Dünyadan DÜNYAYA səyahət
Mütləq gərək bu cümlə ilə başlayım ki, son 4-5 ilə Azərbaycan Yazıçılar Birliyinin
"Natəvan" klubunda
bu cür izdiham görməmişdim. Başqaları bəlkə də görüb, onlarla işimiz yox. Amma həqiqətən də iynə atsaydın, yerə düşməzdi.
Dəyirmi masada yubilyarın ətrafına
Azərbaycan elmi, ədəbi, mədəni
həyatının ən
qaymaq simaları yığışmışdı. Yubilyar da ki,
hər zamankı kimi öz baməzə
söhbətlərindən qalmırdı...
DÜNYA-dünya
Hər bir həqiqi yazıçı
əslində yaşadığımız
dünyaya paralel olan bir dünyanın
daşıyıcısıdır. Onu elə
yazıçı edən
hansısa ixtisas vərdişləri yox, məhz belə dünyaya sahiblənməsidir.
Bu cür dünyaları
çox görmüsüz.
Məsələn, Dostoyevski dünyası,
Tolstoy dünyası, Herman Hesse,
Platonov, Kafka dünyaları
və s. Etiraf edək ki, o dünyalara düşəndə
yaşadığımız dünyanı unutmuşuq.
Amma səd heyf ki, yenidən
öz "mənzil qərargahımıza" qayıdandan
sonra dünyamızın
o biri dünyaların
yanında nə qədər cılız olmasının acısını
da çox yaşamışıq...
Seyran Səxavət
də müasir Azərbaycan ədəbiyyatında
alternativ dünyanın
daşıyıcısı olan tək-tük yazıçılardandı. Sanki özü öz dünyasını qoltuğuna
vurub uzaq bir yerdə, hamıdan kənarda yaşayır. Bu dünyada yaşayır və DÜNYAnı yaşadır. Əslində
"Nekroloq" dünya
yox, DÜNYA üçün
yazılan başsağlığı,
"Yəhudi əlifbası"
DÜNYAnın gizli, sakral şifrəsidir...
"Qədir Rüstəmovla
atüstü söhbət"
də burada edilib, "Karusel" də burada fırlanıb, "Bir kisə kartof" da burada yığılıb,
"Ət taxtası"
da burada hamarlanıb, "İt intervyu"su da burada alınıb...
DÜNYADAN
çıxaq, gedən
dünyaya... Balaca dünyanın balaca
Azərbaycanında balaca
Yazıçılar Birliyində
böyük DÜNYAlar
əyləşmişdi. Əvvəlcə Xalq yazıçısı
Anar danışdı.
Ənənəvi reportaj üslubundan
uzaq yazıya baş qoyduğumuz üçün ardıcıllığı
sadalayıb, vasitəli
nitqlərə çox
yer verməyəcəyik.
Amma bəzilərindən bir-iki
sitatı ona görə çəkəcəyik
ki, onlar da Seyran Səxavətdəki
DÜNYAnın açımı
üçün çox
yaxşı işarələrdir.
Məclis nə qədər
zarafatyana atmacalarla, baməzə sözlərlə
dolu olsa da o məclisin əsas idarəçisi İntiqam Qasımzadə yox, hansısa mübhəm bir AĞRI idi. Mən şəxsən o AĞRInı tanımadım.
Görməyinə gördüm, amma
salamlaşa bilmədim
heç. Amma akademik Hatəm Quliyev salamlaşdı, Sabir Rüstəmxanlı ona uzaqdan əl
elədi, Fazil Mustafa onun qarşısında rəsmiyyətdən kənar
oldu, Flora Kərimova isə həssas qəlbi ilə dözməyib o AĞRInın
qarşısında göz
yaşı tökdü...
Fuad Poladov yenə iradə damarını göstərib
"buna da şükür" dedi... Bir sözlə Seyran Səxavətin 70 illik yubileyi Füzulidəki Yağlıvənd
kəndinin AĞRI şivəsində
danışırdı...
Damcı
sitatlar...
"Seyran Səxavətin
bir cümləsi var: "Uzaqdan baxanda Yer kürəsi
çürük toxuma
bənzəyirdi, yaxınlaşanda
isə gördüm ki, heç toxum da yoxdu,
boş, çürük
idi". Siz yazıçının böyüklüyünə
baxın ki, bir sözü aradan çıxarmaqla necə böyük mənanı əks etdirdi. Mənim üçün "Nekroloq"
romanı təkcə
o cümlədi. Yerdə
qalanı isə təfsirdi" - bunu çıxışında Əlirza
Xələfli dedi. Ola bilsin ki, yazıçıdan gətirdiyi
sitatda hansısa yanlışlıq oldu, lakin məclisin yaratdığı təbiiliyə
toxunmamaqdan ötrü
ona düzəliş vermədik (Ustad Seyran Səxavət, yəqin ki, bizi bağışlayar).
Amma şair simə çox yaxşı toxunmuşdu. Yuxarıda dediyimiz
"DÜNYA və dünya"
münasibətlərini çox
yaxşı yozmuşdu.
Sağ olsun...
Bakı
Dövlət Universitetində
müəllim işləyən
və Seyran müəllimin tələbəlik
yoldaşı olan bir xanımın qısa nitqi isə, yəqin ki, yazıçını
keçmişə aparmaqla
onun ürəyində,
daxilində gizli bir yağış yağdırdı... Göz
yaşı yağışı....
Amma təkcə göz yaşının yox, nə zamansa
həmin xanım tərəfindən yuyulmuş
köynəkdən süzülən
damcılar idi... Sözlər də damcılaşa bilərmiş...
...Və damcı şəklində ən kamil aktyorlardan birinin- Fuad Poladovun
dilində maddiləşərmiş:
"Seyran Səxavətlə
20 il eyni binada yaşamışam. Sən demə, mən 20 il
cənnətdə yaşamışammış.
Seyran köçüb
gedəndən sonra
o binanın qədrini
bilməyə başladım.
Bizdə kimdən necə olduğunu soruşanda belə cavab verər: "Buna da şükür". Mən Seyran Səxavətin 50 illik yubileyində də, 60 illik yubileyində də olmuşam. İndi də 70 illik
yubileyində iştirak
edirəm. Deyirəm ki,
buna da şükür.
Seyran, sənin 75 illik yubileyin olanda mənim 73 yaşım olacaq. Arzu edirəm ki,
gəlim orada iştirak edim və yenə də deyim ki,
buna da şükür".
"Qapı-adamlar"
Məclisdə Xalq şairi Nəriman Həsənzadə,
jurnalist İntiqam Mehdizadə, BDU-nun müəllimi
Almaz xanım, deputat Fazil Mustafa da gözəl çıxış etdilər.
Amma uzun müddətdir ki, Seyran müəllimin yaradıcılığını araşdıran Xəyalə
Əfəndiyeva o DÜNYAya
məktubu ilə çox gözəl bir yekunun müəllifi
oldu:
"... Qapı müqəddəs
şeydi... Seyran Səxavət belindən gəldiyi Sözə oxşadığı qədər
həm də Qapıya oxşayır.
Dünyanın bütün
eybəcərliklərinin, yolunu
azanların, özünü
itirənlərin üzünə
çırpılan, yaxşıların,
doğruların üzünə
daim açıq olan, Haqqın yolunda bütün ömrü boyu təmənnasız xidmət
göstərən, həm
də qucaq açdığını Qala
kimi qoruyan, İşığa sarı
açılan Tanrı
Qapısına...
Özümü qanandan Onu elə Qala qapısı
kimi görmüşəm
- alınmaz, əyilməz...
Bircə Sözün qabağında diz çöküb...
Dünyanın bu "qaçhaqaç"ında
- "adamların düz
sözdən, vicdandan,
Allahdan qaçdığı,
hamının yaddaşına
virus düşdüyü bir
vaxtda" bu Qapı ondan keçənlərin
bircəciyini də unutmayıb.
Yaşatmağı bacarmaq hər kişinin işi deyil, yaşananları ağ kağızın
yaddaşında əbədiləşdirmək
can üstə olan adama dirilik suyu
vermək kimidi. Bunu bacarmaq üçün Seyran Səxavət olmaq lazımdı.
Öz balasından
ötrü bir kəsin qapısını
döyməyib, bir kəsə ağız açmayıb yalnız Sözün xətrinə
hər cür fədakarlığa təmənnasız
qucaq açmaq üçün Seyran Səxavət olmaq lazımdı.
Üzünün nurunu sözlərinə töküb bütün yaxşılıqlara yol salmaq - Qapı açmaq üçün
Seyran Səxavət olmaq lazımdı.
Qismətinə yazılan adamları
Allahın verdiyi pay kimi əzizləmək üçün Seyran Səxavət olmaq lazımdı.
Sən bizim qismətimizə yazılan Tanrı payısan, Ustad!...
Nə yaxşı ki, Varsan! - deyə
bildiklərimiz bizə
Taleyin ən gözəl qismətidir. Dedikləri Söz isə bizə əmanətdir
Tanrının əmanəti...
Yaxşı ki, Varsan, Ustad! Yüz yaşa! Var ol!
Sözün müqəddəsliyini Bəylər dədənin,
Əsgər kişinin,
Zərif ananın ruhu təkin ağırlayıb-əzizlədiyin üçün Var ol!
Biz Səni anlayanda, Səndən keçib durulanda Həqiqətə
çatacağıq, Ustad!
- Qapılar üzümüzə
açılacaq, Yolumuz
Aydınlanacaq...
Yolçu yolda gərək!
Qapımız bağlanmasın...
Yolumuz aydın olsun! "
Nəticə...
Hərdən həmin o DÜNYAya
da gedin... Seyran müəllim sizləri yaxşı qarşılayacaq... Xəyalə
xanımın dediyi
QAPI kimi hamının
üzünə açılacaq...
Amma bir şərtlə- çalışın
yolun yarısında əsnəməyin... Yoxsa
QAPI bağlanacaq... DÜNYAdan
dünyaya düşmək
isə heç də yaxşı hal deyil....
Elmin NURİ
525-ci qəzet.- 2016.- 4 may.- S.4.