İşığın zülmətlə
bitməyən savaşı
YAZIÇI-PUBLİSİST ZÖHRƏ ƏSGƏROVANIN "TARİXİ YADDAŞ VƏ QONDARMA ƏHVALATLAR" KİTABI HAQQINDA QEYDLƏR
Bəzən tarixin yaddaşına yazılmış
hadisələri, baş vermiş qovğaları şərh
etməyə sözün, dərk etməyə ağlın
gücü yetmir.
Ən azı ona görə ki, baş vermiş tarixi
cinayətlər, tökülmüş qanlar kimsəyə dərs
olmayacaq qədər bu gün də, özü də daha dəhşətli
formada davam edir. Nə silahın səsi susur, nə
yalanın kökü kəsilir. Amma haqq-həqiqət
axtarışında olanlarımızın minbir zəhməti,
gərgin axtarışı, ürək ağrısı
hesabına ərsəyə gətirdikləri yazılar
çox qaranlıq hadisələrə gün kimi
aydınlıq gətirməkdədir. Yazıçı-publisist
Zöhrə Əsgərovanın "Tarixi yaddaş və
qondarma əhvalatlar" kitabı bu şərəfli
missiyanın bəhrəsidir. Kitabda
çox vaxt, necə deyərlər, "pərdəarxasında"
cərəyan edən tarixi hadisələrin şahidi olur, məşhur
simaları daha yaxından tanımaq imkanı əldə
edirik. Çar Rusiyasında, Sovet dövlətində əsasən
dinlə bağlı məsələlər, dövlət
xadimlərinin apardığı milli siyasət müəllif
tərəfidən araşdırılıb. Qeyd
edək ki, kitab esse janrında yazıldığı
üçün toxunulan fəlsəfi fikirlərlə
yanaşı lirik ovqatlı hadisələr əsəri daha
yadda qalan, oxunaqlı edir.
Ötən ilin sonlarında çapdan
çıxmış "Tarixi yaddaş və qondarma əhvalatlar"
kitabında dünyanı bürümüş ateizmin sosial hərəkat
kimi formalaşmasının səbəbləri və törətdiyi
nəticələr, dinlə siyasətin
qarşılıqlı təsirləri şərh olunur. Siyasət pərdəsi
arxasında gizlənən Allahsız şərin məkrli
oyunları ilə tarixin yaddaşına yazdığı
qondarma əhvalatların iç üzü sərgilənir.
Kitabda mövzu qlobal götürülsə də,
Rusiyada baş verən tarixi proseslərin şərhinə
daha çox yer ayrılıb. Əsrlərdir Azərbaycanın təbii
sərvətlərinə göz dikən,
torpağımıza, mədəniyyətimizə sahib olmaq istəyən
siyasi qüvvələrin, ermənilərin
işğalçı planlarını ardıcıl olaraq
araşdıran müəllif yazır: "Oxucuda belə bir
fikir oyana bilər ki, mən kitabda rus dövlətinin,
xalqının tarixinə daha geniş yer verirəm. İlk baxışdan bu belədir. Axı, Azərbaycanın taleyində məhz rus
dövlətinin təsiri, təcavüzü tarixi faktlarla zəngindir.
Çar Rusiyasının Azərbaycana
qarşı xarici siyasətini dərindən dərk etməsək,
bu gün onu obyektiv qiymətləndirməkdə çətinlik
çəkə bilərik".
Rus çarı I Pyotr haqqında müəllif
maraqlı məqamlara toxunur. Onun verdiyi fərmanlar,
rus kilsələrindən çıxarılan zənglərin
müharibə üçün əridilib silaha çevrilməsi,
monastrların sayının azaldılması və bir
çox hadisələr oxucunun marağına səbəb
olacaq. Z.Əsgərova kitabda yazır ki, I Pyotr müsəlmanları
Avropa ilə ünsiyyətdən məhrum etməyi tövsiyə
edirdi: "Azərbaycanı zəbt etmək əsas planlardan
biri idi. Bu məsələdə ermənilərin
özünəməxsus rolu olmuşdur".
Qeyd edək
ki, Rus imperiyasının 45 cildlik qanunlar külliyyatını
hazırlayan M.M.Speranski Peterburqda Neva prospektində yerləşən
ermənilərin ucaltdığı binalarının birində
erməni knyazı Abaməlik Lazarevin evində ailəsi ilə
yaşamışdır. Sözsüz ki, erməni
qəyyumların, dostların təsir dairəsi saraylarda xidmət
edən dövlət xadimləri arasında daim genişlənmişdir.
General-adyutant Loris Məlikov kimi ermənilər isə həmişə
Rus çarlarının yanında olmaqla türklərə,
azərbaycanlılara qarşı məkrli siyasət yeritməyi
bacarmışlar. "Türklərin qanına susayan erməni
qraf Loris Məlikov 1877-78-ci illərdə rus-türk müharibəsində
təcavüzkar fəaliyyəti ilə xüsusi seçilir.
Qarsı alandan sonra 17 min türk əsir
götürülür. Ərzurumu
mühasirəyə alarkən Loris Məlikova orda yaşayan
ermənilərə hər cür yardım göstərirlər...Türk
xalqına qarşı məkrli, namərd planlar
amansızlıqla həyata keçirilir. Loris
Məlikova Rusiya dövlətinin verdiyi hər bir orden və
medal türklərin qanına bulaşmışdır."
Məsələn, Loris Məlikov II
Aleksandrın dövründə daxili işlər naziri təyin
ediləndən sonra çarın təhlükəsizliyini
qoruya bilmir, ona sui-qəsd olunur. Loris Məlikovun
hazırladığı liberal konstitusiya bu ərəfədə
təsdiq edilmir. Z.Əsgərova apardığı
araşdırmalarda tarixin pərdəsini qaldırır,
unudulmuş hadisələrə sanki yeni can,
nəfəs verir. Kitabda müəllif sağlam
düşüncəli saray xadimlərinin fəaliyyətini də
xüsusi qeyd etməyi unutmur. II Aleksandrın ölümündən
sarsılan ober-prokuror K.P.Pobedonotsev yeni çar III Aleksandra məktub
yazır: "...Qraf Loris Məlikovu saxlamayın. Mən ona inanmıram. O, məzhəkəçi
kimi ikili oyun oynaya bilər. Əgər Siz
özünüzü onun əlinə versəniz Rusiyanı və
Sizi məhvə doğru aparar".
Kitabda yer alan
qondarma əhvalatlardan biri isə arximandrit Avqustinin
"Peterburqda erməni xristian cəmiyyəti"
yazısında qəribə "faktlarla" şərh
olunur: "O, qeyd edir ki, erməni xristianları Sankt-Peterburq
salınmazdan əvvəl Nevanın sahillərində
olmuşlar. Ermənilərin sevdiyi ən sevimli
ticarət yolu Həştərxandan Volqa boyunun yuxarı hissəsində
yerləşən Kostramadan keçmiş, Ağ dənizdən
isə Skandinaviya ölkələrinə
çatmışdır. Bu ticarət yolu
"erməni yolu" adlanırdı. Hətta,
İvan Qroznı ermənilərdən əvvəl bu istiqamətdən
xəbərsiz idi. Bununla da arximandrit
Avqustin (Nikitin) sübut etmək istəyir ki, ermənilərin
bu şəhərdə məskunlaşma tarixi daha qədimdir,
nəinki rusların. Necə ki, Azərbaycan
ərazisində yerləşən qədim alban mədəniyyətini
özəlləşdirməklə ermənilər ağız
dolusu bu ərazinin əsl sahibi olduğunu sübut etməyə
çalışırlar. Arximandrit Avqustin növbəti
tarixi yalanını yazır: "Erməni xalqının fars
əsarətinə qarşı azadlıq mübarizəsinin ən
aktiv nümayəndələrindən biri arsaxdan
(Qarabağdan) müqəddəs Yəhya monastrının
arximandriti Vardapet Minas Tiqranyan olmuşdur. 1701-ci
ildə o, ilk dəfə Rusiyaya gəlir və sonralar
vaxtaşırı Rusiyanın Eçmiadzinlə, farslarla, Qərbi
Avropa və Roma papası ilə əlaqələrini
yaradır. O, Xəzər dənizinin sahilində
böyük bir monastrın ucaldılmasının vacib
olduğunu I Pyotrun diqqətinə çatdırmaq istəyir,
çünki o, həmçinin, müdafiə qalası kimi də
əhəmiyyət kəsb edə bilərdi".
Bu cür
qondarma "oyunların" əslində faciələrə
yol açdığını vurğulayan yazıçı
Zöhrə Əsgərova onu törədənlərin
kimliyinə diqqət çəkir: "Fikir versək, ermənilərin
ən böyük siyasi təbliğatçısı,
strateji qüvvəsi onların dini liderləri olmuşdur. Yalnız onların aktiv iştirakı ilə xalqlar
arasında ayrı-seçkilik, soyqırımlar baş
vermişdir".
Hər
abzası bir tarix olan kitabda günümüzlə səsləşən
hadisələr, işğalçılıq iddiaları
insanı düşünməyə vadar edir: "Unutmayaq ki,
1676-1878-ci illər arasında on bir rus-türk müharibəsi
aparılmışdır. Bu dövr ərzində
Rusiya maddi cəhətdən ağır itkilərə məruz
qalsa da əsas strateji məqsəd Konstantinopoldan müsəlmanları
qovmaq idi. B.Kutuzov rusların türklərə
qarşı apardığı siyasətə aydınlıq gətirir.
Rusiya 1914-cü ildə Dünya müharibəsinin
siyasi-təcavüzkar oyununa qatılır. Onun qeydlərinə görə, müharibədə
qələbə çalmaq arzusuyla hətta əvvəlcədən
Ayasofiya məscidi üzərində ucaltmaq üçün
xaç hazırlanır. Bu fakt yarım əsrdən
çox hamıdan məxfi saxlanılır".
Din və
siyasət: xalqların, cəmiyyətlərin taleyindən
keçən bu iki böyük qüvvə zaman-zaman çəkişmələrə,
müharibələrə, inqilablara səbəb olmuş.
"Din siyasətə çevriləndə onun acı nəticələri
daha amansız olur..."deyən müəllifin
yazdıqlarından: "İ.L.Soloneviçin yazısında
diqqət çəkən fikirlərə müraciət edək:
"İki yüz il əvvəl Yekaterinanın hakimiyyəti
dövründə knyaz Potyomkin Rusiyanın hazırkı cənub
hissəsini, o cümlədən, Krımı fəth edir... Rusiyanın cənubunda müharibə çox
amansız olub. Tatarlar Krımın
şimal hissəsində var gücü ilə müqavimət
görtərsələr də demək olar ki, çoxu məhv
edildi. Qafqaz müharibələri də təxmini belə
bir şəkildə aparıldı... Krımın kapitulyasiyasından
sonra onun əhalisi qarşısında seçim qoyulur: ya
Rusiyada qalmaq, ya da Türkiyəyə mühacirətə getmək.
Knyaz Potyomkin 1787-ci ildə çariça II Yekaterinanın
Krıma səyahəti ilə bağlı böyük tədbirlər
görür... Krımda yerləşən
Oarasubazar sarayında çariça yüksək səviyyədə
dincəlib orada gecələmişdi. Təəssüf
ki, bu gün o saraydan heç bir daş da qalmayıb... Knyaz Potyomkinin dahiliyi onda idi ki, II Yekaterinanı
inandıra bilmişdi ki, (yol boyu butafor evciklər təşkil
edir, uzaq kəndlərdən gətirilmiş kasıb kəndlilər
- bu evlərin müvəqqəti sakinləri
çariçanı yolboyu salamlayırlar) Osman
imperiyasından qoparılan ölkə "çiçəklənməkdədir"
və bu tərəqqidə knyazın "xidmətləri"
böyükdür. Avropanın turizm sahəsində
bu, ən bahalı səyahət sayılırdı. II Yekaterinanın Krımla
tanışlığı çar xəzinəsinə 15
milyon rubla başa gəlmişdir. O özünü sanki
cənnətdə hiss edirdi". Əslində
çariçanın burada olmasında əsas məqsəd
Avstriya imperatoru II İosif ilə Osman imperiyasına
qarşı gələcək planlarını müzakirə
etmək idi.
Kitabda qeyd olunur ki, xarici ölkələrə təcavüzlə
yanaşı, XVIII-XX əsrlərdə milli dövlətçilik
ideyaları, azadlıq uğrunda xalq hərəkatı rus
hakimiyyəti qüvvələri tərəfindən həmişə
amansızlıqla yatırılırdı. Ona görə
də Asiya, Krım, Qafqaz müsəlmanlarının
"Turan" dövləti"ni qurmaq istəyi çox
çətin həyata keçə bilən arzu idi. Buna baxmayaraq 200 ildir ki, turançılıq
ideyalarının həyata keçirilməsi uğrunda
mübarizə bu gün də türk dövlətlərinin
qarşısında duran aktual məsələlərdən
biridir.
Yazı üzərində işləyərkən kitabı
təkrar-təkrar gözdən keçirdim. Faktlar
çox və biri-birindən diqqət çəkən
olduğundan hansını qeyd edəcəyimi xeyli
düşünməli oldum. Leninlə
bağlı yazılanlara qısa da olsa toxunmadan keçə
bilmirəm.
XIX əsrdə
Rusiyada çar hakimiyyətinin devrilməsinə can atan
anarxist inqilabçılar Bakunin, Neçayevin ideyalarından
bəhrələnən Lenin Tkaçevin "Dövlətin
hakimiyyətinin zəbt edilməsi" ilə bağlı
konsepsiyasından öz inqilabi fəaliyyətində məharətlə
istifadə edir. Onu da qeyd etmək lazımdır
ki, Lenin, Naçayev, Bakunin əslində blankist idilər.
G.Plexanov 1906-cı ildə bu haqda yazmışdır:
"Əvvəldən Lenin marksist olmaqdan çox blankist idi. Öz blankist "qaçaqmalını" ən
ciddi marksist ortodoks bayrağının altından
keçirmişdir. "Blankizm" sol
inqilabi cərəyandır. Hakimiyyətə
qarşı mübarizədə terror vasitəsinə
üstünlük verilir".
"Vaxtı
ilə pastor Con Oşennon öz kitabını İngiltərə
muzeyinin kitabxanasında Leninlə tanış olarkən ona hədiyyə
etmişdi. Keşişlə unudulmaz söhbət,
kitab Leninin ən yadda qalan xatirələrindən birinə
çevrilir. 1919-cu ildə Lenin bu kitabdan
istifadə etməyin vaxtı çatdığını dərk
edir". Kitabda proletarların rəhbərini
özünə cəlb edən məsələ belə qeyd
olunur: ümumi razılığa gəlmək
üçün əhalinin sayı azaldılmalıdır. Lenin bu kitabdakı fikirləri yüksək qiymətləndirir,
onların həyata keçirilməsində maraqlı
olduğunu gizlətmir. Təsadüfi deyil ki,
qırmızı terror, Vətəndaş müharibəsi, əhali
arasında kütləvi aclıq ölkədə ölüm
hallarının sayını artırmışdı... (indi də bu ideyalardan "bəhrələnən"
dünya siyasətçiləri az deyil) İngilis
pastoru Oşennonun bəşəriyyətə qarşı
yönəlmiş kitabının həcmi kiçik olsa da,
onun qurbanlarının sayı milyonlarladır. Təəssüf
ki, kitab Lenin kimi insanların əlində amansız, qorxunc
silaha çevrilir..."
"Siyasi cəbhələrə bölünən cəmiyyətdə
sözsüz ki, sabitlik, əmin-amanlıq yaratmaq çətindir,
xüsusilə də dini məsələlərdə," -
deyir yazıçı. Bütün dövrlərdə olduğundan daha
çox bu gün dünyanı bürümüş dini
qarşıdurmalar isə böyük ölkələri
öz ardıyca az qala
Üçüncü Dünya müharibəsinə
sürükləyir. Əslində isə səmavi
kitabların dedikləri ilə deyil, şeytanın
sözünə uyanlar törədir bu fitnə-fəsadları.
"Tarixi
yaddaş və qondarma əhvalatlar" kitabının ikinci
hissəsində islam haqqında bir
çox dünya mütəfəkkirlərinin, şərqşünasların
fikirləri, səmimi etirafları öz əksini tapıb.
Milliyyətcə polyak olsa da Şamaxıda doğulub
böyümüş şərqşünas Teodor
Şumovskinin Quranın poetik tərcüməsi isə
dünyanın şərqşünaslıq sahəsində ən
qiymətli kitablardan biri sayılır. Onun
"Quran" Şumovskinin bədii tərcüməsi"
kitabından görünür ki, Şamaxının
insanları, təbiəti ilə yanaşı, müsəlman
xalqın dini inancları da gənc Teodorun islama münasibətində
əhəmiyyətli rol oynayıb. Bu sözlər isə
onundur: "İnqilablar baş qaldırmış
dağılmış, dövlətlər əmələ gəlmiş
məhv olmuş, insanın gözləri qarşısında
yeni ölkələr yaranmış Quran isə yaşayıb
yaşayır".
"Zaman kitabı deyil, kitab zamanı öz içində yaşatmağa qadirdir. Məhz buna görə dillərdə həqiqətin ucalması salnaməçilərin, tarixçilərin, alimlərin, yazıçıların siyasi mövqeyindən və əqidəsindən çox asılıdır. Kəskin sözlərlə xalqlar arasında soyuq müharibələr, ədalətli sözlərlə sülh yaratmaq olar... Biz sülhün, ədalətin tərəfdarıyıq!"- deyir Zöhrə xanım.
Əslində tarixi araşdırma olan bu səpkidə yazılmış kitablar hər birimizin stolüstü kitabı olmalıdır. Və biz bunları bir dəfə deyil, həmişə oxuyub öyrənməli, təbliğ etməliyik. Bu, bəşəriyyətin baş bəlası olan dini fanatizmlə siyasətin təzadları, mənim xalqımın keçmişi, onun taleyində İŞIĞIN ZÜLMƏTLƏ BİTMƏYƏN SAVAŞIdır. Ona görə də kitabdakı hər tarixi yaddaşı, yaxud da şər qüvvələrin törətdiyi faciələri ürəyində göynəyən yara kimi ağrısını yaşaya-yaşaya oxuyursan.
Böyük tarixin qapısından boylanıb görə bildiklərindən yazmağa çalışdığını deyən Zöhrə Əsgərova qeyd edir ki, "ən böyük arzumuz siyasiləşmiş dünyada məhəbbətin, sülhün təntənəsini görməkdir. Siyasətdə məhəbbətə yer olmadığı kimi, məhəbbət də siyasətdən uzaqdır. Vətənə, anaya olan məhəbbət hər hansı bir siyasətdən daha uca, daha müqəddəsdir. Siyasət bizim həyatımızda o vaxt baş qaldırıb silaha çevrilməlidir ki, təhlükədə olan ana torpağı müdafiə etmək lazımdır!"
Zöhrə xanım, ömrün bu çağında, 65 yaşın astanasında belə bir kitabla oxucu qarşısına çıxmaq, düşünürəm ki, çox böyük uğurdur. Və Siz bununla vətəndaş, ziyalı, yazıçı olaraq böyük bir missiyanı yerinə yetirmək üçün dünyaya gəldiyinizi bəlli etdiniz. Bu işinizi yolun başlanğıcı kimi də qiymətləndirmək olar. Sizə fikirlərinizlə silahlanmış minlərlə oxucu ordusu arzulayıram. Yolunuz mübarək, Zöhrə xanım!
Günəş RƏCƏBQIZI
525-ci qəzet.- 2016.- 31 mart.- S.6