"Cənubi
Azərbaycan: 1918-ci il
soyqırımı"
ŞƏRQŞÜNASLIQ
İNSTİTUTUNDA YENİ KİTABIN TƏQDİMATI
KEÇİRİLİB
Martın
30-da AMEA akademik Ziya Bünyadov adına
Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların
Soyqırımı Gününə
həsr olunan tədbir keçirilib.
Tədbirdə Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin
elmi işçisi Həsən Səfərinin
"Cənubi Azərbaycan:
1918-ci il soyqırımı" adlı
kitabının təqdimatı
keçirilib.
Tədbiri giriş sözü
ilə açan Şərqşünaslıq İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva
XX əsrin əvvəllərində
ermənilərin təkcə
bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda,
Naxçıvanda da vaxtaşırı xalqımıza
qarşı etnik təmizləmə, qırğınlar,
talanlar, yanğınlar,
terror və digər zorakılıq aktları həyata keçirdiklərini,
bu illər ərzində on minlərlə
dinc azərbaycanlı
əhalini - qadını,
uşağı, qocanı
yalnız milli mənsubiyyətinə görə
vəhşicəsinə qətlə
yetirdiklərini söyləyib:
"Tarixin hələ
tam açılmamış səhifələrindən olan
bu soyqırım hadisəsi xalqımıza
qarşı dəfələrlə
törədilmiş kütləvi
qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar
təsdiq edir ki, son iki əsrdə
azərbaycanlılara qarşı
məqsədyönlü şəkildə
həyata keçirilmiş
bu soyqırım siyasəti nəticəsində
soydaşlarımız qədim
Azərbaycan torpağı
olan, indi Ermənistan adlanan öz doğma torpaqlarından didərgin
salınmışlar. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində
ermənilərin törətdikləri
qırğınlardan 98 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın
qan yaddaşında əbədi iz buraxmışdır. 1918-ci ildə ermənilər insanlara qarşı vəhşi amansızlıq
etdikləri kimi, mədəniyyət abidələri
və tarixi abidələri də vəhşicəsinə dağıdır,
məscidləri yandırır,
memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər.
Həmin
vaxt Bakı şəhərində və
Azərbaycan qəzalarında
daşnak-bolşevik birləşmələrinin
azərbaycanlılara qarşı
törətdikləri vəhşiliklər
istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırım
kimi qiymətləndirilməlidir.
Bu hadisələri, onların dərslərini
unutmağa haqqımız
yoxdur".
G.Baxşəliyeva daha sonra Şərqşünaslıq İnstitutunun
əməkdaşlarının Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza
qarşı törətdikləri
soyqırımlarına həsr
olunmuş və tarixi həqiqətləri
üzə çıxaran
kitablarından söz
açıb: "Şərqşünaslıq
İnstitutunda Azərbaycan
xalqına qarşı
ötən əsrin əvvəllərində həyata
keçirilən soyqırım
ilə bağlı yeni faktların üzə çıxarılması
istiqamətində əhəmiyyətli
işlər görülür.
İnstitutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların
Arazın hər iki tayında azərbaycanlılara qarşı
törədilən kütləvi
qırğınların, qarətlərin,
zorakılıq aktlarının
əsl mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılmasında mühüm rolu var".
G.Baxşəliyeva İnstitutun Cənubi
Azərbaycan şöbəsinin
elmi işçisi Həsən Səfərinin
bu günlərdə işıq üzü görən və tədbirdə təqdimatı
keçirilən "Cənubi
Azərbaycan: 1918-ci il
soyqırımı" adlı
kitabı barədə
məlumat verib: "Tədqiqat işindən aydın olur ki, 1918-ci il Cənubi Azərbaycanın
qərb bölgəsində
azərbaycanlılara qarşı
birləşmiş erməni-aysor
silahlı dəstələrinin
törətdiyi soyqırımı
indiki Azərbaycan Respublikası əraziləri
də daxil olmaqla, bütün bölgədə azərbaycanlılara
qarşı törədilən
soyqırım planı
çərçivəsində baş vermişdir. Soyqırımın törədilməsində məqsəd isə Azərbaycan Respublikası
ərazisində olduğu
kimi, Cənubi Azərbaycan ərazisində
də aborigen əhalini soyqırımla
məhv etmək və demoqrafik mənzərəni ermənilərin
xeyrinə dəyişməklə
"Böyük Ermənistan"
təşkil etməyə
real şərait yaratmaq
idi. Ümummilli lider Heydər Əliyevin
31 Mart Azərbaycanlılarının Soyqırımı Günü
münasibətilə 1998-ci il martın 26-da imzaladığı fərmanında
Azərbaycan xalqına
qarşı dəfələrlə
törədilən və
uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini
almayan soyqırımının
da tarixin açılmamış səhifələrindən
biri olduğu qeyd edilib. Bu
baxımdan Cənubi Azərbaycanın qərb bölgəsində ermənilərin
azərbaycanlılara qarşı
törətdiyi soyqırımın
araşdırılması böyük
əhəmiyyət kəsb
etməklə bu gün üçün elmi və siyasi
cəhətdən aktual
məsələlərdən biridir".
Monoqrafiyada Birinci Dünya Müharibəsinin gedişində
(1914-1918-ci illər) Qərb
dövlətləri, eləcə
də, Rusiyanın köməyi sayəsində
yaradılan birləşmiş
erməni silahlı dəstələri tərəfindən
Cənubi Azərbaycanın
qərb bölgəsində
(Urmiya, Salmas, Xoy və ətraf
yaşayış məntəqələrində)
200 minə qədər
azərbaycanlının soyqırıma
məruz qalması araşdırılır. Oxuculara
təqdim olunan kitabda bəzi Qərb dövlətləri
və çar Rusiyası nümayəndələrinin,
eləcə də
missioner təşkilatların Azərbaycan və Türkiyə ərazisində
dənizdən dənizə
"Böyük Ermənistan"
yaratmaq məqsədilə
erməniləri təşkilatlandırıb
silahlandırmaları mötəbər
mənbələr əsasında
araşdırılıb təhlil
edilir.
Tədbirdə çıxış edən AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova ötən əsrin əvvəllərində Şimali Azərbaycanda baş verən proseslərin eyni ilə Cənubi Azərbaycanda da getdiyini söyləyərək bildirib ki, bu cür hadisələr gələcəkdə bir daha təkrarlanmasın deyə, tarixdən nəticə çıxarmaq lazımdır. Təqdim olunan kitabın əhəmiyyətini vurğulayan N.Axundova bu əsərin rus, ingilis, fars və başqa dillərə tərcümə olunaraq bütün dünyaya yayılmasının vacibliyini qeyd edib.
Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev çıxış edərək deyib ki, tarixi yaddaşa malik olmayan xalqın gələcəyi yoxdur və yenidən həmin faciələri yaşamağa məhkumdur. Ötən əsrin əvvəllərində ermənilərin və aysorların Cənubi Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı ətraflı danışan Ş.Mustafayev Şərqşünaslıq İnstitutunda bu mövzuda artıq 4 kitabın nəşr olunduğunu bildirib.
Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Bije Həsən Səfərinin apardığı tədqiqatın əsas üstünlüyünün Cənubi Azərbaycanın Qərb bölgəsində törədilən soyqırımların kompleks şəkildə tədqiq edilməsində olduğunu söyləyib.
Sonda "Cənubi Azərbaycan: 1918-ci il soyqırımı" kitabının müəllifi Həsən Səfəri çıxış edərək İnstitut rəhbərliyinə, eləcə də kitabın nəşrində və təqdimatında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Vüqar MƏMMƏDOV
AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı
525-ci qəzet.- 2016.- 31 mart.- S.4.