Mirzə Cəlilin "Huşyar dostu"

 

(Anadan olmasının 150 illiyi ərəfəsində Eynəli bəy Sultanovun portret cizgiləri) 

 

Tərifli söz deməyə ömrü boyu xəsislik eləmiş C.Məmmədquluzadə-Mirzə Cəlil həyatının son illərində, bir qədər də qəmgin və nisgilli əhvali-ruhiyyə ilə qələmə aldığı “Xatirələr”ində Naxçıvanda keçən cavanlıq çağlarını yada salaraq yazırdı: “Mən özüm darülmüəllimini qurtaran zaman Naxçıvanda həmin bir halda özümdən hüşyar dostlara rast gəldim”.

Maraqlıdır, ötən yüzilliyin ən “hüşyar” azərbaycanlısı bu ada özündən daha artıq  kimi layiq bilirdi? Əyalət Naxçıvanında ağlı, biliyi, müdrikliyi ilə Qori seminariyasının məzununu heyrətləndirən şəxs kim ola bilərdi?

Sualın cavabını elə Mirzə Cəlilin “Xatirələri”ndə tapırıq:  “Mənim səsimə səs verən sindaşlarımdan (həmyaşıdlarımdan) qabaqca əzizim Eynəli Sultan oldu. O vaxtlar arvadlarımızın əsarətdə olmaq söhbətləri təzə-təzə meydana çıxmaq istəyirdi və birinci dəfə arvadları müdafiə eləyən sözləri Eynəli yoldaşımız vasitəsi ilə məşhur arvad azadlığı tərəfdarı Con Stüart Millin kitabında (söhbət ingilis filosofunun rus dilinə tərcüməsi ilk dəfə 1869-cu ildə Sankt-Peterburqda nəşr olunan “Ïîä÷èíåííîñòü æåíùèí” – “Qadınların asılılığı” əsərindən gedir – V.Q.) oxudum”.

“O vaxtlar” XIX əsrin 80-ci illərinin sonu idi və Qoridə, nisbi sərbəstliyi, açıqfikirlilik və dünyəvi ənənələri ilə seçilən seminariyanı  bitirib Naxçıvana qayıdan gənc Mirzə Cəlilin bu heyranlığında qeyri-adi bir şey axtarmağa lüzum yoxdu. Gur və maraqlı təhsil həyatından sonra sakitliyi yalnız “Allahu-əkbər!” sədaları ilə pozulan patriarxal mühit ona əvvəlkindən də durğun və qaranlıq görünürdü. Sanki işıqlı dünyadan zülmətə dönmüşdü. Belə şəraitdə Eynəli bəy Sultanov kimi iki-üç nəfər milli ziyalının meydanda olması cavan seminariya məzununun nəzərində heç şübhəsiz, qaranlığa düşən işıq timsalında idi.

Lakin aradan az qala yarım əsrlik bir vaxt keçəndən sonra bütün islam dünyasında yeni ədəbi istiqamətin –“Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, “Ölülər” və “Anamın kitabı” və s. dahiyanə əsərlərin müəllifi kimi tanınan Mirzə Cəlilin 1925-ci ildə Eynəli Sultanova  məktubu yuxarıdakı sözlərin ani, ötəri heyranlıq hissinin təsiri altında yazılmadığını, təbii və həqiqi dostluq duyğusu kimi böyük sənətkarın ürəyində  illər boyu yaşadığını göstərir. Üstəlik, burada başqa bir ciddi tarixi etiraf da var – Mirzə Cəlil yaradıcı həyata qədəm qoymasının başlıca səbəbkarının da Eynəli bəy olduğunu açıqlayır.

Həmin 1925-ci ildə 56 yaşlı Cəlil Məmmədquluzadə qırx illik həmfikrinə, 59 yaşlı “hüşyar” dostuna içdən gələn səmimiyyətlə yazırdı: “Ancaq Şuranı (söhbət Eynəli bəyin oğlundan gedir. Əsl adı Çölü idi və babasının şərəfinə belə adlandırılmışdı. Lakin ailə daxilində, yaxın çevrədə daha çox Şura kimi tanınırdı və gözləntilərin əksinə olaraq adın yeni rejimlə - xalq arasında Şura hökuməti kimi tanınan  sovetlərlə  bağlılığı yox idi - V.Q) mən bu dəfə yaxşı gördüm. Və xüsusən elə saatlar olurdu ki, onunla rubəru (üzbəüz) oturanda keçmiş günləri yada salırdı. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub cavanlıq həvəsi ilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda doğrudan da məni maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım”.

Bu etiraf çox şey deyir.

Mirzə Cəlilin belə minnətdarlıq hissi ilə yad etdiyi, böyük ədəbiyyata gəlişində xeyirxahı saydığı Eynəli bəy Sultanov xalqımızın ədəbi-ictimai fikir tarixində əhəmiyyətli rol oynayan yaradıcı simalardandır. Amma onu da təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu təvazökar və fədakar qələm adamının çoxcəhətli yaradıcılıq irsi, geniş maarifçilik fəaliyyəti, dövrün mədəni və siyasi həyatdakı rolu yetərincə araşdırılmayıb.

Bəlkə də əsas səbəb hər şeydən öncə Eynəli bəyin Azərbaycan mədəniyyətinin  hadisə və şəxsiyyətlərlə son dərəcə zəngin bir dövründə yaşayıb yaşayıb-yaratması ilə bağlıdır?  Çünki çox vaxt korifeylərin şöhrəti işığında onların bəzi müasirləri, sənət dostları, həmkarları görünməz olur.  Hətta korifeylər onları özlərinə müəllim, yol göstərən hesab etsələr də...

Yəqin unudulan, az öyrənilənlərlə bağlı təəssüf hissi keçirməklə yanaşı həm də qürur duymaq lazımdır ki, XX əsrin əvvəllərindəki  ədəbi-ictimai fikir və mədəniyyətimiz belə fenomenal xüsusiyyətə malikdir – hara baxsan inqilabi dəyişikliklərə imza atmış şəxsiyyətlər, xalqın işıqlı taleyi uğrunda özlərini oda-közə vuran  vətənpərvərlər görmək mümkündür!

Cəlil Məmmədquluzadənin böyük müasiri Eynəli bəy Çölü bəy oğlu  Sultanov 1866-cı il mayın 5-də  (təvəllüd tarixi ilə bağlı uzun müddət davam edən mübahisələrə akademik İsa Həbibbəylinin İrəvan arxivlərində aşkara çıxardığı və Eynəli bəyin qədim Azərbaycan şəhərində dairə məhkəməsi katibi olarkən öz əli ilə doldurduğu formulyar siyahı son qoymuşdur –V.Q.) Naxçıvanda, yoxsullaşmış zadəgan ailəsində doğulub.

Təbiətin hər şeyi xüsusi sərtliklə bəxş etdiyi bu qədim torpağın insanlarına xas gözüaçıqlıq, zəhmətsevərlik, elmə və biliyə tükənməz məhəbbət kiçik yaşlarından Eynəli bəyin yol yoldaşı olub. İlk təhsilini, əsası XIX əsrin 30-cu illərində qoyulmuş Naxçıvan qəza məktəbində alıb. Dərslərin əsasən rus dilində aparıldığı yeganə tədris müəssisəsində onun müəllimləri sırasında  xoşbəxtlikdən öz həmvətənləri - azərbaycanlılar da vardı.

Tiflisdə, rus çarı Aleksandrın adını daşıyan Müəllimlər institutunu uğurla başa vurduqdan sonra Naxçıvana göndərilən Fərəc bəy Sultanov (1860-1914) şagirdlərin bir çoxunun nəzərində aludəsi olduqları macəra romanlarının qəhrəmanlarından o qədər də fərqlənmirdi.  Fərəc bəy Şuşa qəzasının Saracıq kəndində doğulmuşdu. Həyatını Zaqafqaziya Dəmir Yolu İdarəsinin məmuru kimi başa vursa da, dəli-dolu gənclik yaşamışdı. İmperiyanın hüquqsuz təbəələri sayıldıqlarından tələb və ehtiyaclarına  əhəmiyyət verilməyən “başıaşağı müsəlmanların” ictimai-siyasi proseslərə qarışmaması haqqındakı ənənəvi mifi dağıdıb Tiflisdəki xalqçılar dərnəyinin fəal üzvlərindən biri kimi ad çıxarmışdı. Naxçıvan qəza məktəbində  işə başlayana qədər Fərəc bəyin bioqrafiyasında artıq polis təqibləri də, sonralar çarizm əleyhdarlarının daimi “qeydiyyat yerinə” çevrilən Metex qalasında yaşanan həbs həyatı da vardı. Digər azərbaycanlı pedaqoq - rus dilini tədris edən Mirzə Kazım Qulubəyov də ictimai fəallığı ilə seçilirdi. Rusiya imperiyasının  ucqar cənub qurtaracağında yaşamasına baxmayaraq ara-sıra Peterburq qəzetlərində, xüsusən “Sankt-Peterburqskie vedomosti”də  onun aktual  müxbir məktubları dərc edilirdi.

Eynəli Sultanovun həyat və yaradıcılığı ilə bağlı ilk tədqiqatlarda hər hansı mənbəyə əsaslanmadan Naxçıvan qəza məktəbindən sonra onun təhsilini Tiflis klassik gimnaziyasında davam etdirdiyi göstərilirdi. Lakin akademik İsa Həbibbəylinin 1980-ci illərdə İrəvan arxivlərində apardığı axtarışlar bu gümanın yanlışlığını üzə çıxardı. Məlum oldu ki, Eynəli bəy 1880-1886 –cı illərdə Tiflis deyil, İrəvan gimnaziyasında oxuyub, lakin universitetə daxil olmaq hüququ əldə edə bilməyib. Çünki sonuncu – yeddinci sinfi başa vurmadığından təhsili natamam sayılıb, nəticədə kamal attestatı verilməyib. Öz növbəsində gimnaziya rəhbərliyi qabiliyyətini, savad və bacarığını nəzərə alıb onu ibtidai məktəblərdə müəllim kimi çalışmaq  hüququ verən sənədlə təmin etmişdi. Rusiya imperiyasının yüksək səviyyəli gimnaziya təhsili sayəsində gənc Eynəli bəyə rus dilini mükəmməl öyrənmişdi.  Avropa tarixi, mədəniyyəti və ictimai fikri barədə müəyyən bilik əldə etmişdi. Qədim dillər - yunanca və latınca ilə ciddi maraqlanmışdı. Sonralar publisist yazılarında tez-tez işlətdiyi bir sıra latın sözləri, istilah və ifadələr  antik mədəniyyətə, klassik dillərə marağının ötəri xarakter daşımadığını göstərirdi.

Ali təhsil ardınca Rusiyaya, yaxud Avropaya gedə bilmədiyindən   Eynəli bəy yenidən Naxçıvana qayıtmalı olmuşdu. Amma bir məsələ də vardı ki, hətta natamamlığına rəğmən gimnaziya təhsili, rus dilinə bələdlik onun gözlərini açmış, təsəvvür  dəyişdirmişdi. Xəyalpərvər yeniyetmə kimi tərk etdiyi Naxçıvana aydın ictimai proqrama malik gənc ziyalı kimi qayıdırdı.

Keçən əsrin 80-ci illərində Naxçıvan mühiti hələ kifayət qədər qaranlıq görünsə də, artıq burada da zülməti aydınlatmağa, yeni nəslin yoluna işıq salmağa çalışan fədakar və nurlu zəkalar görünməyə başlayırdı. Əhalinin ümumi nisbətində  universitetlərdə  təhsili almış milli ziyalıların sayına görə Araz üzərindəki balaca şəhər artıq özünü dünyaya tanıtmaqda olan kapitalist Bakısı ilə rəqabətə girə bilərdi. Naxçıvanskilər, Şahtaxtınskilər, Kəngərlilər—qədim Naxçıvanın əsilzadə ailələrinin nümayəndələri Moskva və Peterburq sarayları ilə əlaqə saxlayır, rus ordusunda qulluq edir, rus və Avropa universitetlərində təhsil alır, maarifçilik və ictimai tərəqqi ideyalarını yayırdılar.

Əvvəlcə Eynəli bəyin, sonralar isə gənc Mirzə Cəlilin təmasda olduğu belə açıq fikirli insanlardan Əsəd ağa Kəngərli, Cümşüd bəy Sultanov ali təhsilli hüquqşünaslar idilər. Sonuncu haqqında Eynəli bəy kədərli yumor dolu “Çalma” adlı hekayə də yazmışdı.  Novorossiysk universitetinin və Odessadakı Şərq dilləri institutunun məzunu Paşa ağa Sultanov da yerli ziyalıların tanınmış nümayəndələrinrən idi. O, XIX əsrin sonlarına doğru Naxçıvan mühitində 56 min sözlük “Rusca-farsca-azərbaycanca lüğət” hazırlamışdı.

Naxçıvanın beyin mərkəzini təşkil edən yenilikçi ziyalılar arasında  ədəbiyyatşünas-alim Əziz Şərifin atası Qurbanəli Şərifov, xalq arasında Şürbi (şəraba meylli olduğuna görə bu ləqəbi qazanmışdı – V.Q.) təxəllüsü ilə tanınan Mirzə Cəlil Mirzəyev kimi öz-özlərini yetişdirən intellektuallar da vardı. Say baxımından az, lakin ayıq, ağıllı və iradəli adamlardan təşkil olunmuş cəmiyyət doğma şəhərdə maarifi yaymaq, mədəniyyəti təbliğ etmək, ictimai tərəqqiyə nail olmaq  üçün ən kiçik imkanlardan da yararlanmağa  çalışırdı.

1883-cü ildə 18 yaşlı Eynəli bəyin yaxından iştirakı  ilə Naxçıvanda fəaliyyətə başlayan “Müsəlman-şiə incəsənət və dram məclisi” də, ilk növbədə, dövrün yeni mədəni meyllərinin və maarifin intişarına xidmət etməli idi. Bu istiqamətdə ilk təşəbbüs kimi teatr tamaşası göstərməyi qərara almışdılar. Lakin cəmiyyətin məhdud imkanlarını göz önünə gətirdikdə qarşıya qoyulan məqsədə çatmaq o qədər də asan deyildi.  Düzdür, işin təşəbbüskarı Eynəli bəy dram sənətimizin banisi M.F.Axundzadənin əsərlərindən birini əldə etmək  məqsədi ilə məxsusi Tiflisə getmişdi. Tezliklə “Hekayəti Molla İbrahimxəlil kimyagər”in üz köçürülmüş nüsxəsi ilə Naxçıvana qayıtsa da, qəza rəisi tamaşaya icazə verməmişdi. “Əgər bacarırsınızsa, gedin, əvvəl rusca bir şey oynayın”, - deyə inadkar Eynəli bəyi başından eləməyə çalışmışdı.

Rəisin şərti qarşısında geri çəkilmək məğlubiyyətin etirafı olardı. Mütləq tamaşa göstərmək lazım idi. Bəs əsəri haradan tapacaqdılar?  Düzdür, rus dilində  orijinal və tərcümə xarakterli kifayət qədər dram, komediya, vodevil vardı. Amma  ilk addımını atmağa hazırlaşan Naxçıvan teatrının  məhdud, daha dəqiq desək, əslində mövcud olmayan  imkanları da nəzərə alınmalı idi.  Bina, aktyor, rekvizit, tamaşaçı  problemi bütün kəskinliyi ilə qarşıda dururdu. O biri tərəfdən, tamaşaya qoyulan əsərin yerli mühit və şəraitlə bağlı olması, insanların gündəlik həyatda rastlaşdıqları hadisə və şəxslər üzərində qurulması da mühüm şərt idi. Yalnız belə olduğu təqdirdə teatrım məqsədi, məramı anlaşıla bilərdi. O, sadəcə oyun yox, gerçəkliyin güzgüsü kimi qəbul və dərk oluna bilərdi. Naxçıvandakı azsaylı rus məmurlarına tamaşa göstərməyin elə bir faydası yox idi. Teatr haqda dolğun təsəvvürləri olmayan həmvətənlərinin isə naməlum məmləkətin tanımadıqları insanlarını deyil, özlərini, öz həyat və məişətlərini, qarşılıqlı münasibətlərini görmələri daha məqsədəuyğun görünürdü. 

Mirzə Cəlilin yuxarıdakı xatırlatmasından da aydın olduğu kimi Con Stüart Millin qadın azadlığına dair əsərləri həmin vaxtlar Eynəli bəyin əlindən yerə düşmürdü. Elə isə nədən bunca maraqlandığı, vacib saydığı məsələni Naxçıvan miqyasında olsa da, ictimai fikrin diqqətinə çatdırmasın? İsmətli, həyalı, ağıllı Azərbaycan qadınlarını dönə-dönə müşahidə edən, onları kölə halına salmış əxlaqa, davranış tərzi, münasibət və zehniyyətə nifrətini heç zaman gizlətməyən Eynəli bəy ciddi çətinliklərlə üzləşəcəyini bilsə də, məhz qadınları səhnəyə gətirməyi qərara aldı. Dramaturgiya sahəsində ilk qələm təcrübəsi olan, şəraitin hökmü ilə rusca (bu qəza rəisinin tələbi idi!) yazmağa məcbur qaldığı  Azərbaycanlı qız” (orijinalda “Tatarka” - V.Q.) pyesi belə yarandı.

Mənbələr bu kiçik səhnə əsərinin ilk tamaşasının Eynəli bəyin ata evində baş tutduğunu  göstərir. Pyesin baş qəhrəmanı Sənəm rolunu da cavan müəllif özü oynayırdı. Naxçıvan teatrının ilk aktyorlardan biri sonralar qadın personajların  paltarlarının da Eynəli bəyin evlərindən gətirildiyini xatırlayırdı. Bu gün bəlkə də vurğuladığım detal əhəmiyyətsiz  təfərrüat kimi diqqəti çəkməyə  bilər. Lakin zaman kontekstində, mövcud əxlaq qaydaları çərçivəsində yanaşanda gənc maarifçinin teatr sevgisi naminə təəssübkeş mühitdə necə təhlükəli addım atıldığını görməmək mümkün deyil. Heç şübhəsiz, XIX əsr Naxçıvanında belə iş üçün adamın başını sığallamazdılar. Hətta aradan 20 il keçəndən, teatr müəyyən dərəcədə  Azərbaycan insanının həyatına yol tapandan sonra da rekvizit problemini eyni üsullarla həll edən fədakar aktyor Hüseynqulu Sarabski qohumları tərəfindən ailə namusunu ayaqlar altına atan “nakişi” kimi kifayət qədər sərtliklə qarşılanmış və dərsini almışdı...

“Bütün gənc, gözəl, namuslu qadınlara” ithaf olunan “Azərbaycanlı qız” pyesində Eynəli bəy qadınlarımızın təbiətindəki fitri nəciblik və dəyanəti ibrətamiz lövhələrlə əks etdirmişdi. Pyesin qəhrəmanı Hüseynəli bəy istefaya çıxmış gənc, yaraşıqlı zabitdir. Varşavada, Peterburqda xidmət edib, yüksək cəmiyyətlə təmasda olub. Rus, polyak qızları ilə müəyyən ünsiyyət təcrübəsi var. Məhz keçmiş macəralarına qürrələnib özünü qadın qəlbinin bilicisi sayır,  yeri düşdü-düşmədi, gözəl cins üzərində asan qələbələri ilə öyünür.

“Bizim qadınlar ağıldan yüngüldürlər ”- deyə Hüseynəli bəy ədalı bir tərzdə istənilən azərbaycanlı qızı ələ gətirməyin çox asan iş olduğunu iddia edir: “Onu ürəkdən sevdiyinə kiçicik işarə lazımdır. Vəssalam! O, sənindir!” Lovğa zabit bircə işarə ilə  təzəcə seçdiyi gözəlin – Sənəmin də ürəyini fəth edəcəyinə əmindir. Lakin müəllifin rəğbətini gizlətmədiyi Sənəm özündən razı “qadın mütəxəssisinə” ibrət dərsi verir. Onun iddialarının, özündən müştəbehliyinin gülünclüyünü məharətlə üzə çıxarır. “Azərbaycanlı qız”ın - Sənəmin pyesin finalında söylədiyi “Qoy bütün kişilər bilsinlər ki, biz müsəlman qadınları onların təsəvvür etdikləri kimi iradəsiz, aciz, ağciyər deyilik. Biz də özümüzü sərbəst idarə etməyi bacarırıq!”- sözləri eyni zamanda həm də müəllifin Azərbaycan qadınları ilə bağlı istək və düşüncələrinin ifadəsi idi.

Eynəli bəy doğma millətinə mənsub qadınların belə olduğuna inanmaq, onları  mübariz  əzmkar görmək istəyirdi. “Yerli həyatdan alınmış iki pərdəli komediya” adlandırılan “Azərbaycanlı qız” pyesi ləyaqətli xanımlarımızın ağlına, gözəlliyinə, əzminə oxunan himn idi. Yaradıcılığının sonrakı dövründə, xüsusən də əksəriyyətini rus dilində yazdığı publisist əsərlərində o, qadın azadlığı məsələsinin ardıcıl tərəfdarlarından biri kimi çıxış edirdi, qızlarımızın təhsil və tərbiyəsini inkişafın mühüm hərəkətverici qüvvəsi adlandırırdı.

Müəllif “dopdoğruca əhvalat” kimi həqiqiliyinə şübhə yeri qoymadığı  “Çadra altında” novellasında, “Acı masqara” və “Kənd uşaqları” hekayələrində, çoxsaylı publisist məqalələrində dönə-dönə eyni mövzuya qayıdır, cəmiyyətdə qadının rolu məsələsinə müxtəlif rakurslardan yanaşırdı. Bu yolda üzləşdiyi təqib və təhdidlər də onu məqsədindən əsla çəkindirməmişdi: “Mən hər cür təcavüzkarlığa, hər cür təzyiqə və cinsindən asılı olmayaraq insan azadlığının hər cür məhdudlaşdırılmasına nifrət bəsləyirəm. Müsəlman qadınlarının hüquq bərabərliyini açıq şəkildə təbliğ etdiyim üçün məscid minbərlərindən mənə lənətlər yağdırırlar”- deyə Eynəli bəy sonralar “Novoe obozrenie” səhifələrində Azərbaycan qadınlarının taleyi uğrunda qeyri-bərabər mübarizə zamanı üzləşdiyi çətinliklərdən bəhs etmişdi.

1907-ci ildə “Zakavkazye” qəzetində çap olunmuş “Qadın və kişi” (orijinalda “Îíà è Îí”—V.Q.) adlı publisist yazısında Eynəli bəy Sultanov üzünü məscid minbərlərindən qadının Adəmin bir qabırğasından yaranması, kişi ilə müqayisədə  çox da dərin ağıl sahibi olmaması barəsində boş, mənasız  vəz müəlliflərinə  tutub soruşurdu: “Nə üçün qadın, təbiətin bu sevimli, ağıllı, gözəl məxluqu kişinin iradəsinə tabe olmalıdır? Şəhvət düşkünü olan, ailədə arvadını qıfıl altında saxlayan meymunaoxşar, kifir, əxlaqi baxımdan pozğun bir müstəbidin hökmlərini yerinə yetirməlidir?  Nə üçün onun gözəlliyi vaxtsız solmalı, qəlbinin ən munis arzuları məhv olmalıdır? Nə üçün o, azadlıq kimi böyük bir nemətdən məhrum edilməlidir?”

Azərbaycanlı qadınların xurafat və mövhumat üzərində ən kiçik qələbəsi   həyatı boyu Eynəli bəyi sevindirmişdi. O, ictimai fəaliyyət meydanına atılan ziyalı qadınları cəmiyyətə tanıtmağı ümdə vəzifəsi saymışdı. “Zakavkazskaya reç” qəzetində çıxan “Mina xanım Talışinskaya”, “Fatma xanım Novruzova” kimi təqdimat yazılarında Eynəli bəy  mühitlərinin fövqünə yüksəlməyi bacaran ali savadlı, açıq fikirli, müasir düşüncəli azərbaycanlı  xanımlar haqqında ürək dolusu söz açır, onları cəmiyyətə nümunə kimi göstərirdi.

 

Çətinlik, anlamaq dərdi təkcə qadınları təqib etmirdi. Yeniliyə can atan kişilər də eyni məhrumiyyətləri paylaşırdılar. Cahil, qaranlıq mühitdə azsaylı Azərbaycan ziyalılarının üzləşdikləri məhrumiyyətlərdən bəhs edən “Çalma hekayəsində” Eynəli bəy Sultanov yazırdı ki, “vaxt var idi bizim şəhərimizdə vur-tut bir oxumuş adam var idi, yəni rusca oxumuş. Onun adı Cümşüd bəy idi. Doğrusu, Cümşüd bəydən savayı bizim şəhərdən başqa oxumuş adamlar da yetişmişdilər. Amma onların heç biri şəhərimizdə baş çıxara bilməyib, tamam cəlayi-vətən olmuşdular. Kimisi Tiflisdə idi, kimisi Moskvada idi, kimisi də baş götürüb İstanbula qaçmışdı. Hərəsi də bir məsləkə qulluq edirdi”.

 

Bu sətirləri yazan şəxs təbii ki, pis nümunəni təkrar etmək niyyətində deyildi. Ona görə də dözürdü, müqavimət göstərirdi, bir gün mübarizəsinin bəhrə verəcəyinə, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə inanırdı. Amma “tənha savaşçı” da sonda bıqdı, usandı. Təkliyini, təkləndiyini gördü. Qaralarınca danışdığı ziyalıların yolunu getməkdən başqa çarə tapmadı. On illik təkbaşına mücadilədən sonra  cəlayi-vətənlik” yolunu tutub Naxçıvanı tərk etdi.

 

Düzdür, Naxçıvanı tərk etdi. Geridə isə gerçəyə çevirdiyi əməllər qaldı. Çətinliklərə rəğmən 10 ilin içində az iş görülməmişdi. Kasıb uşaqların təhsil haqqının ödənilməsi üçün neçə xeyriyyə tamaşaları verilmişdi. Həmvətənlərin gözünü açmaq məqsədi ilə nə qədər izahat və təbliğat aparılmışdı! Azsaylı, lakin əzmkar Naxçıvan ziyalıları səslərinin duyulması, sözlərinin eşidilməsi üçün iradə nümayiş etdirməyi, birləşməyi bacarmışdılar....

 

Eynəli bəy hətta Əsəd ağa Kəngərli ilə birlikdə gizli mətbəə yaradıb çağırış və intibahnamələr də buraxmışdı. Ancaq “sözünü o kəslərə de ki, sənə qulaq asmırlar”- prinsipi ilə aparılan bu çoxillik mübarizə sonda dözülməz şəkil almışdı. Naxçıvanda yaşaya-yaşaya burada kök salmış cəhalət nümayəndələri, şər təmsilçiləri ilə mücadilənin mümkünsüzlüyünü görən Eynəli istəməsə də vətəni tərk etmək məcburiyyətində qalmışdı.

 

Doğulduğun, böyüdüyün, evin-eşiyin, dost-tanışın, yar-yoldaşın olan şəhəri atıb hara getməli? Az qala fərariliyə bərabər olan bu gediş nə verəcək? Bəs qalsa qazanacağı nə olacaq? Qalıb bu cahil mollalar, tüfeyli xanlar güruhuna baş endirməli, “bəli-bəli” deməlimi? Yoxsa sonralar Mirzə Cəlilin “Ölülər” tragikomediyasındakı Kefli İskəndərin prototipinə çevrilən Cümşüd bəy kimi təsəllini meydə axtarmalımı? Badəpərəst olub hər şeyi unutmalımı?

 

Öz vətənində peyğəmbər olmaq mümkün deyil. O getməli idi. Bəs hara?

 

Eynəli bəy Qarsı seçdi. Naxçıvan sərhədlərindən o qədər də uzaq olmayan bu şəhərə üstünlük verməsi təsadüfi deyildi. Yaxşı tanıdığı həmyerlisi İsa Sultan Şahtaxtinski artıq neçə il idi ki, Qars hakimi dəftərxanasının rəisi idi. Gənc Eynəli bəy özündən vur-tut 8 yaş böyük olan İsa Sultanla açıq-aşkar qürur duyurdu. Şahtaxtı kəndində dünyaya göz açan İsa Sultan Tiflis gimnaziyasını parlaq müvəffəqiyyətlə bitirmiş, Peterburq Əkinçilik İnstitutunun beş illik kursunu üç ildə tamamlamışdı. İnstitutda oxuduğu illərdə imperiyanın dövlət əmlakı naziri, knyaz Liven istedadlı “tatar gəncin” təhsili ilə şəxsən maraqlanır, instituta hər gəlişində onunla görüşüb söhbət edirdi.

 

İki il Qərbi Avropanı gəzib-dolaşan İsa Sultan Paris, London, Surix universitetlərində mühazirələr dinləmiş, sonralar dahi fizik Albert Eynşteynin təhsil aldığı Surix Politexnikumunda iqtisadi həyatda meşələrin roluna dair magistrlik dissertasiya müdafiə edib kənd təsərrüfatı elmləri namizədi adını almışdı. Ardınca Tiflisdə ədəbi-ictimai fəaliyyət illəri, gürcü ədəbiyyatının bir sıra tanınmış simaları  ilə əməkdaşlıq, jurnal redaktorluğu və nəhayət, 1877-1878-ci illər növbəti rus-türk savaşı zamanı Rusiyanın işğal etdiyi, amma hələ də mövqelərini möhkəmləndirə bilmədiyi əyalət şəhərinə təyinat... Özünə bilik, bacarıq və qabiliyyətinə uyğun fəaliyyət sahəsi tapa bilməyən namuslu adamın həyat dramı, daimi ehtiyaca köklənmiş kədərli məmur taleyi...

 

Eynəlibəy Qarsa gələndə İsa Sultan ağır xəstə idi. Müalicə üçün dövlət xidmətində saxlanmaq şərti ilə iki illiyə Fransa və İtaliyaya getmək haqqında imperator III Aleksandra ünvanlanan ərizəsinə cavab verməmişdilər.  Onu hətta sərt iqlimli Qarsdan Tiflisə də dəyişdirmək istəmirdilər. Bitib-tükənmək bilməyən dəftərxana işləri, rusca çıxan “Kars” qəzetinin redaktəsi, çoxsaylı ailənin məişət qayğıları, əbədilik yol yoldaşı olan maddi ehtiyac... Bir sözlə, hara baxırsan, qəm, qüssə, qayğı. Ömrünün son aylarını yaşayan, özü ehtiyac, laqeydlik və və milli ayrıseçkilik məngənəsində sıxılan İsa Sultan həmyerlisinə  bir  kömək göstərə bilmədi. Dörd ay Qars hakimi dəftərxanasında kiçik məmur kimi çalışan Eynəli bəy işinin perspektivsizliyini görüb şəhəri tərk etdi.

 

Geriyə yol yox idi. Bu dəfə bəxtini İrəvanda sınamağı qərara aldı. Dairə məhkəməsində katib vəzifəsinə düzəldi. Yenə də yeknəsəq, darıxdırıcı məmur həyatı, bürokrat aparatın vintciyi olmaqdan yaşanan gərəksizlik duyğusu... Lakin İrəvanda olmağın bir əvəzsiz sevinci vardı - artıq Mirzə Cəlil də Naxçıvandan bura köçmüşdü. Dostlar tez-tez görüşürdülər. Aralarındakı söhbət sonda mütləq  sənət və yaradıcılıq məsələlərinin üstünə gəlib çıxırdı. Mirzə Cəlilin həmin dövrdə qələmə aldığı “Yan tütəyi” novellasının məmur qəhrəmanı kimi iki gənc ədəbiyyat həvəskarı da qulluq işlərindən kənardakı bütün asudə vaxtlarını, enerjilərini yazı-pozuya sərf edirdilər.

 

Təvazökar, azdanışan Mirzə Cəlil hələlik ortaya ciddi əsər qoymamışdı. Yazdıqlarını  mətbuata göndərmək nədir, hətta dost-tanış arasına çıxarmağa da tələsmirdi. Eynəli bəy isə artıq 1891-ci ildən Tiflisdə nəşr olunan “Novoe obozrenie” qəzetində hekayələr, felyetonlar, publisist yazı və tənqidi məqalələr, iqtisadi və mədəni həyata dair xəbərlər dərc etdirirdi. Əslində mətbuatla əlaqələri daha əvvəldən başlanmışdı. Naxçıvandan göndərdiyi qısa xəbərlər 1887-ci ildən “Tərcüman”da çap olunurdu.

 

Eynəli bəy Sultanovun ilk dəfə “Novoe obozrenie” qəzetində işıq üzü görən “Çayı keç, sonra “bərəkallah” deyərsən”, “Kürd qızı”, “Balaca macəra”, “Həsən xan”, “Novruz ağa” və başqa hekayələri realist təsvirlərin bolluğu, ən əsası isə rus dilində yazılmalarına baxmayaraq, milli koloritin zənginliyi ilə seçilirdi. Xalq həyatına dərindən bələd olan müəllif yad dildə yazsa da, milli çalarlardan yerli-yerində, ustalıqla istifadə nəticəsində Azərbaycan gerçəkliyinin  ruh və nəfəsini adı çəkilən bədii parçalara hopdura bilmişdi.

 

Onun “Çayı keç, sonra “bərəkallah” deyərsən” hekayəsi həqiqi Çexov məharəti  ilə qələmə alınmış maraqlı  həyat hadisəsi idi. Burada Eynəli bəyin dərindən bələd olduğu, bütün incəliklərini yaşadığı fərəhsiz məmur güzəranının “fəlsəfəsi” əksini tapmışdı. Çexovun adını təsadüfən çəkmədim. Onun müntəxəbat səciyyəsi daşıyan “Məmurun ölümü” novellasının qəhrəmanı  Peterburqda  yaşamasına, rəsmi  vəzifədə çalışmasına, teatr tamaşalarına getməsinə baxmayaraq sosial mənada bir heçlikdir. İndi əyalət məmurlarının, həm də milli ucqarlarda yaşayanların durumunu göz önünə gətirmək lazımdır. Eynəli bəy də məhz belə insanların faciəsini canlandırmağa çalışırdı.

 

Adını çəkdiyim hekayə yazıçının başdan-başa miskinlik və alçalmalarla dolu kiçik məmur həyatına hələlik  ilk müraciəti idi. Zaman keçəcək və bu məşəqqətli yaşamın biri-birindən fərqli, lakin hamısı eyni dərəcədə kədərli, cansıxıcı lövhələri həm hekayələrində, həm də publisistikasında bəzən lirik-kədərli, bəzən isə satirik və sarkastik boyalarla əksini tapacaqdı. Təbii ki, getdikcə qəhrəmanlar da idillik mirzə köməkçisi səviyyəsində qalmayacaqdılar. Onların sosial statusu, mənsəb pillələrindəki yerləri  dəyişəcək, böyüyəcəkdi. Bəlkə bu səbəbdən   1915-ci ildə Qafqaz Senzura Komitəsi Eynəli bəyin məmur həyatı ilə bağlı iki novellasının çapına izin verməmişdi.

 

“Xilasedici hazırcavablıq” ümumi başlığı altında birləşdirilmiş həmin  hekayələrin birincisində üzü üzlər görmüş rüşvətxor polis pristavının düşdüyü çətin vəziyyətdən necə çıxmasından söz açılırdı. Süjet orijinal deyildi. Eynəli bəy xalq arasında geniş yayılmış Molla Nəsrəddin lətifələrindən yararlanmışdı. Lakin onu məharətlə dövrün və mühitin aktual problemləri ilə əlaqələndirə bilmişdi. Pristavın camaatın qanını sormaq və rüşvət hesabına böyük imarət tikdirdiyini eşidən polis rəisi ona istefaya çıxmağı təklif edir. Pristav isə özünü itirmədən cavab verir ki, təkcə evin damını örtmək qalıb. Yerinə gələn həmkarı isə aydın məsələdir ki, bünövrədən başlamalı olacaq...

 

İkinci novellada  düşdüyü vəziyyətdən eyni ustalıqla çıxan qəza rəisinin məharətindən, “hazırcavablığından” söz açılırdı. Yağışlı gündə işsizlikdən darıxan və kabinetinin pəncərəsi qarşısında dayanıb küçədən keçənlərə tamaşa edən qubernator birdən dünən təcili geri qayıtmaq əmri verdiyi “N” qəzası rəisini adamların arasında görür. Dərhal yanına çağırıb nə üçün qəzanı başsız qoyduğunu soruşur, indi orada quldurların at oynatdıqlarını deyir. Qəza rəisi özünü itirmədən təbii, bəlkə özünün də inandığı bir sadədilliklə cavab verir: “Zati-aliləri, qətiyyən narahat olmayın, mən də, müavinim də şəhərdəyik...”. Yəni əsas soyğunçular, çapovulçular burada, göz qabağında  olandan sonra hansı təsadüfi, xırda-para quldurlardan söhbət gedə bilər?!

 

M.Y.Lermontovun “Äà, áûëè ëþäè â íàøå âðåìÿ» misrasının epiqraf kimi seçildiyi “Novruz ağa” hekayəsində Eynəli bəy patriarxal Azərbaycan kəndinin həyatını kədərli-yumorlu çalarlarla əks etdirir. Əslində üç müstəqil novelladan  ibarət olan bu silsilənin mərkəzində ağıllı və hazırcavab Novruz ağa dayanır. Onun dəqiq müşahidələri  başdan-başa dövrün milli reallıqlarına  əsaslanır. Məsələn, arvadına paltarlıq parça almaq fikrinə düşən Novruz ağa ilk növbədə zurnaçı Karapetlə məsləhətləşir. Bu qəribə hərəkətin səbəbini soruşanlara isə belə cavab verir: “Bəs fikrincə, bu işdə kim zurnaçıdan daha səriştəli ola bilər? Səncə, təzə tikdirdiyi göz oxçayan, yaraşıqlı paltarda arvadım kimin qabağına çıxacaq? Yəqin mən həmin libası heç yerli-dibli görməyəcəm! O, yalnız zurnaçının zövqünü oxşayacaq. Axı, arvadım bəzənib kiminsə toyunda onun qarşısında süzəcək”.

 

Kədərli yumorda həm də müəllifin incə sarkazmı öz əksini tapmışdı. Eynəli bəyin təqdimində biri-birindən sərrast müşahidələri ilə diqqəti çəkən  Novruz ağa digər vəziyyətlərdə də həmyerlilərini eyni “gözlənilməz kəşflərlə” təəccübləndirir. “Həsən xan”, “Kürd qızı”, “Balaca macəra” hekayələri də eyni səciyyəvi, munis, bütün bunlarla bir sırada həm də xəfif kədər doğuran lövhələrlə zəngindir.  Ümumilikdə isə hadisə və insanlara münasibət baxımından Eynəli bəyin hekayələrində Mirzə Cəlilin nəsri ilə səsləşən məqamlar çoxdur. Bu cəhət özünü daha çox süjet yaxınlığında, personajların seçimində aydın göstərir. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov doğru yazırdı ki, “ədəbiyyata eyni dövrdə gələn hər iki yazıçının əsas qəhrəmanları bəylər, mülkədarlar və istismarçı təbəqənin digər nümayəndələridir”.

 

“Novoe obozrenie”də hekayələrlə yanaşı Eynəli bəyin “Azərbaycanlılar nə oxuyurlar?”, “Azərbaycan atalar sözləri”, “Qleb Uspenski Qafqazda” və s. kimi axtarış ruhlu, tədqiqat xarakterli ciddi məqalələri də çap olunmuşdu. O,  xalq ədəbiyyatımızı dərindən bilən və sevən yaradıcı şəxsiyyətlərdən idi. Folklor nümunələrinin toplanmasına, öyrənilməsinə və nəşrinə böyük önəm verirdi.  Bu işdə  qüvvə və bacarığını əsirgəmirdi.

 

Tədqiqatçıların yazdığına görə, 1886-1891-ci illər arasında İrəvan quberniyası və Naxçıvan kəndlərindən 3 mindən çox atalar sözü toplamışdı. Aşıq Abbas Tufarqanlı, Ordubadlı Aşıq Abbas, Mərəndli Allahyar kimi xalq sənətkarının əsərləri Eynəli bəyin səyi nəticəsində yazıya alınmışdı.  Topladığı şifahi xalq ədəbiyyatı nümunələrinin çoxunu ilk ədəbiyyat tarixçimiz Firudin bəy Köçərliyə göndərmişdi. Firudin bəy “Azərbaycan ədəbiyyatı tarixinə dair materiallar” kitabında minnətdarlıq hissi ilə yazırdı ki, ”sayaçı sözlərini və el ədəbiyyatına dair bir çox məlumatı əhli-qələmimizdən Eynəli Sultanov cəm edib lütf yüzü ilə bizə bəxş etmişdir.”

 

Xalq yaradıcılığının, folklor poetikasının təsiri ədibin ana dilində yazdığı əsərlərdə daha aydın nəzərə çarpır. Onun etnoqrafik çalarla zəngin olan və xalqımızın ən sevimli bayramlarından birinə həsr edilən  Novruz” məqaləsi elə səmimi tərzdə qələmə alınmışdır  ki, yazıldığı vaxtdan yüz ildən çox keçməsinə baxmayaraq bu gün də öz canlılığını və yaşarılığını qoruyub saxlamaqdadır. Bu yığcam etnoqrafik oçerki oxuduqca dəstə ilə küçələri gəzən xoş əhval-ruhiyyəli, təzə paltarlı uşaqlar, cıdıra yollanan, tonqal üstündən atılan cavanlar, nəğmə oxuyan, qulaq falına çıxan qız-gəlinlər, ətirli plov süfrəsi ətrafına toplanmış mehriban ailələr bir-bir göz önündən gəlib keçirlər.

 

Sevmədiyi məmurluq peşəsi ilə birdəfəlik üzülüşmək və mətbuata daha yaxın olmaq məqsədi ilə Eynəli bəy 1905-ci ildə yaşayış yerini növbəti dəfə  dəyişərək həmişəlik Tiflisə köçmüşdü. Həmin tarixdən etibarən yazıçı-publisist fəaliyyətini rusdilli “Kavkaz” və  “Kaspi” qəzetlərində, habelə Bakıda və Tiflisdə çıxan “Həyat”, “İrşad”, “İqbal”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “Zakavkazye”, “Zakavkazskaya reç”, “Kavkazskaya şkola” kimi çeşidli mətbuat orqanlarında davam etdirmişdi. Təəssüf ki, bir sıra digər müasirləri kimi onun da  müxtəlif qəzet və jurnalların səhifələrinə səpələnmiş çoxsaylı yazıları indiyə qədər tam  toplanıb sistemə salınmamışdır.

 

Şüurlarda təbəddülat yaradan Birinci rus inqilabının ayıldıcı təsiri milli ruhlu, fəal ictimai mövqeyə malik ziyalılarımızın çoxu kimi Eynəli bəydən də yan keçməmişdi. Əgər ictimai-publisist fəaliyyətinin birinci mərhələsində o, qadın azadlığı və müsəlman cəmiyyətində təhsilin yayılması ilə maraqlanırdısa, 1905-ci ildən sonra siyasi maarifçiliyə daha böyük önəm verirdi. Azərbaycan türklərinin qonşu gürcü və ermənilərlə müqayisədə ictimai həyatdakı süstlüyü, yeni şəraitdə hüquq və imkanlardan yetərincə yararlana bilməmələri yazıçını düşündürən həyati əhəmiyyətə malik məsələlərdən idi. Təbii ki, bu düşüncələr onu getdikcə daha artıq dərəcədə siyasi publisistikaya çəkir, məqalə və qeydlərindəki milli-ictimai pafosu qüvvətləndirirdi.

 

Eynəli bəyin mollanəsrəddinçilərlə, Bakıdakı azərbaycanlı həmkarları, eləcə də milli mənsubiyyətlərindən asılı olmayaraq Qafqazın  fərqli düşüncəyə malik qabaqcıl ziyalıları ilə bu istiqamətdəki sıx əlaqəsi çar xəfiyyələrinin diqqətindən kənarda qala bilməzdi. Tiflis quberniya jandarm idarəsinin 18 oktyabr 1916-cı il tarixli “təcili, tamamilə məxfi“ məlumatından da göründüyü kimi, Eynəli bəy Sultanov on beş ildən artıq gizli polis nəzarəti altında saxlanmışdı. Hər addımı da olmasa, bütünlükdə mətbuatdakı çıxışları, ictimai fəaliyyəti, ayrı-ayrı şəxslərlə əlaqəsi daim izlənmişdi. Məlumatdan onun  1907-ci ildə İran Məşrutə inqilabına, Səttarxan hərəkatına yardım məqsədi ilə qurulan  “Mücahidin” təşkilatının fəal üzvləri sırasında yer alması da aşkara çıxır. Bəlli olur ki, “tanınmış müsəlman ziyalısı Eynəli bəy Sultanov”  Kərbəlayı Qafar ağa Səfərəlibəyov, Rauf  bəy Səfərəlibəyov, Mirzə Əli Bəktaş oğlu, Hacı Hüseynəli Qurbanov, İsmayıl bəy Camalbəyov, Əliməmməd Əliyev, Mirəli Abdullayev və başqa həmyerliləri  ilə birlikdə  təşkilatın Naxçıvan şöbəsinin üzvü kimi fəaliyyət göstərmiş, şah rejiminə qarşı vuruşan mücahidlərə silah və maliyyə yardımının, habelə könüllülər göndərilməsinin təşkilinə çalışmışdı.

 

“Tamamilə məxfi” sənəd Eynəli bəyin ictimai-siyasi baxışlarına da müəyyən işıq salırdı. Göstərilirdi ki, jandarm idarəsinə 1912-ci ildə daxil olan gizli agentura məlumatına görə, o, rusofob mövqeyi ilə seçilir, Cənubi Qafqazın yerli xalqlarına gəldikdə isə azərbaycanlılarla gürcülərin iqtisadi zəmində ermənilərə qarşı  birləşmələri ideyasını (ayırma mənimdir-V.Q.)  təbliğ edir.

 

Rusofobluq ittihamının gülünclüyünü isbata ehtiyac yoxdur. Eynəli bəy  rus mədəniyyətinin ənənələri əsasında yetişmişdi. Rus dilini mükəmməl bilirdi. Əsərlərinin mühüm qismini bu dildə qələmə almışdı. Təbii ki, rus xalqına və Qafqazdakı rus idarəçilərinə münasibəti tam fərqlənirdi.  Əslində o, Azərbaycan türklərinə ikinci dərəcəli vətəndaş kimi baxan, hər addımda  haqlarını tapdayan şovinist rus hakimiyyətinin, bu işdə çar məmurlarına qulluq göstərən, türk düşmənçiliyi toxumu səpən erməni təxribatçılarının düşməni idi.

 

Ermənilərin iqtisadi cəhətdən regionun hakim qüvvəsinə çevrilməsinin qarşısını almaq üçün azərbaycanlılarla gürcülərin ittifaq yaratmaları ideyası isə təkcə Eynəli bəyin vətənpərvərliyindən deyil, siyasi fəhm və uzaqgörənliyindən  xəbər verməkdədir. XX əsrin başlanğıcında Bakıda və Tiflisdə iqtisadiyyatın bir çox sahələri erməni zənginlərinin nəzarətində idi. Bu isə öz tarixi torpaqlarında yaşayan digər iki Qafqaz xalqının gələcək milli mövcudluğu üçün ciddi təhlükə törədirdi. Yaranmış  vəziyyətdən yalnız birgə səylərlə çıxmaq olardı. 1918-ci ildə Cənubi Qafqazda milli dövlətlər formalaşarkən erməni siyasətbazların  oynadıqları destruktiv rol Eynəli Sultanovun bir neçə il əvvəlki xəbərdarlığının nə qədər yerində olduğunu aşkara çıxardı.

 

Onun daşnaklar əleyhinə ehtiraslı dillə yazılmış ağıllı və tutarlı  məqalələri bizim günlərdə də öz əhəmiyyətini itirməyib. Qafqazın gələcək tərəqqisini azərbaycanlılarla gürcülərin iqtisadi-siyasi alyansıda görməsi isə  Eynəli bəyin tarixi prosesi dəqiq proqnozlaşdıra bildiyini göstərir.

 

1916-cı il noyabrın 7-də polis Eynəli bəyin mənzilində axtarış apardı. Tərtib olunmuş protokoldan da  göründüyü kimi, bu zaman ev sahibi özü evdə olmamışdı. Arvadı Tuba xanım, anası Nazlı xanım və oğlu Çölü bəy jandarmları çox sakit qarşılamışdılar. “Son dərəcə ciddi” təhqiqat niyyəti ilə  gələn çar xəfiyyələri mənzili “rus və müsəlman dillərində beş qutu yazı” və “bir qutu müsəlman kitabı” ilə tərk etmişdilər. Müsadirə edilən kitab və əlyazmaların  sonrakı taleyi ilə bağlı mənbələrdə heç bir məlumata təsadüf olunmur...

 

Lakin istənilən halda axtarış gözlənilən nəticəni verməmişdi. Düzdür, sənədlərdən bilinmişdi ki, Eynəlibəy 1912-1913-cü illərdə Peterburqda lak dilində “Xabarxa”, rus dilində “Zarya Daqestana” qəzetlərini nəşr edən tanınmış lak maarifçisi və siyasi xadim Səid Qabiyevlə (1883-1963), siyasi baxışlarına görə bir müddət həbsdə saxlanmış gürcü publisisti Sandro Qabieli ilə, gəncəli ziyalı, “tanınmış müsəlman ictimai xadimi”, milli istiqlal hərəkatının öncüllərindən   Ələkbərbəy Rəfibəyli (1839-1919) ardıcıl məktublaşır. Lakin əsasən maarifçilik və müsəlmanların ictimai fəallığı ilə bağlı olan həmin  məktublar Tiflisdə geniş əlaqələrə malik və kifayət qədər yaxşı tanınan bir ziyalını həbs etmək üçün yetərli deyildi. Digər tərəfdən isə imperiya artıq son günlərini yaşayırdı. Fevral inqilabı yaxınlaşırdı. Hamı öz başının hayında idi...

 

Rusiya imperiyasının süquta uğradığı 1917-ci il bir çox tanınmış fikir adamları kimi Eynəli bəy Sultanovun ədəbi və ictimai-siyasi fəaliyyətində yeni mərhələnin başlanğıcına çevrilmişdi. Bu dövrdə o, regionun ictimai fikrinə bir canlılıq gətirməyə çalışan “Kavkazskaya kommuna” qəzetinin redaktoru olur. Qəzeti haqları hamıdan daha çox tapdanan soydaşlarının tribunasına çevirməyə çalışır. Eynəli bəyin Tiflisin Şeytanbazar məhəlləsindəki keçmiş Sumbatov (indi M.F.Axundzadə) küçəsindəki mənzilinin qapıları yerli Azərbaycan ziyalılarının üzünə həmişə açıq idi. Yenə də bir şəhərdə yaşadığı Cəlil Məmmədquluzadə ilə şəxsi və ailəvi dostluqları, yaradıcılıq əlaqələri davam edirdi. Həmidə xanımla Mirzə Cəlilin üç otaqdan ibarət sadə mənzilə hər gəlişi həm ev sahibləri, həm də qonaqlar üçün unudulmaz anlara çevrilirdi.

 

Eynəli bəy Sultanovu da tam əsasla qələmi ilə şüurlarda, düşüncələrdə dəyişiklik hazırlayan, Azərbaycan türklərinin mövcud rejimə etirazlarını açıq şəkildə dilə gətirən ictimai xadimlər sırasına daxil idi. Rusdilli bədii və siyasi publisistikamızın Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Rəhim bəy Məlikov, Hüseyn Minasazov, Ceyhun bəy Hacıbəyli, Həmzət bəy Qəbulov-Şirvanski kimi nümayəndələri ilə birlikdə o, xalqın səsini rus idarəçilərə onların öz dilində çatdırırdı. Çoxsaylı hekayə, məqalə və teatr resenziyalarından əlavə “Zakavkazye” və “Zakavkazskaya reç” qəzetlərində  dərc olunan üç publisist silsilə onun şöhrətini (və təbii ki, düşmənlərini!) birə-beş artırmışdı.

 

“Fəzaya ifşaedici açıq məktublar” adlanan həmin silsilə məqalələri Ə.Haqverdiyevin “Marallarım” və müəlliflər kollektivinin əsəri kimi “Molla Nəsrəddin”də dərc olunan “Mozalan bəyin səyahətnaməsi” ilə müqayisə etmək mümkündür. “Bir nəfər xana”, “Həmin növdən olan bir axunda”, “Sürünənlərdən olan ictimai xadimə”, “Ziyalı dostuma”, “Küçə vəkilinə”, “Təcavüzkar müsəlmanlar qrupuna” və s. yazılarında Eynəli bəy sərt  şəkildə  mövcud cəmiyyətin anatomiyasını açıb göstərirdi.

 

İri həcmli 20 məqalədən ibarət “Cəmiyyətdən qovulmuşun fikirləri” silsiləsində isə publisist ehtiras, amansız satira və incə lirizm çox qəribə şəkildə qaynayıb-qovuşmuşdu. “Mən hər şeydən əvvəl insanam və hər yerdə insanpərvərlik nümayiş etdirmək borcumdur”- özünü “cəmiyyətdən qovulmuş” adlandıran, əslində isə yaşadığı cəmiyyətin antibəşəri mahiyyətinə görə ondan üz çevirən Eynəli bəyin yuxarıdakı sözlərini adı çəkilən məqalələr silsiləsinə və bütövlükdə müəllifin yaradıcılığına epiqraf seçmək olar.

 

O, “Səni sevirəm, mənim xalqım! Bütün varlığım, bütün ürəyim, ürəyimin bütün çırpıntıları ilə sevirəm. Bütün bəşəriyyətə bəslədiyim məhəbbətlə sevirəm. Böyük  bəşər ailəsinin üzvü kimi sevirəm”- deyə doğma millətinə öz oğul, övlad məhəbbətini bildirirdi. Həm də düşündüklərini, daxilində yaşatdıqlarını qəlbinin bütün hərarəti, qələminin bütün qüdrəti ilə dilə gətirməyə çalışırdı. Lakin bu hüdudsuz sevgi ilə yanaşı həm də məmləkətin kədərli mənzərələrindən, ana yurdun geriliyindən, alaq otu kimi öz rişələrini hər tərəfə uzatmış ətalət, cahillik və səfalətdən sıxılırdı. “Mən yenə vətəndəyəm”,- deyə 1912-ci ildə bir neçə günlüyə Naxçıvana gələn ədib başqa bir oçerkində doğma yurdun qaramsar mənzərələrindən təsirlənərək yazırdı: “Sağlam adamın qəlbinə sıxıntı  və məyusluq gətirən tanış, yeknəsəq, sevincsiz səhnələr... Ətrafda ölü və boş, lal və qorxunc bir sükut. Həddindən artıq çirkli, dar küçələr, palçıq evlər, mehmanxana əvəzinə kirli karvansaralar, qaranlıq çarşılar, natəmiz dükan və çayxanalar, üfunətli bazar. Budur, Naxçıvan!”

 

Yuxarıdakı sətirləri oxuyarkən istər-istəməz  Mirzə Cəlilin eyni yanğı və ümidsizlik hissi ilə yazılmış məşhur “Tüstü” felyetonu yada düşür.

 

 İztirab dolu ağrılı sözləri yazdıran hissin adı bəyənməzlik deyildi. Sadəcə, tənqidi münasibətin ifadəsi adlandırmaq da düzgün olmazdı. Bu, içdən gələn bir anğı idi, vətən təəssübkeşliyi və millət sevgisinin təzahürü idi. Həm də müəllifi hiddətləndirən təkcə  kiçik vətəninin - Naxçıvanın belə vəziyyətdə olması deyildi. Tiflisdə yaşasa da  hər yerdə, Azərbaycanın hər guşəsində eyni vəziyyətin hökm sürdüyündən xəbəri vardı. Siyasi, iqtisadi və mənəvi zülm baş alıb gedirdi. Öz acınacaqlı vəziyyətinə qəribə laqeydlik və soyuqqanlılıqla təhəmmül edən həmvətənlərinin ətaləti isə Eynəli bəyi xüsusi ilə ağrıdır və sarsıdırdı.  “Hər dərdə dözən canları neylərdin, ilahi!”deyə fəryad qoparan Sabir kimi o da cavabsız suallarını gözə görünməz qüvvəyə ünvanlayırdı: “Nə üçün mənim xalqım zülmkardan qorxur? Nə üçün  düşmənlərə boyun əyir? Nə üçün özü aclıq çəkir, amma onları ləziz xörəklərlə bəsləyir?! Hökmranlıq edən harın və tox müstəbidlər onun aclığı, ehtiyacı bahasına quduzcasına dövran sürür, vəhşi rəqslərlə xalqımın müqəddəs ruhunu tapdalayırlar” - 1910-cu ildə qələmə alınan bu sətirlər qəlbin və şüurun dərinliklərindən qopub gələn vətəndaş-yazıçı fəryadı, təəssüfü və üsyanı idi.

 

Bəlkə də misal gətirdiyim sətirlər sarsıntılı ruh düşkünlüyü anlarının bəhrəsi idi. Çünki Eynəli bəy ən çətin zamanlarda da xalqın gücünə, qüdrətinə inanırdı. Vəziyyətin daim belə qalacağı, dəyişməyəcəyi fikrini yaxına da buraxmaq istəmirdi. Depressiya anları keçəndə yenə əvvəlki ümid və inamla gələcəyə nikbinliklə baxırdı. Stolıpin irticasının tüğyan etdiyi, azad fikrin, azad sözün hər vasitə ilə boğulduğu çətin günlərdə o, üzünü xalqa  tutaraq yazırdı: “Ürəkdən  inanıram ki, sənin irəliyə doğru hərəkətini ləngidən buxovlardan azad olacağın gün o qədər də uzaqda deyildir. Ancaq mən o günü görəcəyəmmi?”.

 

Haşiyə: Gərək olanı gizlətməyim:  bu yazının 1985-ci ildə, xalq yazıçısı Elçinin tərtib və redaktorluğu ilə hazırlanan, lakin naməlum səbəblərdən işıq üzü görməyən “Karvan yola düzəlir. Azərbaycan yazıçıları haqqında esseler” kitabı üçün qələmə aldığım ilk və təbii ki, xeyli  müxtəsər variantında tərəddüd hissi keçirmədən sovet quruluşunu nəzərdə tutaraq yazmışdım: “Eynəli bəy həmin günü gördü”. İndi, müstəqilliyimizin dörddə bir əsrinin arxada qaldığı dövrdə “O şey ki, hər babətdən qoca Molla Nəsrəddin məzaqına uyğundur, onun adı Şuradır, Şura höküməti”, - deyən Mirzə Cəlili, “Bir qalan arzum da odur ki, bu inqilab bütün yer üzünü tutaydı”,- yazan Eynəli bəy Sultanovu təftiş etmək, həmin fikirləri əsərlərindən çıxarmaq, bu sətirlərdə fərqli məna axtarmaq, yaxud zorla yazdırıldığını iddia etmək fikrində deyiləm və belə yanaşmanı ümumən doğru saymıram. Gərək unutmayaq ki, insanlar başlanğıc mərhələdə hər bir dəyişikliyə həssaslıqla, böyük arzularla yanaşırlar. Hər yenilik özü ilə çoxlu ümidlər gətirir, gözləntilər doğurur. Nikolay istibdadının ağrı-acılarını, milli zülmü, dini ayrı-seçkiliyi görən Mirzə Cəlil də, eyni taleyi yaşamış Eynəli bəy də yeni quruluşla bağlı ümidlərində səmimi idilər. Onların doğrulmaması isə artıq tamamilə başqa  söhbətin mövzusudur.

 

1920-ci ildən sonra hekayələrini  doğma ana dilində, milli auditoriya üçün qələmə alan Eynəli bəy  “Yeni fikir”, “Yeni yol”, “Yeni qüvvə”, “Dan ulduzu”, “Qızıl şəfəq” kimi Bakı və Tiflis qəzetlərində ardıcıl çap olunurdu. “Zarya Vostoka” qəzetinə isə əsasən günün aktual məsələləri ilə bağlı məqalə və oçerklər yazırdı. Heç vaxt pedaqoji sahədə çalışmasa da, müasirləri Cəlil Məmmədquluzadə, Fərhad Ağazadə, Səmədağa Ağamalıoğlu, Əbdürrəhim bəy Haqverdiyevlə birlikdə Yeni əlifba hərəkatında yaxından iştirak edirdi.

 

Eynəli bəy özünü Tiflis ədəbi mühitinin yetirməsi sayırdı. Eyni zamanda Gürcüstanda uzun əsrlər boyu bərqərar olmuş Azərbaycan varlığının qorunub-saxlanmasının dönməz tərəfdarlarından idi. Bəlkə də bu səbəbdən nə Azərbaycanın qısa müddətli müstəqilliyi dövründə, nə də sovet rejimi bərqərar olandan sonra tarixi vətəninə qayıtmaq barəsində düşünmüşdü. 1920-ci illərdə mətbuatda fəal çalışması ilə bir sırada Gürcüstan proletar yazıçıları cəmiyyətinin türk-Azərbaycan şöbəsinin işinə rəhbərlik edirdi. Qurumda  məsləhətçi kimi çalışaraq bədii yaradıcılığa maraq göstərən gənc soydaşlarına hər vasitə ilə yardım göstərirdi. “Hər bir millətin ədibi o millətin xalq dilində yaradıb xalqı çaşdırmamalıdır” - deyə sanki yaradıcılıq həyatının sonuna yaxın ana dilinin gözəlliyini və əvəzedilməzliyini yenidən kəşf edən, bu dildə səmimi, təsirli əsərlər yaradan qocaman ədib gənclərə məsləhət görürdü ki, “çalışıb öz kəlamlarını gözəl surətdə yazsınlar və unutmasınlar ki, kəlamın gözəlliyi və nəzakəti onun sadə və aydın olmağından ibarətdir”.

 

Dövrünün qüdrətli publisisti Eynəli bəy Sultanovun Rusiyada irticanın baş qaldırdığı 1907-ci ildə yaradıcı ziyalılara, qələm sahiblərinə müraciətlə dediyi aşağıdakı sözlər də, şübhəsiz, gənc nəsil üçün çox  qiymətli sayıla bilərdi:  “Bu dünyada güclü qarşısında qorxub titrəmə, sənin arxanda duran həqiqət ondan daha güclüdür. Qeyri-bərabər mübarizədə məğlub olmaqdan qorxma, qorxu hissini boğmağı bacarmırsansa, yaxşısı budur ki, bu nəcib fəaliyyətdən (yazıçılıqdan—V.Q.) əl çək. Yoxsa tərəqqi işinə mane olarsan”. Bu gün də yerinə düşən ağıllı və faydalı məsləhətdir...

 

Cəmiyyət həyatındakı ciddi dəyişikliklər, yeni dünya nizamı, fərqli insanlar artıq həyatının ahıl çağlarını yaşayan yazıçıya sanki təzə ruh və qüvvə vermişdi. 20-ci illərdən sonra o, həm əsrin ilk iki onilliyində qələmə aldığı əsərlərin üzərinə qayıdaraq onları təzədən işləyib təkmilləşdirmiş, həm də mövzusu müasir  həyatdan alınan hekayə və pyeslər yazmışdı.

 

“İnsafsız kimdir?”, “Dinmi, unmu?”, eləcə də 1930-cu illərin yaxşı hekayələrindən sayılan “Seyidlər”, “Təzə pir”, “Podratçı”, “Dəhşətli intiqam”, “Dərviş Nurəli” və s. əsərlərində yazıçı köhnə cəmiyyətin, cəhalətpərəst din xadimlərinin, rüşvətxor məmurların həqiqi simasını açıb göstərir, yeni quruluşda belələrinə yer tapılmayacağı ilə bağlı ümid və arzularını dilə gətirirdi. Bu hekayələrə həqiqi yumor, dərin realizm xas idi. Heç vaxt yazıçılıqla bağlı ciddi iddiası olmasa da, Eynəli Sultanovun hekayələri XX əsrin əvvəllərində daha çox Mirzə Cəlil və Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı ilə səciyyəvi olan bədii nəsrimizin maraqlı nümunələri kimi diqqəti çəkməkdədir.

 

Yaradıcı şəxsiyyət kimi Eynəli bəydə yenilik hissi, dövr və zamanla  ayaqlaşmaq meyli həmişə güclü olmuşdu. Bunun bariz nümunələrindən biri onun 60 yaşında ikən Vladimir Mayakovskinin “Bakı” şerini Azərbaycan dilinə çevirməsi sayıla bilərdi. Əlbəttə, həmin tərcümə indi daha çox ədəbi həyat faktı kimi diqqəti çəkir. Lakin faktın özü də çox şey deyir. Heç zaman şeir yazmayan qocaman ədib müasirlərinin çoxunun anlamadıqları, inamsızlıq və şübhə ilə yanaşdıqları Maykovskinin özünəməxsus istedadının fərqinə varmış   və onu oxuculara tanıtmaq qərarına gəlmişdi.

 

Əlliyə yaxın hekayə, üç pyes, iki yüzdən artıq publisist məqalə, onlarla teatr resenziyası və uşaqlar üçün əsərlər, xalq ağzından toplanıb yazıya alınan çoxsaylı folklor nümunələri – özünü heç vaxt yazıçı, yaxud elm adamı saymayan  təvazökar qələm əhli Eynəli bəy Sultanovun XX əsrin əvvəllərindəki milli ədəbi-bədii fikir xəzinəsinə verdiyi töhfənin ümumi mənzərəsi belədir.  Əlbəttə, sadalananların üzərinə onun azərbaycancadan ruscaya, rus dilindən azərbaycancaya və farscadan bu dillərin hər ikisinə tərcümələrini  əlavə etmək lazımdır. İctimai işi və Tiflis müsəlman xeyriyyə cəmiyyətində iştirakı da onun yazıçı-jurnalist və vətəndaş fəaliyyətinin davamı sayılmalıdır. Mirzə Cəlilin qırx illik “huşyar” dostu Eynəli bəy belə yazıçı, belə insan, belə ziyalı idi.

 

O da XX əsrin əvvəllərindəki bir sıra qələm dostları kimi ədəbi qazanc, qonorar nə olduğunu bilməyən, sadəcə “mükafatını vicdanından alan” yaradıcı ziyalılarımızdan olmuşdu. Amma belə mənəvi təsəlli nəzərində maddi gəlirdən qat-qat qiymətli idi. Hər tərəfdən təqiblərə, hədə və təhdidlərə məruz qaldığı 1907-ci ildə, Stolıpin irticasının  hər tərəfə dəhşət və qorxu yaydığı  dövrdə Eynəli bəy yazırdı: “Get-gedə başımın üstünü saran qara buludlar qatılaşırdı... Gözlənilmədən sevindirici xəbər aldım -  özümü heç vaxt görməyən, lakin qiyabi tanıyan cavan bir ailə ilk övladına mənim şərəfimə Eynəli adını vermişdi. Bu həyatda qazandığım ən yüksək mükafat idi”.

 

Əsl mükafatı xalqa xidmətdə arayan və tapan Eynəli bəy Sultanov kimi fikir fədailərinin adları öz şöhrət və  fədakarlığı  ilə yaşamağa layiqdir.

 

1985 – 2016.

 

Vilayət QULİYEV

525-ci qəzet.- 2016.- 5 may.- S.2;7