Toponimika elmimizin böyük uğuru

 

 

Dilçilik elmində özünəməxsus yer tutan onomastikanın mühüm tərkib hissələrindən biri də oykonimlər, yəni yaşayış yerlərinin adlarıdır.

 

Tarixin möhürü, silinməz izləri və yaddaşı sayılan oykonimlər bütövlükdə xalqın keçmişini, mədəniyyət və etnoqrafiyasını, eləcə də dil tarixini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Yaşadığımız günlərdə həm də siyasi əhəmiyyəti ilə seçilən oykonimlər sırasında hazırda Ermənistan adlanan ərazidəki tarixi oykonimlərin tədqiqi xüsusilə mühüm aktuallıq kəsb edir. Məlum olduğu kimi, 1980-ci illərin sonlarından Ermənistan SSR-nin ölkəmizə qarşı əsassız ərazi iddiaları ideoloji mübarizədən hərbi-siyasi müstəviyə keçdi və bu siyasətin acı nəticəsi olaraq qədim türk diyarı olan bölgədə yaşayan yerli aborigen xalq - azərbaycanlılar genosidlə müşahidə olunan deportasiyaya məruz qaldı. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti təkcə yerli xalqın deportasiyası və onların kütləvi şəkildə qətlə yetirilməsi ilə bitmir. Bu siyasətin kökündə 1930-cu illərdən başlayaraq Ermənistan SSR ərazisində mövcud olan Azərbaycan mənşəli oykonimlərin məqsədyönlü şəkildə erməniləşdirilməsi siyasəti, daha doğrusu, mənəvi soyqırım məsələsi dayanır. Bu baxımdan vətənpərvər ziyalı, istedadlı tədqiqatçı Sitarə Mirmahmudovanın bu yaxınlarda işıq üzü görmüş "Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti" adlı dəyərli kitabı (Bakı, TEAS Press Nəşriyyat evi, 2015, 384 səh) böyük elmi-siyasi əhəmiyyət daşıyır və mühüm  aktuallığı ilə seçilir.

 

Azərbaycan toponimikasında yeni elmi istiqamətin əsasını qoyan bu dəyərli kitabda hazırda Ermənistan adlanan ərazidəki Azərbaycan mənşəli yer adları, çaylar, göllər, təpələr, dağ silsilələri sistemli və ətraflı şəkildə araşdırılır, bir sıra olduqca mühüm elmi və siyasi əhəmiyyət daşıyan dəyərli nəticələr ortaya qoyulur. Qeyd edək ki, Sitarə Mirmahmudova 1980-ci ilin fevral ayında Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun dissertanturasına qəbul olunur və öz istəyi ilə Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlərin tədqiqi mövzusunu namizədlik dissertasiya kimi seçir və altı il ərzində bu dəyərli araşdırmasını uğurla  başa çatdırır. İndiki İrəvan şəhərində dünyaya göz açan, erməni dilini yetərincə bilən, onun incəliklərinə bələd olan müəllif bu sanballı elmi işi ilə bağlı Ermənistan SSR ərazsindəki ümumi sayı 800-ə yaxın olan Azərbaycan mənşəli kənd və şəhərləri, qəsəbələri, el-obaları qarış-qarış, addım-addım gəzmiş, bu yerlərin qocaman sakinləri ilə görüşlər, söhbətlər keçirmiş və əldə etdiyi materialları ümumiləşdirərək, onlar üzərində hərtərəfli tarixi-coğrafi və linqvistik araşdırma aparmışdır. Sitarə Mirmahmudova bu elmi araşdırmalarının nəticələri olaraq 1986-cı ildə namizədlik dissertasiyanı uğurla başa çatdırır, bununla da Azərbaycan toponimika elminə öz dəyərli töhfəsini verir. S.Mirmahmudovanın bu tədqiqatının ən başlıca elmi və siyasi dəyəri onda idi ki, müəllif unudulmaq, yox olmaq təhlükəsində olan çoxlu sayda Azərbaycan mənşəli oykonimləri bir yerə toplayaraq onları toponimik fonda daxil etmişdir. S.Mirmahmudovanın dissertasiya işinin aparıcı müəssisəsi (Azərbaycan Dövlət Tibb İnstitutu) tədqiqata verdiyi müsbət rəyində göstərirdi ki, "dissertasiyanın digər müsbət cəhətləri bir yana, təkcə bu xidmətinə görə (unudulmuş toponimləri topladığına görə -M.N) o, yüksək elmi qiymət almağa layiqdir".

 

Sitarə Mirmahmudovanın adı çəkilən kitabının ən başlıca müsbət cəhətləri və elmi nailiyyətlərindən biri də burada etnooykonim və etnotoponimlərin müqayisəli şəkildə geniş və sistemli şəkildə elmi araşdırmaya cəlb edilməsidir.Belə ki, müəllif tarixi qaynaqlara və tarixi-müqayisəli metoda söykənərək adı çəkilən ərazidə yaşamış bir sıra türk tayfa və tirə adlarını müəyyənləşdirməyə nail olmuşdur. Bu mənada müəllifin indiki Ermənistan ərazisində tarixən mövcud olan oykonimlərin Cənubi Qafqazda yaşayan türk xalqlarının tarixi ilə bilavasitə bağlılığı haqqındakı fikirləri xüsusilə əhəmiyyətlidir və yaşadığımız dövrdə mühüm aktuallığı ilə seçilir. Qeyd edək ki, Sitarə Mirmahmudovanın kitabında yer olan etnonimik mənşəli oykonimlərin bir çoxuna eynilə Azərbaycan Respublikası ərazisində də rast gəlirik. Bu mühüm amil bir daha sübut edir ki, hazırda ermənilərin yaşadığı ərazi Azərbaycan torpaqlarıdır və əski çağlardan bəri bu yerlər məhz türk xalqlarına, o cümlədən, azərbaycanlılara məxsus olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə bu amili vurğulayaraq demişdir: "Hazırkı Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Həmin ərazidə erməni mənşəli bir dənə də olsa, yer adının olmaması buna ən yaxşı sübutdur".

 

Qeyd edək ki, Sitarə Mirmahmudovanın gərgin axtarışlarının və fəal vətəndaşlıq mövqeyinin nəticəsi olan bu dissertasiya işinin müdafiəsi 1986-cı ilin dekabr ayının 24-də yüksək səviyyədə keçmiş və Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış Müdafiə Şurasının qərarı ilə müəllifə coğrafiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Dissertasiya Şurasının sədri, Coğrafiya İnstitutunun direktoru, akademik Həsən Əliyev şuranın iclasında S.Mirmahmudovanın bu elmi işinə yüksək qiymət verərək demişdir: "Bu cür dissertasiyaları alqışlamaq lazımdır. Hər hansı bir xalq, millət nəyin hesabına varlığını qoruyub saxlayır? Öz dili, torpağı hesabına. Bunlar olmasa, xalq da olmaz... Bu çox vacib məsələdir, toponimik tədqiqatlar lazımlıdır, onlar ölkənin tarixi keçmişinin öyrənilməsinə kömək edir. Mənə elə gəlir ki, istənilən halda coğrafi adları dəyişmək, başqa dilə çevirmək arzu olunan deyil, bu, elmə ziyan gətirir. Məncə, müzakirə olunan işi kitab şəklində çap etdirməyə ehtiyac var. Mövzusuna və dolğunluğuna görə iş çox faydalıdır, maraqlıdır və gələcək nəsillər üçün, habelə toponimika ilə məşğul olanlar üçün idrak baxımından faydalıdır".

 

Azərbaycanın ən tanınmış təbiətşünas aliminin, vətənpərvər və təəssübkeş ziyalısının Sitarə Mirmahmudovanın elmi tədqiqatı haqqında söylədiyi bu qiymətli fikirlər yaşadığımız günlərdə daha aktual səslənir və gələcəkdə bu yöndə yeni-yeni araşdırmaların aparılmasının zəruriliyini bir daha təsdiq edir.

 

Qeyd etmək lazımdır ki, Sitarə Mirmahmudovanın dissertasiya işi həmin dövrün tələblərinə görə rus dilində yazılmış və 1987-ci ilin əvvəllərində Moskvaya - Ali Attestasiya Komissiyasına göndərilmişdir. Lakin bir müddət sonra Sitarə xanım  adı çəkilən qurumda çoxdan bəri kök salmış erməni alimlərinin açıq-aşkar təzyiqi nəticəsində dissertasiya işini öz istəyi ilə Moskvadan geri götürmək məcburiyyətində qalmışdır.

 

Həm rus dilində, həm də Azərbaycan dilində olan hazırkı kitaba gəldikdə isə, qeyd edim ki, o,  adı çəkilən dissertasiya ilə yanaşı,  müdafiəyə dair rəsmi sənədləri, yəni arxiv materiallarını da özündə birləşdirir. Kitabdakı təkcə başlıqların özü: oronimik oykonimlər, xəritələr, hidronimik oykonimlər, fitotoponimik oykonimlər, zoooykonimlər, etnonimik oykonimlər, patronimik oykonimlər, antroponimik oykonimlər, hibrid oykonimlər və s. araşdırmanın əhatə dairəsinin nə dərəcədə  genişliyini, əhatəliliyini  və dərinliyini sübut edir. Qeyd edim ki, kitabdakı əlavələr hissəsinə hazırkı Ermənistan ərazisində mövcud olmuş Azərbaycan mənşəli oykonimlərin lüğəti, eləcə də dəyişdirilmiş oykonimlərin siyahısı da əlavə edilmişdir ki, bu da tədqiqatın elmi-təcrübi dəyərini daha da artırır.

 

Məlum olduğu kimi, toponimika dilçilik elminin sahələrindən biri sayılır. Bununla belə, məsələyə dərindən və əməli şəkildə yanaşdıqda toponimikanı üç elmin: tarix, coğrafiya və dilçiliyin qovşağı olan bir elm sahəsi kimi qəbul etmək daha məqsədəuyğun olardı.Belə ki, toponimikanın başlıca obyekti toponimik vahidlərdir ki, onlar da ilk növbədə xalqın tarixinə, mədəniyyətinə, folkloruna aid qaynaqlarda qeydə alınmışdır. Bu mənada toponimlərin, eləcə də oykonimlərin öyrənilməsi xalqın tarixi, yayılma arealı, düşüncə sistemi, həyata baxışı, dünyagörüşü, sosial vəziyyəti ilə bağlı bir sıra məsələlərin düzgün və elmi əsaslarla həlli üçün yardımçı olur. Bunu elə Sitarə Mirmahmudovanın dəyərli kitabında verilən materiallar və onların təhlili də əyani şəkildə sübut edir. Sitarə Mirmahmudovanın dissertasiya işinin elmi rəhbərlərindən birinin görkəmli tarixçi alim (professor Yusif Yusifov), digərinin isə tanınmış coğrafiya mütəxəssisi (dosent Rəmzi Yüzbaşov) olması da belə bir qənaətə gəlməyə tam əsas verir.

 

Onu da qeyd edim ki, Sitarə xanımın bu dəyərli tədqiqatı çox keçmədi ki, öz bəhrəsini verdi: sözügedən bölgədəki oykonimlərin öyrənilməsinə yol açdı, yeni-yeni toponimik tədqiqatlar işıq üzü gördü.

 

Bundan əlavə Sitarə Mirmahmudovanın bu kitabı digər qonşu bölgələrdə (məsələn, Gürcüstanda, Dağıstanda, Əfqanıstanda, İraqda və s.) mövcud olan Azərbaycan mənşəli oykonimlərin öyrənilməsi üçün də əlverişli zəmin yaradır. Düşünürəm ki, yaxın gələcəkdə adı çəkilən ərazilərdə mövcud olan (və ya olmuş) Azərbaycan mənşəli oykonimlərin bu cür sistemli və ətraflı araşdırılmasına böyük ehtiyac vardır. Kitab həm də bütövlükdə götürdükdə toponimikanın Azərbaycan elmi üçün nə dərəcədə əhəmiyyətli bir sahə olduğunu, gələcəkdə bu istiqamətdə daha sanballı elmi araşdırmaların aparılmasının zəruriliyini açıq-aşkar şəkildə sübut edir.

 

Bütövlükdə hesab edirəm ki, Sitarə Mirmahmudovanın yüksək vətənpərvərlik ruhunda qələmə aldığı "Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti" kitabını Azərbaycan toponimikası sahəsində indiyədək aparılmış ən uğurlu tədqiqatlardan biri kimi dəyərləndirmək olar. Düşünürəm ki, kitabın bu cür nəfis tərtibatla işıq üzü görməsi bütün mənalı həyatını doğma xalqının övladlarının maarifləndirilməsi işinə həsr etmiş, uzun müddət indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində coğrafiya fənni üzrə müəllim vəzifəsində çalışmış Sitarə xanım Mirmahmudovanın ruhunu şad edəcəkdir. Bu işi öz öhdəsinə götürmüş tanınmış diplomat, xeyirxah ziyalı Həsən Zeynalovun nəcib əməyi də hər cür təqdirəlayiqdir. Toponimika elmimizin böyük uğuru olan bu dəyərli kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.

 

 

Möhsün NAĞISOYLU

AMEA-nın müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru

 

525-ci qəzet.- 2016.- 31 mart.- S.7.