Aşıq Hüseyn Saraclı
üçün ucqar havası
Aşıq Murad yaxın qohumumdur; məni hər dəfə
adımla yox, "dayıoğlu" deyə
çağırır. O, dostları arasında "Kövrək Murad" kimi
də tanınır. Çünki gəncliyində
"Kövrək" təxəllüsü ilə
qoşmalar, gəraylılar yazıb.
Aşıq Hüseyn Saraclının sonuncu şəyirdi
də Kövrək Muraddır. Adaşı Dəllək Muradın
bu məhzun və məsum möhürbəndini də ilk dəfə
ondan eşitmişəm:
Dəllək
Murad, bu yollarda sürünnəm,
İndi gedişimdi, nə vaxt görünnəm?
Altım
torpaq, üstüm də daş hörülləm,
İsti nədi,
soyuq nədi, qar nədi?..
...Onda
Hüseyn Saraclının ifasında
onun özünün bağrıbadaş bəstələdiyi
və dili cana od salan dərdəsər "Dübeyti"
üstündə oxuduğu "Minayə" adlı
mahnısı çox dəbdə idi və mən çox
istəyirdim ki, Hüseyn Saraclı Dəllək Muraddan da
oxusun, çünki Dəllək Muradın sözləri
çox incə mətləblərdən, çox qubarlı
və qarlı yollardan xəbər verirdi.
Hüseyn
Saraclını son dəfə Aşıq Muradın oğlu
İzaninin kiçik toyunda gördüm və
açığı, istədim Valeh müəllimə -
unudulmaz Valeh Hacılara - söyləyəm, o da fikrimi ustada
çatdıra. Valeh müəllim xətrimi
çox istəyirdi, cürət edib söyləsəydim qəlbimi
qırmazdı. Amma demədim; onda
ustadların zati-ali zəhmi də ağır olurdu. Bir o
yadımda qalıb ki, salğarı da, hüznü-həsrəti
də bu gecə nədənsə sanki artıq olan ustad
aşıq bizim - böyüklü-kiçikli
Borçalı yazarlarının - əyləşdiyimiz
süfrəyə ağsaqqallıq eləyən Valeh müəllimə
bəsirətlə baxıb dedi:
- Həqiqi
sahibimiz uca Allahdı və ancaq Onun Yazısına pozu yoxdu;
çünki hiss edirəm bu mənim sizinlə son
görüşümdür, indi çalışın sizə
lazım olanı məndən çıxarın...
..."Minayə"nin sözləri ilk baxışda həddən
ziyadə adi, amma həm də həddən ziyadə səmimi
sözlər idi:
Evləri
var Qoçulu kəndi,
Sənə deyim neçə bəndi?
Xoca Məhəmmədin
zəndi
İtməz
heç vaxt, ay Minayə!..
Və ustad bəstəsinə elə zərif, elə qədim-qayım
çalarlar calayırdı ki, adamın əlini-qolunu
könüllü bağlatmaqdan, könüllü əsir
olmaqdan başqa çarəsi qalmırdı.
...İndi
- aradan bu qədər izli-soraqlı illər ötəndən
sonra arazbarı-arazbarı anlayıram ki, əzizləmə mənasında
şirinliklə həm də "dadi-büsat
çömçəsi" adlandırılan saz nələrə
qadir imiş! Görünür, bir vaxtlar Qaraçöp tərəflərdə
günə baxmaqdan az qala günəbaxan
olan Səməd Qaraçöp "Saraşdı
Söyün"ə həsr etdiyi şamdangülü
şeirdə əbəs yerə dərdəcər deməyibmiş:
Göynə,
telli sazım, məni də yandır,
Odumu
almışam odunnan axı!
Tanrıdan
gəlirsən, göydən gəlirsən;
Qədimdən
gəlirsən - qədimdən axı!..
..."dadi-büsat
çömçəsi" demiş, dərdi-hal
dastanlarımızın birində belə deyilir:
"...sazı alıb dindirdi: saz - saz idi ha!
Evə qayıdanda gördü anası ağlayır. Ana da baxdı
gördü oğlu onun gor-kəfənlik üçün
yığıb saxladığı pula çömçə
alıb.
Dedi:
- Bala,
bunu niyə almısan, bu nə çömçəsidir belə?
Dedi:
- Bu,
dadi-büsat çömçəsidir"...
Burası da var ki, baxır bu dadi-büsat
çömçəsi - bu saz kimin əlindədir? Misilləmə misal
üçün, Tufarqanlı Abbasınmı, yoxsa Mirzə
Tüpdağıdanınmı, Dədə Ələsgərinmi,
yoxsa Süsən-Sünbüllü
gədə Əsgərinmi, Hüseyn
Saraclınınmı, yoxsa sazla artistlik eləyən "modern"
Mirzə Mikrobunmu?
...Müxtəsəri,
gor-kəfənlik üçün yığılan pula - o
pul ki, illərlə, özü də sanki daşdan qamqalaq
qopardıla-qopardıla yığılır - saz alan dastan qəhrəmanı nə elədiyini,
necə elədiyini bilməmiş deyildi! Axı hər yoldan
ötənə buta ha verilmir; hər yolunu azan yuxuda nurani
qocalar tərəfindən nişanlanmır ki! O, hələ
hardan biləydi ki, sazın (sözün də) həm də
magik-sirli-əsrarlı sağaltmaq, müalicə eləmək,
şəfa vermək gücü də var! Hələ qələm
misallı qəddənən barmaqlar arasından uzaq-uzaq yollar görünürdü...
hələ üç aylıq yolu üç günə gəlib
çıxmaq qabaqda idi...
Hüseyn
Saraclı danışırdı...
Qürbətçi
oğlunu gözləməkdən gözlərinin kökü
saralıb kor olmuş ananın gözlərinə
sazın-sözün nurundan - bir ovuc torpaq vasitəsilə -
necə işıq gəlir...
"Qərib
dedi: - O divardakı sazı verin, saznan deyim:
...Canım
ana, gözüm ana,
Ana, mən
Qəribəm, Qərib..."
Sınıq
körpünün bəri üzündə, Əyriqarın ətəklərinə
yaxın Hüseyn Saraclının sazına-sözünə o
qədər valeh olanlar, o qədər buta verilmək həsrəti
ilə yaşayanlar var idi! Axı sazın - bu dadi-büsat
çömçəsinin köynəkdən
çıxmağı ilə təkcə Abbasla Gülgəz,
Valehlə Zərnigar, Qurbani ilə Pəri xanım, Tahirlə
Zöhrə muraza yetmirdi, həm də el muraza yetirdi, el yasdan
çıxırdı. Hətta Aşıq Qəribin
butası Təbrizdən deyil, Toqatdan da olsaydı, vəziyyət
dəyişməyəcəkdi; çünki ən əsası
möcüzələrə inana bilməkdi, heyrətlənməyi
bacarmaqdı; bunu da ustad əlindəki "dadi-büsat
çömçəsi" təlqin eləyə bilirdi.
Bilmirəm
"Aşıq Qərib"in vətəni olan Azərbaycan və
Türkiyədən dolayı, yaxından səsləşdiyi
Avropa və Asiya roman-dastanları da daxil olmaqla, geniş
yayıldığı digər ölkələrdə bu
dastanı Aşıq Hüseyn Saraclı boyda tərənnüm
edib əbədiləşdirən ikinci bir sənətkar
olubmu və olacaqmı? Çətin...
Unudulmaz
ustadın bu böyük qabiliyyətini Xalq şairi Bəxtiyar
Vahabzadə qulağa xoş gəlmək üçün
deyil, həqiqəti demək üçün tarixə belə
salıb: "H.Saraclının söylədiyi dastanları
dinləmişəm... ustad elə bədii və obrazlı
danışır ki, vəziyyət teatr tamaşası kimi
gözümüzün qarşısında canlanır. Elə bil gözəl bir operaya baxırsan. Bu operanın rejissoru da özüdür, dirijoru,
ifaçısı da, müşayiət edəni də.
Eyni zamanda o, həm libretto müəllifidir, həm
də bəstəkar".
...Dünən Sənəkuçan tərəflər elə
çənə-dumana bürünüb, elə
"tüstüləyirdi" ki, mübaliğə
olmasın, sanki Hüseyn Saraclının qəlyanıdı. Dedim
sazımıza-sözümüzə arada-sırada irad tutub,
küfr yağdıranlar bənzətməmi bəlkə
görməsələr yaxşıdı; çünki
özü də bir "şeir kanı, söz
ümmanı" olan sənətkar bəlkə də məhz
münafiqlər üçün demişdi bunları:
Bunları
görən Saraclı
qəmlənib qəlyan çəkir...
Hər nə
isə...
...
Balkanlardan, Orta Asiyadan üzü Tiflisə, Borçalıya
"Aşıq Qərib"lə bağlı bütün
pozitivlərin yanında, təəssüf ki, həmişə
bir neqativ də olub: məsələn, Mirzə Levon-Məlik
Şahnazaryan kimi bəzi erməni "başbilənlər"inin
vaxtilə "Aşıq Qərib"i YUNESKO-ya
onlarınkıtək təqdim etmək təşəbbüsləri
kimi. Bu da əsasən Tiflis əsilli rejissor Paracanovun 1988-ci
ildə M.Y.Lermontovun eyniadlı hekayəsi əsasında
çəkdiyi "Aşıq Qərib" filmi ilə
bağlı olub; baxmayaraq ki, bəzi erməni "başbilənlər"i
Paracanovun müqəvvasını İrəvanın mərkəzində
yandırmışdılar ki, bəs deməzsənmi, o, erməni
ola-ola "müsəlman filmi"ni niyə
çəkib? Yenə də təəssüf ki, "müqəvva
yandıranlar" o vaxtlar Süsən-Sünbüldə də
defisit deyildi: H.Saraclını istəməyənlər belə
xamxəyal xəbər çıxartmışdılar ki,
guya o, Paracanovun filmində saz çalıb, halbuki ustad
aşıq 1987-ci ildə, yəni filmin çəkildiyi tarixdən
bir il əvvəl vəfat etmişdi; əlbəttə,
söhbət həmin filmdə ustadın lent
yazılarından istifadə edilməsindən gedə bilərdi.
Axı filmin bəstəkarı da Sınıq
körpünün bəri üzündə, Əyriqarın ətəklərinə
yaxın mənim aləmimdə məşhur "300 azərbaycanlı"dan
biri olan Cavanşir Quliyev idi. O da bilməmiş olmazdı ki,
Hüseyn Saraclı Aşıq Qəribin əsl "ustadnamə"sidir!
Görünür, bəzi "müqəvva yandıranlar" sadəcə
olaraq H.Saraclının "Tütək səsi"ndə (və
bir neçə başqa filmdə də) halal-hümmət
haqqı olan saz çalmaq hüququnu
yanılmışdılar.
Təki
ustad "Aşıq Qərib"də də çalaydı!
...Bu yerdə Aşıq Muraddan eşitdiklərimə keçirəm: "Güdməmişəm şöhrət-şanı dünyada" və "Zülmü boğdum çarığımın bağıyla" - deyən ustad aşıq, əlbəttə, sağlığında çox istəyirdi ki, "Aşıq Qərib" Bakı olsun, Təbriz olsun, İstanbul olsun, təki çəkiləydi və o filmdə o heç çalmasa da olardı! Təki film qalmaqallı alınmayaydı, təki "Aşıq Qərib"lə (elə digər dastanlarla da) bağlı latayır danışılmayaydı. Çünki özünün "Şair Ağacanın Ərzurum səfəri"ndə də dönə-dönə dediyitək, latayırda, nalayiqdə "yeddi kotanı əkmirdi". Onda onun harası "Saz Amanatı" olardı! Yeri gəlmişkən, Hüseyn Saraclı hətta borcunu da latayır, hərzə sözlərlə tələb etməzdi! Elə ədəbli insan idi! Üstəlik, "Aşıq Qərib" onun ozan sənətimiz tərəfindən qorunan müəlliflik hüququ idi... Elə "Koroğlu" da, "Əsli və Kərəm" də, "Aşıq Ələsgərin Gəncə səfəri" də...
...Burası da var ki, saz təkcə Tiflisin, Bakının, Təbrizin, Borçalının deyil, eyni zamanda buta, saf məhəbbət mənasında, Vahid Vəhdət Dünyasının, cəmi cahanın "dadi-büsat çömçəsi"dir (Mirzə Qələm arada-sırada "dadi-bidad çömçəsi" də deyir). Və anlamaq dərdi çox böyük olduğundan nadanlar hardan bilsinlər ki, mənəvi aləm, humanizm, ölməz məhəbbət nə deməkdir? H.Saraclı boyda olan bütün sənətkarlar ömürləri boyu həm də bunları anlatmağa çalışıblar. Vəssalam!
...Yeri gəlmişkən, Lermontov sazımızı "türk balalaykası" adlandırmışdı, amma bu sazımızın başını aşağı eləməmişdi ki!
...Sazla, aşıqla bağlı mərhum gürcü bəstəkarı D.Arapişvilinin fikirləri də maraqlıdır: "Allah belə vergiyə kimi layiq görüb?.. Aşığı dinləyən insan nəfəsini gizlətdi. Gizlətdi ki, heç nəyi buraxmasın və yaddaşına köçürərək özü ilə aparsın... cəsur Koroğlu xan əlaltılarını lərzəyə salıb varlıları soyur, var-dövlətini yoxsullara paylayır. Gecələr isə mahnı qoşur. O, o qədər mahnı qoşub ki, sayı göydəki ulduzlar qədərdir" (tərcümə Arif Mustafazadənindir).
Bir daha yeri gəlmişkən, "Koroğlu"nun da mahir, həm də çox mahir ifaçısı olan Hüseyn Saraclının özü, bəlkə də Aşıq Cünun misallı, sazı hər dəfə sinəyə basmağa mühüm bir səfərə çıxmaq kimi, məsələn, "yaradıcılıq ezamiyyəti"nə getmək kimi baxırdı və deyirdi:
Əlimə alanda sədəfli sazı
Elə bil səfərə atdanıram mən.
...Müxtəsəri, Hüseyn Saraclı sazı - bu möhtəşəm dadi-büsat çömçəsini, bu "durnaboğaz" çömçəni elə möhtəşəm mərtəbəyə qaldırmışdı ki, indi bəzi aşağı mərtəbələrə və bəzi aşağı mərtəbədəkilərə adamın yazığı gəlir; çünki rəhmətlik Akif Səməd demiş, "sazın Dədə Qorqud, Yunus Əmrə, Nəsimi, Füzuli, Vaqif kökləri olub", gərək bu köklərin heç olmasa birində yaşayasan. Yoxsa hər yerindən duranın dadi-büsat çömçəsini əlinə alıb sinəsinə basmağı ilə deyil ki?
...Unudulmaz Hüseyn Saraclı o biri çömçə - uzun dəstəkli qaşıq, abgərdən - mənasında, qaravəllilərinin birində deyirdi ki, bir evdə çömçə təkcə evin xanımının əlində idi, amma elə ki, evə iki gəlin gəldi, onda çömçə gah bir gəlinin əlində oldu, gah da o biri gəlinin əlinə keçdi, onda aralıq da yamanca qarışdı. Amma əlbəttə, bu bir zarafatdır, çünki ustad aşıq özü də yumoru çox sevirdi... Əsas budur ki, hər iki çömçə yonulmuş ağac parçalarından düzəldilsə də, dadi-büsat çömçəsində çalmaq heç bir zaman dovğanı çömçələmək qədər bəsit olmayıb...
P.S. ...Başkeçid tərəflərə baxıram: Əyriqara yaxın Yastıqarın bir döşü uzaqlardan eynən dadi-büsat çömçəsinə oxşayır. Axı hərdən dağların da, eynən Sazlı Abdullanın, Tufarqanlı Abbasın, Saraclı Hüseynin sazlarıtək durub birdən-birə öz-özünə çalınmaları var! Yoxsa yazın bu üzünük vaxtında adamın gözlərinə bu qədər işıq, dizlərinə bu qədər taqət, sinəsinə bu qədər həvəs hardan gələrdi?!
İBRAHİMXƏLİL
525-ci qəzet.-
2016.- 3 may.- S.6