Yeni liderlik modeli: strateji tərəfdaşlığın
mühüm aspektləri
Ankarada törədilən dəhşətli terror
aktı bütün türk-müsəlman dünyasını
sarsıtdı. Onlarla günahsız insanın qətlə
yetirilməsinə etirazlar səsləndi.
Təəssüf
ki, bu amansız qətliam Azərbaycan-Türkiyə Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının beşinci iclasının keçirilməsi
ərəfəsində baş verdi. Yaranmış vəziyyətdə Prezident İlham
Əliyev böyük qətiyyət göstərərək,
tədbirin Ankarada təşkil edilməsi təklifini irəli
sürdü. Bu, dünyaya ciddi bir mesaj idi.
Azərbaycan Prezidenti Türkiyədəki terrora
qarşı etirazını konkret addımı ilə
nümayiş etdirdi. Bir vaxtlar Parisə
toplaşan dünya liderlərinin heç biri bu cəsarəti
və səmimiyyəti göstərmədi. Ankaradakı toplantıda irəli sürülən
fikirlər bir daha göstərdi ki, iki dövlət əməkdaşlıq
nümunəsi olaraq strateji tərəfdaşlığın
yeni modelini reallaşdırırlar.
Müstəqil
kurs: böyük siyasətçinin qətiyyətli
addımları
Siyasətçi səmimiyyətini, qətiyyətini və
əzmkarlığını son nəticədə əməli
ilə sübut edir. Diplomatik ustalıq, siyasi peşəkarlıq,
dərin strateji düşünmək qabiliyyəti əlahəzrət
konkret əməldən sonra gəlir. Qürur
duyuruq ki, Azərbaycan Prezidenti İlham Əliyev sözü ilə
əməli arasında vəhdətin olduğunu dəfələrlə
sübuta yetirib. Dövlət
başçısının son Türkiyə səfərində
bunun bir daha şahidi olduq. Təşəkkürlər,
cənab Prezident! Müstəqil Azərbaycanın tam müstəqil
siyasət yeridən böyük dövlət adamı!
Geosiyasi
ziddiyyətlərin sərt zərbələri altında mis
kimi əyilən bir sıra ölkə rəhbərindən fərqli
olaraq, başını dik tutub, dövləti maraqları bir
daha bütün dünyaya çəkinmədən bəyan edən
və addımları ilə sübuta yetirən Prezidentimizlə
qürur duyur, daim onun yanında olduğumuzu açıq
alınla bildiririk! Çünki Prezident İlham Əliyevin
yanında olmaq müstəqilliyin, dövlətçiliyin,
demokratiyanın və ədalətin yanında olmaq deməkdir!
Ankara səfəri ona görə möhtəşəm
idi ki, qanlı terror hadisəsindən sonra Azərbaycan
Prezidenti yeganə dövlət başçısı idi ki,
dinc əhaliyə qarşı terrorçu qüvvələrin
dəhşətli qətliamlarından əziyyət çəkən
bir ölkəyə tam dəstəyini ifadə etdi. Parisdə
törədilən terror aktına görə Fransaya dəstəyini
nümayiş etdirən, yeri gəldi-gəlmədi
demokratiyadan, humanizmdən, ədalətdən, insan
haqlarından dəm vuran böyük dövlətlərin
başçılarından heç biri Ankaraya ayaq basmadı.
Türkiyə paytaxtında yaşayan ingilis sənətçisi
Ceyms Teylorun ifadə etdiyi kimi, Qərb siyasətçiləri
"Şarle oldular, Paris oldular, ancaq Ankara ola bilmədilər"!
Ümumiyyətlə, Türkiyə-Azərbaycan
qardaşlığı etnik mənsubluğa deyil, siyasi
praqmatizmə, səmimi əməkdaşlığa, terrora
qarşı dayanışmaya və ən başlıcası,
ədalətə söykənir. İlham Əliyev bunu Ankarada
milyonların gözü qarşısında Türkiyə
Prezidentini səmimiyyətlə bağrına basmaqla təsdiq
etdi! İlham Əliyev Türkiyənin ən
ağır günündə böyük nümayəndə
heyəti ilə Ankarada konkret əməkdaşlıq sənədləri
imzalamaqla nümayiş etdirdi ki, siyasətində
ardıcıl, dönməz, qətiyyətlidir və bu yolun
haqq yolu olduğuna tam əmindir. Bu məqamda
Azərbaycan Prezidentinin bütün dünyaya çox vacib bir
mesajı vardı.
Burada onu
xatırladaq ki, hələ iki il bundan əvvəl Avropa
İttifaqının Praqada keçirilən "Şərq tərəfdaşlığı"
sammitində Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin
ünvanına söylədiyi tənqidi fikirlərə Azərbaycan
Prezidenti İlham Əliyev sərt təpki göstərmiş
və Sarkisyana birbaşa səslənərək "Bilirsiniz
ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma
mən buradayam, sizə cavab verirəm!",
deyə qardaş Türkiyənin mövqeyini böyük əzmkarlıqla
müdafiə etmişdi. Bununla ölkə rəhbəri
Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki
dövlət" konsepsiyasının əhəmiyyətini
praktiki olaraq dünyaya çatdırmışdı.
Lakin İlham Əliyev siyasi proseslərdə həmişə
obyektiv mövqe tutub. Prezident Türkiyədə baş verən
terror hadisəsinə hansı münasibəti bildirdisə,
ondan əvvəl Fransada, Suriyada və başqa yerlərdə
törədilən terror aktlarına da eyni qiyməti verib.
Londonda beynəlxalq konfransdakı
çıxışında Suriyada müharibədən əziyyət
çəkən milyonlarla insana yardım etmənin zəruriliyini
vurğulayan dövlət başçımız eyni iradə
və ruhla Türkiyədə terrora qurban gedənlərin
qayğısını çəkdi. Deməli,
İlham Əliyevin siyasətinin mahiyyəti demokratikdir,
humanistdir, ədalətlidir. Bu da onu göstərir ki, Azərbaycan
rəhbəri Dağlıq Qarabağ münaqişəsinin həllində
də ədalətli mövqe tutub və onu heç zaman dəyişməyəcək!
Bu mesajı həm rəsmi İrəvan, həm
onların havadarları, həm də ATƏT-in Minsk qrupunun həmsədr
ölkələri birdəfəlik qəbul etməli, yaddan
çıxarmamalıdırlar.
Ankarada
imzalanan 6 sənədin məzmunu Bakı ilə Ankaranın
müasir dünyanın tələblərinə uyğun,
regional və qlobal əməkdaşlığa xidmət
göstərən, səmərəli təhlükəsizlik
sisteminin yaradılmasına, beynəlxalq hüquq normalarına
uyğun qarşılıqlı əlaqələrə xidmət
etdiyini göstərir. Sənədlər diplomatik, siyasi,
iqtisadi, sosial, hərbi, texniki, ədliyyə sahələri
üzrə əməkdaşlığı əhatə edir
ki, bunlar da yekunda iki ölkə arasında strateji əlaqələrin
dərinləşməsinə yardım göstərir (bax: Azərbaycan-Türkiyə
sənədləri imzalanıb / AZƏRTAC, 15 mart
2016).
Dünyaya
mesaj: XXI əsr üçün liderlik modeli
Qardaş
ölkələrin prezidentlərinin danışıqlardan
sonra mətbuata verdikləri bəyanatlar isə tarixi əhəmiyyətli
olmaqla iki ölkənin strateji əməkdaşlıqda
nümunəvi model üzrə hərəkət etdiyini təsdiqləyib
(bax: Azərbaycan və Türkiyə prezidentləri mətbuata
bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 15
mart 2016). İlham Əliyev ifadə etdiyi hər
bir fikri ilə strateji məqamları taktiki addımlarla
ustalıqla uyğunlaşdırdığını
nümayiş etdirib. Azərbaycan rəhbəri
ölkəmizə edilən hər bir
yaxşılığı yadda saxladığını və
vəziyyətin dəyişməsindən asılı
olmayaraq, bunu açıq ifadə etməyə qadir
olduğunu göstərib. Bu bağlılıqda
Türkiyə Prezidentinin Azərbaycanı "Böyük
İyirmilik" (G20) ölkələrinin Liderlər Sammitinə
dəvət etməsini ayrıca vurğulamaqla, bir siyasətçi
olaraq atılan hər addımı layiqincə qiymətləndirdiyini
nümayiş etdirib.
Məsələnin vacib tərəfi əməkdaşlıq
üçün edilən hər bir təklifə emosiya səviyyəsində
deyil, dövlət xadimi olaraq konkret siyasi mövqe ifadə etməkdən
ibarətdir. İlham Əliyev müasir bir lider kimi siyasi kursun
reallaşmasında hər bir faktoru ölkənin maraqları müstəvisində
dəyərləndirdiyini, bütün digər məsələlərə
də eyni meyarla yanaşdığını təsdiqləyib.
Məhz bu aspektdə Azərbaycanın daim
Türkiyənin yanında olduğunu vurğulayıb. Heç şübhəsiz, Prezident İlham
Əliyevin "Türkiyə nə qədər güclü
olsa, Azərbaycan da bir o qədər güclü olar"
tezisi ölkə rəhbərinin gələcəkdə ən
çox müraciət edilən fikirlərindən biri olacaq.
Bu cümlədə ifadə olunan fikrin məzmun genişliyi və
strateji əhəmiyyətini, ola bilsin ki,
bir çoxları indi tam anlamasın, lakin zaman bunu hər kəsə
sübut edəcək.
Eyni məntiqlə,
Azərbaycanın dövlət başçısının
"Türkiyə dünya çapında güc mərkəzinə
çevrilibdir" fikri yalnız real faktın konstatasiyası
deyil, həm də İlham Əliyevin ən ağır
gündə belə Ankaraya dəstək verməyə
hazır olduğunun, Türkiyənin dövlət kimi regionda
və dünyada rolunu yüksək qiymətləndirdiyinin
bariz nümunəsidir. Türkiyəyə dünya birliyi tərəfindən
inam və rəğbətin artığını xüsusi
vurğulamaqla, Azərbaycan rəhbəri bütün ziddiyyətli
məqamlara baxmayaraq, qardaş dövlətin yüksələn
xətlə inkişaf etdiyinin fərqində olduğunu və
buna çox sevindiyini bildirir!
Doğrudan da, Ulu Öndərin siyasi kursunun layiqli
davamçısına xas olan bir davranışdır. Belə rəhbəri
olan ölkə – Azərbaycan heç zaman müstəqilliyini
itirə bilməz. Ankarada İlham Əliyevin mətbuata
verdiyi açıqlamanı izləyərkən hər an beynimizdən keçən fikir bundan ibarət
oldu, fəxr etdik!
Bunların fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan rəhbəri ilə qarşıda duran birgə fəaliyyətlərini sadalaması maraqlı təəssürat yaratdı. Aydın göründü ki, iki qardaş ölkə regional və qlobal səviyyədə sivilizasiyalar və mədəniyyətlərarası dialoq sahəsində ciddi təşəbbüslər irəli sürüblər. Özü də Türkiyə və Azərbaycan birgə, yanaşı addımlayırlar. R.T.Ərdoğan islamafobiyanın, ksenofobiyanın və irqçiliyin gücləndiyi bir dövrdə Bakıda Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsini təklif edib. Bundan başqa, İlham Əliyev dünyada ilk olaraq Türkiyədə təşkil olunacaq Dünya Humanitar Zirvə toplantısına dəvət edilib. Deyilənlərlə yanaşı, Azərbaycan Türkiyədə turizmin inkişafına dəstək verir, Ankara da Naxçıvanda turizmin inkişafı üçün əlindən gələni edəcəkdir. Bu, əsl qardaşlıq, real əməkdaşlıq nümunəsidir. İki ölkə maddi mənfəəti deyil, qarşılıqlı faydalı əməkdaşlığı, dünya miqyasında dövlətlərimizin nüfuzunun daha da yüksəlməsini öncə düşünürlər.
Bununla da Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq gözəl bir məzmun kəsb etmiş olur. İki ölkə qlobal miqyasda təsirləri olan, qarşılıqlı fayda gətirən, regionda sülh və əmin-amanlığa xidmət göstərən ciddi layihələr üzərində işləyirlər. Onlar geniş geosiyasi məkanda qoşa dayanaraq lider dövlətlər rolunu oynamaqda qərarlıdırlar. Buna kifayət qədər potensial vardır!
Bu, bütün dünyaya yeni liderlik modelinin təklifidir. Bu, ayrıca bir ölkənin deyil, iki çox yaxın olan dövlətin lider kimi əməkdaşlıq etmək, ədalətli siyasət əsasında demokratiyanı inkişaf etdirmək niyyətinin təzahürüdür. XXI əsrin mahiyyətinə uyğun olan, dünyaya sülh və barış gətirə biləcək yeganə liderlik modeli budur. Azərbaycan Prezidentinin aşağıdakı fikirləri bu kontekstdə çox maraqlı və ibrətamizdir. İlham Əliyev Ankarada bəyan edib: "Bir daha qeyd etmək istəyirəm, – mən hesab edirəm və əminəm ki, həm Türkiyədə, həm Azərbaycanda bu fikirlə hər kəs razı olar, – bu gün dünya çapında Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Bu birlik bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq, qoruyacağıq. Əminəm ki, gələcək illərdə biz bundan da böyük qələbələr əldə edəcəyik" (bax: əvvəlki mənbəyə).
Şübhə etmirik ki, Azərbaycan və
Türkiyə rəhbərliyi strateji tərəfdaşlığı
bundan sonra da dərinləşdirəcəklər. Həmin əməkdaşlıq
yalnız iki ölkə üçün deyil, həm də
region və bütövlükdə dünya üçün
faydalı olacaqdır.
525-ci qəzet.- 2016.- 19 mart.- S.7