Gənc Ədiblərin növbəti görüşü  

 

 

Martın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda III Gənc Ədiblər Məktəbinin (GƏM) ikinci toplantısı keçirildi.

 

Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq görüşün qonağı haqda məlumat verdi:

 

"Bizim ilk görüşümüz tanışlıq xarakterli olmuşdu, müzakirələr apardıq, yazılarınızdan xəbərdar olduq.

 

Düşündük ki, ikinci görüş üçün sizin yazılarınızı tənqidçi Əsəd Cahangirə təqdim edək onun fikirlərini öyrənək.

 

Bilirsiniz ki, Əsəd Cahangir bugünkü ədəbi prosesi həssaslıqla izləyən dəyərli tənqidçi ədəbiyyatşünasdır.

Sizin üçün ustad dərslərinə Əsəd Cahangirlə başlamağımızın səbəbi odur ki, öz yazılarınıza ciddi yanaşasınız işin məsuliyyətini anlayıb, yazılarınızdakı, şeirlərinizdəki qüsurları aradan qaldırasınız".

 

Əsəd Cahangir gənclərin yazılarını təhlil etməzdən əvvəl onlarla ədəbiyyat onun pərdəarxası çətinlikləri, yazıçının, şairin gerçək həyat yolu haqda fikirlərini bölüşdü.

 

Tənqidçinin fikrincə, gənclərdə ədəbiyyata ötəri həvəs yarana bilər. İlk növbədə onların sözə, yaradıcılığa məntiqi münasibətləri aydın olmalıdır:

 

"Ola bilər ki, yaradıcılıq mənəvi, əxlaqi qüsurlar üzündən, yaxud da müəllif öz üzərində çalışmadığından sönüb getsin. Kitabdan kitaba sönən gənc yazarlar çoxdur. Akutaqava deyirdi ki, yazıçılıq öz qəlbini açıb milyonların qabağına tökmək deməkdir, ehtiyatlı olun, açıq ürəyə tikan batıranlar olur. Bəli, olacaq. Yazıçılıq kef deyil. Bu, mənəvi fədakarlıqdır. Çox əzablı bir yola çıxırsınız. Bundan əmin olun. Ona görə bütün bunları nəzərə almaq lazımdır".

 

Müşahidələr göstərir ki, adətən, gənclər yaradıcılıqda şeirə üstünlük verirlər. Ancaq GƏM-in builki üzvləri arasında nəsr yazanlar da az deyil: Orxan Cuvarlı, Elçin Həsənli, Cəmilə Məmmədli, Ləman Azər, Yadigar Ələkbərov, Hüseyn Məmmədov.

 

Ə.Cahangir dedi ki, hətta özünü şeirdə sınayan bəzi gənclərdə nəsr elementlərinə rast gəlinir:

 

"Misal üçün, Zinyət Zəkinin şeirlərində dramatik konflikt yaratma meyli vardır. Bu isə onun özünü nəsrdə daha yaxşı ifadə edəcəyini, yaxud gələcəkdə melodramatik pyeslər yaza biləcəyini göstərir. Emil Hacıyevin şeirlərindəki güclü proza elementləri onun nəsrə müraciət edə biləcəyi düşüncəsini oyadır".

 

Tənqidçinin fikrincə, bəzən gənc yazarlarda uğursuz sentimentallıq meylləri müşahidə edilir: "Misal üçün, Yadigar Ələkbərovun hekayəsində bunu müşahidə etmək olur".

 

Şeirdə gənclər arasında uğurlu imzalardan biri kimi Rəsul Mirzənin adını çəkən tənqidçiyə görə, təəssüf ki, bəzi gənc müəlliflər isə poetik yaradıcılığın əlifbası sayılan cəhətləri belə, ya bilmir, ya da buna riayət etmirlər: Bununla yanaşı, öz cümlələrilə desək, "şablon ifadələrlə oxucuları qaçıran", "epitet obrazları təkrarlayan", "arxaik sözlərdən həddən çox istifadə edən", "yalnız bağdan, güldən yazan" gənc şairlər tənqidçinin iradlarına tuş gəldi: "Şair ədəbiyyatçı əslində yeni söz deməli, orijinal üslub yaratmalıdır".

 

Tənqiddə isə Emin Əliyevin yazılarını diqqətəlayiq sayan Ə.Cahangir gənc ədibin bu ilk yaradıcı təcrübələrinin uğur vəd etdiyini, onun gələcəkdə yaxşı tənqidçi ola biləcəyini söylədi.

 

Tədbirdə "Kulis" saytının baş redaktoru Qan Turalı da çıxış etdi, GƏM-in üzvləri ilə öz yaradıcılıq təcrübələrini, ədəbi düşüncələrini paylaşdı. Yazarın fikrincə, yaradıcılıq ilk növbədə zəhmət əzmkarlıq tələb edir:

 

"İnsan az istedadla da şair kimi formalaşa, özünü təsdiqləyə bilər. Buna dünya ədəbiyyatında da nümunələr az deyil. Yəni, yazı-pozu qədər mütaliə çox vacib məsələdir".

 

Tədbir müzakirələrlə davam etdi. GƏM-ə yeni qoşulan üzvlər şeirlərini səsləndirdilər.

 

Sonda isə Ə.Cahangir gənclərin suallarını cavablandırdı.

 

Tənqidçi ilə görüş gənc ədiblərə yazılarındakı boşluqları, ədəbi biliklərinin azlığından təcrübəsizlikdən yaranan səhvləri görmək, öz qələm təcrübələrinə daha ayıq, obyektiv yanaşmaq imkanı yaratdı.

 

Qeyd edək ki, GƏM-in növbəti görüşünün "Ulduz" jurnalının kollektivi ilə keçirilməsi nəzərdə tutulub.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 29 mart.- S.8