Mənəvi-mədəni
qaynaqlarımız: Əhməd Yəsəvinin bədii və
fəlsəfi-dini irsi
Müasir dövrdə Əhməd Yəsəvi irsi Orta
Asiya xalqlarının mədəniyyətini birləşdirən
mühüm bir amilə çevrilib.
Təsadüfi deyil ki, Əhməd Yəsəvinin
yaradıcılığı türkdilli məkanda yüksək
qiymətləndirilir. Orta Asiya xalqlarının ədəbiyyat
və dillərinin inkişafına təsir göstərmiş
ədib, dilçi, dərin biliklərə malik filosof və
dini xadim kimi tanınan Əhməd Yəsəvinin dünya mədəniyyətinin
inkişafına göstərdiyi təsir artıq beynəlxalq
ictimaiyyət tərəfindən qəbul edilir. Onun yaradıcılığına Azərbaycanda
böyük rəğbət var və tədqiqatçılarımızın
maraq dairəsindədir. Əziz Mirəhmədovun "Yəsəvi
və yəsəvilik Azərbaycanda", Bəhlul
Abdullanın "Yəsəvilik və Azərbaycanda
şaman-dərviş mədəniyyəti" məqalələri,
Pənah Xəlilovun "Əhməd Yəsəvi",
Füzuli Bayatın "Xoca Əhməd Yəsəvi və
Xalq sufizminin bəzi problemləri", Gülşən
Əliyeva-Kəngərlinin "Sufizm" monoqrafiyaları
çap olunub.
Əhməd Yəsəvinin bədii
yaradıcılığı janr və bədii üslub
axtarışları ilə səciyyələnir və Orta
Asiya xalqlarının ədəbiyyatlarında özəl janr
sistemlərinin formalaşmasına təkan verib. Əhməd Yəsəvinin
"Vücudnamə" əsərində, həm klassik, həm
də aşıq şeiri janrların xüsusiyyətlərini
müşahidə edirik. Təəssüf
ki, "Vücudnamələr" əvvəllər yalnız
aşıq şeiri janrı kimi tədqiq edilib. Sufi rəmzlərindən aşıq
yaradıcılığında geniş istifadə edilməsi
vücudnamələri aşıq ədəbiyyatının tərkib
hissəsinə çevirib. Misal kimi
Əhməd Yəsəvinin "Divani hikmət"ini göstərmək
olar. Əhməd Yəsəvi özü qələmə
aldığı mənzumələri, şeirləri hikmət
adlandırıb. Hikmət Əhməd Yəsəvi
yaradıcılığında metajanr kimi
çıxış edir. Əhməd Yəsəvinin
yaradıcılığında "Divani-hikmət" əsəri
xüsusi yer tutur. "Divani-hikmət" əsəri
qafiyə sistemi və vəzn baxımından qoşmalara bənzəyən
dördlüklərdən və əruz vəznində
yazılmış qəzəllərdən tərtib edilib.
Əhməd Yəsəvinin xalq şeir ənənəsinə
uyğun qələmə almış olduğu şeirlərin
əksər qismi yeddi (4+3=7) və on iki (4+4+4=12) heca bölgüsündədir. Ədəbiyyatşünaslıqda
on iki hecalı şeir növü on bir hecalıya
çevrilmişdir. Əhməd Yəsəvinin
yaradıcılığında əruz vəznində qələmə
alınmış poetik nümunələrə də rast gəlmək
mümkündür. O, ərəb və fars
dillərini mükəmməl bilib, öz görüşlərinin
təbliğində isə əsasən milli dilə
üstünlük verməsi ilə diqqəti cəlb edir.
Yaşar Qarayev Əhməd Yəsəvinin türk şeirinə
yeni vəzn biçimi verməsi amilinə toxunaraq qeyd
etmişdir: "Şeyx Əhməd Yəsəvinin
ağıl və könül gücü onda oldu ki, o, təsəvvüflə
təsəvvüfə qədərki türkün ruhu,
dünyagörüşü, məişəti, həyat tərzi
arasında fitri, təbii ahəngi də tuta bildi; ona yalnız
milli (qövmi) təfəkkür yox, həm də milli dil,
milli üslub, forma, vəzn biçimi verdi. Milli
çalarları hətta təsəvvüfü
yaymağın, təbliğ eləməyin tərzində,
üslubunda qoruyub saxladı... Bunun üçün Əhməd
Yəsəvi, hər şeydən əvvəl, hakim, rəsmi
dil ənənəsini - ərəbcəni, farscanı bir tərəfə
atdı, xalqa öz sözünü xalqın öz
ovqatında, ruhunda, öz ana-baba, el-oba, xeyir-şər,
toy-mağar, qopuz-saz dilində və üslubunda
çatdırdı; yenə də hakim rəsmi poetikanı,
üslub, vəzn ənənəsini - əruzu, sərbəsti
bir tərəfə atdı, xalqa öz mahnısını
xalqın öz vəznində - hecada, sazda, qoşmada,
bayatıda çatdırdı". Əhməd Yəsəvinin
doğma dili çağatay türkcəsi (əski özbək
türkcəsi) olmasına baxmayaraq, sufi
şair yaradıcılığını əsasən
oğuz türkcəsində yaratmışdır. Bu baxımdan da, şəriəti,
təriqəti, mərifəti və həqiqəti əsas tutan Əhməd Yəsəvinin
dili sadə olduğu qədər başadüşüləndir:
On səkkiz
min aləmdə,
Heyran bulğan aşiqlər.
Tapmaq məşuq
sorağın,
Sərsan bulğan aşiqlər.
İlk təhsilini Sayramın ən məşhur vəlilərindən
olan atası Şeyx İbrahimdən almış Əhməd
Yəsəvinin Buxarada mürşidi məşhur təsəvvüf
şeyxi Əbu Yaqub Yusif Həmədani (1048 - 1140) olmuşdur. O, Əhməd Yəsəvinin
fəlsəfi və dini görüşlərinə önəmli
təsir göstərmişdir. Məsələn, Əhməd
Yəsəvinin hüsnü mütləq ideyası
dünyanı eşq ilə dərk etməsi ideyası sufi ənənəsi ilə sıx əlaqəlidir.
Dünyanı eşq ilə dərk etməyi təlqin
edən eşqin şirin olan əzabları
varlığını Tanrıda əritməyə doğru
istiqamətlənib. Əhməd Yəsəvi öz
varlığında Tanrının nurunu görür ki, bu nur
da sufi aşiqin iç dünyasını
işıqlandıraraq Tanrıya çatmış olur.
O,
yaradıcılığında idrak vasitəsilə hər
şeyi anlamaqla insanlara yaxın olmağa, onlara yardım
göstərməyə çağırır:
Əhməd Yəsəvinin
yaradıcılığında "qəriblik" mövzusu
diqqəti cəlb edir. Simvolik-ürfani səciyyəsi ilə
diqqəti çəkən "qərib" obrazı
doğma yurd-yuvasından ayrı düşüb onun həsrətini
çəkən insana söylənir. Qürbətə
dözümsüzlüyü əks etdirən "qərib"
obrazı torpağa bağlılıq və sevgi
duyğularını göstərən genetik-psixoloji keyfiyyətdir.
Məlumdur ki, qəriblik mövzusu təsəvvüf
ədəbiyyatında bəzən canın (ruhun) bu fani
dünyada qonaq olması ideyasına əsaslanması ilə əlaqəlidir.
Canın (ruhun) səyahəti könül səyahətidir.
Bu səyahət, Tanrıya qovuşmaqda
böyük rol oynayır. Təsəvvüf
ədəbiyyatında "qəriblik" mövzusu və
"qərib" obrazı rəmzi səciyyə
daşıyaraq fəlsəfi-ürfani mənaya malikdir. Əhməd Yəsəvinin "Qəriblər"
rədifli şeirində qərib obrazı Tanrıya
çatmaq üçün ömür fəda edən insan
aşiq kimi, qəriblik isə hər kəsin davam gətirə
bilməyəcəyi hünər kimi təqdim edilmişdir.
Əhməd Yəsəvi Xorasan, Şam və
İraqa səyahəti zamanı orada keçirdiyi qəriblik
hisslərini poetik sətirlərə çevirib.
Təsəvvüfdə insan dünyaya gəldiyi andan
öz bütövündən - "Vücud"
adlandırılan Tanrıdan ayrılmış vəziyyətdə
olması ilə qürbətə düşür. İnsan Allaha qovuşana qədər
sufi qərib olur. Qəribliyin
keçdiyi yol, yəni Tanrıya qovuşmanın yolu
özünü təkmilləşdirmə mərhələsi
və məşəqqətli sınaqlardır.
Əhməd Yəsəvinin etik gorüşləri
sufiliyə xas nəfs anlayışı ətrafında cəmləşdirilib. Nəfs və ondan doğan
tamah, qürur, xəbislik, acgözlük, paxıllıq və
s. kimi təsəvvüf ədəbiyyatının
mövzuları Əhməd Yəsəvi
yaradıcılığından yan keçməmişdir. Əhməd Yəsəvinin təlqin etdiyi əqidə
nəfsin quluna çevrilmək deyil, əksinə nəfsi əqlinə
tabe etdirmək böyük sərvətdir. Əhməd Yəsəvi nəfsə baş əyməyənlərin
ilahi eşqin cazibəsində məqamdan-məqama yüksəlməsini,
Yaradana yaxınlaşaraq ona qovuşmasını eşq, əzab
hissiylə mümkünlüyünü göstərə
bilmişdir. Əhməd Yəsəvi din
xadimi kimi Orta Asiyadan başqa Şərqin digər hissələrində
də dərin iz qoymuşdur. Sufi ideyaları üzərində
təşəkkül tapmış Əhməd Yəsəvi
yaradıcılığı Orta Asiya ilə yanaşı Azərbaycanda,
Anadoluda sufi ədəbiyyatının təşəkkülünə,
həmçinin Dədə Ömər Rövşənin,
Yunis İmrənin yaradıcılıqlarına təsir
göstərmişdir. Əhməd Yəsəvinin türk
Renessansında "Dante işi" gördüyünü
vurğulayan Yaşar Qarayev qeyd edir: "Yəsəvi - vahid
türklüyə qədərki dövrün son və vahid
türk-islam mədəniyyətinin ilk böyük şair
ideoloqu oldu və məhz bu mənada böyük türk
(islam!) Renessansının hazırlanmasında
"Dante işi" görmək onun qismətinə
düşdü".
Əhməd Yəsəvinin fəaliyyəti Yəsəvilik
təriqətini formalaşdırmasına gətirib
çıxardı. Yaşar Nuri Öztürkün "Təsəvvüfün
ruhu və təriqətlər" kitabında Yəsəvi dərvişi
olan Hazinin "Cəvahir ül-əbrar" əsərinə
istinad edilərək Yəsəvi təriqqətinin əsas
mahiyyəti qabarıq şəkildə açıqlanır:
"Yəsəviliyin əsaslarını tövhid, şəriət
və sünnətə bağlılıq, riyazat (bədəni
zərurət dərəcəsində bəsləmək yolu
ilə nəfsi tərbiyə etmək üsulu) və
mücadilə, gizli ibadətə çəkilmək və
zikr təşkil edir. Bundan əlavə, camaatla
birgə namaz qılmaq, səhər vaxtları oyaq qalmaq,
bütün günü dəstəmazlı olmaq,
özünü hər an Allahın hüzurunda hiss etmək Yəsəviliyin
davamçılarının müntəzəm olaraq əməl
etməli olduqları əsas prinsiplərdəndir". Yəsəvi təriqəti Nəqşibəndilik, Bəktaşilik,
Babai, Mövlanəlik, Xəltvətilik və digər təriqətlərin
formalaşmasına təkan verib.
İslamın təbliğində Əhməd Yəsəvinin
təsəvvüf poeziyası önəmli rol oynayıb.
Görkəmli
alim Pənah Xəlilov Əhməd Yəsəvi
yaradıcılığında əksini tapmış motivləri açıqlayaraq
yazır ki, Yəsəvi şeirində pərişanlıq,
narazılıq, şikayət motivləri güclüdür. Bu motivlər onun zahidliyindən, bəşəri-dünyəvi
işlərə biganəliyindən irəli gəlməmişdir.
Dünyada ədalət və haqq axtaran, insandan
alicənablıq, varlıdan səxavət, şahdan ədalət
və insaf gözləyən şair əks hallar görəndə
bunları çəkinmədən pisləyirdi.
Əhməd Yəsəvi dini fanatizmdən uzaq olub. Onun humanistliyi digər dinlərə və onların davamçılarına hörmətlə yanaşmasında özünü göstərib. O, islama xidmət etməyənlərə də zərər verilməməsinin vacibliyini vurğulayırdı.
Qeyd edək ki, Əhməd Yəsəvi
yaradıcılığı tələb olunan dərəcədə
araşdırılmayıb. Mövcud elmi araşdırmalar
onun irsini tam açıqlamağa kifayət etmir. Azərbaycan
tədqiqatçılarının Əhməd Yəsəvinin
mənəvi-mədəni həyatımıza təsirini daha ətraflı
araşdırmalarına ehtiyac duyulur.
Salidə ŞƏRİFOVA
filologiya üzrə elmlər
doktoru, dosent
525-ci qəzet.- 2016.- 6 may.- S.4.