AMEA Naxçıvan Bölməsi
soyqırım qurbanlarının xatirəsini yad
etdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan
Bölməsində keçirilən
elmi konfransda ilk olaraq Azərbaycanın ərazi bütövlüyünün
qorunmasında şəhid
olanların xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik bildirib ki, ermənilərin xalqımıza qarşı
yürütdüyü soyqırımı
siyasəti, soydaşlarımızın
amansızlıqla qətlə
yetirilməsi, repressiya
və deportasiyaya məruz qalması, etnik təmizləmə, ərazilərimizin bir hissəsinin işğal edilməsi haqda ətraflı məlumat verib. Ermənilərin Naxçıvanda törətdikləri kütləvi
qırğınlardan bəhs
edən akademik erməni daşnakçılarının
soyqırımı və
təcavüz siyasətinin
mahiyyətini açıqlayıb.
Qeyd edilib ki, uzun illər ərzində bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmayıb və erməni vəhşiliyinə siyasi qiymət verilməyib. Yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə gerçəkləşdirdikləri soyqırımı siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Məhz ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib. Akademik Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırılması istiqamətində bölmənin əməkdaşlarının da öhdəsinə böyük vəzifələr düşdüyünü vurğulayıb.
O deyib ki, institut əməkdaşları bu mövzuda tədqiqatlarını genişləndirməli, monoqrafiyalar, kitablar nəşr etdirməli, sənədli materiallar hazırlamalı, eyni zamanda internet vasitəsilə təbliğat aparmalıdırlar. Konfransda AMEA Naxçıvan Bölməsinin əməkdaşı tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev "XX əsrdə Azərbaycanlılara qarşı törədilən soyqırımların mahiyyəti", AMEA-nın müxbir üzvü Əliəddin Abbasov "Böyük geosiyasətin məngənəsində", Aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyev "Soyqırım-milli faciəmizdir", Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev "Mart soyqırımının pərdəarxası tərəfləri", Filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev "XIX-XX əsrlərdə yer adlarımıza qarşı aparılmış soyqırım" mövzularında məruzələrlə çıxış ediblər.
Sonra erməni vəhşiliklərini əks etdirən "31 Mart -Azərbaycanlıların Soyqırımı" adlı video-slayd nümayiş etdirilib.
Nərgiz İSMAYILOVA
525-ci qəzet.-
2016.- 31 mart.- S.2