Bizimlə birgə addımlayan dahi

 

 

Dünyanın ən böyük şəxsiyyətlərinin xarakterini açmaq üçün bəzən ən xırda detal, ən adi jestdən istifadə edilir.

 

Bu mənada xalqımızın ümummilli lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin həyatı saya-hesaba gəlməyən parlaq detallarla, ştrixlərlə doludur. Ulu öndərin doğum günü ərəfəsində onun haqqında düşünərkən bu detallar, bu ştrixlər, ömrün müxtəlif anlarını özündə əks etdirən bu məqamlar bildiyim anladığım qədər bir-bir gəlib gözümün qabağından keçdi.

 

Onu həmişə gözütox, vətənindən xalqından başqa heç haqqında düşünməyən gördük. Lap uşaqlıqdakı ideal müəllim obrazlarımız kimi. Yəqin, çoxunun xatirindədir ki, bir zamanlar müəllimlərin cibinə pul qoyduğuna, yemək yediyinə, yatdığına heç kim inanmırdı. Sanki onlar mələk idilər hamı kimi yaşamırdılar.        

 

Onun şəxsi evi maşını yox idi. 1998-ci il prezident seçkilərinə namizədlər arasında ən kasıblarından idi. Bu uzaq tarix deyil bütün hadisələr gözümüzün qarşısında baş verib. Özü o zəmanədə ki, əlinə balaca bir vəzifə keçən bəzi adamlar anındaca özlərini itirir, mümkün qədər çox varlanmağa, pullanmağa, komfort həyat yaşamağa çalışırdılar.  

 

Bir dəfə ulu öndərimiz müşayiətçilərilə birgə şəhəri gəzirdi. O, mağazalara girib qiymətlə maraqlanır, satıcılara suallar verirdi. Bir oyuncaqdan xoşu gəldi, almaq istədi, ətrafına boylanıb yoldaşlardan birinə "Əgər pulun varsa, bu oyuncağı götürmək istəyirəm" - dedi. Həmin adam satıcının pulunu verib oyuncağı götürdü.

 

Oxşar hadisə Naxçıvanda bir çayxanada da baş verdi. Böyük öndər ana yurdunda qəfil kasıbyana bir çayxanaya döndü, limonlu çay içdi, çay haqqında xeyli danışdı, sonra qiyməti öyrənib onu müşayiət edən şəxslərdən birindən çayın pulunu ödəməsini xahiş etdi. Halbuki çayçı onu qonaq etməkdən məmnunluq duyduğunu bildirirdi.

 

Əlbəttə, burda söhbət həmin oyuncağın, yaxud həmin çayın qiymətindən, ödənişləri kimin eləməsindən getmir. Burda söhbət böyük bir şəxsiyyətin adi, sadə jestlərlə böyük mətləblər anlatmasından gedir.  

 

Heydər Əliyev onu müdafiə edən, təbliğatını aparan mətbuat orqanlarının aylarla gördüyü işi iki-üç kəlməlik danışığı hərəkəti ilə bir neçə saniyənin içində edə bilirdi. Çünki doğrudan da xalqın içindən çıxmışdı qəlbən, ruhən hər birimizə yaxın idi. Yoxsa bu hərəkətlər bu qədər sadə səmimi alınmazdı. İnsan məqsədli şəkildə belə təbii hərəkət edə bilməz.   

 

Heydər Əliyevlə bağlı daha bir məsələ həmişə diqqətimi cəlb edib. Onu sevməyən, rəhbərliyini, prezidentliyini, hətta bəlkə yaşamasını istəməyən ən nankor, ən naqis, ən namərd adamlar belə dövlət əmlakından sui-istifadə etməsi haqqında bircə cümlə yazmamış deməmişlər. Halbuki gözdə tük axtarırdılar. Əllərində belə bir cüzi fakt olsa, şişirdib aləmə car çəkəcəkdilər. Eyni zamanda, bu xislətdə olan insanlar qədər qərəzli kampaniyalar aparsalar da, Heydər Əliyevin şəxsiyyətinin böyüklüyünü, onun hər kəsdən üstün olduğunu danmırdılar. Onları bu etirafa kökləyən, təmiz qəlbləri səmimiyyətləri deyil, Heydər Əliyevin əfsanəvi şəxsiyyəti idi. Etiraf etməyə bilmirdilər. Əks təqdirdə gülməli vəziyyətə düşərdilər.     

 

Böyük həqiqətin qarşısında böhtan söyləmək olmur.

 

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda böyük kadr siyasəti həyata keçirildi. O, ətrafına işgüzar, savadlı, böyük həyat idarəçilik təcrübəsi olan, özünə dövlətçiliyə sədaqətli adamlar topladı. O vaxt respublikada vəziyyət çox gərgin idi. Etibar eləməli adam az idi. Heydər Əliyev bu çətin sınaqlardan mərdanə çıxdı. İşgüzar kadrlar hazırladı, onların etibarını yoxladı, ələkdən keçirdi, saxtakarlar, işi bilməyənlər, vəzifədən sui-istifadə edənlər ələnib getdilər. Heydər Əliyevin ələyində ələnənlər tarixdən də ələnib itdilər, yox oldular. Çünki tarix doğruları, bacaranları, ümummilli maraqları şəxsi maraqlardan üstün tutanları saxlayır.

 

Heydər Əliyev səriştəli gənc kadrların yetişməsi üçün hələ birinci katib işlədiyi vaxtlardan mümkün olan hər şeyi edirdi. Respublikamızdan neçə-neçə savadlı gənci keçmiş ittifaqın, müstəqillikdən sonra isə dünyanın ən yüksək ali məktəblərinə oxumağa göndərmişdi. Sevindirici haldır ki, bu ənənə bu gündavam etdirilir.   

 

Şübhəsiz ki, yeni Azərbaycanı (eyni adlı partiyanın yaradılması da təsadüfi deyil - K.H.) təkbaşına qurmaq imkansız idi. Heydər Əliyev bu işdə onunla çiyin-çiyinə dayanmağı bacaran insanlar yetişdirməli idi. Belə şəxsiyyətlərin biri də, xoşbəxtlikdən, Heydər Əliyevin öz evində, öz ailəsində böyüyürdüestafeti atasından alıb, ölkəmizi azad, aydın sabahlara aparmaq onun həyat amalına çevrilmişdi. Doğrudur, Heydər Əliyev Azərbaycanı gələcəyə gedən relslərin üstünə qoymuşdu, ancaq bu relslərlə irəliləmək, lokomotiv kimi cəmiyyəti ardınca çəkmək asan deyildi. İllah da indiki qarışıq zamanda ki, həm daxildə, həm xaricdə bizi sevməyən qüvvələr vardır.

 

Azərbaycan xalqının gözəl bir deyimi var, kişi kişiyə alqış edəndə deyir: "Allah sənə xeyirli övlad qismət etsin". Bu gün tam cəsarətlə demək olar ki, hörmətli prezidentimiz İlham Əliyevin simasında böyük yaradan Heydər Əliyevə xeyirli övlad qismət etdi. Çox keçməmiş o, təkcə Heydər Əliyev üçün deyil, bütün Azərbaycan üçün xeyirli övlad oldu.

 

Heydər Əliyevdən sonra Azərbaycanın prezidenti olmaq çox çətin və şərəfli idi. Yaxşı yadımdadır, 2003-cü il prezident seçkilərinin ardınca xalq İlham Əliyevi dəstəkləyən möhtəşəm mitinq keçirdi. Fəxr edirəm ki, həmin mitinqdə Azərbaycanın görkəmli alim və ziyalıları ilə yanaşı mən də ürək sözlərimi söyləyib cənab prezidentə xoş arzularımı çatdırmaq imkanı qazandım. Sevinirəm ki, o vaxt etdiyimeşitdiyim bütün alqışlar çin oldu, hörmətli prezidentimiz xalqın etimadını şərəflə doğrultdu.

 

Azərbaycanın son 10 ildəki nailiyyətləri göz qabağındadır. Bilmirsən hansından yazasan: tikintidənmi, səhiyyədənmi, təhsildənmi, qaçqınlar və məcburi köçkünlərə münasibətdənmi, uğurlu daxilixarici siyasətdənmi, kadr siyasətindənmi, ordumuzun güclənməsindənmi, son vaxtlar torpaqlarımızın azad olunması ilə bağlı göstərilən inanılmaz şücaətdənmi? Bu mövzuları müfəssəl əhatə etmək üçün cild-cild kitab yazmaq lazımdır.  

 

Bax, Heydər Əliyev siyasi kursu deyərkən indi içində olduğumuz çoxsaylı uğurlar nəzərdə tutulur. Bu kursu yaşatmaq, uğurla davam etdirmək elə o kursu müəyyən etmək qədər şərəfli işdir.

 

Heydər Əliyevlə çiyin-çiyinə müasir Azərbaycanı yaradan kişilərdən biriMilli Elmlər Akademiyamızın həqiqi üzvü, böyük ağsaqqal və tanınmış ziyalı Ramiz Mehdiyevdir. Ramiz müəllim Heydər Əliyevin yetirməsidir. O, Azərbaycanın çətin günlərində öz müəlliminə sədaqətini ləyaqətlə nümayiş etdirdi, düzgün, cəsarətli addımlar atdı. Akademik Ramiz Mehdiyev bu gün də gənclik ehtirası ilə çalışır, Heydər Əliyevin dövlətçilik ənənələrinin tədqiq olunması, öyrədilməsi və həyata keçirilməsində əvəzsiz xidmətlər göstərir.

 

Ulu öndərin yetişdirdiyi kadrlar içərisində özünəməxsus yeri olan, Heydər Əliyevi və Azərbaycanı qəlbən sevən, xalqına və vətəninə şərəflə xidmət edən şəxslərdən biridaxili işlər naziri, general-polkovnik Ramil Usubovdur. 22 ildir böyük və mürəkkəb bir sistemə rəhbərlik edən Ramil müəllim gecəsini gündüzünə qataraq Azərbaycana sədaqət nümunəsi göstərdi, bacarıqlı zabitlər yetişdirdi. O zabitlərin bir çoxu ölkəmizin asayişini qorumaqla yanaşı torpaqlarımızın bütövlüyü uğrunda canını əsirgəmədi. Yeni yaranmaqdainkişaf etməkdə olan ölkələrdə cinayətkarlarla mübarizə aparmaq ən vacib, ən əhəmiyyətli və ən çətin işlərdən biridir. Ramil Usubov bu çətin işin öhdəsindən ləyaqətlə gədiyi üçün xalqın böyük inamını və hörmətini qazandı. Həm nazir, həm zabit, həm ziyalı, həm də ağsaqqal kimi hər kəsin gözündə ucaldı.

 

Böyük Heydər Əliyev cənablarının Ramil müəllim haqqında dediyi sözlər hörmətli generalı xarakterizə etmək üçün kifayətdir. Bu sözləri heç bir prezident öz naziri haqqında belə açıq söyləməyib: "Neçə ki, mən Azərbaycana rəhbərlik edirəm, Ramil Usubov daxili işlər naziri işləyəcəkdir". Həyat göstərdi ki, böyük öndər nə qədər haqlı imiş.

 

Təbii ki, Heydər Əliyev məktəbində yetişən, onunla eyni vaxtda işləmək xoşbəxtliyini yaşayan vəzifəli şəxslər çoxdur. Bir yığcam məqalədə bu dəyərli insanların hamısı haqqında yazmaq imkansızdır. Ancaq baş nazirin müavini, Dövlət Qaçqınkomun sədri Əli Həsənovun adını çəkməsəm, heç doğru olmaz. Nədən ki, mənim məcburi köçkün həyatı yaşayan çoxlu qohum-əqrəbam var və dövlətin bu sahədə gördüyü məni sevindirməyə bilmir. Bayaq dediyim kimi, siyasi kursun banisi də, onun ləyaqətli davamçısı da məlumdur. Bu doğru-dürüst müəyyən olunmuş dövlətçilik ənənələrindən irəli gələn vəzifələrin icrasında da dəyərli, layiqli insanlar lazımdır və Əli Həsənov məhz bu cür insanlardandır. Yadınızdadırsa, cənab İlham Əliyev prezident seçilərkən xalq qarşısında söz vermişdi ki, çadır şəhərciyini ləğv edəcək. Etdi də. Nəinki çadır şəhərciyindən insanları abad evlərə köçürdü, hətta Bakı şəhərində ağır şəraitdə olan yataqxanaları söküb qaçqın və məcbur köçkünləri təzə, rahat mənzillərə köçürdübu proses indidavam etməkdədir. Bütün bu xeyirxah işlərin reallaşmasında Əli müəllimin və onun rəhbərlik etdiyi komitənin danılmaz əməyi vardır.           

 

İndi sual edirəm: qaçqın və məcburi köçkünlərə bu sevgi, bu humanist münasibət hardan gəlirdi? Şübhəsiz, ulu öndərimiz Heydər Əliyevdən! Mən Heydər Əliyevi qaçqın və məcburi köçkünlərin toylarında ürəkdən qol götürüb oynayan gördüm. Sanki öz doğma övladlarına toy edirdi, onların qayğısını çəkirdi.

 

Yadınızdadırsa, cənab İlham Əliyev də öz ad gününü mənim həmyerlilərimin - laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində onlarla birlikdə keçirdi. Yeri gəlmişkən, Taxtakörpü qəsəbəsində də qaçqın və məcburi köçkünlər üçün böyük qəsəbə salınıb, yerləri açılıb, yollar çəkilib. Evlər daimi qaz və işıqla təmin olunub.

 

Heydər Əliyev, valideynlərini Qarabağ müharibəsində itirmiş uşaqlarla da görüşəndə çox ağır hisslər keçirirdi. Həmin görüşlərdə uşaqlarla birlikdə şənlənir, onları ovundururdu.

 

Heydər Əliyevin unudulmaz xarici səfərləri hamının yaxşı yadındadır. Xoşbəxtlikdən mən də bu səfərlərdən birinin iştirakçısı olmuşam. 1994-cü ilin iyul ayının əvvəli idi, İran İslam Respublikasının prezidenti Haşimi Rəfsəncaninin dəvəti ilə, başda hörmətli prezidentimiz Heydər Əliyev olmaqla, böyük bir heyət İrana səfər etdik. Təyyarədə əyləşib uçuşa hazır olduğumuz zaman salonun girişində Heydər Əliyevin əzəmətli siması göründü. O, bir-bir hamımıza yaxınlaşaraq əl tutdu, əhvalımızı soruşdu. Səfərimizin ilk gününün axşamı İran prezidenti heyətdən 30 nəfəri qonaq çağırdı. Mən də o heyətdə idim. Orada Rəfsəncaninin ulu öndərimizə sonsuz hörmət və sayğısının şahidi oldum. Səhəri gün Rəfsəncaninin şəxsi təyyarəsi ilə İsfahan şəhərinə getdik, Şah Abbas məscidini ziyarət etdik. Sonra Şah Abbas tərəfindən inşa edilmiş möhtəşəm körpü ilə tanış olduq. Körpünün üstündə hər iki yandan piyada yolu vardı. Digər yol isə yerli daşdan yonulmuş iri pilləkənlər idi. Heydər Əliyev yolunu ordan saldı. Pilləkənlər iri olduğundan hərəkət etmək çətin idi. Heydər Əliyev pillələri cavanlıq eşqi ilə çıxır, hərdən arxaya boylanıb gülə-gülə bizə ürək-dirək verirdi. Mənzil başına çatanda ətrafında toplaşdıq, gülə-gülə bizə "İdmanla az məşğul olursunuz" - dedi.

 

Heydər Əliyev "Biz sizin yolunuzda ölümə hazırıq" - deyənlərə "Ölmək lazım deyil, qələbəyə getmək lazımdır" - cavabını verirdi.

 

Düşünürəm ki, hər birimiz məşğul olduğumuz sahədə şərəf və ləyaqətlə işləməklə, çalışmaqla ulu öndərimizin ruhunu şad etmiş olarıq.  

 

Heydər Əliyevin şəxsiyyəti haqqında bundan belə də çox yazılacaq, çox deyiləcək. Onun parlaq şəxsiyyəti bütün zamanlar üçün yenidən tədqiq olunmağa ehtiyac yaradır. O, aydın və işıqlı sabahlara bizimlə birlikdə addımlayır. Heydər Əliyev Azərbaycan üçün nə etmədi?

 

Bir anlıq düşünək ki, Tanrı bu böyük şəxsiyyəti bizə nəsib etməyib. Halımız necə olardı? Yəqin ki, on səkkizinci əsrdəki kimi altı-yeddi xanlığa bölünmüşdük, bədnam qonşularımız isə, ən azı gəlib Kür çayına çıxmışdı.

 

Sarsılmaz dövlətçilik, ordu quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, tibb, idman və digər başqa vacib sahələrdə qazandığımız hər uğura görə Heydər Əliyevə minnətdar olmalıyıq.

 

Bugünkü Azərbaycan üçün ona borcluyuq!    

 

Allah o böyük şəxsiyyətə qəni-qəni rəhmət eləsin, məzarı nurla dolsun!

 

Kamil HƏSƏNOV

İqtisad elmləri namizədi

525-ci qəzet.- 2016.- 3 may.- S.4