Gürcü alimin “Füzuli” monoqrafiyası Tbilisidə nəşr
edilib
Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, tanınmış
alim Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyası gürcü
və Azərbaycan dillərində nəşr
olunub.
Kitabda Azərbaycanın
klassik şairi Məhəmməd Füzulinin
həyat və yaradıcılığı geniş
təhlil olunur. Monoqrafiya ilk dəfə
gürcü dilində
işıq üzü
görüb.
Monoqrafiyanı ana dilimizə Gürcüstan Yazıçıları
Milli Akademiyasının
Azərbaycan bölməsinin
rəhbəri, tərcüməçi-alim
Mirzə Məmmədoğlu
tərcümə edib. Dahi Azərbaycan
şairinin vəfatının
460-cı ildönümünə həsr olunan bu kitab elə
M.Məmmədoğlunun öz
vəsaiti hesabına nəşr olunub.
M.Məmmədoğlu AZƏRTAC-a müsahibəsində
deyib: “Məşhur türkoloq, Azərbaycan Əməkdar Mədəniyyət
İşçisi fəxri
adına layiq görülmüş Elizbar
Cavelidzenin monoqrafiyanı
yazmaqda məqsədi gürcü gəncliyini, ümumiyyətlə, gürcü
oxucusunu XVI əsr Azərbaycanın məşhur
sənətkarı, Şərqin
böyük şairlərindən
biri Füzulinin həyat və yaradıcılığı ilə
tanış etməkdir.
Azərbaycan ədəbiyyatının yaxın dostu olan, tərcüməçilik
sahəsində məhsuldar
işləyən Cavelidze
“Oğuznamə”ni, tərcüməçi-araşdırmaçı
Giorgi Şağulaşvili
ilə birlikdə isə “Dədə Qorqud” dastanını gürcü dilinə tərcümə edib”.
Bildirilib ki,
kitabda tanınmış gürcü
alimi Apollon Silaqadzenin “Gürcü
türkologiyasının lideri” adlı
yazısı və XVIII əsrdə Füzulinin
Gürcüstan Milli
Əlyazmalar Mərkəzində saxlanılan gürcü
transkripsiyası ilə yazılan qəzəli də yer alıb.
525-ci qəzet.- 2016.- 19 mart.- S.12