Quba tarixi - vətən tarixinə qiymətli töhfə

 

 

Azərbaycan mənbəşünaslıq və tarixşünaslıq elmi Vətən tarixinin şərəfli  səhifələrinə həsr edilən qiymətli bir əsərlə zənginləşib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru , professor Şahin Fazilin yeddi yüz səhifəlik, geniş əhatəli tədqiqat əsəri - Quba tarixi uzun müddətdən sonra işıq üzü görüb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2015-ci ilin noyabr ayında AMEA-nın 70 illik yubileyində tariximizin dərindən öyrənilməsi və təbliğ edilməsi sahəsində tarixçilərin qarşısına qoyduğu vəzifələri yüksək elmi məsuliyyət və milli təəssübkeşliklə yerinə yetirən Tarix İnstitutunda hazırlanmış bu dəyərli kitabı on ildən bəri Azərbaycan Respublikasının tarixini və mədəniyyətini, daxili və xarici siyasətinin ümdə məsələlərini, dünya ölkələri və təşkilatları ilə qarşılıqlı əlaqələrini mümkün olan bütün vasitələrlə yayan, ölkəmiz və xalqımız haqqında dolğun fikir formalaşdıran, bir sıra milli və beynəlxalq layihələri uğurla həyata keçirən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Press Nəşriyyat evi çap edib. Milli əhəmiyyətli vəzifələri ardıcıl və yüksək səviyyədə həyata keçirən gənc ziyalı, TEAS-ın prezidenti Tale Heydərovun təvazökar xidmətini burada ayrıca qeyd etmək lazımdır. Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Azərbaycan Milli Məclisinin üzvü, professor Yaqub Mahmudovun və tarix elmləri doktoru, professor Tofiq Mustafazadənin redaktorluğu ilə tədqiqatçıların və geniş oxucu kütləsinin diqqətinə təqdim olunan bu sanballı əsərə institutun görkəmli alimləri - AMEA-nın müxbir üzvü, professor İlyas Babayev, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov və tarix üzrə elmlər doktoru Qasım Hacıyev yüksək rəy veriblər.

 

Quba tarixi kitabı bundan əvvəl tarix elmimizdə hadisə sayılmalı olan, Azərbaycan və İran mənbəşünaslığının əsas simalarından biri, XVI -XVII əsrlərin məşhur Azərbaycan tarixçisi İskəndər bəy Munşi Türkmanın iki cildlik, iki min səhifəlik Dünyanı bəzəyən Abbasın tarixi (Tarex-e aləm-e ara-ye Abbasi) mənbəsini fars dilindən böyük zəhmətlə tərcümə edən Sahin Fazilin Vətən tarixinə növbəti töhfəsidir. Qocaman tarixçimiz (əminəm ki, bu ifadəmdən inciməz, çünki bu ifadə ilə əsla onun fiziki yaşını nəzərdə tutmuram, bu günlərdə 76 yaşını haqlayan alim dostum iyirmi il əvvəl İranda işlədiyim zaman ilk dəfə gördüyüm kimidir, məncə, heç bir il də qocalmayıb, saç-saqqalı elə onda da bəyaz idi, indi də) Azərbaycanın orta əsrlər tarixinin peşəkar araşdırıcılarındandır. Bir sıra elmi monoqrafiyaların, İrana, Əfqanıstana, Yaponiyaya dair səfərnamələrin, xeyli sayda divanların və şeir kitablarının müəllifi olan bu şərqşünas alimin qəlbi eşq və ilhamla doludur və bu ilahi sərvəti ürəyəyatan qəzəlləri və özünəməxsus tərzdə yazdığı şeirləri ilə oxucularla paylaşmaqda xəsislik etmir, yeri gəlmişkən, özü də xəsis deyil, nə elmdə, nə də həyatda. Quba tarixinin yazılmasına da münasibətini o, doğulduğu ana torpağa övladlıq borcu ödəməsi kimi baxaraq belə ifadə edib: 

 

Bu kitab - tarixi zəngin Qubamın tarixidir,

Yazdı ilham ilə Şahin, obamın tarixidir.

 

Şahin Fazil yazır ki, əgər Azərbaycan torpağını tarixlərə şahid olan bir ağaca bənzətmək mümkünsə, Quba tarixi həmin ağacın bir budağıdır. Ağacın dolğun təsvirini verməkdən ötrü onun hər budağı, hətta hər yarpağı öyrənilməli, onu əhatə edən mühitə ayıq nəzər salınmalı, dərindən araşdırılmalıdır. Əslində, gərək bütün şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin tarixi yazılsın, gələcək nəsillərə çatdırılsın.

 

Orta əsr Azərbaycan, ərəb, İran, osmanlı tarixi qaynaqlarına istinad edən Şahin Fazil indiyədək elmi dövriyyədə olmayan, ilkin mənbə və sənədlərdə yatıb qalan çox maraqlı məlumatları araşdıraraq üzə çıxarıb, nəticədə Vətənimizin dilbər guşəsi olan Qubanın müfəssəl tarixini ərsəyə gətirib. 19-cu əsrin görkəmli Azərbaycan tarixçisi A.A.Bakıxanova əsaslanan müəllif əsərdə Azərbaycan tarixində Şirvanın, burada da Quba və Dərbəndin tutduğu yerə diqqəti daha çox yönəldib. Həm Sasanilər dövründə, həm də ərəb xilafəti zamanında Qubanın, Şəkinin, Dərbəndin və Şirvanın digər məntəqələrinin əhalisinin türklərdən ibarət olduğunu, türk dilinin bölgədə aparıcı dil kimi tam yayıldığını (Azərbaycan türkcəsi anlamında- E.M.) vurğulayıb. Bu bölgədə ərəblərin xəzərlərlə iki əsr yarım davam edən müharibələri, xilafətin zəiflədiyi dövrdə baş verən hadisələri, monqolların, teymurilərin yürüşlərini, səfəvilərin və əfşarların zamanında Şirvandakı vəziyyəti, Qubada, Dağıstanda və ətrafdakı bölgələrdəki tarixi olayları çeşidli mənbələr üzrə qələmə alıb. Tanınmış Azərbaycan arxeoloqu C.Ə.Xəlilovun tədqiqatlarına istinad edən müəllif Qubanın təqribən 1700 yaşı olduğu qənaətindədir. Əsərdə qeyd olunur ki, Quba adı Şirvanşahlar dövlətində yaşayış məntəqəsi kimi ilk dəfə XIII əsrdə Dərbəndnamə mənbəsində çəkilib.

 

Şahin Fazil Quba tarixində ərəb müəllifləri İbn Hövqəl (XI əsr), Yaqut Həməvi (XIII əsr), Əbulfidan (XIII-XIV) və başqalarından A.A. Bakıxanovun təqdim etdiyi maraqlı nümunələrə diqqət yönəldib, dövrün osmanlı qaynaqlarındakı maraqlı məqamları kitabında yerləşdirib. Məsələn, Mustafa Əli əfəndinin Künhül-əxbar əlyazmasında qeyd olunur ki, 1578-ci ildə səfəvilərlə müharibədə Şirvanı ələ keçirən osmanlılar bu diyarı Böyük Şirvan və Kiçik Şirvan kimi iki əyalətə bölmüşdülər və mərkəzi Dərbənd şəhəri olan Kiçik Şirvanın 3-cü inzibati sancağı Quba idi. XVII əsrdə Səfəvilər dövlətində Quba Azərbaycanın əyalət şəhəri idi.

 

Nadir sahın hakimiyyəti (1736-1747) zamanı bu şəhərin Quba adlandırılmasını güman edənlər də vardır. Bu vaxtadək bu şəhər Qudyal adlanırmış. 1937-ci ildə Tiflisdə rus dilində nəşr edilmiş, Quba xanlarının fərmanları kitabındakı 23 saylı fərmanda yazılmışdı ki, Şeyxəli xan 1807-ci ildən etibarən Qudyalın bir sıra kəndlərinin tiyul şəklində Ağa bəyə verilməsi haqqında göstəriş vermişdi.

 

 Ş.Fazil Mahmud Qaşğariyə (XI əsr) əsaslanaraq Quba adının qıpçaqlarda, səlcuqlarda etnik nəsil bildirdiyinə diqqəti çəkir. Diqqətəlayiqdir ki, müəllif Quba-Qusar və Xaçmazda tarixən yaşayan bütün xalqlar barəsində həm ensiklopedik, həm də geniş təhlilli məlumatlar verir, onların mənşəyini, etnik quruluşunu, dilini, adət-ənənələrini təsvir edir, coğrafi adlarının ətraflı elmi şərhini verir. Azərbaycanın bu bölgəsində qədimdən sakin olan hunlar, sabirlər, xəzərlər, qıpçaqlar, oğuzlar, ləzgilər, tatlar, yəhudilər, xınalıqlar, buduqlar, qrızlar, ayrımlar haqqında maraqlı məlumatlar təqdim edir.

 

Kitabda XVIII əsrdə simal-şərqi Azərbaycan xanlıqlarının siyasi mərkəzi kimi Quba xanlığının tarixi daha geniş araşdırılıb, İran-Osmanlı müharibələrində Azərbaycanın Şirvan bölgəsində, o cümlədən, Qubada baş verən hadisə və münasibətlərə daha ətraflı yer verilib. Quba xanlığının Rusiya ilə münasibətləri, Rusiya ilə İranın münasibətlərində Qubanın oynadığı rol, Quba xanlığının Dərbənd, Şamaxı, Bakı, Şəki, Qarabağ ,Naxçıvan, İrəvan və digər xanlıqlarla münasibətləri ətraflı tədqiq və təhlil edilib. Xüsusilə də, 1775-ci ildə Fətəli xanın Rusiyaya - çariça II Yekaterinanın sarayına nümayəndə heyəti göndərib İrandan tamamilə ayrılmaqla Rusiya himayəsində müstəqil hüquqla yer almasını xahiş etməsi, lakin gözlədiyi cavabı ala bilməməsi ilə əlaqədar məsələlər əhatəli araşdırılıb. Fətəli xanın gürcü knyazı II İrakli ilə siyasi sövdələşmələri, knyazla görüşüb nahar etməsi və bundan az sonra qəfildən xəstələnib vəfat etməsinə dair fikirlər maraq kəsb edir.

 

Professor Tofiq Mustafazadənin tədqiqatına əsaslanan müəllif Fətəli xanın şəxsiyyətini, onun Azərbaycan xanlıqlarını birləşdirib vahid dövlət yaratmaq cəhdini ilginc tarixi sənədlərlə oxuculara təqdim edir. Müəllifin məşhur Azərbaycanşünas alim Tadeuş Svyataxovskidən gətirdiyi sitat da çox xarakterikdir: "Fətəli xan öz qabiliyyəti və cəsarəti sayəsində böyük işlərə girişdi. Onun hədəfi, Quba mərkəz olmaqla,bütün Azərbaycanı birləşdirmək idi".

 

Əsərdə Quba xanlığının Qacarlar zamanında da İranla Rusiyanın siyasi münasibətlərində mühüm rol oynadığına ətraflı yer verilib. Qeyd edilmişdir ki, XIX əsrin əvvəllərində Quba xanı Şeyxəli xan rus istilasına qarşı kəskin mövqe tutaraq ümumi müqavimət üçün işlər aparırdı, bu isə Rusiyanın Quba xanlığını işğal etmək niyyətini sürətləndirdi və 1806-cı ildə rus qoşunları Quba xanlığının əksər hissəsini işğal etdilər, lakin bununla Quba xanlığının ruslarla savaşı bitmədi, 1810-cu ildə İran şahzadəsi Abbas Mirzənin qoşunlarının Qafqaza - işğal olunmuş torpaqları Rusiyadan geri almaq niyyəti ilə etdiyi yürüşlər zamanı Şeyxəli xan rus qoşunlarını Qubadan vurub çıxarmağa və dörd ay yenidən Qubanı idarə etməyə nail oldu. Bütün bu hadisələr kitabda sənədlərə və tarixi qaynaqlara əsaslanmaqla geniş şərh edilib, ruslarla qeyri-bərabər müharibədə Quba xanının ləyaqət və şücaəti vurğulanıb. Müəllif haqlı olaraq qeyd edir ki, 1813-cü ilin oktyabr ayının 11-də Rusiya ilə İran arasında bağlanmış Gülüstan müqaviləsinə görə Azərbaycanın bütün şimal xanlıqlarının (İrəvan və Naxçıvan istisna olmaqla ) , o cümlədən, Quba xanlığının Rusiya tərəfindən ilhaq edilməsi bu bölgənin sonrakı taleyini tamamilə dəyişdi.

 

Kitabin təqdirəlayiq məziyyətlərindən biri də budur ki, burada Rusiya- İran müharibələri nəticəsində Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycanın Araz çayından şimaldakı müstəqil xanlıqları Rusiya tərəfindən ilhaq edildikdən sonra Rusiyanın işğalçı siyasətinə qarşı Azərbaycanın bir çox yerində, o cümlədən, Quba xanlığında qalxan üsyanlar barəsində ətraflı məlumatlar verilib. Qeyd edilmişdir ki, xanlıqların ləğv edilib komendantların idarəçiliyinə verilməsi hər yanda etiraz dalğaları yaratmışdı, lakin müstəmləkəçilik üsul-idarəsinə qarşı çıxanlara amansızcasına divan tutulurdu. Müəllifin görkəmli Azərbaycan ziyalısı, yazıçı-tərcüməçi Hüseyn Minasazovun 1926-cı ildə yazıb çap etdirdiyi Şirvan və Quba üsyanları haqqında məqaləsinə müraciət etməsi və oradakı maraqlı məlumatları kitaba daxil etməsi yerinə düşüb.

 

Müəllif qeyd edir ki, Rusiya dövləti tərəfindən çar I Pyotrdan başlayaraq Cənubi Qafqazın müsəlman əhalisinin xaçlı ermənilər ilə əvəz edilməsinə yönəlmiş bir siyasət yeridilirdi, 1828-1830-cu illərdə İrandan və Türkiyədən Azərbaycana köçürülən 124 min erməninin bir qismi də Şirvanda, o cümlədən, Qubada yerləşdirilmişdi. Kitabda rus işğalından sonra 1831-ci ildə Quba əyalətində çarizmin idarəçilik sistemi, siyahıya alma, vergi yığılması və başqa məsələlər haqqında da qiymətli məlumatlar verilib. Bunların arasında Quba əyalətinin kameral təsfiri kitabından gətirilən materiallar olduqca böyük maraq kəsb edir. A. Xotyanovskinin tərtib etdiyi bu kitabda Qubanın Qəçrəş kəndinin əhalisinin siyahısında ailə başçısı olan kişilərin sırasında (112 nəfər) bəhs etdiyimiz kitabın müəllifi Şahin Fazilin ulu babası Babay Daşdəmir oğlu da vardır.

 

Kitabda, müəllifin özünün qeyd etdiyi kimi, Qubanın siyasi tarixinin ən şərəfli səhifələrindən olan 1837-ci il silahlı üsyanı barəsində geniş məlumat var. Məsələn, Qafqaz Ali baş komandanı baron Rozen Qan çar I Nikolaya yazdığı raportda üsyanın səbəbinin yalnız çar ordusuna əsgər yığımı ilə əlaqədar görülən tədbirlərdən deyil, xalqın qəbul etmək istəmədiyi hərbi idarəetmə üsulundan qaynaqlandığını bildirmişdi. Əslində rus komendantlarının zülmü və talançılığı ilə yanaşı, bu idarə sisteminə xidmət göstərən yerli məmurların özbaşınalığı da xalqın hiddətini doğurmuşdu. Həmin dövrdə əhalinin çoxsaylı yazılı şikayətləri olmuşdu. Bunların əksəriyyəti Mirzə Fətəli Axundov tərəfindən tərcümə edilirdi. Bu ərizələrin işərisində Müşkür kəndinin sakinlərinin müraciətinin tam mətninin kitabda yer alması o zamankı ədalətsiz və tamamilə yad bir idarəçilik sisteminin doğurduğu həyəcanları bariz şəkildə göstərir. Quba əhalisinin böyük ümidlə xan adlandırdığı Hacı Məhəmmədin başçılığı ilə 12 min nəfərlik üsyançı xalq qoşununun çarizmin müstəmləkəçilik sisteminə qarşı mübarizəsinin kitabda geniş yer alması tarixi yaddaş baxımından çox əhəmiyyətlidir. Əlbəttə, bu üsyan amansızlıqla yatırıldı və üsyançılara rəhmsizcəsinə divan tutuldu.

 

 Müəllifin məşhur fransız yazıçısı Aleksandr Dümanın Qafqaz səyahəti zamanı Quba haqqındakı təsviri materiallardan nümunələr gətirməsi indiki mənzərə ilə müqayisə baxımından maraq doğurur. Kitabda XIX əsrdə yaşayıb fəaliyyət göstərmiş Quba ziyalıları, müdrik və igid şəxslər, aşıq və sairlər, həmçinin həmin dövrün təhsil sistemi, təsərrüfat və məişət həyatı haqqındakı verilən tarixi məlumatlar bu gün üçün də böyük dəyər kəsb edir.

 

Kitabın Quba XX əsrdə bölümü şübhəsiz ki, zaman yaxınlığı baxımından və siyasi keşməkeşliyindən dolayı daha ibrətamiz hadisələrlə zəngindir. Bu bölümdə Ş. Fazil Qubaya həsr etdiyi qəzəlindən bir beyti baş yazıya çıxarıb:

 

Erməni soyqırımı... Şura... Siyasət dövrü...

Qubanın az idi, əfsus ki, rahət dövrü...

 

Müəllifin bu fəsildə ermənilər və bolşeviklər tərəfindən amansızlıqla həyata keçirilən Quba qırğınları haqqında sənədlərə və canlı şahidlərin söylədiklərinə əsaslanan məlumat və təhlilləri, ölkəmizin tanınmış tarixçilərinin tədqiqatlarından gətirdiyi iqtibasları gələcəkdə də bu dövrü araşdıracaq tarixçilər və siyasətçilər üçün etibarlı mənbədir. Qanlı repressiya illərində Quba əhalisinə, xüsusilə də ziyalılara, mötəbər şəxslərə qarşı Sovet rejiminin yeritdiyi genosid siyasətindən də kitabda ürək ağrısı ilə bəhs edilib. Ürək necə ağrımasın, axı millətimizi öz soykökündən, milli varlığından, dilindən, inancından ayrı salıb tədrici ölümə məhkum etmək niyyəti ilə onun düşünən beyinləri, döyünən ürəkləri məhv edilirdi.

 

Kitabda müəllifin akademik Həsən Əliyevə istinad edərək Sovet qoşunlarının İrandan təcili çıxarılması ilə əlaqədar Stalinin Mircəfər Bağırovla telefon danışığından, həmçinin SSRİ Baş prokuroru Rudenkonun müttəhim Bağırovu dindirmə protokolundan gətirdiyi hissələr olduqca ilgincdir və görkəmli dövlət adamı kimi onun ziddiyyətli şəxsiyyətini açmağa, hətta bir sıra milli fəaliyyətlərinin yüksək təqdirəlayiq olduğunu düşünməyə vadar edir. Çətin və mürəkkəb dövrdə, başqa millətlərdən olan doqquz partiya rəhbərinin bir-birini əvəz etməsindən sonra uzun illər Azərbaycana rəhbərlik etmiş qubalı Mircəfər Bağırovun məlum məhkəməsindən sonrakı həyatına da kitabda işıq salınır.

 

Kitabda Qubanın yəhudi qəsəbəsinin, ümumiyyətlə dağ yəhudilərinin tarixi, həyat və məişəti, inanc və ənənələri də ətraflı şərh edilib, yəhudilərin ölkəmizin ictimai, siyasi, elmi,mədəni həyatında tutduqları mövqe, oynadıqları rol vurğulanıb. Erməni işğalçıları ilə 1992-ci ildə döyüşdə şücaət və igidlik göstərmiş, həlak olandan sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Albert Aqarunov haqqında qeydlər bu baxımdan çox əhəmiyyətlidir.

 

Professor Ş. Fazil kitabın "Quba rayonu Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə" bölümündə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə ölkəmizdə, o cümlədən, Quba rayonunda həyata keçirilən irimiqyaslı, yalnız bu günə deyil, həm də uzun illər qabağa hesablanmış layihələrdən, əhalinin sosial-iqtisadi, mənəvi-siyasi inkişafındakı köklü dəyişikliklərdən söz açır. O vurğulayır ki, XX əsrin 80-ci illərinin əvvəllərində Azərbaycanda ictimai-siyasi həyatın inkişafında mühüm irəliləyişlər Heydər Əliyevin şəxsiyyəti, onun çoxsahəli idarəçilik istedadı, siyasi-dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə xalqın həyatının və təsərrüfatının bütün sahələrində yüksəlişlə yanaşı, ölkənin iqtisadi zonaları, hətta ayrı-ayrı rayonları arasında istehsal üzrə səmərəli ixtisaslaşma da getmişdi. Ölkənin meyvə, tərəvəz istehsalında Quba və Xaçmaz rayonları Lənkəran-Astara və Şəki- Zaqatala ilə yanaşı əhəmiyyətli yer tuturdu. 1993-cü ildə artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk gündən başlayaraq Heydər Əliyev ölkənin dövlət müstəqilliyini qoruyub saxlamaq və daha da möhkəmləndirmək tədbirləri ilə yanaşı, zəruri islahatların həyata keçirilməsinə, iqtisadiyyatın inkişafına xidmət edən mütərəqqi və demokratik qanunların qəbul edilməsinə nail oldu. Quba və qubalılar Azərbaycan dövlətçiliyinin yeni mərhələsində də fəal vətənpərvər mövqe nümayiş etdirdilər. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixində televiziya vasitəsi ilə ölkədə yaranmış ağır hərbi-siyasi vəziyyətdən çıxmaq, ölkəni üz-üzə qaldığı müstəqilliyi və dövlətçiliyi itirmək təhlükəsindən qurtarmaq üçün xalqa etdiyi tarixi müraciətə bütün Azərbaycan xalqı kimı, qubalılar da böyük vətənpərvərliklə cavab verdilər. Bu çağırışdan az sonra təşkil olunan 487 nəfərlik Quba-Qusar könüllü batalyonu qısa təlimdən sonra Beyləqan-Ağcabədi-Füzuli bölgəsinə yola salındı.

 

Müəllif qeyd edir ki, Prezident Heydər Əliyevin 1998-ci ilin payızında Qubaya səfərindən sonra rayonun iqtisadiyyatının inkişafına diqqət daha da artırıldı.

 

Kitabın "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Quba rayonunun sosial-iqtisadi vəziyyəti (2003-2012 )" bölümündə şərəfli tarixi inkişaf yolu keçən,orta əsrlərin müxtəlif sınaqlarını adlayan, yeni dövrün və müasir günlərimizin daim genişlənən inkişaf dinamikasını ölkəmizin başqa bölgələrindəki kimi özündə əks etdirən,ölkəmizin sosial-iqtisadi, mənəvi və mədəni həyatında əhəmiyyətli rol oynayan, bütün sahələrdə inkişaf və tərəqqi edən Qubadan bəhs edilir. Müəllif qeyd edir ki, dövlət başçısı İlham Əliyevin Qubaya ardıcıl səfərlərinin başlanğıcı onun 11 oktyabr 2003-cü il tarixində Azərbaycan Respublikasının Baş naziri olaraq Olimpiya İdman Kompleksinin açılışı ilə əlaqədar Qubaya səfəri ilə qoyulub. Sonrakı illərdə Prezidentin bu bölgəyə davamlı səfərləri böyük infrastruktur layihələrinin gerçəkləşməsinə, yeni-yeni kənd təssərrüfatı və sənaye sahələrinin yaranmasına və inkişafına təkan verib. Diqqətəlayiqdir ki, 70 illik Sovet hakimiyyətində yolu olmayan tarixi Xınalıq kəndinə Qubadan 57 kilometrlik rahat yol çəkilmiş, müasir istehsal sahələri ilə yanaşı, rayonda təhsil, səhiyyə, idman , mədəniyyət və incəsənət sahəsində geniş quruculuq işləri aparılıb.

 

Müəllifin kitabda Qubanın elmi- ədəbi mühiti, yetişdirdiyi görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, elm, sənət adamları barəsində verdiyi dolğun məlumatlar da diqqətəlayiqdir. Burada qeyd etməyi lazım bilirəm ki, müəllif təvazökarlıqla öz adını bu sırada çəkməyib. Lakin vurğulamalıyam ki, kitabına yazdığı qısa ön sözündəki qəzəlinin son beyti belədir:

 

Şahinin düzlüyünə Tanrı özü şahiddir,

Mən Quba torpağını Kəbədən az istəmirəm.

 

Fikrimcə, Vətən tarixi yüksək elmi təfəkkürlə yanaşı, həm də vətən-yurd sevgisi ilə yazılmalıdır. Professor Şahin Fazilin Quba tarixi kitabı məhz belə yazılıb.

 

Eynulla MƏDƏTLİ

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2016.- 29 mart.- S.7