurumuna göndərmişdi.
Burada deyilirdi:
“Doktor Abdullah Cövdət bəyin Mütarikə sənələrindəki
vəziyyəti-siyasiyyəsi haqqında bir fikir və məlumatım
yoxdur. Mümaileyhin Cümhuriyyət əleyhində
qövlən, felən və qələmən
çalışdığına əsla şahid olmadım.
Yunanlıların işğalı
zamanlarında İstanbulda nəşr etməkdə olduğu
“İctihad” qəzetəsinə yunanlılar əleyhinə
yazmış olduğum bir şeirdən xəbərdar
olar-olmaz bunu bəndənizdən tələb və məmnuniyyətlə
dərc etmiş olduğunu xatırlayıram.
Bu hərəkəti ilə o zaman kəndilərinin
Mücadileyi-Milliyəyə tərəfdar olduğu istidadlal
(nəticə üçün əsas) edilə biləcəyi
kimi bunu təyit (təsdiq, doğrulama) edər bəyanat və
mütalaatda da bulunmuşdur. Mövcud məlumat və
qənaətimi bər vəchi bala (yuxarıdakı qaydada) ərz
ilə hörmətlərimi təqdim edirəm, əfəndim.
Tibb fakültəsi səririyyeyi-cildiyyə və əfrənciyyə
müdərrisi Hüseynzadə Əli bəy”.
Sənəddən
də aydın göründüyü kimi, 1929-cu ildə
İstanbul Polis Müdirliyi Abdullah Cövdətin on il əvvəlki ictimai-siyasi fəaliyyəti ilə
bağlı araşdırma başlamış və
müvafiq məlumat toplamaq məqsədi ilə onu yaxından
tanıyan digər şəxslərlə bir sırada Əli
bəy Hüseynzadyə də müraciət etmişdi. Əli bəy öz növbəsində dostunun
yanlış addımlarından xəbərdar olsa da, əlindəki
seyrək faktlara əsaslanıb onu daha çox müsbət,
işıqlı planda tanıtmağa səy göstərmişdi.
Bu sətirlərin yazıldığı zaman Ziya
Göyalp artıq həyatda yox idi. Onun bəzən kifayət qədər
təhlükəli missiyasını Əli bəy üzərinə
götürmüşdü...
lll
Səməd
Ağaoğlu “Atamın dostları” kitabında Abdulla Cövdətin
kədərli həyat hekayətinə “Dinsiz mütəfəkkir”
başlığı seçmişdi. Əhməd
Ağaoğlunun və Cövdətin müştərək
dostu Əli bəy Hüseynzadə bu sərlövhə ilə
yəqin ki, heç vəchlə razılaşmazdı.
Çünki onun
nəzərində Cövdət nə qədər
qəribə səslənsə də “dindar bir dinsiz”, yaxud
“dinsiz bir dindar” idi. Çünki “İctihad” dərgisindəki
yazıları, şeir məqalə və tərcümələrində
ehtiraslı bir şəkildə apardığı mübarizə
islam dininin yaradıcısına və
ehkamlarına deyil, bu dini yarıtmaz şəkildə təmsil
edənlərin, mədəni və ictimai tərəqqi
qarşısında sipərə çevirənlərin
avamlığına, cahilliyinə qarşı
çevrilmişdi...
İstənilən halda dinə fərqli münasibəti
axırda başına bəla açmışdı. Vəfatından
sonra cənazə namazı üçün Aya Sofya camisinə
götürülmüş nəşi ortalıqda
qalmışdı. Din xadimləri allahsız olduğunu əsas
gətirib ölü namazını qılmaqdan boyun
qaçırmışdılar. Yalnız dövrün
nüfuzlu ziyalısı, filosof və yazıçı Peyami
Səfa işə qarışandan sonra məsələni
yoluna qoymaq mümkün olmuşdu.
Əli bəy də dostunun dinsizliyi haqda deyilənləri
uydurma, onun şəxsiyyətinə və düşüncəsinə
böhtan sayanların sırasında idi. Abdullah Cövdətin qalmaqallı
dəfnindən sonra
bir xatirəsini qələmə almışdı:
“Şairliyə qırx sənə əvvəl bir “Nəti-Şərif”
(Həzrəti Peyğəmbəri vəsf edən
şeir-V.Q.) ilə başlayan bu arkadaşıma vəfatından
üç-dörd ay əvvəl tibbi-ədliyyə müdərrisi
Ədhəm Akif bəyin
Hüquq fakültəsindəki otağında rast gəldim.
Orada bir ara Götedən bəhs
açıldı. Bir az şaka (zarafat) tərzində
dedim ki, Cövdət, Göte şairliyə Mühəmməd
əleyhdarı bir gavur ikən başlamışkən, nəhayət
Onun Peyğəmbərliyinə inanaraq öldü. Qorxuram ki,
şairliyə bir müsəlman imanı ilə başlayan sən
aqibət gavur olaraq öləcəksən!
Mərhum
bir az sinirləndi, dedi ki: Mühəmmədin Peyğəmbərliyinə
inanan bir
müsəlman olmadığımı sizə kim söylədi?”
Söhbətin
sonunda Abdullah Cövdət dostlarını tezliklə dinə münasibəti
ilə bağlı ən içdən gələn
duyğularının əks olunduğu bir yazı
yazacağına əmin etmişdi.
İbadət dilinin türkcəyə
çevrildiyi bir vaxtda Əli bəy bu etiraflardan çox
şey gözləyirdi. Lakin əcəl vədi yerinə yetirməyə
qoymamışdı.
Ölümündən
az sonra görkəmli türk şair və
ictimai xadiminin ən dəqiq səciyyəsini onu qırx ildən
çox, həm də hər kəsdən daha yaxşı
tanıyan Əli bəy Hüseynzadə vermişdi: “...hədəflərinə
varmaq üçün pək ziqzaq fikir və qənaət
yollarında yürüyən Abdullah Cövdətin həyatı
bir sürü bariz və anlaşılmaz təzadlarla doludur. Onun şəxsiyyəti
ruh ilə cismin, mənəviyyat ilə maddiyyatın, ideal ilə
ehtirasın daimi bir çarpışmasına səhnə
olmaqdan ibarət qalmışdır”.
Dövrün türk intellektualları arasında Abdulla
Cövdət özünün ziddiyyət və
barışmazlıqlarla dolu ömür yolu, biri-birini təkzib
edən fikirləri, nəhayət, şəxsinə bəslənən
bütün hiddətləri üzə
çıxarmış ölümü ilə ən müxtəlif
intibalar doğurmuşdu. Həm də bu qarmaqarışıq xorda
onu təkfir edənlərin səsi daha gur eşidilməkdə
idi. Bir zamanlar rəsuli-haqqa bənzətdiyi Əli bəy
bütün zahiri çəkingənliyinə, ifrat
ziyalılığına baxmayaraq bu xorun qarşısına təkbaşına
çıxmaqdan qorxmamışdı.
Həm də o, fikirlərini qaragüruh
üçün yox, gələcək üçün
açıqlamışdı.
İki
min il əvvəl “Əşyaların təbiəti”
poemasında materializmi tərənnüm edən Tit Lukresi
Karın, rübailərində mədrəsə zehniyyətinə,
cahil məntiqinə öldürücü zərbələr
endirən Ömər Xəyyamın, bütün dinlərin
ehkam və zorakılığına, dini təəssübkeşliyin
hər cür təzahürünə qarşı üsyan
bayrağı qaldıran Volterin fikir və ruh baxımından
ölmədiklərini, əsrləri aşaraq bu gün də
yaşadıqlarını vurğulayan Əli bəy
“İctihad”da çıxan vida məqaləsində soruşurdu: “Bəs Abdullah
Cövdət nə olacaqdır?” Özü də sualına
cavab verərək yazırdı: “O da yaşayacaqdır! Bütün günahlarına, bütün siyasi və
ictimai əməllərinə rəğmən
yaşayacaqdır. Çünki onun yaşayacağı
yer Böyük Türk Millətinin qəlbi, şeirdən, ahəngdən,
hür düşünməkdən zövq alan
insanların ürəyidir”.
Sağlığında olduğu kimi bu gün də
Türkiyədə Abdullah Cövdətə fərqli
münasibət mövcuddur. Onu böyük şəxsiyyət və
qüdrətli fikir adamı sayanlar da var, az da olsa,
radikalcasına yanaşıb keçdiyi yolu “con
türklükdən cin kürdlüyə” doğru istiqamət kimi dəyərləndirənlər
də. Bəlkə də bütün yanlış
yanaşmalardan qaçmaq üçün böyük humanist
Əli bəy Hüseynzadənin ilk gənclik illərindən
islama, türklüyə və müasirliyə birgə xidmət
etdikləri dostu ilə bağlı aşağıdakı dəqiq
və ədalətli sözlərini xatırlamaq yerinə düşərdi:
“Göz təbibi
olan Abdullah Cövdətin korluqdan qurtardığı gözlərin,
maddi sayısı məhduddur, fəqət fikir mürəbbisi
olan şair və mütəfəkkir Abdullah Cövdətin
açdığı və daim açacağı mənəvi
gözlərin ədədi naməhduddur; çünki
türk milləti yaşadığı müddətcə
onun ruhu da yaşayacaq və vəzifəsinə davam edəcək”.
Əgər yada salsalar, inanıram ki, yersiz təftişçilikdən
əl çəkib tarixin sınağından
çıxmış bu fikrin həqiqiliyinə və səmimiliyinə
inanarlar.
Vilayət QULİYEV
525-ci qəzet.- 2016.- 19 mart.-
S.14-15;17