"Yazıçı-publisist
və pedaqoq Eynəli bəy Sultanov"
AMEA
NAXÇIVAN BÖLMƏSİNDƏ BU MÖVZUDA ELMİ
KONFRANS KEÇİRİLİB
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan
Bölməsində Naxçıvan
Dövlət Universiteti,
"Naxçıvan" Universiteti, Naxçıvan Müəllimlər
İnstitutunun birgə
təşkilatçılığı ilə keçirilən Eynəli bəy Sultanovun anadan olmasının 150 illiyinə
həsr olunmuş elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik bildirib ki, Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi sədrinin
"Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi
haqqında" 2016-cı il 15 fevral tarixli Sərəncamı ilə görkəmli yazıçının yubileyi
muxtar respublikada geniş qeyd olunur. Eynəli bəy Sultanov 1866-cı il may ayının
5-də Naxçıvan şəhərində
anadan olub.
1882-ci ildə öz evində "Ziyalılar cəmiyyəti" təşkil
edərək şəhərin
bütün tərəqqipərvər,
açıq fikirli adamlarından Paşa ağa Sultanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Mirzə Ələkbər
Xəlilov, Əsəd
ağa Kəngərli,
Qurbanəli Şərifov,
Baxşəli ağa Şahtaxtlı, Nəsrulla
Şeyxov və başqalarını həmin
cəmiyyətə cəlb
edib. Qeyd olunub ki, bu cəmiyyətdə dövrün ictimai-siyasi, qadın azadlığı
məsələləri müzakirə
edilir, yeni məktəblər, kitabxanalar
açmaq qərara alınır, elmi-ədəbi
mübahisələr keçirilirdi.
Burada Aleksandr Puşkin, Lev
Tolstoy, Belinski, Dobrolyubov
kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir və fikirləri üzərində
elmi mübahisələr
aparılır, xalqı
qəflət yuxusundan
oyatmaq üçün
hər cür səy göstərilirdi. Unudulmaz qələm sahibi bədii yaradıcılıq
sahəsində də
öz istedadını
sınamışdı. XIX əsrin 80-ci illərindən
ədəbi fəaliyyətə
başlayan ədibin
"Azərbaycan qızı"
("Tatarka") pyesi
Naxçıvanda tamaşaya
qoyulub, 1904-cü ildə
İrəvanda kitab halında nəşr edilib.
Qadın azadlığı məsələsinə
həsr edilən bu pyes dövrün
ziddiyyətli məqamlarını,
qadına olan ögey münasibəti və bu vəziyyətdən
çıxış yolunu
göstərən dəyərli
əsərdir. Bununla yanaşı, Eynəli
bəy Sultanov "Atalıq", "Səhhət
- verirsən, vermirsən"
kimi pyeslər, hekayələr və şeirlər yazıb, əsərlərində köhnəliyin
tənqidi, maarifçi
ideyaların təbliği,
folklor motivlərinin tərənnümü, milli
dəyərlərimizin və
qədim adət-ənənələrimizin
təsviri öz əksini tapıb. Eynəli bəy Sultanov Naxçıvan folkloru materiallarını da toplayıb, müasiri olduğu yazıçı
və şairlərin
əsərlərinə məqalə
və resenziyalar yazıb.
Yazıçı-publisist müxtəlif vaxtlarda ədəbi tərcümə ilə məşğul olub, Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər"
və "Hacı Qara" komediyalarını,
Sədinin "Gülüstan"
kitabından nümunələri
və Baba Tahirin
"Allah insan məhkəməsi
qarşısında" adlı
ictimai ruhlu məsnəvisini rus dilinə, Maksim Qorkinin "Həyatdan lövhələr", Vladimir Mayakovskinin
"Bakı" şeirini,
Krılovun "Tülkü
və üzüm"
təmsilini Azərbaycan
dilinə tərcümə
edib.
Konfransda
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun elmi işçisi Elxan Yurdoğlu "Eynəli bəy Sultanovun həyatı və yaradıcılıq yolu",
Naxçıvan Dövlət
Universitetinin dekanı,
dosent İman Cəfərov "Eynəli
bəy Sultanov və "Molla Nəsrəddin" ədəbi
məktəbi", AMEA Naxçıvan
Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
dosent Əkrəm Hüseynov "Eynəli bəy Sultanov və folklor", "Naxçıvan" Universitetinin
dosenti Nurlana Əliyeva "Eynəli bəy Sultanov Məhəmmədtağı Sidqinin
müasiri kimi" mövzularda məruzələrlə
çıxış ediblər.
Nərgiz İSMAYILOVA
525-ci qəzet.- 2016.- 5 may.- S.7.