Ağsaqqal nüfuzu
Akif Rəfiyev
mənim yaxın qohumum, əziz dostum, tələbə yoldaşımdır.
Akifin ulu babası Qəhrəman bəy mənim ulu babam Ələkbər bəyin doğma qardaşıdır.
Kiçik qardaşı. Mən isə Akifi böyük qardaşım
hesab edirəm. O
məndən iki yaş böyük olsa da, eyni
ildə -55-ci ildə
Bakıda Universitetə
daxil olmuşuq. O, Hüquq fakültəsinə,
mən Filoloji fakültəyə, eyni ildə -1960-cı ildə
Universiteti bitirmişik.
1959-cu ilin yayında
bir ay Astarada hərbi xidmətdə bərabər olmuşuq.
Və ömrümüz boyu həm xoş, fərəhli, həm ağır, kədərli
günlərimizi paylaşmışıq.
Uzun illər boyu bir-birimizin ürək sirdaşı, məhrəm
həmsevinci, həmdərdi
olmuşuq, hər zaman bir-birimizə güvənmişik, arxalanmışıq,
ərk etmişik.
Mən yarı Rəfibəyliyəm,
Akif isə tam hüquqla Rəfibəylilər
nəslinin bu gün həyatda olan ən nüfuzlu
ağsaqqalıdır.
Cümhuriyyət dövründə əvvəl
Azərbaycanın ilk səhiyyə
naziri, sonra isə Gəncənin general qubernatoru
babam Xudadat Ələkbər oğlu Rəfibəylidən,
türk paşası Səməd bəy Rəfibəylidən (Sayqından)
sonra Akif Rəfiyev bu nəslin üçüncü
generalıdır - ədliyyə
generalı. Zaqatala, Mingəçevir, Sumqayıt
kimi şəhərlərin
mürəkkəb kriminal
şəraitində prokuror
kimi səmərəli
fəaliyyət göstərən,
daha sonra daxili işlər nazirinin müavini və ondan da
sonra ədliyyə nazirinin müavini vəzifələrində uğurla
çalışan Akif
Respublikanın Əməkdar
hüquqşünasıdır.
Bu vəzifələr şərəfli olduqları
kimi məsuliyyətli
və müəyyən
anlamda təhlükəli
vəzifələrdir. Vəzifə
borcu qanunun və ədalətin keşiyində durmaq olan şəxsə bu qanunlara asi olanların, ədalətsizlik yapanların
düşmən kəsilməsi
təbiidir. Düşmənçiliyin
isə, ən müxtəlif üsulları
var, namərd gülləsinə hədəf
də ola bilərsən, cinayətkarların şərinə,
böhtanına tuş
da gələ bilərsən. Qarabağa
erməni təcavüzü
başlayan qanlı-qadalı günlərdən Akif ən qaynar, ən təhlükəli yerlərdə düşmən
atəşindən də
qoxmayıb, adi, dinc dövrlərdə bədxahların danoslarından,
paxıllıqlarından, qurduqları
fitnələrdən də
çəkinməyib.
1998-ci ilin mayında Azərbaycan
Xalq Cümhuriyyətinin
80 illik yubileyi geniş qeyd olundu. İndi Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan
Sarayda təntənəli
iclasda mərhum Prezidentimiz çıxış
etdi. Cümhuriyyətin tariximizdə önəmini
xüsusi qeyd etdi, onun qurucularının
adlarını ehtiramla
çəkdi. Tənəffüs zamanı foyedə bir-bir qonaqlara yanaşıb söhbət
edirdi. Mən də toplantıya qatılmış Rəfibəylilərlə dayanmışdım.
Prezident hamımızla
səmimi görüşdü
və o zaman nazir müavini işləyən Akifi dərhal tanıdı. Fenomenal hafizəsiylə onun əmək fəaliyyətinin
müxtəlif mərhələlərini
xatırladı. -Mingəçevirdə
prokuror işləyərkən
səni partiyadan qovmağa qoymadığım
yadındadır? - deyə xəbər aldı.
Akif:
- Əlbəttə, yadımdadı,
cənab Prezident - dedi, -
bəy oğlu
olduğum üçün
məni qorudunuz.
Heydər
Əliyev yalnız ona
xas olan gülüşlə güldü.
Sonra mən Akifdən bu məsələni
soruşdum.
- Mingəçevirdə işlədiyim
zaman dələduzlar məni az
qana dolaşdırmışdılar
- dedi. - Bir zavod direktorunu yaramaz hərəkətlərinə
görə məsuliyyətə
cəlb etmişdim, onun adamları bunu elə qələmə
vermişdilər ki, guya mən kommunistlərdən
bəy babamın qisasını alıram.
1976-cı il aprelin 20-də MK Bürosunda
məsələ müzakirə
olunanda bu mövqedən çıxış
edənlər də oldu. O zaman Heydər
Əliyev məndən:
- Neçənci ildə anadan olmusan? - deyə soruşdu:
-
1936-cı ildə.
- 18-20-ci illərdə olan hadisələrə Rəfiyevin
nə dəxli var? - deyə
əleyhimə olanları
yerində oturtdu və məni partiyadan çıxarmağa
qoymadı.
Fəaliyyətinin qaynar çağında
vaxtından əvvəl
təqaüdə göndərilən
Müharibə və Əmək veteranı Akif Rəfiyevin əli işdən soyumadı, məqalələr
yazdı, ali məktəbdə dərs
dedi,zəngin təcrübəsini
gənc nəsillərlə
bölüşdü və
ən son vaxtlarda Binəqədi rayonunun Ağsaqqalar şurasının sədri
seçildi. Bu yüksək nüfuzu Akif ilk gənclik yaşlarından bu günə, ahıllıq
çağına qədər
namusla yaşaması və ədalətlə çalışmasıyla qazanıb.
Amma bu çox mühüm vətəndaş mövqeyiylə bir sırada Akif nəslin ağsaqqalı zirvəsinə də yorulmaz və nəcib işləriylə yüksəlib. Başıbəlalı nəslimizin sürgünlər, məhbəslər, edamlar və mühacirət əzablarıyla dolu tarixini arxiv sənədləri, yaşlılarla söhbətləri, şəxsi xatirələriylə əsaslandıran Akif topladığı faktlar, məlumatlar, şəhadətliklərlə Rəfibəylilər haqqında dəyərli kitab yazmış akademik Rafael Hüseynovu da həvəsləndirdi və müəllif əsər üzərində işlədiyi müddətdə daima ona mənəvi dəstək verdi.
Mənim də, Xudadat bəyin Azərbaycanda və Türkiyədə yaşayan başqa nəvələrinin də Akifə sonsuz minnətdarlığımızın bir səbəbi də odur ki, məhz o ilk dəfə gizli arxivlərdən babamızın istintaq materiallarını üzə çıxardı. Və xalqımız tarixinin ilk səhiyyə nazirinin həbs edilib dindirildiyi zaman uydurma ittihamların heç biriylə razılaşmayan, cəlladların qarşısında əyilmədən, sınmadan dim-dik duran, sona qədər cərrah, ziyalı, bəy qürurunu qoruyub saxlayan, nəslini, ailəsini təhlükəyə atmamaq üçün acı taleyini mərdliklə qəbul edən Xudadat bəyi olduğu kimi tanıdı. Heç bir günahı olmayan Xudadat bəy Rəfibəylinin ölümündən sonra rəsmi bəraət qazanmasında da hüquqşünas kimi, millətinin təəssübkeş vətəndaşı kimi, əsil-nəslinin layiqli xələfi kimi Akif Rəfiyevin xidməti əvəzsizdir.
Akif gözəl ailə başçısıdır. O, həyat yoldaşı Əsmayə xanımın fədakarlığını layiqincə qiymətləndirir, Arazla, Güllərlə qürur duyur. Emin Sabitoğlunun Nigar Rəfibəylinin sözlərinə bəslədiyi, qızına həsr olunmuş “Güllər” mahnısını dinləməkdən doymur. Son illər Akifi ən çox istər idman sahəsi olsun, istər vokal sənəti - nəvələrinin uğurları sevindirir.
Əziz qardaşım Akif!
80 yaşın tamam olur. Həyatını dürüst yaşayan insanlar heç zaman yaş artımından təəssüflənməməlidirlər. Sən də bu rəqəmi davam edən və hələ çox illər davam edəcək ömrünün, fəaliyyətinin növbəti mərhələsi kimi qəbul etməlisən. Şəxsiyyətinə və nəslinə layiq bir ömür yaşayıb bu yubileyinə alnıaçıq, üzüağ gəlmisən. Bununla fəxr edə bilərsən. Biz səninlə fəxr etdiyimiz kimi.
ANAR
525-ci qəzet.- 2016.- 19 mart.- S.12