Ağgülün müharibəsi
(Hekayə)
Kəlbəcərin yeddi dolamasını üzü
Taxtaya qalxırdıq. Soltan dayı qarşımıza gəldi
və ilk sözü bu oldu ki, Ağgül azarlayıb.
Ağgül inəyimizin adıdır. Anam ona
"Şves" inək deyirdi. İndi
bilirəm ki, bu, İsveçrə (Şvetsariya) cinsi demək
imiş. O vaxt heç kəs bilmirdi bunu. Çünki
o zaman bu cins Azərbaycana gətirilmişdi, ya yox, bilmirəm,
amma bizim tərəkəmələrdə yüz faiz yox idi,
sadəcə, sözbaz tərəkəmələr uzun, enli və
çox süd verən inəklərə belə ad qoyurdular.
Bu, bir tərəfdən də əzizləmə
mənasında işlənirdi.
Ağgülün əmcəyinin
biri kor idi, buna baxmayaraq, bircə sağımda südü vedrəni
doldururdu.
Anam
Ağgülün azarlamasını eşidəndə, bir
yumub, beş tökdü, yenə Soltan
dayı inəyin sağalması üçün
çıxış yolu qoymadı.
Soltan dayı dərədəki İstisu sanatoriyasına
gedirdi ki, oradan 10-15 şüşə "İstisu"
alsın, arvadı Məleykə xalanın mədəsi xəstə
idi.
Əvvəl
yaylağa binələrimiz
gedirdi, yəni yüngül qab-qacaq, dəyə tikmək
üçün beş-altı çubuq və başqa
xırda-mırda şeylər... İmişlidən
dağdakı yurd yerlərimizə getmək
üçün yeddi dəfə
binələr əylənərdi - Beyləqanın Haramı
düzü, Qubadlı, Cəbrayıl, Çay, Daş
körpü, Mıxtökən, Laçında Minkənd və
sair yerlərdə... Hər yurdda üç, ya
dörd gün dayanardıq.
Soltan dayı o bəd xəbəri verəndə dəyələrimiz
artıq sonuncu yurd yerimizdə toxtamışdı, arxadan
ağır evlərimiz gəlirdi. Qaz-51 və ya Qaz-53
yük maşınlarının banına
ağırlığımız yüklənirdi. Bura
daxil idi mitil yığılmış fərməşlər,
neft qabları, un kisələri, iri
çubuqlar, qablar, ləyənlər və fərməşlərin
üstündə ailə üzvləri - arvadlar və
uşaqlar əyləşərdi. Maşınlar yurd yerlərinə
çatanda çobanlar bir-birilərinə təbrik edib
gözaydınlığı verirdilər: Gözün
aydın, arvad gəlib!
İndi biz yeddi dolamanı çıxırdıq. Soltan dayı
qanımızı elə qaraldı ki, Taxtaya necə gəldiyimizdən
xəbərimiz olmadı. Taxtada şəhərdən
istirahətə gələnlərin çadırları, yeməkxanalar,
içində aşıqları, kabab iyi,
çal-çağır, peraşki satanların səsi,
gödək don geyinmiş şəhər
qızlarının voleybol oynamaları, nalbəndlərin
fıştırığı, hind filmlərinin şəkillərini
satan oğlanların hind musiqilərini
yamsılamaları, daha nə bilim nələr və bizə qəribə
gələn çox şeylər Taxtanı başına
götürmüşdü... Maşının üstündən,
çubuqların
arasından utana-utana baxırdıq bu mənzərəyə.
Peraşki yeməkdən doymurduq, kabab-zad istəmirdik,
çünki biz ilk dəfəydi peraşki
görürdük. Burdan maşınlar iki istiqamətə
ayrılır, biri Qara xaç yolu - Murad təpəsinə,
Çaxmaq qayaya, Sarı yerə, Qırmızı təpəyə
gedən yol, biri də Soltan Heydər yolu - Gəlin
qayasına, Bağırsaq dərəsinə, Ceyran
bulağına, Dəlidağa, Sarımsaqlıya, Çalbayıra,
Əyriburuna, Süleyman və Lilpar bulaqlarına, Əyri qara
gedən yol... İndi biz Soltan Heydər yolu ilə
Lilpar bulağına gedirik.
Anam
ağlayır, hey öz-özünə deyirdi: "Görəsən,
Ağgül niyə azarlayıb?"
Anam Ağgülə çoxlu nəğmələr
qoşub, hər dəfə sağanda onları oxuyur, inək
xoşhallanır, südü çox verir və anamdan
başqa heç kəsi sağmağa qoymurdu.
Bir dəfə
qışlaqda Ağgülün balası öldü... Balası üçün hey mələyirdi
Ağgül. Anam dözmürdü, gözünün
yaşını saxlaya bilmirdi... Yeriyəndə
əmcəyindən süd tökülürdü,
çünki Ağgülün yelini çox böyük idi.
Ağsaqqal
kişilər yığıldı ki, gəlin anası
ölmüş bir buzovu Ağgülə övladlığa
verək, südü
qurumasın. Ancaq necə? Bunu Ağgül götürərmi, qəbul eləyərmi?
Əlbəttə, yox. Kişilər
Ağgülün ölmüş balasının dərisini
soyub başqa bir buzovun belinə sərdilər, üstünə
duz səpdilər ki, Ağgül yalayar, ağzı dada gələr,
onu öz balası hesab eləyib qəbul edər. Ağgül buzovu iylədi və buynuzları ilə
itələdi. Anamı yenə ağlamaq tutdu,
Ağgülün vəfasına "əhsən" dedi.
Başqa fermadan bir kişi gəlib,
başqa cür əlac qıldı. O, "qalın bir örkən
gətirin" - dedi. Örkəni sabunlayıb
Ağgülün təninə saldılar, örkən xeyli
gedəndən sonra burmağa başladılar, inək
ağrıdan qıvrılırdı. Sonra
örkəni bura-bura çıxartdılar. İnək elə bilirdi ki, doğur. Bu ağrı doğmağının
ağrısına oxşayırdı. Örkəni
çıxardan kimi yad buzovu Ağgülün altına
buraxdılar. Ağgül buzovu yalamağa
başladı, elə bildi ki, indicə doğub və buzovu
altına buraxdı. Ağgülün
aldanmağına anam çox ağlayırdı,
"Ağgülümü niyə aldatdınız?"
- deyirdi.
Soltan
dayı "Ağgül azarlayıb" - deyən kimi anam tələsdi,
"Maşını tez sür" - dedi sürücüyə.
Yurda çatdıq, maşından düşən kimi
anam Ağgülün yanına gəldi, kürəyini
qaşıdı. Ağgül güclə ayağa
qalxdı, çünki bildi ki, anam gəlib. Amma yenə yıxıldı. Anam
atama "Bəlkə Ağgülü vurmusan?" -
dedi. "Bəlkə Sarımsaqlı
dağında zəhərli ot yeyib?" Atam dedi, vallah
bilmirəm, elə axşamdan burtağlayıb (azarlayıb). Anamın tapşırığı ilə
Ağgülün boğazına yarım vedrə
ağartı tökdülər, sonra onu qovdular, inək
qaçdıqca böyrünə gərməşov ağacla
vurdular, inək qaçdı, atam qovdu. Əvvəl
dedilər, yəqin dabaq xəstəliyidir. Anam
"yox" - dedi. Dedilər, Qarayaradı, anam yenə
razılaşmadı. Dedilər, qaraciyərində kəpənək
qurdu var, anam dedi, qəti yox... Duz gətirib yalatdırdı inəyə...
Dağ otlarının duzu yoxdur axı.
Ağgül duzdan yaladı, sudan içdi.
Anam o biri inəkləri Ağgülə qurban dedi. Boynunu qucaqlayıb, nəğməsini oxudu, yelinini
sığalladı, sinəsini qaşıdı, bir-iki gənə
vardı, onu təmizlədi. Sonra yenə oxudu:
Ağgülüm
hey,
Ay
dağlarda ağ gülüm hey,
Naxırda
uzun boylum hey,
Uzaqdan gələndə
yüyürənim hey
Çirkli
yerlərdə yatmayanım hey,
Çirkli
yerlərdə otlamayanım hey
Özgə
arvadları sağmağa
qoymayanım hey
Quzum hey
Balam heyy
Evim heyy.
Anam oxuduqca inək xoşhallanırdı. Anam atama dedi ki, Ağgül
mənim xiffətimi çəkib. İnək
get-gedə yaxşılaşdı. Ağgülün
çoxlu balası vardı, böyümüşdülər,
onların da balaları vardı. Anam onlara
"Ağgül balası" deyirdi.
Aylar, günlər yaman namərddir, bir-birinin
dabanını basa-basa ötürdülər. Biz də
arandan yaylağa, yaylaqda arana köçməkdə idik.
Günlərin bir günü anam xəstələndi. Dərdinin dərmanı
tapılmadı, dünyasını dəyişdi. Bir ildən sonra atamı evləndirdim.
Bacılarım mənə "etibarsız" dedi.
Ağgül yenicə doğmuşdu, balasını duz
kimi yalayırdı, anamdan xəbəri yox idi. Analığım
Ağgülü sağmaq istədi, qoymadı, təpiklə
vurdu, nə qədər elədilər, heç kəsi
yaxına qoymadı. Bu dəfə
Ağgülü aldada bilmədilər. Axırda
atam analığımın gözünün qabağında
Ağgülü ağacla o ki var döydü, inək yenə
yumşalmadı, analığım inəyi sağıb, məharətini
göstərmək istəyirdi. Ağgül
anamı gəzirdi, nəğməsini istəyirdi. Yenə atam inəyi döydü, axırda inəyin
ayaqları titrəməyə başladı. Anam yadıma düşdü, məni ağlamaq
tutdu.
Bu o zaman idi ki, daha dağa gedə bilmirdik,
yaylaqlarımız ermənilərin əlində idi. Ağgül qəşəng, göy,
dadlı otlara həsrət idi. Saman, ya da düşəndə
preslənmiş quru ot yeyirdi. Arıqlamışdı, atam o qədər
döymüşdü ki, axsayır, amma yenə o
qadını sağmağa qoymurdu.
Bir gün Ağgül xəstələndi, heç nə
yemədi, yelini əriməyə başladı. Taqətdən
düşürdü. Daha ona qurban deyən
yox idi. Anam bir dəfə onun nəğməsini
oxusaydı, bəlkə də sağalardı. Harada idi anam?!
Atam dedi,
inək öləcək, gərək aparıb ət
kombinatına verim, orda inəkləri kəsib kolbasa düzəldirlər.
Ancaq xəstə inəyi götürərlərmi?
Səhər Ağgülü zorla Qaz-53
maşının banına mindirdik. Balası mələyirdi,
elə bil analığım sevinirdi. Ağgül
getmək istəmirdi, fermamız və balası gözdən
itənə kimi mələdi. Sonra
gördüyü yerləri tanımadı deyə, heç
başını yuxarı qaldırmadı da.
Ağgülü ət kombinatının direktoru ilə
yarı qiymətə razılaşdıq. Dedilər,
indi kəsəcəklər. Atamı maraq
götürdü, dedi, qoy kəssinlər, görək dərdi
nədir? Həm də onun çəkisini bilmək
bizə lazım idi. Çəkəndən
sonra pulumuzu verəcəkdilər.
Ağgülü dar bir yerə gətirdilər, qaçmaq mümkün deyildi, qorxusundan gözləri dörd olmuşdu. Anam yadıma düşdü, yenə məni ağlamaq tutdu. Atam da ağladı. Ağgülü alnının ortasından yüksək gərginlikli elektrik cərəyanı verib öldürdülər. Sonra ayağından bağlayıb yuxarı qaldırdılar, haça bir dəmirdən asdılar. Dərisini soydular. Ağgülün mədəsindən iki dənə 5 sm uzunluğunda məftil çıxdı. Məftil mədəni deşib şişirtmişdi. Ağgülü məftil öldürmüşdü. Məftillə bağlanmış saman yeyəndə udmuşdu. Atam məftilləri əl dəsmalına büküb götürdü.
Ağgülü doyunca ağladıq.
Ağgülü müharibə öldürmüşdü. Məftil müharibə idi. Müharibə olmasaydı, Ağgül Aranda nə gəzirdi, samanı niyə yeyirdi?
Ağgülün çəkisi 650 kilo gəldi, hesablayıb pulumuzu verdilər. Dərisini götürüb qayıtdıq fermaya. Balası qabağımıza yüyürdü, xeyli mələdi.
Atam dəsmala bükülmüş məftilləri analığıma verib, "Sandığa qoy" - dedi.
Çölə çıxanda nə görsək yaxşıdır? Buzov Ağgülün duzlanmış dərisinin üstə yatmışdı. Çənəsini dərinin üstə qoymuşdu.
Bu hadisə 1993-cü ildə baş verdi. 2009-cu ildə atam dünyasını dəyişdi. Analığım bir gün məftili çölə atmaq istəyəndə qoymadım. Məftili evimə gətirdim, indiyə kimi saxlayıram...
Qəşəm NƏCƏFZADƏ
525-ci qəzet.- 2016.- 31 mart.- S.7.