Qəzənfər Paşayevin
yeni kitabları təqdim olunub
Tanınmış ədəbiyyatşünas-alim, professor Qəzənfər Paşayevin yeni kitablarının təqdimatı
keçirilib. "Əta Tərzibaşının
folklorşünaslıq fəaliyyəti"
və "Ədəbi
məktublar" adlı
kitablar müəllifin
yaradıcılığının müəyyən dönəmlərini
əks etdirmək baxımından əlamətdardır.
Birinci kitabda oxucular böyük türkmən
alimi Əta Tərzibaşının folklor
fəaliyyəti ilə
tanış olur, ələlxüsus, İraq
türklərinin keçmişini,
ədəbiyyatını və
qismən də həyat tərzini öyrənir, nəticədə
"Əta Tərzibaşının
folklorşünaslıq fəaliyyəti"
iki türk xalqı arasında körpü rolu oynayan mədəni əhəmiyyətli bir əsər kimi öz yerini tutur. "Ədəbi
məktublar"da isə
tanınmış yazıçılara,
alimlərə, söz
və qələm adamlarına ünvanlanmış,
onların yaradıcılığına
işıq tutan bir-birindən maraqlı məktublar yer alıb.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açaraq Q. Paşayevin yaradıcılığından
bəhs edib: "Qəzənfər müəllimin
"Ədəbi məktublar"ı
istər alimlərin, söz-sənət adamlarının
qiymətləndirilməsi, istərsə də bu məktubların onlara ruh, qol-qanad
verməsi baxımından
xüsusi məna kəsb edir. Qəzənfər müəllim bununla
yanaşı İraq,
Türkmən, Kərkük
folklorunun bir küll halında ərsəyə gəlməsində
əvəzsiz rol oynayıb. Hələ
Sovet dövründə,
yəni bizə qanı, dili, dini bir olan
soydaşlarımızın uzaq olduğu vaxtlarda onları bizə tanıtdırıb,
sevdirib".
Akademik Teymur Bünyadov alimin şəxsiyyətinin kitablarında əks olunduğunu vurğulayıb: "Qəzənfər müəllim sadə, səmimi, istiqanlıdır və bu xarakter onun bütün kitablarından bir ana xətt kimi keçməkdədir. Onun məktubları dərin, həssas, məzmunlu yanaşmalarla zəngindir".
Professor Şirindil Alışanlı alimin filoloji fikrə təsirindən söz açıb: "Qəzənfər təkcə dilçi alim, yalnız filoloq deyil, həm də mədəniyyətşünas, kulturoloqdur. Azərbaycan ədəbiyyatının elə bir görkəmli nümayəndəsi yoxdur ki, Qəzənfər müəllim onun haqqında yazmasın. O, Azərbaycan bədii dilinə, bədii təfəkkürünə yaxşı bələddir. İraqla bağlı əsərlərində təkcə İraq- türkmən folkloru yox, onların xalq mahnıları, musiqiləri də tədqiq edilib. Əta Tərzibaşı necə iraqlıların sevimlisidirsə, Qəzənfər Paşayev də bizim filoloji fikrin sevimlisidir".
Xalq şairi Nəriman Həsənzadə alimin şərəfli həyat yolu keçmiş önəmli ziyalılarımızdan biri olduğunu söyləyib: "Qəzənfər Paşayev həm Azərbaycanda, həm Türkiyədə, həm də Kərkükdə öz zəkası, sözü ilə abidə qoymuş bir ziyalıdır ".
Xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Qənirə Paşayeva, alimlərdən Bədirxan Əhmədli, Mahirə Quliyeva, Buludxan Xəlilov, Məmməd Əliyev, iraqlı qonaqlar Mustafa Ziya və Şəmsəddin Kuzəci və başqaları çıxış edərək Q. Paşayevin əsərləri, təqdimatı keçirilən yeni kitabları barədə düşüncələrini paylaşıblar.
Sonda Q.Paşayev çıxış edərək tədbir iştirakçılarına, yaradıcılığı barədə fikir söyləyənlərə minnətdarlığını bildirib.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 29 mart.- S.2