Əhalinin içməli su təminatı:
Görülmüş işlər, real vəziyyət və
perspektivlər
Susuz həyat yoxdur və bu nemət əvəzsizdir. İnsanlar hələ qədim zamanlardan başlayaraq həmişə su mənbələrinə yaxın yerlərdə məskən salırdılar. Suya olan ehtiyaclarını rahat ödəmək üçün müxtəlif yollar axtarır və su təchizatı vasitələrini daim təkmilləşdirirdilər.
Yaşayış məskənlərinin şəhərlər kimi formalaşaraq inkişaf etdiyi vaxtlarda su təchizatı vasitələri sadə olub. Həmin dövr insanlar çay, bulaq, çeşmə sularından yararlanaraq su təchizatı vasitələrinin ibtidai formalarından istifadə edib günlük tələbatlarını ödəsələr də, zaman keçdikcə suya tələbat artırdı. Şəhərlər genişləndikcə, inkişaf etdikcə yeni su təchizatı vasitələri və sistemləri yaradılırdı.
Aparılan arxeoloji və etnoqrafik tədqiqatlar sübut edir ki, Azərbaycan süni suvarma sistemlərinin ən qədim zamanlarda geniş tətbiq edildiyi ölkələrdən biridir. Yaşayış məskənlərinin su ilə təchizində istifadə olunan qədim vasitələr arxlar və kanallar olub. Kəhrizlər, ovdanlar, gil tünglərdən düzəldilmiş su kəmərləri, su hovuzları da suyun yaşayış məskənlərinə gətirilməsi və küçələrə paylanması üçün istifadə olunan əssas vasitələrdir.
Azərbaycanda orta əsr şəhərləri salınarkən plana əsasən şəhərlərin təmizliyi, əhalinin sağlamlığı nəzərə alınırdı. Çirkli suların şəhərdən kənara axıdılması üçün xüsusi qurğular quraşdırılıb, kanalizasiya xətləri çəkilib.
Şəhərlərin su ilə təchizatı sakinlərin təsərrüfat və məişət həyatında əsas amil olduğu kimi, düşmənlərin basqınlarından müdafiə olunmasında mühüm əhəmiyyət kəsb edirdi. Su ilə yaxşı təmin olunmuş şəhərlərimiz düşmənlərə uzun müddət müqavimət göstərir və qələbə çalırdı.
İçməli su təchizatı sektorunun inkişafı
Təmiz içməli su insan
sağlamlığı üçün əsas şərtdir.
Su olmadan həyat
da olmur. Azərbaycanda uzun illər əhalinin içməli
suya tələbatı tam ödənmirdi. Əhali
artdıqca, həyat şəraiti dəyişdikcə su təchizatı
sektorunda yeni texnologiyaların tətbiqinə, layihələrin
icrasına ehtiyac yaranırdı. Ölkənin
su təchizatı məsələsi böyük problem olaraq
qalırdı. 1969-cu ildə ulu öndər
Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən
sonra digər sahələr kimi su təchizatı sektorunda da
dönüş yarandı. Əhalinin
içməli su təchizatı və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş
nəhəng layihələrin, mühüm işlərin
böyük bir hissəsi ulu öndərin adı ilə
bağlıdır. 1970-ci ilin iyunun 10-da
Heydər Əliyevin rəhbərliyi ilə keçirilən
Azərbaycan KP MK-nın növbəti iclasında Kür su kəmərinin
birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi
ilə bağlı müvafiq təşkilatlar
qarşısında tapşırıqlar qoyulur. Bundan sonra işlər sürətləndirilir və
30 aya görülməli olan işlər qısa müddətdə
başa çatdırılır. 1970-ci il
sentyabrın 27-də Birinci Kür su kəmərlərinin
birinci növbəsi istifadəyə verilir. Bir il
sonra - 1971-ci il sentyabrın 15-də birinci Kür su kəmərlərinin
ikinci xəttinin istifadəyə verilməsi böyük sevincə
səbəb olur.
1980-88-ci
illərdə İkinci Kür su kəmərləri sistemi ilə Bakıya
daha üç magistral su kəməri çəkilir. Bununla
da, Kür su kəmərləri ilə Bakı və
Abşerona nəql olunan suyun həcmi 3 dəfəyə
yaxın artırılaraq saniyədə 9,5
kubmetrə və ya sutkada 820 min kubmetrə
çatdırılır. Sistemin ikinci növbəsinin
istismara verilməsi yeni salınmış Günəşli və
Əhmədli yaşayış massivlərində su
qıtlığı problemini aradan qaldırır.
1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı
sisteminin yenidənqurulması layihəsi” çərçivəsində
Dünya Bankı və Avropa Yenidənqurma və
İnkişaf Bankının ayırdığı kredit
hesabına Kür sutəmizləyici qurğular kompleksində
yenidənqurma işləri nəticəsində emal olunan suyun
keyfiyyəti yüksəldilib.
Abşeron yarımadasının içməli su təchizatında
mühüm əhəmiyyət daşıyan Ceyranbatan sutəmizləyici
qurğular kompleksinin inşasında da ümummilli lider Heydər
Əliyevin müstəsna xidmətləri olub. 1961-ci ildə
istismara verilmiş kompleksin üçüncü növbəsi,
məhz ulu öndərin rəhbərliyi dövründə,
1978-ci ildə işə salınıb.
Ceyranbatan su anbarı və anbarın sahilində
tikilmiş sutəmizləyici qurğular kompleksi Abşeron
yarımadasının içməli su təchizatında
böyük paya malikdir. Su anbarında toplanan su 80% təbii
durulmadan keçdikdən sonra emal prosesinə
ötürülür. Xəzər, Abşeron,
Sabunçu, Suraxanı rayonları və Sumqayıt şəhərinin
əksər yerlərində bu kompleksdə emal olunan su verilir.
Müstəqillik dövrünün ən böyük
yerli infrastruktur layihələrindən olan Oğuz-Qəbələ-Bakı
su kəmərinin ideya müəllifi də ulu öndər
Heydər Əliyevdir. 2002-ci il dekabrın 19-da keçirilən
müşavirədə prezident Heydər Əliyev paytaxta
yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi
vaxtının çatdığını bildirmiş və
bu məqsədlə Oğuz-Qəbələ zonasının
yeraltı sularının öyrənilməsi barədə
tapşırıqlar verib. Ulu öndərin irəli
sürdüyü bu ideya onun layiqli davamçısı
prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirildi. 2007-ci ilin mart ayında
dövlət başçısının iştirakı ilə
təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri
3 ildən sonra istifadəyə verildi. Bu kəmər
istismara veriləndən sonra Bakı şəhərinin
içməli su təchizatında stabillik yarandı.
Oğuz-Qəbələ-Bakı kəməri ilə
Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının
standartlarına tam uyğundur. Hazırda kəmərlə
Bakı şəhərinə kəmərin layihə
gücü həcmində, yəni saniyədə 5 kubmetr su
verilir. Bu su kəməri ilə paytaxtın Yasamal və
Nəsimi rayonları bütövlükdə, Səbail, Nərimanov
və Binəqədi rayonlarının əksər hissəsi,
Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsi
içməli su ilə təchiz olunur.
Əhalinin
fasiləsiz və keyfiyyətli içməli su ilə təminatı
Əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılması istiqamətində ulu
öndər Heydər Əliyevin rəhbərliyi ilə
böyük işlər görülüb. Ümummilli
liderin əsasını qoyduğu və bu gün prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
sosial-iqtisadi inkişaf strategiyası digər sahələr
kimi əhalinin su təchizatı və kanalizasiya sahəsinin
sürətli inkişafına gətirib çıxarıb.
Su təchizatı sahəsində dövlət
strategiyası uğurla davam etdirilir. Prezident
İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi
böyük diqqət və qayğı sayəsində
Bakı şəhəri və Abşeron yarımadası, eləcə
də regionlarda içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması üzrə
mühüm layihələr həyata keçirilir.
Əhalinin içməli su təchizatının
yaxşılaşdırılmasını prezident İlham
Əliyev prioritet vəzifə kimi müəyyənləşdirib. Bu vəzifələrdən
irəli gələrək “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən su təchizatının
yaxşılaşdırılması istiqamətində geniş
tikinti quraşdırma işləri həyata keçirilib.
Bakı şəhəri və Abşeron
yarımadasında, eləcə də respublikanın şəhər
və rayon mərkəzlərində, kəndlərdə belə
önəmli layihələr icra edilib.
Görülmüş tədbirlər nəticəsində
ölkə üzrə 200 min nəfərin içməli su təchizatı
yaxşılaşdırılıb, 186 min nəfər ilk dəfə
mərkəzləşdirilmiş qaydada içməli su ilə
təmin olunub, 102 min nəfərin su təchizatı fasiləsiz
rejimə keçirilib. Bununla da ölkə üzrə fasiləsiz
rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi
64,5 faizə, Bakı şəhəri
üzrə 79,2 faizə yüksəlib.
Su təchizatı sahəsində əlamətdar hadisələrdən
biri də İlham Əliyevin iştirakı ilə Ceyranbatan
Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin
açılışıdır. Yeni kompleksin istismara
verilməsindən sonra Türkan və Zirə qəsəbələrinə
içməli suyun verilməsinə başlanılıb və
sakinlər bu mənbə hesabına daha keyfiyyətli su ilə
təmin olunur.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq regionlarda yeni
layihələr həyata keçirilib. Astara, Daşkəsən, Tərtər
və Qobustan şəhərlərində su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin
icrasına başlanılıb. Ucar şəhərində
yeni su təchizatı, Göyçay şəhərində
isə su təchizatı və kanalizasiya sistemləri istismara
verilib. Mingəçevir şəhərində
yeni texnologiyaya əsaslanan və məhsuldarlığı
sutkada 55 min kubmetr olan sutəmizləyici qurğunun inşası
başa çatıb. Şəmkir şəhərinin
içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə 16,5 km uzunluğunda Şəmkirçay-Şəmkir
magistral su kəməri tikilib istismara verilib. Eləcə də,
Ucar, Kürdəmir, Yardımlı, Yevlax, Zaqatala, Tovuz,
Füzuli, Beyləqan,Quba, Şəmkir, Şəki
rayonlarının 66 min nəfər sakini olan 29 kəndində
içməli su təchizatı
yaxşılaşdırılıb.
Təlim-Tədris
Mərkəzinin, Suölçən Cihazların
Sınağı və Kalibrlənməsi
Laboratoriyasının fəaliyyətə başlaması, Mərkəzi
Laboratoriyanın akkreditasiya sertifikatı alması da əlamətdar
hadisələrdəndir.
İçməli su təchizatı sahəsində əldə
olunan nailiyyətlərlə yanaşı”Azərsu” ASC beynəlxalq
əlaqələri genişləndirir. Ölkə
daxilində və xaricdə keçirilən sərgi-konfranslar,
beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal
iştirak edir. Cəmiyyətin təşəbbüsü
və dəstəyilə 2013-cü ildə Bakıda ilk dəfə
ixtisaslaşmış Xəzər beynəlxalq su
texnologiyaları sərgi və konfransı keçirilib.
Prezident İlham Əliyevin ziyarət etdiyi
debüt sərgisində 23 ölkədən 70-dən
çox şirkətin təmsil olunması tədbirə
marağın böyük olmasından xəbər veirirdi. Sərgi ilə paralel təşkil
olunmuş konfransa dünyanın tanınmış elm
adamları, Dünya Su Şurasının, 7-ci Dünya Su
Forumunun, eləcə də su sektoru ilə əlaqəli bir
sıra beynəlxalq qurumların rəhbərləri
qatılıb. Bütün bunlar isə Xəzər
beynəlxalq su texnologiyaları sərgi və
konfransının artıq beynəlxalq brendə
çevrildiyini təsdiqləyir.
“Azərsu” ASC-nin Dünya Su Şurasının və
Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının
üzvlüyünə qəbul edilməsi də qurumun beynəlxalq
əlaqələrin genişləndirilməsinə imkan
yaradır. “Azərsu” ASC fəaliyyəti ilə bağlı bir
sıra beynəlxalq mükafatlara da layiq görülüb.
Bunlardan biri dünya üzrə qlobal su problemlərinin həlli
sahəsində fəaliyyət göstərən mötəbər
qurumlardan biri “Qlobal Su təsərrüfatı liderləri”
Qrupu tərəfindən kommunal sahədə nailiyyətlərə
və göstərilən yüksək xidmətə görə
2015-ci ilin “Su Liderləri” nominasiyasında aldığı
mükafatdır.
Son illər Bakı şəhəri və Abşeron
yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə
alınaraq, su təchizatı və kanalizasiya sektorunda
görüləcək işlərin səmərəliliyini
artırmaq məqsədi ilə “2035-ci ilə qədər
perspektiv inkişaf nəzərə alınmaqla Abşeron
yarımadasının qəsəbə və kəndlərində
su təchizatı, kanalizasiya sistemləri və
yağış sularının idarə olunması
üçün Master Plan” hazırlanıb. Sənədin
hazırlanması zamanı Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin “Böyük Bakının Regional
İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və
digər qurumların məlumatları nəzərə
alınıb. 18 bölmədən ibarət olan Master Planda
şəhərsalmanın inkişafı, əhalinin
artımı və sıxlığı, turizmin
inkişafı, təmizlənmiş çirkab suların təkrar
istifadəsi, ekoloji tarazlıq və göstərilən digər
əsas amillər içməli su təchizatında müstəsna
əhəmiyyət kəsb edir.
İsgəndər Həsənov
525-ci qəzet.- 2016.- 5 may.- S.4