Böyük ədibin irsinin
parlaq nümunələri
MİR CƏLAL
PAŞAYEVİN HEKAYƏ YARADICILIĞI HAQQINDA QEYDLƏR
Mir Cəlal Paşayev
Azərbaycan ədəbiyyatının
ən dəyərli nümayəndələrindən biridir.
20-ci illərin sonunda
yaradıcılıq aləminə
şeirlə gəlmiş
ədib, tezliklə istedadlı oçerk və hekayələri ilə tanınıb. O, milli şifahi ədəbiyyatın,
klassik və müasir bədii nəsrin ən yaxşı ənənələri
əsasında yetişib,
mahir hekayə ustası və romançı kimi yüksəlib. Müəllifin onlarla hekayə
və novellası, ədəbiyyatımızın Qızıl Fondunda layiqli yerini alıb.
Azərbaycan nəsrinin inkişaf
tarixində özünəməxsus
yeri olan Mir Cəlal tələbəlik
və müəllimlik
illərində, Gədəbəy
və Kirovabadda (Gəncədə) işləyəndə,
Kazanda ali təhsil alanda, Ağ dəniz - Baltik kanalında yaradıcılıq ezamiyyətinə,
sonralar respublika qəzetlərində işi
ilə əlaqədar
müxtəlif yerlərə
gedib, müxtəlif adamlarla görüşəndə
bir yazıçı
kimi həyatı dərindən müşahidə
edib, hərtərəfli
öyrənib. Buna görə də əsərlərinin həyat
mayası həmişə
güclü olub, oxucuları maraqlandıran
mühüm suallara cavab verə bilib. Otuzuncu illərdə tez-tez
oçerklərlə çıxış
edib, həyatın nəbzini tutmağı bacaran yazıçı bir neçə səhifəlik yığcam
əsərlərdə yaradıcı
əməyin böyük
gücünü məharətlə
tərənnüm edib.
Azərbaycanda hekayə janrının inkişafında ədibin
mühüm rolu tədqiqatçılar tərəfindən
dəfələrlə qeyd
olunub. Mir Cəlal
görkəmli hekayəçidir,
ədəbiyyatımızda bu janrın ən istedadlı nümayəndələrindəndir. Ədib yaradıcılıq
dövründə Cəlil
Məmmədquluzadə, Ə.Haqverdiyev,
S.S.Axundov kimi yazıçıların adı
ilə bağlı olan ənənələri
davam və inkişaf etdirib. Mir Cəlalın mövzu
dairəsi genişdir.
Yumoristik-satirik əsərlərində
köhnə adətləri,
laqeydlik və tənbəlliyi, bürokratizmi
amansız tənqid atəşinə tutan yazıçı ilk hekayəsi
"Həkim Cinayətov"dan
başlayaraq, əsərlərinin
mərkəzinə ciddi
əhəmiyyətə malik
ictimai problem qoymuş,
nöqsan və kəsirləri kəskin tənqid atəşinə
tutmuşdur.
"Anket Anketov", "İclas qurusu", "Təzə toyun nəzakət qaydaları"
kimi onlarca hekayəni buraya aid etmək olar. Mir Cəlal lirik
hekayələrində yeni
insanı, onun yüksək mənəvi
keyfiyyətlərini tərənnüm
etməklə ciddi əxlaqi məsələləri
qabaqcıl mövqelərdən
işıqlandırıb.
Yumor və satira Mir Cəlal yaradıcılığının əsas cəhətlərindən
biridir. Onun ilk hekayələrində özünü göstərən,
əsərdən-əsərə güclənən incə
yumor böyük tərbiyəvi əhəmiyyətə
malikdir. Ədib həyatın
inkişaf sürətindən
geri qalanlara, avamlığa gülür,
yalançı və
əliəyriliyi, şəxsi
mənfəətini güdmək,
xalq mənafeyinə laqeydlik kimi nöqsanları amansız
satira atəşinə
tutur.
İkinci Dünya Müharibəsi illərində yazıçının
fəaliyyəti daha da güclənir. O, öz
əsərlərində xalqın
layiqli övladlarının
vətənə məhəbbət
və igidliyini, sədaqətini, qələbəyə
inamını əks etdirən maraqlı hekayələr yazır. Müharibə illərində də
o öz üzərində
davamlı işləyib,
əsərlərinin sənətkarlıq
səviyyəsinə xüsusi
fikir verib. Məhz buna görə də həmin əsərlər bu gün də əhəmiyyətini itirməyib.
Ədib sonrakı dövrdə də hekayələrində
həyatın müxtəlif
sahələrinə toxunub,
"Əsgər oğlu",
"Aqil insan" hekayələrini yazıb.
Realist ədib adi
görünən hadisələri
qələmə alarkən
ümumiləşdirici, mənalı,
zəruri təfərrüatları
yerində işlətməklə
canlandırdığı səhnəni
genişləndirir, surətlərin
hissləri ilə yanaşı ictimai mövqeyini də açır. "İftixar"
hekayəsində qoca müəllim iyirmi il əvvəl
əlifba öyrətdiyi
şagirdlərinin müvəffəqiyyətlərini,
şəxsi xoşbəxtliklərini
görüb deyir: -
"Mən inanıram
ki, sizin ictimai xidmətiniz çox yüksək olacaqdır. Bizdə həmişə belə olur, tələbə müəllimini,
şagird ustasını,
övlad atasını
ötür".
Yazıçı bir sıra başqa hekayələrində izlədiyi bu inkişafı cəmiyyətin qanunauyğunluğu kimi göstərir və əsaslandırır. Mir Cəlalın hekayələri həyatilik, ictimai məzmun dərinliyi, sənətkarlıq səviyyəsinin yüksəkliyi ilə diqqəti cəlb edir. Həssaslıqla qəhrəmanlarının daxili aləmini açan yazıçı oxucunu mənəvi paklığa, yaradıcı əməyə çağırır. Mir Cəlalın "Subaylıq fəlsəfəsi" və "İnsanlıq fəlsəfəsi" adlı iki hekayəsinə nəzər salaq. Birincidə "Subaylıq sultanlıqdır" deyə özündən başqa kimsə haqqında fikirləşməyən, ictimai həyatdan, vətəndaşlıq borcunun icrasından geri çəkilən, ömrün mənasını hərcayi keyfdə görənlərin çürük "fəlsəfələrini" qəzəblə rədd edən müəllif, ikincidə insan əzəmətinin mənasını, ölməzliyini şairanə boyalarla həkk etmişdir. Bənna Baxış vaxtsız öləndən sonra iş yoldaşları ailəsini yaddan çıxarmır, özlərini namuslu əmək dostlarını kollektivin daimi üzvü bilir, oğlu Nadiri atasına əvəz hazırlamayınca, şəklini şərəf lövhəsindən götürmürlər. Yazıçı "tikənlər, quranlar nəslini" təmsil edənlər arasında insani münasibətləri alqışlayır. Mir Cəlal "Təsadüf ya zərurət" hekayəsində xalqlar dostluğunu tərənnüm edir, "insanlıq fəlsəfəsinin" hökm sürdüyü cəmiyyətdə inkişafı zərurət kimi mənalandırır.
Mir Cəlal özünün bir neçə əsərini "Məzəli hekayələr" adı altında birləşdirməklə aydın münasibətini amansız bir kinayə ilə bildirmişdir. Zahirən XX əsrin mədəni adamı kimi geyinən, ancaq qohumunun məsul vəzifədə olmasından istifadə edənlərin, sözdə, gənclərin yürüşü kimi təşəbbüsləri alqışlayan, amma Bakıda qalmağa, işin asanından, vəzifənin böyüyündən yapışmağa cəhd edən, bu yolda çirkin vasitələrdən çəkinməyənlərin, gənclik qürurunu tapdayan, şəxsi mənfəəti olmayan yerdə salam verməyən yaltaqların, mədəniyyətdən kənar savadsızların, özündən bacarıqlı, hörmətli iş yoldaşının "dərisini soya bilmədiyi" üçün təəssüf edən vicdansızların hərəkətlərinə böyük ədibimiz qəzəblə gülür, oxucunu da gülməyə və düşünməyə sövq edir. Onun "Gənc şairin ərizəsi", "Səyyah xanım", "Xarici naxoşluq", "Qəbul imtahanı", "Mənim səmimi dostum", "Rola girib", "İki qız bir oğlan" kimi hekayələri mühüm ictimai-əxlaqi məsələlərə həsr olunub.
Sözə insanın təfəkkür və hissinin, mədəni səviyyəsinin, hadisələrə münasibətinin ifadəsi kimi baxan yazıçının dilinin aydınlığı müdafiə etdiyi ideyanın dürüstlüyü ilə vəhdətdədir. Ədib həyatı, qələmə aldığı materialı yaxşı bildiyi üçün təfəkkürü də aydındır. Buradan da dilin və formanın aydınlığı doğur. Mir Cəlalın əsərlərinin, xüsusilə kiçik hekayələrinin böyük müvəffəqiyyətinin sirri də bundadır.
Müəllif fərqli mövzulu hekayələrində müxtəlif məsələləri, əxlaqi-tərbiyəvi motivləri, ailə-məişət məsələləri, adi əhvalatlardakı dərin mətləbləri, aktual və gərəkli hadisələri həvəslə oxucuya çatdırırdı. Onun yumoristik və satirik əsərlərində lirika olduğu kimi, lirik əsərlərində də çox vaxt mənalı gülüş, tənqidi ruh var. "Qonaqpərəst", "Dost görüşü", "Vicdan əzabı", "Müalicə", "Həkim hekayələri" (1938-1939) silsiləsində yazıçı yalnız mənəviyyatca yox, fiziki cəhətdən də sağlam adamlar yetişdirməyi vacib sayır, bədii əyaniliklə zərərli vərdiş, yalnız etiqad və əxlaqi naqislik hallarına qarşı çıxırdı. O, bəzən sərt, kəskin, bəzən də mülayim-yumşaq, ayıldıcı-saflaşdırıcı gülüşə arxalanırdısa, bəzən də lirik -psixoloji motiv və məqamlara üstünlük verirdi.
"Dərgah qızı", "Gözün aydın", "Badamın ləzzəti", "Nanənin hünəri" forma və məzmun xüsusiyyətləri, bədii detalları, müqayisə və təsvirləri baxımından məharətlə yazılmış hekayələrdir. Burada qadının yenilik axtarışları, hüququ uğrunda mübarizə cəhdləri, şəxsi-ictimai təşəbbüskarlığı sosial mühit və amillərin təsiri, yeni əlaqə və münasibətlərin nəticəsi kimi ümumiləşdirilmişdi.
Onun əsərlər içərisində "Badam ağacları" xüsusilə seçilir və nəsrimizin qiymətli nümunəsi kimi diqqəti cəlb edir. Burada real fakt, mənalı təfərrüat və canlı xarakter vasitəsilə, möhkəm süjetdə təbii əks olunmuş hadisə və vəziyyət əsasında müstəmləkə siyasətinin mahiyyəti açılır. Ədibin realist üslubunu, təsvir-təcəssüm üsulunu əlvanlaşdıran bir keyfiyyət burada da gözlənilir. Həyat faktının, ictimai hadisənin, mənəvi-psixoloji ovqatın inikası ideya-bədii məzmunun tələbi ilə əlaqələndirilir.
Tərbiyə problemi, müəllim-şagird-tələbə münasibətləri Mir Cəlalın yaradıcılığında xüsusi yer tutur. Ağıllı, namuslu, mərd övlad, həqiqi vətəndaş böyütmək haqqında düşünən, zəhmət çəkən, yollar axtaran ata-anaları, baba-nənələri, müəllim-tərbiyəçiləri sənətkar məharətlə təsvir edib, onların yaddaqalan, maraqlı surətlərini yaradıb. Ümumiyyətlə, Mir Cəlal tərbiyə-əxlaq probleminə dair elə mövzular seçib, elə hadisə və surətlər qələmə alıb ki, onlar oxucunu düşündürür, mənəviyyatca saflaşdırır, düzgün istiqamətləndirir. "Əsgər oğlu", "Ulduz", "Plovdan sonra", "Nazik mətləb", "Naxış", "Vicdan mühakiməsi", "Müdafiə vəkili" və başqaları belə hekayələrdəndir.
Ədibin "Səyyah xanım", "Xarici naxoşluq", "Dil və əməl", "Məhəbbət, yaxud qəlp pul", "Hesap dostları", "Neçə cür salam var", "Möhür və məhəbbət" hekayələri də mənəviyyatla bağlı məsələləri, insan münasibətlərini ustalıqla işıqlandırdığı yaradıcılıq nümunələridir.
Təsadüfi deyil ki, akademik Məmməd Arif Mir Cəlalın əsərlərindən aldığı xoş, güclü, unudulmaz təəssüratın başlıca səbəbini, hər şeydən əvvəl, onun üslubundakı səmimiyyət, sadəlik və təbiiliklə bağlayır, bu cəhəti ən yaxşı yazıçılara xas keyfiyyət kimi yüksək qiymətləndirirdi: "Mir Cəlal uzunçuluğu, sözçülüyü xoşlamır, yığcam, konkret və təbii yazırdı. Bu, onun üslub xüsusiyyəti idi. Bütün bunları başqalarına da tövsiyə edir, imkan düşdükcə öyrədir, müzakirə və redaktə zamanı köməyini əsirgəmirdi".
Ədalət
RƏSULOVA
AMEA Nizami adına Ədəbiyyat nstitutunun
əməkdaşı
525-ci qəzet.- 2016.- 4 may.- S.4.