“Əsrlərdən gələn sənətimiz”
sərgilənib
Rəşid Behbudov adına
Dövlət Mahnı
Teatrında “PAŞA Bank” ASC və Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində”
İctimai Birliyinin “Əsrlərdən gələn
sənətimiz” layihəsi
çərçivəsində sərgi-satış yarmarkası
təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə 20 ustanın 400-ə yaxın əl işi nümayiş olunub. Layihədə 24 bədii sənətkar və 100-dən artıq gənc iştirak edib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Rəşad Əliyev, Azərbaycan Tələbə Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov və başqaları sərginin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, layihənin təşkilində məqsəd itirilməkdə olan sənətin dirçəldilməsinə, yerli sənətkarlıq bazarınin inkişaf etdirilməsinə, həmçinin regionlarda yaşayan gənclərə dəstək olmaq, ümumilikdə regionlarda işsizliyin azalmasına və məşğulluğun artmasına təkan verməkdən ibarətdir.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Gəncə, Şəki, İsmayıllı, Lənkəran, Quba və Qəbələdə sənətkar, usta və gənclərlə görüşlər təşkil olunub. Şəbəkəçilik sənəti, misgərlik, ağac üzərində oyma, dulusçuluq, xalçaçılıq, səbət toxuma, daş üzərində işləmə, parça işləri və s. bu kimi ənənəvi sahələr araşdırılıb. Aparılan danışıqlar zamanı bu sahələrin inkişafını ləngidən maneələr öyrənilib və sənətkarların hazırladığı məhsulların ictimaiyyətə təqdim edilməsi qərara alınıb. Bununla da milliliyin qorunmasına və yerli bazarda yerli məhsulların təbliğinə təkan verməyə çalışılıb.
Vurğulanıb ki, layihənin gələcək perspektivi kimi digər regionların sənətkarlarını və gənclərini bu işə cəlb etmək və bunun vasitəsilə kiçik və orta sahibkarlığı inkişaf etdirmək nəzərdə tutulur.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
525-ci qəzet.- 2016.- 19 mart.- S.13