“Dördüncü
möhür”ün təqdimatı olub
Mayın
2-də Azərbaycan Yazıçılar Birliyində (AYB)
yazıçı-tərcüməçi Kamran Nəzirlinin
“Mütərcim” nəşriyyatında çapdan
çıxmış yeni kitabının təqdimatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, AYB-nin sədri, Xalq Yazıçısı Anar yazıçını ilk irihəcmli əsəri olan “Dördüncü möhür” romanının nəşri münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə AYB-nin sədr müavini Nazim İbrahimov, katibi İlqar Fəhmi, filologiya elmləri doktoru Vaqif Yusifli, tanınmış tərcüməçi Qılıncxan Bayramov, şairlər Ramiz Məmmədzadə, Oqtay Rza və başqaları maraqlı süjet xətti olan bədii-fəlsəfi və psixoloji məzmuna malik bu əsərdə yazıçının tarixi faktlardan və sənədlərdən də istifadə etdiyini bildiriblər.
Vurğulanıb ki, aktual mövzuya həsr edilmiş romanın əsas qəhrəmanı Banu iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızıdır. Yeniyetməlik çağlarından bəri taleyin bütün ağır zərbələrini yaşamış bu gənc qız sınmır, Türkiyədə tibbi təhsil alır, Vətənə dönür, klinikada işə düzəlir, inadla elmi axtarışlarını davam etdirir.
Çıxış edənlər yazıçının tərcümə fəaliyyəti ilə məşğul olduğunu, ingilis və Amerika ədəbiyyatından Azərbaycan dilinə tərcümələr etdiyini, həmçinin yazıçı və şairlərimizin əsərlərini ingilis dilinə çevirdiyini qeyd ediblər. Yazıçının əsasən hekayələr yazdığını və bu hekayələrin rus, ingilis, Ukrayna, Belarus, özbək, gürcü və digər dillərə tərcümə edildiyini vurğulayıblar.
Ədibin qələm dostu Cavad Abdullayev 464 səhifə, 33 fəsildən ibarət “Dördüncü möhür” romanını rus dilinə tərcümə etdiyini və gələcəkdə ingilis dilinə də tərcümə etmək niyyətində olduğunu söyləyib. Çünki əsərdə Qarabağ müharibəsinin və Qarabağ ətrafında davam edən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bildirib.
Sonda yazıçı öz imzası ilə kitablarını oxuculara təqdim edib.
525-ci qəzet.- 2016.- 3 may.- S.7.