"Multikulturalizmin təbliği istiqamətində əməli işlər görürük"

 

PROFESSOR TARİYEL MƏMMƏDOV: "ÖLKƏMİZDƏ YAŞAYAN AZSAYLI XALQLARIN MƏDƏNİYYƏTİNİ VAHİD ELEKTRON RESURSDA TOPLAYIB DÜNYAYA TƏQDİM EDƏ BİLƏRİK"

 

 

Azərbaycan Respublikası Prezidentinin 11 yanvar və 11 mart 2016-cı il tarixli Sərəncamları ilə bu il ölkəmizdə "Multikulturalizm ili" elan olunub və bu il üçün "Tədbirlər planı" təsdiq edilib.

 

"Tədbirlər planı"nda "Multikulturalizm ili" ərzində görüləcək işlər müfəssəl şəkildə göstərilib və onların yerinə yetirilməsi elm, təhsil, mədəniyyət qurumları, eləcə də digər əlaqədar təşkilatlar qarşısında bir vəzifə kimi qoyulub. Əslində, bir qədər də diqqətlə yanaşsaq görərik ki, həmin tədbirlər planı ölkə vətəndaşı olaraq hər birimizin qarşısında mühüm vəzifələr qoyur.

 

"Musiqi Dünyası" jurnalının baş redaktoru və naşiri, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədovla söhbətimiz də elə bu mövzudadır. 

 

- Azərbaycan Prezidentinin ölkəmizdə "Multikulturalizm ili" barədə Sərəncamı təkcə ölkəmiz üçün deyil, bütövlükdə beynəlxalq miqyasda çox mühüm əhəmiyyətə malik bir sənəddir. Nəzərə alsaq ki, bu gün biz qloballaşan dünyada yaşayırıq, onda bu Sərəncamın dəyəri daha da aydın görünər. Bu Sərəncamı mən azərbaycançılıq ideologiyasının bəyannaməsi, dövlətimizin dünya ölkələrinə ismarıcı hesab edirəm. Sərəncamda qeyd olunduğu kimi, "Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir". Həqiqətən də Azərbaycan tarixən hər zaman polietnik bir ərazi olmuş və burada müxtəlif xalqlar, millətlər çox mehriban, anlaşıqlı, tolerant şəraitdə yaşamışdır. Bu gün, müasir Azərbaycan mədəniyyətini zənginləşdirən, daha doğrusu, onun zənginliyini şərtləndirən cəhətlərdən biri də elə budur. Çünki ölkəmizin ərazisində yaşayan bütün xalqlar və millətlər vahid Azərbaycan mədəniyyətinin daşıyıcılarıdır. Elə buna görə də biz onları qorumalıyıq.

 

- Bilirik ki, rəhbəri olduğunuz "Musiqi Dünyası" jurnalı ötən il 15 illik yubileyini qeyd etdi. Bununla bağlı, gec də olsa, Sizi təbrik edirik. Ondan da məlumatımız var ki, redaksiyanız öz işini təkcə jurnal nəşr etməklə məhdudlaşdırmır. Bu illər ərzində multikulturalizm istiqamətində hansı işləri görmüsünüz?

 

- Təbrikə görə çox sağ olun. Yeri gəlmişkən, ötən il Moskvada "Musiqi Dünyası" jurnalının 15 illik yubileyinə həsr olunmuş "Sərhədsiz elm" ("Naukabezqraniü") kitabı nəşr edildi. Moskva Dövlət Konservatoriyasının çox nüfuzlu musiqişünaslarının məqalələri toplanan bu kitabı biz fəaliyyətimizə verilən yüksək qiymət kimi dəyərləndiririk.

 

Multikulturalizmə gəldikdə, ondan başlayım ki, bu termin bizim leksikonumuza nisbətən yeni daxil olsa da biz xalq olaraq, düşüncə və həyat tərzimizə görə hər zaman multikultural olmuşuq. Bu, elə Sərəncamda da özünün aydın əksini tapıb. Gördüyümüz işlərə gəldikdə isə qeyd edim ki, biz fəaliyyətimizi daha səmərəli qurmaq üçün redaksiyanın nəzdində elektron nəşrlər mərkəzi yaratmışıq və artıq neçə illərdir, multikulturalizmin təbliği istiqamətində əməli işlər görürük. Ümumiyyətlə, "Musiqi Dünyası" Azərbaycanda ilk və yeganə beynəlxalq musiqi, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif jurnalı olaraq 2003-cü ildən etibarən xalq və etnik musiqinin toplanması, öyrənilməsi, yazılması, xəritələşdirilməsi, sistemləşdirilməsi, kataloqlaşdırılması üzrə məqsədyönlü fəaliyyət göstərir. Bu fəaliyyətin isə artıq çoxsaylı uğurlu nəticələri var.

 

-Həmin işlərdən hansılarını qeyd edə bilərsiniz?

 

- İlk işimiz kimi, gərgin axtarışların nəticəsi olaraq 2005-ci ildə ərsəyə gələn "Azərbaycanın etnik musiqisi" CD albomunu göstərə bilərəm. Burada Azərbaycanda yaşayan 15 azsaylı xalqın 40-dan artıq mahnısı toplanmış və alboma 3 dildə - Azərbaycan, rus, ingilis dillərində Azərbaycanın etnik musiqi mənzərəsini əks etdirən mətndən və fotolardan ibarət buklet də əlavə olunmuşdur. Bunun ardınca daha böyük miqyaslı işə imza atdıq - 2006-cı ildə 3 dildə-Azərbaycan, rus və ingilis dilllərində "Azərbaycan ənənəvi musiqi atlası" saytını (http://atlas. musigi-dunya. az/) və ayrılıqda DVD albomunu yaratdıq. Qeyd edim ki, bu saytda ölkəmizdə yaşayan 21 xalq, millət, etnik qrupun musiqi mədəniyyəti öz əksini tapıb. Saytın "Məskunlaşma coğrafiyası", "Folklor janrları", "Etnoturistin yol bələdçisi" və s. kimi maraqlı bölmələrində Azərbaycan etnik musiqisi haqqında zəngin məlumatlar yer alıb. Təkcə "Fonoteka" bölməsində ölkəmizdə yaşayan müxtəlif xalqların 124 musiqi nümunəsi, "Videoteka" bölməsində 82 mahnı, rəqs və instrumental ifa yerləşdirilib. Onu da xüsusi vurğulayım ki, bütün bu musiqi nümunələri Azərbaycanın müxtəlif rayonlarına ezam olunmuş işçi qrupunun üzvləri tərəfindən ilk dəfə olaraq bir-bir toplanıb, audio, video, foto şəklində yazılıb, çəkilib və lentə alınıb. Və çox fərəhlidir ki, bizim bu işimiz bir çox mükafatlara layiq görülüb. "Azərbaycanın etnik musiqisi" DVD albomu 2007-ci ildə Rusiyada keçirilən Beynəlxalq "Kommunikativ elmlər və təhsil üzrə ən yaxşı kitab" müsabiqəsinin xüsusi mükafatını, eyni adlı sayt isə 2007-ci ildə "AWARD" mükafatını, "NETTY" Milli İnternet müsabiqəsinin qalibi adını, 2011-ci ildə Beynəlxalq "Sobratstvo" müsabiqəsinin I dərəcəli Diplomunu qazanıb.

 

- Yəqin ki, bu mükafatlar Sizi daha da ruhlandırıb?

 

- Əlbəttə, görülən işə qiymət veriləndə insan daha da ruhlanır.  Biz 2011-ci ildə daha bir maraqlı iş ortaya qoyduq. Layihə rəhbəri Xalq artisti, professor Fərhad Bədəlbəyli olan "Azərbaycanda yaşayan xalqların 50 mahnısı. Karaoke" adlı, kitab və DVD diskdən ibarət dərs vəsaitini nəşr etdik. DVD diskdə ölkəmizdə yaşayan 15 azsaylı xalqın 50 mahnısı ilk dəfə olaraq karaoke formasında təqdim edilir ki, bu da həmin mahnıların karaoke oxunması vasitəsi ilə mənimsənilməsi və yayılması üçün çox gözəl vasitədir.  Kitabda isə bu mahnıların hər birinin not-poetik mətni, eləcə də 11 dildə (azərbaycanca, rus, ingilis, fransız, alman, ispan, türk, ərəb, fars, çin, yapon dillərində) izahlı təlimat mətni verilmişdir. Onu da vurğulayım ki, bu layihə Prezident İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuşdu. Bunula yanaşı, biz "Karaoke. Milli musiqi və poeziya toplusu" saytı (http://karaoke. musigi-dunya. az/index. html) yaratmışıq ki, onun da bölmələrindən biri "Azərbaycanda yaşayan azsaylı xalqların mahnıları" (http://karaoke. musigi-dunya. az/azsayli. html) adlanır. Həmçinin ötən il Elmin İnkişafı Fondunun qrantı əsasında hazırladığımız "Azərbaycanın ənənəvi musiqisi" elektron bazasının (http://enene. musigi-dunya. az/) bölmələrindən biri də (http://enene. musigi-dunya. az/azsayli_karaoke. html) azsaylı xalqların mahnılarına həsr edilib. Daha sonra, "Azərbaycanda yaşayan azsaylı xalqların mahnıları" adlı kitab-albomunu və DVD diskini nəşr etmişik. DVD-də ölkəmizdə yaşayan müxtəlif xalqların 29 mahnısı yer almış, rəngli, original fotolarla müşayiət olunan kitab-albomda isə bir sıra mahnıların not-poetik mətnləri və ölkəmizdə etnik musiqinin mənzərəsini əks etdirən, Azərbaycan, ingilis, rus, ispan, fransız dillərində icmal məqalə verilmişdir. Bundan əlavə, redaksiyamız tərəfindən hazırlanan "Azərbaycan teatrı: dünən, bu gün, sabah" elektron bazasında (http://azteatr. musigi-dunya. az/file. pl?id=88&lang=az) Azərbaycan Dövlət Rus Dram Teatrı, Qax Dövlət Gürcü Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı haqqında da məlumatlar öz əksini tapmışdır. Amma onu xüsusi vurğulayım ki, biz bu işləri tək görməmişik. Fəaliyyətimiz ərzində Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Respublika Prezidenti yanında Elmin İnkişafı Fondu, Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Televiziyası, həmçinin YUNESKO kimi qurumlar bizə hər zaman həm maddi, həm də mənəvi dəstək olublar.

 

- Tariyel müəllim, elə bu işlər də göründüyü kimi, az deyil. Siz sanki "Multikulturalizm ili"nə çoxdan hazırlaşırmışsınız. Bəs bu il hansı töhfələri verməyi planlaşdırırsınız?

 

- Biz yenə də gördüyümüz işləri davam etdirmək fikrindəyik. Məsələn, qeyd etdiyim kimi, biz artıq "Azərbaycan ənənəvi musiqi atlası" hazırlamışıq, azsaylı xalqların musiqisi ilə bağlı işləmişik. Düşünürəm ki, növbədə "Azərbaycanın folklor atlası" yaratmaq durur. Bununla yanaşı, "Azərbaycanda yaşayan xalqların mədəniyyət portalı" da işləmək lazımdır. Burada biz ölkəmizdə yaşayan azsaylı xalqların mədəniyyətini vahid elektron resursda toplayıb dünyaya təqdim edə bilərik. Bu həm də dövlətimizin azərbaycançılıq ideologiyasının, multikulturalizm siyasətinin və tolerantlığının dünyaya növbəti nümayişi olardı.

 

Vidadi QAFAROV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2016.- 29 mart.- S.5