"...Bir əbədi
sənəti var!"
YAZIÇILAR BİRLİYİNDƏ SƏMƏD VURĞUN ANILIB
Ötən gün Azərbaycan Yazıçılar Birliyində
(AYB) Xalq şairi Səməd Vurğunun 110
illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri AYB-nin sədri,
Xalq yazıçısı
Anar açaraq S.Vurğunun ədəbiyyat
tariximizdəki yerindən
və rolundan danışıb:
"Səməd Vurğunun
doğum günü
21 martdır, ancaq bayram vaxtı olduğu üçün
onun bayramdan sonra keçirməyə qərar verdik. Səməd
Vurğun elə şairdir ki, biz onu təkcə yubileylərdə yox, hər il
xatırlasaq, yenə də az olar.
O, bizim ədəbiyyatımızın,
şeirimizin, ümumiyyətlə,
mənəviyyatımızın, milli düşüncəmizin,
ruhumuzun yetişməsində,
inkişafında müstəsna
rol oynamış bir sənətkardır. İstər "Vaqif"
pyesi, istər "Azərbaycan" şeiri,
istər "Komsomol"
poeması və onlarca başqa əsərləri ilə Səməd Vurğun Azərbaycan ədəbiyyatı
tarixində ən böyük, ən əzəmətli yerlərdən
birini tutur".
AYB-nin Birinci katibi,
Xalq şairi Fikrət Qoca çıxışında Vurğun
poeziyasının bəşəriliyindən
söz açıb:
"Səməd Vurğun
yazdıqları ilə
xalqı özünə
təqdim edirdi. Bununla yanaşı o, bəşəriliyi
poeziyada həyata keçirən böyük
sənətkardır".
Yazıçı və ictimai xadim Həsən Həsənov S.Vurğunun
şeirlərinin ana dilimizdə ən yaxşı poetik nümunələrdən olduğunu
vurğulayıb:
"Mənim uşaqlığım Tbilisidə keçib. Bakıya qayıdanda isə Azərbaycan dilini o qədər də yaxşı bilmirdim. Məhz həmin vaxtlarda dilimizi daha yaxşı öyrənmək üçün Səməd Vurğunun şeirlərini əzbərləməyə başladım. Necə deyərlər, öz ana dilimi o mənə öyrətdi. Bizim nəsil - hamımız Səməd Vurğunun obrazı ilə yaşamış, onun əsərləri ilə mənən qidalanmışıq".
Professor Nizami Cəfərov Vurğun poeziyasının özəlliklərini qeyd edib:
"Səməd Vurğunun "Azərbaycan" şeirinin dili qədər təmiz dil heç bir şeirimizdə yoxdur. Bu, onun yaradıcılıq üslubunun xarakteri ilə də bağlıdır. Diqqət etsəniz görəcəksiniz ki, "Azərbaycan" şeirində heç bir metafora, epitet yoxdur. Şeirdə qəribə bir sadəlövhlük var... Səməd Vurğunun intellekti təbii intellekt idi. Vurğun haqda yazmaq, onu təhlil etmək, onun fəlsəfəsindən danışmaq çətindir. Çünki Səməd Vurğun özü təhlil edir və bunu elə edir ki, ona aydınlıq gətirməyə ehtiyac olmur".
Tənqidçi Vaqif Yusifli görkəmli şairin yaradıcılığı barədə fikirlərini bölüşüb:
"Səməd Vurğun klassik poeziyamızdan gələn fəlsəfi şeirin ən gözəl nümunələrini yaradan şairlərdəndir. "Düşüncələr" şeiri bu mənada nümunəvidir".
Yazıçı Gülxani Pənah, şairlər Ramiz Duyğun, Musa Ələkbərli, Oqtay Rza və başqaları çıxış edərək S.Vurğunun yaradıcılığı haqda düşüncələrini dilə gətiriblər.
Müşfiq
ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 30 mart.- S.4.